- Dinləmək
-
-
Əsli
-
وَهُوَ اللَّهُ فِي السَّمَاوَاتِ وَفِي الْأَرْضِ ۖ يَعْلَمُ سِرَّكُمْ وَجَهْرَكُمْ وَيَعْلَمُ مَا تَكْسِبُونَ
-
Transliterasiya
-
Wa Huwa Al-Lahu Fī As-Samāwāti Wa Fī Al-'Arḍi Ya`lamu Sirrakum Wa Jahrakum Wa Ya`lamu Mā Taksibūna
-
Mirzə Əli Meşkini
-
Göylərdə və yerdə olan tək Allah Odur. O, sizin gizlininizi də, aşkarınızı da bilir və (yaxşı və pisdən) əldə etdiklərinizdən də xəbərdardır.
-
Əltafur-Rəhman
-
Həqiqəti sübut etməyin ən yaxşı yolu (ayə:3)
Mütəal Allah ilk ayədə Öz qüdrət və vəhdaniyyətindən, ikinci ayədə insanın xilqətindən bəhs etdikdən sonra bu mübarək ayədə buyurur: «Göylərdə də, yerdə də (ibadətə layiq olan) yalnız Allahdır. Sizin gizlində də, aşkarda da nəyiniz varsa, onu bilir. O, edəcəyiniz (bütün) əməlləri bilir.»
Bu üç ayəyə diqqətlə nəzər saldıqda görürük ki, izzət və cəlal sahibi olan Allah əvvəlcə böyük aləmdən — göyləri və yeri yaratmasından, zülmətləri və nuru xəlq etməsindən, sonra kiçik aləm olan insanın xilqətindən danışaraq, nəhayət, göylərdə və yerdə ibadətə yalnız Özünün layiq olduğunu, həmçinin gizlində və aşkarda olan bütün əməllərdən, hətta gələcəkdə görüləcək işlərdən xəbərdar olduğunu bildirir. Belə olduğu halda, O, kafir və müşriklərin bu qüdrət və əzəmətə malik olan Allahı qoyub bütlərə üz tutmalarının, yaxud sitayiş etdikləri bütləri Allaha tay tutmalarının təəccüblü olduğunu bildirir.
Ulu Tanrının göyləri, yeri və insanı yaratmasından bəhs etməkdə, eləcə də insanın gizli və aşkar əməllərindən xəbərdar olduğunu söyləməkdə məqsədi kafirləri heç bir elm və qüdrəti olmayan bütlərdən uzaqlaşdırmaqdır. Gördüyünüz kimi, ulu Tanrı Peyğəmbərə öyrədir ki, kafirlərlə mübahisə etdikdə onların inanc bəslədikləri bütləri birbaşa gözdən salmağa üz tutmasın. Əksinə, onları imana gətirmək üçün Allah təalanın elm və qüdrətindən, izzət və əzəmətindən danışmaqla ürəklərini bütlərdən ayırsın. Bu yol haqqı sübut etməyin ən yaxşı və düzgün yoludur. Amma təəssüf ki, bəzi məzhəblərə qulluq edənlər özlərini «sudan quru çıxarmaq», guya haqlı olduqlarını sübuta yetirmək üçün ilk növbədə qarşı tərəfin müqəddəs bildiklərini, onların alimlərini gözdən salmağa çalışırlar. Bu, onların ədalətsiz olmalarından, Quran ayələrindən və Peyğəmbərin tutduğu yoldan uzaq düşmələrindən irəli gəlir.Gizlində və aşkarda olan əməllərdən agah
«Sirr» insanın ürəyində olana, ürəyində gizlətdiyi əməllərə, «cəhr» isə onun əli, ayağı, dili, qulağı, gözü və digər bədən üzvləri ilə gördüyü işlərə deyilir. Ola bilsin ki, biz insanların bədən üzvləri ilə etdiyi işləri gördükdə onların kimliyini, yaxşı və ya pis insan olduqlarını deyə bilək. Lakin onların ürəklərindən keçənləri, qəlblərində hansı fikirdə olduqlarını deyə bilmərik. Mütəal Allah isə elə bir elm və qüdrətə malikdir ki, insanın həm ürəyindəki sirrindən, həm də onun aşkara çıxardığı əməllərdən agahdır. Kafirlərin inandıqları şəxslər və ya ibadət etdikləri bütlər buna qadir deyillər. Allah təala bu mübarək ayədə gizli və aşkar olan əməlləri bilməsindən danışaraq Öz qüdrətini kafirlərə bəyan etmək istəyir ki, onlar bütlərdən əl çəkib Ona iman gətirsinlər.
«Kəsb» sözünün mənası
Ərəb dilində «kəsb etmək» o feilə deyilir ki, insan həmin feildən ya bir şeyi əldə etmək, ya da hansısa bir zərəri dəf etmək üçün istifadə etsin. Ona görə də, bu kəlmə Mütəal Allah haqqında işlənməz. Məsələn, Mütəal Allah haqqında «Raziq — ruzi verən», «Xaliq — xəlq edən» və «Rahim — rəhm edən» işləndiyi halda Onun barəsində «Kasib — kəsb edən» adı zikr olunmaz. Çünki Onun kainatı yaratmaqda hədəfi bir şey qazanmaq, yaxud hansısa bir ziyanı Özündən uzaqlaşdırmaq deyil. Lakin insanlar hansısa bir işi gördükdə hədəfləri ya mənfəət əldə etmək, ya da zərəri dəf etməkdir. İnsan buna nail olmaq üçün düz və ya yalan danışmağa çalışar. Ona görə də, Mütəal Allah buyurur: «Va yə`ləmu mə təksibun — O, sizin (hansısa mənfəəti əldə etmək və ya zərəri özünüzdən dəf etməkdən ötrü) nə etdiyinizi (yalan və ya düz danışdığınızı, yaxud düzgün və ya xəyanətkar olduğunuzu) bilir.»
Təfsirini yazdığımız bu üç ayədə aləmləri yaradan Rəbbimiz göyləri, yeri və insanları yaratmasından, onların gizlində və aşkarda etdiklərini bilməsindən, hətta onların mənfəət əldə etmək, yaxud zərəri dəf etmək üçün etdikləri işləri bilməsindən danışmaqda hədəfi Özünün vəhdaniyyətini, misilsiz olduğunu kafirlərə çatdırmaqdır ki, onlar küfrdən, yaxud Ona şərik qoşmaqdan əl çəksinlər. Çünki hansı bir şəxsə rast gəlmək olar ki, o, göyləri, yeri və insanları yaratsın, yaxud onların gizli və aşkar əməllərindən xəbər versin? Hər hansı bir peyğəmbər və ya imam insanların ürəyində nə olduğunu bilsələr də, göyləri, yeri və insanları yaratmağa qadir deyil. Çünki o, özü də Mütəal Allahın yaratdıqlarından biridir. Buna əsasən, hər bir insan bilməlidir ki, «ləysə kəmislihi şəy`... Onun misli, tayı-bərabəri və bənzəri yoxdur...» («Şura» surəsi, ayə:11)
Mərhum seyid Haşim Bəhrani mötəbər sənədlərlə Müsənna əl-Hənnatdan (Muhəmməd ibn Nömandan) nəql edir ki, o deyib: «İmam Sadiqdən (ə) „Ən`am“ surəsindəki „va Huvallahu fis-səməvati va fil-ərz — O, göylərdə və yerdə olan Allahdır“ ayəsi haqqında soruşduqda o həzrət buyurdu: Kəzəlikə Huva fi kulli məkən. Qultu: bizətihi? Qalə: vayhak, innəl-əməkinə əqdərun. Fə izə qultə: fi məkənin bizətihi ləziməkə ən təqulə: fi əqdərin va ğayra zəlik. Va ləkin Huva bəinun min xalqihi, muhitun bimə xaləqa ilmən va qudratən va ihatatən va sultanən. Va ləysə ilmuhu bimə fil-ərzi biəqallə mimmə fis-səməi va lə yəb`udu minhu şəy`un val-əşyəu ləhu səvaun ilmən va qudratən va sultanən va mulkən va iradətən — Bəli, O, hər yerdədir. (Ravi nəql edir ki) dedim: O, zatı (vücudu) ilə hər yerdədir? İmam (ə) buyurdu: ayıb olsun sənə! Məkanlar məhdud yerlərdir. Əgər: „Allah bir məkandadır“ desən, gərək Onun müəyyən və məhdud məkanlarda olduğunu söyləyəsən. Halbuki, O, heç bir məkanla məhdudlaşmaz. Lakin O, bütün məxluqatdan ayrıdır. Amma onları Öz elmi, qüdrəti və səltənəti ilə əhatə edir. Onun yerdə olanları bilməsi səmadakıları bilməsindən az deyil (O, yerdə olanları bildiyi kimi, göylərdə olanları da bilir). (Yaratdıqlarından) heç bir şey Ondan uzaq deyil. Yaratdığı varlıqlar elm, qüdrət, səltənət, mülk və iradə baxımından Onun üçün eynidir (yəni, Onun üçün kiçik, yaxud böyük bir şeyi yaratmağın fərqi yoxdur. Kiçik bir varlığı məhv edə bildiyi kimi, böyük varlıqları da məhv edə bilər. Bir anda bir nəfərin canını ala bildiyi kimi, bir anın içində bir qövmü də öldürə bilər. Onun istək və iradəsi ilə həyata keçirdiyi iş arasında heç bir fasilə yoxdur. İstədiyi şey həmin an baş verər.)» («əl-Bürhan», c.1, s.517, zikr olunan ayənin təfsirində nəql olunmuş ilk hədis)