12-ci ayə 165-dən
Dinləmək
Əsli
قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ  ۖ قُل لِّلَّهِ  ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ  ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ  ۚ الَّذِينَ خَسِرُوا أَنفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ
Transliterasiya
Qu‍‍l Lima‍‍n Mā Fī A‍‍s-Samāw‍‍ā‍‍ti Wa A‍‍l-'Arḍi Qu‍‍l Lillahi Kataba `Alá Nafsihi A‍‍r-Raḥmata Laya‍‍j‍‍ma`a‍‍nn‍‍aku‍‍m 'Ilá Yawmi A‍‍l-Qiyāmati Lā Rayba F‍‍ī‍‍hi A‍‍l-La‍ḏ‍ī‍‍na ḫasir‍‍ū 'A‍‍n‍‍fusahu‍‍m Fahu‍‍m Lā Yu'umin‍‍ū‍‍n‍‍a
Mirzə Əli Meşkini
De: «Göylərdə və yerdə olan kimə məxsusdur?» De: «Allaha məxsusdur». O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə də) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş və ziyana salmış kəslər iman gətirməzlər.
Əltafur-Rəhman

Cavabı bəlli olan suallar nədən ötrüdür? (ayə:12-18)

Mütəal Allah bu ayələrdə kafirləri qəflət yuxusundan oyadıb hidayət etmək üçün elə bir sual verir ki, onun cavabı hamıya bəllidir. Ona görə də, Allah təala verdiyi suala kafirlərdən cavab gözləmir, onu Özü bəyan edərək buyurur: «(Ya Peyğəmbər! Kafirlərə) de: „Göylərdə və yerdə olanlar kimə məxsusdur?“ (Onların cavab vermələrini gözləmədən) de: Allaha məxsusdur.»

Bu cür danışıq — sual verib ardınca cavabı demək qarşı tərəfə həqiqəti sübut etməyin təsirli üsullarından biridir. Necə ki, ata oğluna deyir: «Mən səni dünən məktəbə göndərməmişdim?», yaxud «mən sənə pul verməmişdim?» Bunlar elə suallardır ki, onların cavabı hər iki tərəfə məlumdur.

Aləmləri yaradan Rəbbimiz ayənin davamında buyurur: «O, rəhm etməyi Özünə vacib bilmişdir. (Etdiyin işin qarşılığını görmək hər bir insanın haqqı olduğu üçün) Allah sizi qiyamət günü (ərəsati-məhşərdə) bir yerə toplayacaq.»

Bu iki cümlə uca Tanrımızın mərhəmətli və ədalətli olmasından xəbər verir. Çünki qiyamət günü hər bir insan etdiyi əməlin nəticəsini görməlidir. Əgər onlar öz əməllərinin nəticəsini görməsələr, zülm olunmuş hesab olunarlar. Ona görə də, uca Rəbbimiz insanların haqqını ədalət və mərhəmətlə əda etməyi Özünə vacib bilir. Çünki onların haqqını verməmək kafirlə mömini eyni tutmaq deməkdir ki, bu da Allahın ədalətindən uzaqdır.

Mütəal Allah həmin ayənin sonunda buyurur: «Əlləzinə xasiru ənfusəhum... Qiyamət günü xəsarətə düşənlər (Allahın rəhmətindən bəhrələnməyənlər Allaha, Qurana, Peyğəmbərə, cənnət və cəhənnəmin haqq olduğuna) iman gətirməyənlərdir. (Çünki heç bir səbəb olmadan heç kəs ziyana düşməz.)»

İzzət və cəlal sahibi olan Allah 13-cü ayədə Öz vəhdaniyyətini, hər şeydən agah olmasını, qiyamət gününün haqq olduğunu digər bir ifadə ilə bildirərək buyurur: «Gecədə və gündüzdə məskunlaşanlar (yaşayanlar) Ona məxsusdur. O, (insanların bütün danışıqlarını) eşidəndir (və onların etdiklərini) biləndir.»

Ola bilsin bəzi şəxslər bu iki ayəni oxuduqda belə güman etsinlər ki, Allaha göylərdə, yerdə, gecədə və gündüzdə məskunlaşan insanlar məxsusdurlar. Amma bu, belə deyil. Çünki bu ayələrdə əgər söhbət təkcə insanlardan getsəydi, «mən fis-səməvati val-ərz» və «mən səkənə fil-ləyli vannəhər» buyurulardı. Halbuki, Allah təala hər iki ayədə «mə» buyurur. Yəni, «göylərdə və yerdə olan, gecədə və gündüzdə məskunlaşan varlıqların hamısı Allaha məxsusdur.» Bütün varlıqlar Onundur. Yaradıb-yaşatmaqda, qiyamət günü hesaba çəkməkdə Onun şəriki yoxdur. Gördüyünüz kimi, bu iki ayədə Allahın vəhdaniyyəti aydın şəkildə sübuta yetirilir. Kafirlər, bütpərəstlər və müşriklər elə güman edirlər ki, kainatı yaratmaqda və onları yaşatmaqda Allahdan başqa bir varlığın da rolu vardır. Məsələn, yağışın yağmasında bulud, gündüzün işıqlanmasında Günəş rol oynayır. Lakin bunu bilmək lazımdır ki, bulud və Günəşi yaradan da Allahdır. Göylərdə və yerdə olanların hamısı Onun ixtiyarındadır. Məsələn, bulud yağışı yağdırmaqda Allahın əmrinə tabedir. Allah təala hansı şəhərə istəsə, bulud oraya yağış yağdırar. Necə ki, biz dəfələrlə şəhərin üstünü bulud aldığını və günlərlə yağış yağmadığını müşahidə etmişik.

Mütəal Allah 14-cü ayədə kafirləri ağıl və məntiq yolu ilə düz yola yönəltməkdən ötrü Peyğəmbərə buyurur: «Ey Rəsulum, onlara de: mən göyləri və yeri yaradan Allahdan başqa bir kimsəni vəli və ixtiyar sahibi tutum? Halbuki, O, yaratdıqlarına ruzi verir, heç kəsdən də ruzi gözləmir (ehtiyacsızdır). De: mənə Rəbbim tərəfindən əmr olunmuşdur ki, Ona (ilk iman gətirən və buyurduqlarına) birinci təslim olan mən olum (çünki Onun bənzərsiz olduğunu və şəriki olmadığını mən yaxşı bilirəm). (Həmçinin, mənə buyuruldu ki) müşriklərdən olma (Ona şərik qoşma)!»

Mütəal Allah 17-ci ayədə yenidən Öz qüdrət və rübubiyyətinə işarə edir. Allah təala bu ayədə Peyğəmbərə müraciət etsə də, bu xitab əslində o həzrətin ümmətinə ünvanlanır. O, insanlara həmin sözləri buyurmaqla bunu çatdırmaq istəyir: «(Ey insan! Çalış ki, günah etməklə Allahın bəlasına düçar olmayasan. Çünki bu bəlanı Ondan başqa heç kəs səndən uzaqlaşdıra bilməz. Eləcə də, əgər Allah sənə bir xeyir yetirsə, heç kəs Ona mane ola bilməz.»

Əziz oxucular! Bəzən insan elə bir bəla ilə, yaxud elə bir xəstəliklə üzləşir ki, o, həmin bəladan ata-ananın, qohum-əqrəbanın köməyi ilə, yaxud həmin xəstəlikdən mütəxəssis həkimin vasitəsilə xilas ola bilər. Bəzən də insanda elə bir xəstəlik tapılar ki, heç bir həkim ona həmin xəstəlikdən nicat verə bilməz. İnsan səy göstərməlidir ki, günah etməklə bu cür bəlalara düçar olmasın. Əks təqdirdə, heç kəs ona kömək edə bilməz. Nəhayət, həmin şəxs yenə də Allaha müraciət etməli və Onun buyurduqlarına baş əyməlidir. Çünki, O, hər şeyə qadirdir. O, insanı hansısa müsibət və bəladan qurtara bilər.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi