18-ci ayə 165-dən
Dinləmək
Əsli
وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ  ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ
Transliterasiya
‌Wa Huwa A‍‍l-Qāhi‍‍r‍‍u Fawqa `Ibādih‍‍i Wa Huwa A‍‍l-ḥak‍‍ī‍‍mu A‍‍l-‍ḫab‍‍ī‍‍r‍‍u
Mirzə Əli Meşkini
Odur bəndələri üzərində hakim və qalib və Odur (bəndələrin işlərinin idarəsində) hikmətli və (onların zahir və batinlərindən) xəbərdar!
Əltafur-Rəhman

Allahın «Qahir» isminin mənası (ayə:18)

Bildiyimiz kimi, insanlardan biri digərinə qalib gəlir, başqa birisi də onu məğlub edərək qalib olur. Bu cür qələbələr qalibin üzərində başqa bir şəxsin qələbə çalması həyatda ardıcıl olaraq davam edir. Lakin elə bir varlıq vardır ki, o, bütün insanlara qalibdir, onu isə məğlub edən yoxdur. Həmin varlıq ölümdür. O, bütün qəhrəmanlara, padşahlara, hətta peyğəmbərlərə də qalib gəlir. Amma o, yalnız bir canlının üzərində qələbə çala bilməz ki, o da aləmləri yaradan Rəbbimizdir. Qurani-Kərimdə buyurulur: «Va təvakkəl aləl-Hayyil-ləzi lə yəmut. Elə bir canlıya təvəkkül et ki, ölüm Ona
qələbə çala bilməz.» («əl-Furqan» surəsi, ayə:58)

Cəlaləddin Süyuti «əd-Durrul-mənsur» adlı əsərində Əhməd ibn Hənbəldən, Tirmizidən, İbn Münzirdən, İbn Əbu Hatəmdən, İbn Mərdəveyhdən və Beyhəqidən, onlar da Peyğəmbərdən (s.ə.a. s) nəql edirlər ki, o həzrət buyurub: «Ləmmə xaləqal-ərza cə`alət təmidu. Fəxaləqal-cibələ fə əlqahə aləyhə. Fəstəqarrat. Fətə`accəbətil-mələikətu min xalqil-cibəl. Fəqalət: yə Rabbi, həl min xalqikə şəy`un əşəddu minəl-cibəl? Qalə: nə`am, əl-hadid. Qalət: fə həl min xalqikə şəy`un əşəddu minəl-hadid? Qalə: nə`am, ən-nər. Qalət: fə həl min xalqikə şəy`un əşəddu minən-nər? Qalə: nə`am, əl-mə`. Qalət: fə həl min xalqikə şəy`un əşəddu minəl-mə`? Qalə: nə`am, ər-rih. Qalət: fə həl min xalqikə şəy`un əşəddu minəh-rih? Qalə: nə`am, ibnu Ədəm, yətəsaddəqu biyəminihi va yuxfihə min şiməlih
— Mütəal Allah yeri xəlq etdi. Onun bir halda sabit dayanmadığına və titrədiyinə görə (uca) dağları yaradaraq onun üzərində yerləşdirdi (ki, tərpənməsin). Dağlar yer üzündə qərar tutduqda mələklər onların əzəmətinə təəccüb edərək dedilər: ey Rəbb, dağlardan daha əzəməli və möhkəm bir şey yaratmısanmı? Mütəal Allah buyurdu: bəli, dəmiri yaratmışam (onunla dağları yararaq yol çəkmək olar, dağı parçalara bölüb ondan bina tikintilərində istifadə etmək olar). Onlar dedilər: dəmirdən daha möhkəm bir şey yaratmısanmı? O buyurdu: bəli, odu yaratmışam (ki, o, dəmiri əridər və ərinmiş dəmirdən müxtəlif əşyalar düzəldilər). Dedilər: oddan da əzəmətli və möhkəm bir şey yaratmısanmı? Buyurdu: bəli, suyu xəlq etmişəm (onunla odu söndürmək olar). Dedilər: sudan da möhkəm bir şey yaratmısanmı? Buyurdu: bəli, küləyi xəlq etmişəm (külək dəniz sularını təlatümə gətirərək böyük gəmiləri qərq edər, yaş əşyaları qurudar). Mələklər dedilər: (ey Rəbbimiz) küləkdən də əzəmətli və möhkəm bir şey xəlq etmisənmi? O buyurdu: bəli, Adəm övladını yaratmışam. O, (Mənə xatir) sağ əli ilə (ehtiyac sahibinə) etdiyi ehsanı (riyakarlıq olmasın, başqaları bilməsin deyə, hətta) sol əlindən də gizlədər.» («əd-Durrul-mənsur», c.1, s.354)

Bu hədisdən məlum olur ki, edilən ehsanın xalis olması, başqalarının bilməməsi üçün insanın onu ürəyində saxlaması dağlardan da möhkəm, ağır və əzəmətli bir işdir. İzzət və cəlal sahibi olan Rəbbimiz bu cür şəxsin etdiyi ehsan az olsa belə, onun müqabilində həmin şəxsə Öz rizayətini və cənnəti bəxş edər. Amma bütün bunlarla yanaşı, Allah təbarək və təala yaratdıqlarının hamısından üstün və əzəmətlidir. O, bütün yaratdıqlarının ehtiyacını onlara hətta özləri istəmədən öncə əta edir. Uşaq ana bətnində olarkən ulu Tanrı ona görmək üçün göz, qidalanmaq üçün ağız, danışmaq üçün dil, eşitmək üçün qulaq, bir sözlə, yaşamaq üçün lazım olan bütün üzvləri bəxş edir. Hətta yeni dünyaya gələn körpənin qidalanması üçün anasının sinəsində əvvəlcədən süd qərar verir. Baxmayaraq ki, körpənin ana bətnində bunlara ehtiyacı olmur, aləmləri yaradan Rəbbimiz ona gələcəkdə lazım olanları öncədən bəxş edir. Belə bir üstünlüyü, bu qüdrət və əzəməti Allahdan başqa kimdə görmək olar? Bütün bunlara diqqətlə yanaşsaq, mübarək ayədə buyurulan: «Va Huval-Qahiru fauqa ibədihi va Huval-Hakimul-Xabir — O, bütün yaratdıqlarının üzərində qalibdir, O, hikmət sahibidir, hər şeydən xəbərdardır (kimin nə etdiyini və nəyə ehtiyacı olduğunu yaxşı bilir)» cümləsinin mənasını dərk edə bilərik.

Mütəal Allahın «Qahir» ismini yekun olaraq belə mənalandırmaq olar: yaratdıqlarının hamısını əhatə edən, onların hamısına qalib gələn. Qeyd etdiklərimizdən Allahın birlik və vəhdaniyyətini başa düşmək olar. Bir halda ki, Allah bütün varlıqların üzərində qalibdir, deməli, O, təkdir misli, tayı-bərabəri və bənzəri yoxdur ki, şərik qoşulsun.

«İbəd» sözünün mənası

Bu mübarək ayədə zikr olunan «ibəd» sözü «abd» sözünün cəmi olub mənası «bəndələr» deməkdir. Bu söz ayədə yalnız insanlara deyil, bütün məxluqata şamil edilmişdir. Necə ki, Mütəal Allah Qurani-Kərimin digər bir ayəsində buyurur: «İnnəl-ləzinə təd`unə min dunilləhi ibədun əmsəlukum... — Həqiqətən, Allahdan başqa çağırdıqlarınız (bütlər) sizin kimi bəndələrdir (yaradılmışlardır)...» («Ə`raf» surəsi, ayə:194. Yaxşı olar ki, 191-ci ayədən 195-ci ayəyə qədər diqqət yetirəsiniz.)

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi