- Dinləmək
-
-
Əsli
-
وَالْوَزْنُ يَوْمَئِذٍ الْحَقُّ ۚ فَمَن ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ
-
Transliterasiya
-
Wa Al-Waznu Yawma'iḏin Al-ḥaqqu Faman ṯaqulat Mawāzīnuhu Fa'ūlā'ika Humu Al-Mufliḥūna
-
Mirzə Əli Meşkini
-
Həmin gün (əqidə və əməllərin) ölçülməsi haqq və qətidir. Beləliklə, kimin ölçülmüş əməlləri ağır və dəyərli olsa, onlardır nicat tapanlar!
-
Əltafur-Rəhman
-
Əməlləri çəkən tərəzi (ayə:8, 9)
Mütəal Allah 8-ci ayədə qiyamət günü insanların əməllərinin çəkiləcəyindən xəbər verərək buyurur: «Əməllərin çəkilməsi haqdır (heç kəs onu batil və ya yalan hesab etməsin).»
Təbii ki, qiyamət günü insanların əməlləri çəkiləcək və onlar onun müqabilində mükafatlanacaq, yaxud cəzalanacaqlar. Onların özlərinin hansı vəzifə sahibi olmalarına, kök və ya arıq, cavan, yaxud qoca, qadın, yaxud kişi olmalarına əhəmiyyət verilməyəcək.
Yaxşı əməllərin ağırlığı bilinər. Pis əməllər isə batil olduğuna görə onların dəyər və ağırlığı hiss olunmaz. Məsələn, ixlasla qılınmış iki rəkət sadə namazı riya ilə qılınmış müfəssəl iki rəkət namazla müqayisə etdikdə birinci namaz ağır və zəngin gələr, riya ilə qılınmış namaz isə müfəssəl olsa da, heç bir çəki və dəyərə malik olmaz. Bu əməllərin hansı tərəzi ilə ölçüləcəyi barədə müxtəlif fikirlər söylənmişdir. Bəzi müfəssirlər söyləmişlər ki, qiyamət günü tərəzilər dünyadakı tərəzilər kimi iki gözlü olacaq: onların bir gözünə yaxşı əməllər, digər gözünə isə pis əməllər qoyulacaq, əməllər bir-biri ilə müqayisə olunacaq, hansı ağır gəlsə, ona münasib qərar veriləcək və həmin şəxsin gedəcəyi yer təyin olunacaq. Bu fikir bəzi ayə və rəvayətlərin zahirinə əsasən nəql olunmuşdur. Lakin ayə və rəvayətləri yaxşı araşdırdıqda məlum olur ki, insanların etdiyi əməllər tərəzi ilə deyil, haqq-ədalətlə müqayisə olunduqda onların dəyər və çəkisi məlum olar. Məsələn, insanların qıldıqları namazlar düzgün qılınmış bir namazla, yaxud tutduqları oruclar düzgün tutulmuş bir orucla, yaxud da etdikləri digər ibadətlər icra olunmuş həqiqi ibadətlərlə müqayisə olunacaq, onlar həqiqi olan ibadətə nə qədər yaxın olsalar, o qədər də dəyər və mükafata layiq görüləcəklər, yaxud haqdan uzaq olduqları qədər onların ya dəyərləri azalacaq, ya da batil sayılacaqlar. Ola bilsin ki, bəzi şəxslər əməlləri cisim hesab etdikləri üçün onların tərəzi ilə ölçüləcəyini iddia etmişlər. Əgər, doğrudan da, əməllər cisim olarsa, onları tərəzi ilə çəkmək olar. Halbuki, əməllərin qiyamət günü cisim olaraq Ərəsati-məhşərə gəlməsi məlum deyil. Çünki bəzi rəvayətlərə əsasən, insanın etdiyi əməllər qiyamət günü hansısa bir surət və şəkildə gələcəklər. Belə olduğu təqdirdə, onları dünyadakı tərəzilərə bənzər tərəzi ilə çəkmək olmaz, onlar yalnız haqq-ədalətlə və düzgün yerinə yetirilmiş əməllərlə müqayisə olunmaq vasitəsilə ölçülər. Çünki insanların gördüyü işlərin Allah dərgahındakı dəyəri onların kəmiyyəti (sayı) ilə deyil, keyfiyyətilə ölçülər. Nə çox qılınan namaz və tutulan oruc vardır ki, Allahın əmr etdiyi kimi icra olunmadığına görə heç bir dəyərə malik deyildir. Lakin Allahın buyurduğu kimi edilən ibadət az olsa da, Mütəal Allah onu mükafatsız qoymaz. Buradan məlum olur ki, görülən işləri, edilən ibadətləri dəyərli edən onların keyfiyyətidir.
Bəzi rəvayətlərdə nəql olunmuşdur ki, qiyamət günü insanların əməlləri peyğəmbərlərin və onların haqq canişinlərinin etdikləri əməllərlə müqayisə olunar. Əməllər o həzrətlərin əməllərinə nə qədər uyğun gəlmiş olarsa, bir o qədər də dəyəri, ağırlıq və zənginliyi artar. Belə olduqda, əməllərin çəkilməsi və onların çəkildiyi tərəzinin nə məna daşıdığı məlum olur.
Mərhum Təbərsi özünün məşhur «əl-Ehticac» əsərində Hüşam ibn Həkəmdən rəvayət edir ki, o deyib: «Bir gün dinsiz-imansız bir şəxs imam Sadiqdən (ə) soruşdu: əməllər (qiyamət günü) çəkilməyəcəkmi? İmam (ə) buyurdu: lə, innəl-ə`mələ leysət biəcsəmin va innəmə hiyə sifətu mə amilu. Va innəmə yəhtəcu ilə vazniş-şey`i mən cəhilə adədəl-əşyə`i va lə yə`rifu siqləhə va xiffətəhə va innəllahə lə yəxfə aleyhi şey`un. Qalə: fəmə mə`nəl-mizən? Qalə: əl-adl. Qalə: fəmə mə`nəhu fi Kitəbihi: fəmən səqulət məvazinuhu...? Qalə: fəmən rucciha aməluhu — xeyr, əməllər cisim deyillər ki, tərəziyə qoyularaq çəkilsin. Əslində onlar insanların etdikləri əməllərin surətidir. Bundan əlavə, bir şeyin çəkilməsinə əşyanın sayını, onun ağırlıq və yüngüllüyünün nə qədər olduğunu bilməyən şəxsin ehtiyacı olar. Halbuki, heç bir şey Allaha gizli deyil. Həmin şəxs soruşdu: bəs (qiyamət günündəki) tərəzinin mənası nədir? (əməllər nə ilə ölçüləcək)? Həzrət buyurdu: haqq-ədalət (əməllərin surəti haqq-ədalətə göstərildikdə onların dəyəri məlum olacaq). O dedi: Allahın kitabında buyurulan „hər kəsin əməlinin çəkisi ağır gəlsə...“ cümləsinin mənası nədir? İmam (ə) buyurdu: „hər kəsin əməli haqq-ədalətə uyğun gəlsə“ mənasını daşıyır.» («əl-Ehticac», c.2, s.351)
Mərhum Küleyni mötəbər sənədlərlə Səid ibn Müseyyibdən nəql edir ki, o deyib: «Bir gün imam Zeynəlabidin (ə) moizə edərkən izzət və cəlal sahibi olan Allahın buyurduğu: „Va lə in məssəthum nəfhatun min azəbi Rabbikə ləyəqulənnə: yə vaylənə, innə kunnə zalimin “ („Ənbiya“ surəsi, ayə:46) ayəsini oxuduqda buyurdu: fə in qultum, eyyuhən-nəs, innəllahə azzə va cəllə innəmə anə bihə əhləş-şirki fə keyfə zəlikə? Va Huva yəqulu: va nəza`ul-məvazinəl-qista liyaumil-qiyəməti fə lə tuzləmu nəfsun şey`ən va in kənət misqalə habbətin min xardəlin əteynə bihə va kəfə binə hasibin. Fə`ləmu, ibədəllah ənnə əhləş-şirki lə tunsabu ləhumul-məvazinu va lə tunşəru ləhumud-dəvavinu va innəmə yuhşərunə ilə cəhənnəmə zuməran. Va innəmə nəsbul-məvazin va nəşrud-dəvavin liəhlil-isləm — Ey camaat, əgər siz Allah bu ayədə: „Vay bizim halımıza, biz zalımlardan olmuşuq!“ buyurmaqla müşriklərdən söhbət açdığını deyirsinizsə (güman edirsinizsə), bu necə ola bilər, bir halda ki, O buyurur: qiyamət günü haqq tərəziləri ortaya qoyacağıq. Həmin gün hətta xırda bir əməllə gələn şəxsə belə zülm olunmayacaq. Bizim (ədalətli) haqq-hesabımız buna kifayət edər (ki, heç kəsin əməlini zay etməyək. „Ənbiya“ surəsi, ayə:47)
Sonra o həzrət sözünə davam edərək buyurdu: ey Allahın bəndə-
ləri! Bilin və agah olun ki, qiyamət günü müşriklər üçün tərəzilər qoyulmayacaq və onların nə etdikləri barədə əməl dəftərləri açılmayacaq. Çünki onlar Ərəsati-məhşərdən birbaşa cəhənnəmə gedəcəklər. Tərəzilərin ortaya qoyulması və divanların (ilahi məhkəmənin) qurulması islam ümmətindən (bütün peyğəmbərlərin ümmətlərindən iman gətirənlərin yaxşı işlər görənlərindən və ya günaha yol verənlərindən) ötrüdür (ki, onlardan yaxşı əməl sahibləri mükafatlandırılsın. Elə isə səy göstərin ki, təqvalı olasınız).» («əl-Kafi», c.8, s.60-63, hədis:29)Bu hədisdən məlum olur ki, qiyamət günü Mütəal Allahın haqq tərəziləri ortaya qoymasında əsil hədəfi iman əhlini az əməl sahibi olsa belə, mükafatlandırmaqdır. Kafir və müşriklər üçün isə heç bir tərəzi olmayacaq ki, onların əməlləri çəkilsin. Necə ki, Mütəal Allah buyurub: «Uləikəl-ləzinə kəfəru bi əyəti Rabbihim va liqaihi fəhabitat ə`məluhum fə lə nuqimu ləhum yauməl-qiyəməti vaznən
— Onlar Rəblərinin ayələrini və qiyamət günü Onunla görüşəcəklərini danan şəxslərdir (kafirlərdir). Onların əməlləri puça çıxar, ona görə də, Biz qiyamət günü onlar üçün heç bir tərəzi qurmarıq.» («Kəhf» surəsi, ayə:105)Digər bir hədisdə mərhum Səduq mötəbər sənədlərlə Əbu Müəmmər əs-Sə`danidən, o da əmirəl-möminin Əlinin (ə) müfəssəl hədisindən nəql edir ki, o həzrət orada buyurdu: «Tuzənul-hasənətu vas-seyyiət. Fəl-hasənətu siqlul-mizəni vas-seyyiətu xiffətul-mizən
— Qiyamət günü yaxşı və pis əməllər ölçülər. Yaxşı əməllər ağır (zəngin), pis işlər isə yüngül gələr (pis işlərdə heç bir ağırlıq və zənginlik hiss olunmaz, çünki onlar ağıl və məntiqə, Allah və Peyğəmbərin buyurduğu haqq sözə əsaslanmır).» («ət-Tövhid», s.268, hədis:11)Bu hədis və rəvayətlərdən məlum olur ki, qiyamət günü tərəzilərin qurulması deyildikdə bir gözünə yaxşı, digər gözünə isə pis əməllər qoyularaq ölçülən iki gözlü tərəzilər nəzərdə tutulmur. Əslində tərəzi insanın əməllərinin hansı dəyərə malik olduğunu ölçən meyardır.
Əmirəl-möminin Əliyə (ə) bəzi ziyarətnamələrdə: «Əssəlamu aleykə, yə mizənəl-ə`məl! — Salam olsun sənə, ey əməllərin (haqq və ya batil olduğunu aşkara çıxaran) tərəzisi!» deyilmişdir. Buna səbəb o həzrətin islam peyğəmbərinin haqq canişini olması, eləcə də ömrünün sonunadək Allah və Peyğəmbərin buyurduqlarına tam şəkildə əməl etməsidir. O həzrət insanlara dünyada qeyrət, şücaət, ədalət və s. baxımdan örnək və nümunə, axirətdə isə onların əməllərinin haqq və ya batil olduğunu təyin edən meyar hesab olunur.
Mütəal Allah Qurani-Kərimdə buyurur: «Fə əmmə mən səqulət məvazinuhu fəhuva fi `işətin raziyətin. Va əmmə mən xaffət məvazinuhu fə ummuhu haviyətun. Va mə ədrakə mə hiyəh. Nərun hamiyəh.» («əl-Qariə» surəsi, ayə:11)
Gördüyünüz kimi, təfsirini yazdığımız 8-ci, 9-cu ayələrdə, eləcə də nəql etdiyimiz rəvayətlərdə insanların əməllərinin çəkilməsinin haqq olduğu bildirilir. Amma həmin əməlləri çəkən tərəzinin bir gözündə yaxşı, digər gözündə pis əməlləri çəkən iki gözlü tərəzi olacağı söylənilmir. Əslində tərəzi sözünün işlədilməsi insanların necə haqq-hesab olunacaqlarını asanlıqla başa düşmələrindən ötrüdür.
Mərhum şeyx Abbas Qumi özünün məşhur «Məfatihul-cinan» əsərində imam Muhəmməd Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Atam imam Zeynəlabidinlə (ə) birlikdə cəddim əmirəlmöminin Əlini (ə) ziyarət etmək məqsədilə Nəcəfə getdik. Atam o həzrətin pak və mütəhhər ziyarətgahı önündə dayanaraq ağladıqda xitab edərək dedi: əssəlamu alə əbil-əimməti va xalilin-nubuvvati val-məxsusi bil-uxuvvati! Əssəlamu alə yə`subil-imən va mizənilə`məl!... — Salam olsun, imamların atasına, nübüvvətin (xalis) dostuna (himayəçisinə), Peyğəmbərin xüsusi qardaşına! Salam olsun, imanın rəhbərinə və əməllərin ölçü meyarına!...» («Məfətihulcinan», əmirəl-möminin Əlinin (ə) 4-cü ziyarətnaməsi. Şeyx Abbas Qumi bu hədisi mərhum Nurinin «Müstədrəkul-vəsail» əsərindən nəql etmişdir.)
Gördüyünüz kimi, imam Zeynəlabidin (ə) bu ziyarətnamədə Əlini (ə) «mizanul-ə`mal (əməllərin ölçü meyarı)» adlandırmışdır. Buradan məlum olur ki, qiyamət günü tərəzi deyildikdə dünyadakı tərəzilər nəzərdə tutulmur. O, elə bir ölçü meyarıdır ki, iman əhlinin əməllərinin dəyər və zənginliyi onunla təyin olunacaq. Çünki Əli (ə) həzrət Muhəmmədə (s.ə.a. s) iman gətirənlərin ən birincisi olmuşdur. Ona görə də, insanların əməlləri o həzrətin əməlləri ilə müqayisədə dəyər tapacaq. Məsələn, insanların ədalət və əxlaqı, ibadət və itaəti, şücaət və qorxmazlığı, iman və cihadı o həzrətdə olan həmin keyfiyyətlərlə ölçüləcək.
Burada belə bir sual meydana çıxır: nə üçün islam ümmətinin əməli Peyğəmbərin (s.ə.a. s) əməlləri ilə deyil, Əlinin (ə) əməlləri ilə müqayisə olunur? Cavab olaraq qeyd etməliyəm ki, iman əhlinin əməlləri Peyğəmbərin əməlləri ilə deyil, o həzrətə, Qurana və islama ilk iman gətirən şəxsin əməli ilə müqayisə olunmalıdır. Çünki müsəlmanlar peyğəmbər deyillər ki, onların əməlləri peyğəmbərin əməli ilə ölçülsün. Onlar peyğəmbərin ümməti hesab olunduqları üçün etdikləri əməllər o həzrətin ümməti arasında ən üstün şəxs olan Əlinin (ə) əməlləri ilə ölçülməlidir. Əli (ə) dünyada Peyğəmbərdən sonra islam ümmətinə əmir və rəhbər olduğu kimi axirətdə də onların əməllərinin ölçü meyarı olacaq. İslam peyğəmbərinin əməllərinə gəlincə, digər peyğəmbərlərin əməlləri o həzrətin əməlləri ilə müqayisə oluna bilər.
Bir sözlə, qiyamət günü insanların əməlləri haqq-ədalətlə ölçüləcək. Bəzi müfəssirlərin fikrinə əsasən isə haqq-ədalət sözündə məqsəd hər bir əməlin mükəmməl nümunəsi olacaq ki, insanların əməlləri həmin nümunə ilə müqayisə olunacaq. Hər hansı əməl ona yaxın olduğu qədər dəyər tapacaq, ondan uzaq olduğu qədər dəyərsiz sayılacaq.