- Dinləmək
-
-
Əsli
-
وَلَقَدْ مَكَّنَّاكُمْ فِي الْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَايِشَ ۗ قَلِيلًا مَّا تَشْكُرُونَ
-
Transliterasiya
-
Wa Laqad Makkannākum Fī Al-'Arḍi Wa Ja`alnā Lakum Fīhā Ma`āyiša Qalīlāan Mā Taškurūna
-
Mirzə Əli Meşkini
-
Həqiqətən, sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq, amma siz çox az şükr edirsiniz.
-
Əltafur-Rəhman
-
İblislə mübarizə (ayə:10-17)
Mütəal Allah bu surənin 3-cü ayəsində kafirlərə müraciət edərək buyurur: «Sizə Rəbbiniz tərəfindən nazil olana tabe olun. Allahdan başqasını özünüzə rəhbər seçməyin!» 10-cu ayədə isə buyurur: «And olsun ki, sizə yer üzündə yaşamaq üçün Biz imkan yaratdıq (qüdrət verdik). Bunun üçün bir çox şərait (su, hava, torpaq, bitkilər, heyvanlar və s.) yaratdıq. Siz nə az şükür edənlərsiniz?!»
11-ci ayədə Mütəal Allah Adəm övladına verdiyi nemətləri xatırladaraq buyurur: «Biz sizi (atanız Adəmin sülbündə) yaratdıq. Sizə (analarınızın rəhmində) surət verdik (kimini ağ, kimini qara, kimini hündür, kimini bəstəboy, kimini göyçək, kimini də adi bir surətdə yaratdıq). Sonra mələklərə: „Adəmə səcdə edin!“ deyə əmr etdik. İblisdən başqa hamısı səcdə etdi. Amma o, səcdə edənlərdən olmadı.»
Bildiyimiz kimi, İblis (Allahın ona lənəti olsun) Adəmə səcdə etmədiyinə görə Rəbbinin dərgahından qovulmadı. Çünki Adəmə səcdə etməmək elə bir günah deyil ki, ona görə həmişəlik Allah dərgahından qovulsun. Əslində o, Mütəal Allahın əmrindən çıxdığına görə cənnətdən qovuldu. O, güman edirdi ki, Mütəal Allah Adəmlə onu nədən xəlq etdiyini, hansının hansından üstün olduğunu bilmir.
Bəzi şəxslər insanların zehnində şübhə yaratmaq məqsədilə, yaxud nadanlıq ucbatından deyirlər: «Namaz qılmamaq nə olan şeydir ki, Allah ona görə bəndələrini cəhənnəmə aparsın?» Daha bilmirlər ki, insan namaz qılmamaqla elə böyük ziyana uğrayır ki, onun yerini heç bir şeylə doldurmaq olmur. Təbii ki, özünə, ailəsinə, nəslinə belə xəsarət yetirən şəxs cəzalanmalıdır. Çünki Allaha ibadət etməyin nə qədər xeyri varsa, ibadət etməməyin də bir o qədər ziyanı vardır. İblis təkəbbür göstərərək Allahın əmrindən çıxdığına görə uca və ali məqam olan cənnətdən çıxarıldı. Onun cənnətdən çıxması ölümə bərabər idi. Ona görə də, Allahdan qiyamətə qədər yaşamaq üçün möhlət istədi. İblisin qiyamətədək möhlət almaqda hədəfi Adəm övladını azdırmaq, onları Allah dərgahından uzaqlaşdırmaq idi. Mütəal Allah isə ona söylədi: «İnnəkə minəl-munzarin Sən möhlət verilmişlərdənsən.» Başqa ayələrdə isə buyurur: «Fə innəkə minəl-munzarinə ilə yaumil-vaqtil-mə`lum Sənə qiyamətə qədər deyil, müəyyən vaxta (insanların dünyalarını dəyişmələrinə qədər) möhlət verildi (həmin vaxta qədər onları azdıra bilərsən). («Hicr» surəsi, ayə:38; «Sad» surəsi, ayə:81)
İblis bu möhləti əldə etdikdən sonra dedi: «Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb (cənnətdən) çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam (və onları azdıracağam). Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən.»
Bağışlamaq üstünlükdür
Mərhum Əli ibn İbrahim Qummi imam Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurub: «İblis Allah dərgahından (cənnətdən) qovulduqdan sonra dedi: İlahi, Sən ədalət sahibisən. Heç kəsə zülm etməzsən. Məni dərgahından qovdun. Etdiyim ibadətlərin savabı puç oldumu? Allah təala buyurdu: xeyr, puç olmayıb, amma həmin savabın qarşılığında Məndən dünya işlərindən nə istəsən, dilə verim! İblisin dünya işlərindən ilk istəyi (ölməmək) qiyamətə qədər yaşamaq oldu. Mütəal Allah buyurdu: onu sənə verdim.
İblis dedi: dünyada Adəm övladına qalib gəlim. Allah təala buyurdu: səni onlara qalib etdim.
O dedi: mənə icazə ver ki, onların damarlarında qanın cərəyan etdiyi kimi gəzim.
Allah buyurdu: icazə verdim.
Dedi: onlara bir övlad verdikdə mənə iki övlad ver. Mən onları görüm, onlar isə məni görməsinlər. Onları aldatmaq üçün istədiyim cildə girə bilim.
Allah buyurdu: onları da verdim.
Dedi: ey Rəbbim, bu üstünlükləri mənim üçün bir az da artır.
Buyurdu: onların qəlblərini sənə və zürriyyətinə vətən qərar verdim.
İblis bunu eşitdikdə razı qalaraq dedi: bu qədər kifayətdir.
İblis (bu qədər istəklərini əldə etdikdən) sonra (özünü yenə də bədbəxt hiss edərək) dedi: fə bi`izzətikə ləuğviyənnəhum əcmə`inə illə `ibədəkə minhumul-muxləsin — (Ey Rəbbim! Adəmə səcdə etməməyim bədbəxtliyimə səbəb olduğuna görə) izzətinə and olsun ki, mən də Sənin xalis bəndələrindən başqa onun övladlarının hamısını azdırıb bədbəxt edəcəyəm.» («Təfsiri-Qummi», «Sad» surəsi, 82-ci ayənin şərhi)Burada mühüm bir mətləbə diqqət yetirmək lazımdır: şeytan Adəm övladından intiqam almaqla, onları bədbəxt etməklə yenə də xoşbəxtlik əldə edə bilmədi. Əgər o, Adəm və Həvva kimi etdiyi xətaya görə tövbə edərək Allahdan bağışlanmaq diləsəydi, həm Allahın rəhmətinə nail olar, həm də özü və zürriyyəti yer üzündə Adəm və övladları ilə sülhlə yaşayardı. Ona görə də, biz insanlar gərək bizə qarşı zülm və hörmətsizlik edənlərdən intiqam almağa çalışmayaq. Onları bağışlamağa səy göstərək. Əgər kimsə pislik edən şəxsdən intiqam aldıqda fərəhlənərək ləzzət alırsa, bilsin ki, onu bağışlamağın ləzzəti ondan da çoxdur. Hətta bu iki ləzzət müqayisə olunmayacaq dərəcədə bir-birindən fərqlənir. Məşhur bir rəvayətdə əmirəl-möminin Əlidən (ə) nəql olunmuşdur ki, o həzrət buyurub: «Bağışlamaqda olan ləzzət intiqam almaqda yoxdur.»
Bu haqda əlinizdəki təfsirin birinci cildində «Nurla zülmətin mübarizəsi» mövzusunda Cabir ibn Abdullahdan nəql olunmuş hədisə nəzər sala bilərsiniz. Həmin hədisdən məlum olur ki, aləmləri yaradan Rəbbimiz İblisə insanları azdırmaq üçün möhlət verdiyi kimi, insanlara da ağıl qüvvəsini bəxş etmiş, onlara peyğəmbərlər və səmavi kitablar göndərmişdir ki, şeytan onlara qalib gələ bilməsin, ulu Tanrı hətta günaha yol verənlərə tövbə edib Allah yoluna qayıtmaq imkanı da yaradıb.
İradəli insanların nəzərinə!
Xatırladım ki, şeytan, adətən, zəif insanları deyil, iman əhlini, möhkəm əqidə və iradəyə malik olanları aldatmağa çalışar. Çünki zəif insanlar adi bir şeylə tez bir zamanda aldanarlar. Zürarə deyir: «Mən imam Baqirdən (ə) «Sənin düz yolunun üstündə oturacağam» ayəsinin mənasını soruşduqda o həzrət buyurdu: «Yə Zuraratu, innəmə amədə ləkə va liəshabik. Va əmməl-əxarunə fəqad fərağa minhum — Ey Zürarə, həqiqətən də, İblisin niyyəti səni və sənin kimi möminləri aldatmaqdır. Qalanlarından (digər əqidələrə qulluq edənlərdən) isə əl çəkmişdir (onları artıq aldatmışdır).» («TəfsiriƏyyaşi», c.2, s.13, hədis:7; «əl-Bürhan», c.2, s.5, hədis:1, 4)
İmam (ə) bu sözlə Zürarəyə bildirmək istəyir ki, İblis sizin kimi iman əhlini, din xadimlərini və Əhli-beytin (ə.s) məktəbində dərs oxuyanları aldatmağa səy göstərər. Çalışın ki, ona aldanmayasınız!
Mərhum İbnuşşeyx özünün «əl-Məcalis» əsərində imam Rzadan (ə) rəvayət edir ki, o həzrət buyurub: «İnnə İblisə kənə yə`til-ənbiyəə min lədun Ədəmə ilə ən bə`asəllahul-Məsih. Yətəhaddəsu `indəhum va yəs`əluhum va ləm yəkun biəhadin minhum əşəddu unsən minhu bi Yəhyəbni Zəkəriyyə. Fəqalə ləhu Yəhyə: ... həl zafərtə bi sə`atən qattu? Qalə: lə va ləkin fikə xislətun tu`cibuni. Qalə Yəhyə: fə mə hiyə. Qalə: əntə raculun əkulun. Fə izə əftartə əkəltə va bəşəmtə fə yəmnə`ukə zəlikə min bə`zi salətikə va qiyəmikə bil-leyl... — İblis həzrət Adəmin dövründən həzrət İsa peyğəmbərlik məqamına çatanadək peyğəmbərlərin yanına gəlib onlarla danışar, bəzi sözlər soruşardı. O, ən çox həzrət Yəhya ilə ünsiyyət yaratmışdır. ...Bir gün həzrət Yəhya İblisdən soruşdu: heç indiyədək mənə qalib gəlmisənmi? İblis dedi: xeyr, mən heç vaxt sənə qalib gələ bilməmişəm. Lakin səndə bir xislət vardır ki, mənim ondan xoşum gəlir. Həzrət Yəhya soruşdu: o hansı xislətdir? İblis dedi: sən çox yeyirsən. İftar etdikdə doyanadək yeyirsən. Bu, sənin bəzi namazları qılmağına və gecə oyaq qalıb ibadət etməyinə mane olur. Həzrət Yəhya İblisin bu sözünü eşitdikdə söylədi: mən Allahla öz aramda əhd bağlayıram ki, ölənədək bir daha doyunca yemək yeməyəm. İblis bu sözdən xoşlanmayaraq dedi: mən də Allahla əhd bağlayıram ki, heç bir müsəlmana nəsihət verməyim.
O gündən bəri şeytan həzrət Yəhyadan ayrılaraq bir daha o həz-
rətin yanına getmədi.»Peyğəmbərdən (s.ə.a. s) rəvayət olunub ki, o həzrət buyurub: «İnnəş-şeytanə yəcri min ibni Ədəmə məcrad-dəm, fəzayyiqu məcəriyəhu bil-cu` Həqiqətən də, şeytan Adəm övladının qan damarlarında gəzər. Çalışın aclıqla (az yeməklə), onun gəzdiyi damarları daraldasınız.»
Gördüyünüz kimi, Mütəal Allah 17-ci ayədə İblisin Adəm övladını necə azdıracağından bəhs edir. Şeytan həmin ayədə deyir: «Mən onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm.»
Mərhum Təbərsi imam Baqirdən (ə) bu ayənin təfsiri haqqında nəql edir ki, o həzrət buyurub: «Qarşılarından gələrəm» cümləsinin mənası axirət gününün haqq-hesabını onlara yüngül göstərərəm (ki, onlar da günah etməkdən qorxmasınlar), «arxalarından gələrəm» ifadəsinin mənası onlara var-dövlət yığmağı, həmin malın xüms, zəkat və sədəqəsini verməyib övladlarına saxlamalarını əmr edərəm, sağlarından gələrəm cümləsinin mənası onları din adı ilə azdırar və əqidələrində şübhə yaradaram, müxtəlif təriqətlərə, pis yollara üz tutmağı onlara bəzəkli göstərərəm, sollarından gələrəm cümləsinin mənası isə onları dünya ləzzətlərini sevməyə, şəhvətə uymağa təşviq edərəm deməkdir. («Məcməul-bəyan», c.4, s.404)