- Dinləmək
-
-
Əsli
-
هُوَ الَّذِي خَلَقَكُم مِّن طِينٍ ثُمَّ قَضَىٰ أَجَلًا ۖ وَأَجَلٌ مُّسَمًّى عِندَهُ ۖ ثُمَّ أَنتُمْ تَمْتَرُونَ
-
Transliterasiya
-
Huwa Al-Laḏī ḫalaqakum Min ṭīnin ṯumma Qaḍá 'Ajalāan Wa 'Ajalun Musammáan `Indahu ṯumma 'Antum Tamtarūna
-
Mirzə Əli Meşkini
-
Sizi (birinci ata-ananızı birbaşa, o ikisinin nəslini isə vasitə və mərhələlər keçməklə) palçıqdan yaradan, sonra (sizin hər biriniz üçün ömür) müddət(i) müəyyənləşdirən Odur. Müəyyən olunmuş bir müddət də Onun yanındadır (şərti əcəli «məhv-isbat» lövhəsində yazıb, qəti əcəl isə «Lövhi-Məhfuz»dadır, yaxud bu dünyada olan gerçəkliklərdir). Siz (bu qüdrət, nəzm və hikməti müşahidə etdikdən sonra Allah və ya Qiyamət barəsində) yenə də şəkk edirsiniz.
-
Əltafur-Rəhman
-
İnsanın torpaqdan xəlq olunması (ayə:2)
Mütəal Allah təfsirini yazdığımız ilk ayədə böyük bir aləm yaratdığını söylədikdən sonra ikinci ayədə insanları nədən xəlq etdiyinə işarə edərək buyurur: «O, elə bir Allahdır ki, sizi (babanız Adəmi) torpaqdan (palçıqdan) yaratmışdır.» Allah təala bu ayədə həzrət Adəmi palçıqdan yaratmasını onun övladlarına nisbət verməklə onlara bildirmək istəyir ki, heç də təkəbbür etməsinlər, əksinə, onları yaradan Rəblərinə baş əysinlər!
«Müsəmma» əcəlin mənası
Bildiyimiz kimi, hər bir insanın dünyada yaşadığı müddətin sonuna əcəlin çatması deyilər. Bu sözün mənası «təyin olunmuş vaxt» deməkdir. Dünyaya gəldikdən qiyamət günü qəbirdən ayağa qalxıb Ərəsati-məhşərə çatanadək insanın iki cür əcəli vardır.
1. Dünyada yaşadığı müddətin başa çatması; Bu növ əcəl müxtəlif səbəblərə görə artıb-azala bilər.
2. Dünyaya gələn gündən qəbirdən qalxanadək olan vaxtın bitməsi, yaxud dünyasını dəyişdikdən sonra bərzəx aləmindəki yaşadığı müddətin sona çatması; bu əcəldə isə azalıb-çoxalma baş verməz.
İlk qismə «əcəl», ikinci qismə isə «əcəli-müsəmma» deyilir. İkinci qismin əcəli-müsəmma adlanmasının səbəbi Mütəal Allahın insanların dünyaya gələn gündən Ərəsati-məhşərə gələn günədək nə qədər ömrə malik olmasını təyin etməsidir. Bu əcəl «Lövhi-məhfuzda» qeyd olunmuşdur. İnsanın dünyada yaşadığı müddətin sona çatması (birinci növ əcəl) azalıb-çoxala bilər. Aləmləri yaradan Rəbbimiz buyurur: «O, elə bir Allahdır ki, sizi palçıqdan yaradıb. Dünyada yaşayacağınız müddəti təyin edib. Dünya və bərzəxdən qiyamətədək yaşayacağınız müddət Onun yanındadır. Yəni, siz əsliniz torpaq olduğu və nə qədər yaşayacağınızdan xəbəriniz olmadığı halda, aləmləri yaradan Rəbbinizə şəkk edirsiniz? Halbuki, O, göylərdə və yerdə hamını heyran qoyan, gizlətdiyiniz, aşkara çıxartdığınız və gələcəkdə nə edəcəyinizi bilən Allahdır.»Mərhum Əyyaşi özünün məşhur «Təfsir» əsərində Həmrandan rəvayət edir ki, o deyib: «İmam Sadiqdən (ə) («Ən`am» surəsinin ikinci ayəsindəki) «əcəl və müsəmma əcəl» haqqında soruşduqda o həzrət buyurdu: «Humə əcələni: əcəlun mauqufun yəsnə`ullahu mə yəşə`u va əcəlun məhtum — Onlar iki növ əcəldir: 1. Mövqüf əcəl: Allah həmin əcəli istədikdə dəyişər (azaldar, yaxud coxaldar); 2. Hətmi (dəyişilməz) əcəl.» («Təfsiri-Əyyaşi», c.1, s.384, hədis:7)
Mərhum Əyyaşi digər bir hədisdə Həsin adlı ravidən, o da imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət «əcəli-müsəmma Onun yanındadır» ayəsi haqqında buyurub: «əl-Əcəlul-əvvalu huva mə nəbəzahu iləl-mələikəti var-rusuli val-ənbiyə`. Val-əcəlul-musəmmə `indəhu huval-ləzi sətərahullahu anil-xaləiq — İlk əcəl elə bir əcəldir ki, Mütəal Allah onu mələklərə, kitab verilmiş və verilməmiş peyğəmbərlərə (mənaya adlanan elm vasitəsilə) bildirər (mələklər və peyğəmbərlər insanların bu növ əcəllərindən nə vaxt və necə öləcəklərindən xəbərdar olarlar, lazım olduqda bu barədə xəbər də verərlər). İkinci (müsəmma) əcələ gəlincə, Mütəal Allah onu bütün məxluqatından gizli saxlamışdır (bu əcəlin nə vaxt baş verəcəyini yalnız O bilər).» («Təfsiri-Əyyaşi», c.1, s.385, hədis:9; «əl-Bürhan», c.1, s.517, hədis:9)
Mütəal Allah ilk əcəli gizli və tarixi möhürlənməmiş qərar verib. Bu növ əcəl insanların əməllərinə bağlı olduğuna görə, uca Rəbbimiz onu xüsusi bir lövhə olan «Lövhi-məhv və isbat»-da qeyd edib. Belə ki, həmin əcəl insanların etdikləri əməllər vasitəsilə azalıb-çoxala bilər. Dəyişilməz olan ikinci növ əcəli isə ulu Tanrı «Lövhi-məhfuz»-da qeyd etmişdir. Bu əcəlin nə vaxt baş verəcəyi yalnız Allah təalaya bəllidir.
Bir sözlə, bəzi müfəssirlər insanın dünyaya gəlib vəfat edənə qədərki müddətin qurtarmasını birinci əcəl adlandırmışlar. Dünyasını dəyişdikdən sonra başlanan bərzəx aləmindəki müddətin sona çatmasını ikinci əcəl hesab etmişlər ki, bu da qiyamətin qopması ilə bilinər. Qiyamətin baş verəcəyi tarixi isə yalnız Allah bilir (lövhi-məhfuzdadır).