20-ci ayə 165-dən
Dinləmək
Əsli
الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمُ  ۘ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
Transliterasiya
Al-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍taynāhumu A‍‍l-Kit‍‍ā‍‍ba Ya`‍‍r‍‍ifūnah‍‍u Kamā Ya`‍‍r‍‍if‍‍ū‍‍na 'A‍‍b‍‍n‍‍ā‍‍'ahumu A‍‍l-La‍ḏ‍ī‍‍na ḫasir‍‍ū 'A‍‍n‍‍fusahu‍‍m Fahu‍‍m Lā Yu'umin‍‍ū‍‍n‍‍a
Mirzə Əli Meşkini
(Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş və ziyana uğratmış kəslər iman gətirməyəcəklər.
Əltafur-Rəhman

Peyğəmbəri yalnız tanımaq kifayət edərmi? (ayə:20)

Peyğəmbəri inkar edənlərin, islam dinini qəbul etməyənlərin bir qismini tam kafir olanlar təşkil edirdisə də, onların mühüm bir qismi əhli-kitabdan yəhudi və xristianlardan ibarət idi. Digər kafirləri bir kənara qoysaq da, əhli-kitabın Tövrat və İncildə sonuncu peyğəmbərdən xəbərdar olduqları halda, o həzrəti inkar etmələri, həqiqətən də, çox qəbahətli və təəccüb doğurası haldır. Buna görə də, onlar heç bir əqidəni qəbul etməyən kafirlərlə müqayisədə islam dininə və həzrət Peyğəmbərə iman gətirməməklə çox şeyi itirmiş və çox zərər etmiş sayılırlar.

20-ci ayəni oxuyanlar sual verə bilərlər ki, islam peyğəmbərini öz övladı kimi tanımaq yəhudi və xaçpərəstlərə cəhənnəm odundan nicat verməzmi? Cavab olaraq qeyd etməliyəm ki, Peyğəmbəri yalnız tanımaq və onun kimliyindən xəbərdar olmaq insanı cəhənnəm odundan xilas etməz. İnsanı oddan qurtaran Peyğəmbəri tanımaqla (mərifətlə) yanaşı, o həzrətin buyurduqlarını təsdiqləyərək onlara əməl etməkdir. Peyğəmbər və imamı təkcə tanımaqla insan oddan xilas olsaydı, Kərbəlada imam Hüseynə (ə) qarşı çıxanlar cənnət əhli olardılar. Çünki onlar o həzrəti tanıyırdılar. İmam Hüseyn (ə) Kərbəlada özünü onlara açıq-aşkar şəkildə təqdim etdi ki, onlar qiyamət günü özlərini cəhənnəm odundan qurtarmaq üçün o həzrətin Allahın höccəti olmasından xəbərsiz olduqlarını iddia etməsinlər.

Əli ibn İbrahim Qummi mötəbər sənədlərlə Hüreyzdən, o da imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Nəzələt həzihil-əyətu filyəhudi van-nəsara. Yəqulullahu təbərakə va tə`alə: əlləzinə ətəynəhumul-kitəbə yə`rifunəhu kəmə yə`rifunə əbnəəhum... Yə`ni: Rasuləllah. Liənnəllahə azzə və cəllə ənzələ aləyhim fit-Taurati val-İncili vaz-Zəburi sifətə Muhammədin (s) va sifətə əshabihi va şi`atihi va muhəcirih. Va huva qauluhu: Muhammədun rasulullah val-ləzinə mə`ahu əşiddəu aləl-kuffər, ruhaməu bəynəhum... Fəhəzihi sifətu Rasulilləhi va sifətu əshabihi fit-Taurati val-İncil. Fələmmə bə`asəhullahu azzə va cəllə arafəhu əhlul-kitəbi kəmə qaləllahu cəllə cələluh — Bu ayə yəhudi və xristianlar haqqında nazil olmuşdur. Allah təbarək və təala: „Kitab verilmiş şəxslər onu öz övladlarını tanıdıqları kimi tanıyarlar“ buyurduqda onların Peyğəmbəri tanımalarını nəzərdə tutur. Çünki izzət və cəlal sahibi olan Allah onlara Tövrat, İncil və Zəburda Muhəmmədin (s.ə.a. s), (seçilmiş) səhabələrinin, ona tabe olanların və onunla hicrət edənlərin sifətlərini bəyan etmişdi. Bu mətləb „Muhəmməd Allahın elçisidir, onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mehribandırlar. Sən onları ruku və səcdə halında görərsən. Onlar Allahdan fəzilət və rizayət diləyirlər. Onların simalarında səcdənin izi vardır. Bu, onların Tövratda və İncildə zikr olunmuş məsəlləridir... Allah onlardan (Peyğəmbərin buyurduqlarına) iman gətirib (sabitqədəm olanlara və) saleh əməllər edənlərə bağışlanmaq və böyük əcr vəd etmişdir. („Fəth“ surəsi, ayə:29)“ ayəsində zikr olunub. Bunlar Rəsulullahın və səhabələrinin Tövrat və İncildə qeyd olunmuş sifətləridir. İzzət və cəlal sahibi olan Allah Peyğəmbəri göndərdikdə əhli-kitab o həzrəti Allahın buyurduğu (öz övladlarını tanıdıqları) kimi tanıdılar (bununla belə, onlar o həzrətin peyğəmbərliyini inkar etdilər. Ona görə də, Mütəal Allah ayənin sonunda buyurur: həqiqətən də, özlərinə zərər vuranlar iman gətirməzlər).» («əl-Bürhan», c.1, s.520, təfsirini yazdığımız ayənin şərhində ilk hədis)

Allahın şahid olması

Mötəzilə təriqətinə mənsub olanlar Mütəal Allahın sübutiyyə (var olan) sifətlərini yoxluqla mənalandırırlar. Məsələn, onlar: «Huval-Qadir — O qadirdir» cümləsini «O, aciz deyil» kimi, «Huval-Alim — O alimdir» cümləsini «cahil deyil», «Huval-Xaliq — O yaradandır» cümləsini «məxluq deyil», «Huvaş-Şəhid — O şahiddir» sözünü isə «xəbərsiz deyildir» deyə, məna edirlər. Onlar elə güman edirlər ki, Allah təalanın hər hansı sübutiyyə sifətini yoxluqla mənalandırmaq lazımdır. Amma bunu bilmək lazımdır ki, sübutiyyə sifətlərini bu cür mənalandırmaq məxluqat barəsində düzgün olsa da, aləmləri yaradan Rəbbimiz haqqında düzgün sayılmır. Məsələn, biz hansısa bir şəxsin alim olması barədə: «O, cahil deyil», yaxud bir kəsin səxavətli olması barədə: «O, xəsis deyil» və ya kiminsə imkanlı olması barədə: «O, fəqir deyil» deyə bilərik. Çünki bu xüsusiyyətlərə malik olan şəxslər gələcəkdə müəyyən hadisələrin nəticəsində həmin keyfiyyətlərini itirə bilərlər. Amma bu ifadəni Rəbbimiz haqqında işlədə bilmərik. Çünki Mütəal Allahın sübutiyyə sifətləri həmişəlikdir. Onun bu mübarək və müqəddəs sifətləri müsbət və mənfi tərkiblə zikr olunur. Biz Cəbrailin Peyğəmbərə gətirdiyi «Cövşəni-Kəbir» duasında görürük ki, Allah təalanın sübutiyyə sifətləri tərkibləri ilə zikr olunur. Məsələn, «Yə Alimən lə yəchəl, yə Halimən lə yə`cəl, yə Cəvadən lə yəbxal, yə Qadiran lə yə`cuz, yə Xaliqan ləm yuxlaq, yə Ğaniyyən lə yəftəqir, yə Kəbiran lə yəsğur — Ey cəhalətə yol verməyən Alim, ey cəzalandırmaqda tələskənliyə yol verməyən Həlim, ey xəsislik etməyən Səxavətli, ey acizliyə yol verməyən Qadir, ey yaradılmamış Xaliq, ey fəqirlik görməyən Zəngin, ey kiçilmək bilməyən Böyük!» Lakin Mötəzilə əqidəsində olan şəxslərdən «alim» sözünün mənasını soruşduqda yalnız belə deyirlər: «Yəni, cahil olmayan.» Amma Onun elminin nə qədər olduğunu, necə bir alim olduğunu demirlər, elminin daim sabit qalıb-qalmadığından söhbət açmırlar. Allahın «Şahid» sifətinə gəlincə, onun mənası «elə bir Şahid ki, heç vaxt qeybə çəkilməz» deməkdir. Mötəzilə təriqətində olanlar isə bu sifəti: «Qeybə çəkilməyib» deyə məna edirlər. Halbuki, bu ifadə insanlar haqqında keçərlidir. «Filankəs qaib deyil» dedikdə bu, onun həmin yerdə olduğunu bildirir. Lakin bu ifadə həmin şəxsin həmişə orada olacağına dəlalət etmir. Deməli, insanlara məxsus sifətlər zay olub aradan gedə bilər. Mütəal Allahın sübutiyyə sifətləri isə heç vaxt zay olub getməz. Ona görə də, Allahın sübutiyyə sifətlərinin (məsələn, «əş-Şəhid» isminin) təkcə mənfi («Qeybə çəkilməz») tərəfi deyil, müsbət («elə bir Şahid ki, heç vaxt qeybə çəkilməz») tərəfi də zikr olunmalıdır.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi