- Dinləmək
-
-
Əsli
-
الْحَمْدُ لِلَّهِ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَجَعَلَ الظُّلُمَاتِ وَالنُّورَ ۖ ثُمَّ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ يَعْدِلُونَ
-
Transliterasiya
-
Al-ḥamdu Lillahi Al-Laḏī ḫalaqa As-Samāwāti Wa Al-'Arḍa Wa Ja`ala Aẓ-ẓulumāti Wa An-Nūra ṯumma Al-Laḏīna Kafarū Birabbihim Ya`dilūna
-
Mirzə Əli Meşkini
-
Həmd və səna göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı vücuda gətirən Allaha məxsusdur. (Belə bir əzəmətli yaradılışın zatı tovhidə və bu qüdrətin yalnız Allaha məxsus olmasına dəlalət etməsinə baxmayaraq) kafirlər yenə də Rəbblərinə şərik qoşur və (bütləri Ona) tay tuturlar.
-
Əltafur-Rəhman
-
Allahı tərif etməyin yolları («Ən`am» surəsi, ayə:1)
Mütəal Allah hansısa bir surədə əhkamı nazil etmək istəsə, həmin surəni tədricən — hissə-hissə nazil edər. Bu, ondan ötrüdür ki, insanlar əhkamı tədricən öyrənsinlər. Lakin təfsirini yazdığımız «Ən`am» surəsi tövhid (Allahın birliyi), nübüvvət (Mütəal Allah tərəfindən gələn peyğəmbərlərin haqq olması) və məad (axirət) haqqında olduğuna görə, həzrət Peyğəmbərə bir yerdə nazil olmuşdur.
Allah təala Qurani-Kərimin beş surəsini «əlhamdu lilləh» sözü ilə başlamışdır. Onların birincisi «Fatihə» surəsidir. Həmin surədə izzət və cəlal sahibi olan Allah: «Əlhamdu lilləhi Rabbil-aləmin — Aləmlərin rəbbi olan Allaha həmd olsun!» buyuraraq həmd-sənanı özünə həsr edir. Həmin surələrin ikincisi «Ən`am» surəsidir. Bu surə «Əlhamdu lilləhil-ləzi xaləqassəməvati val-ərz Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun!...» ayəsi ilə başlanır. Üçüncüsü, «Kəhf» surəsidir. Bu surənin ilk ayəsində Allah təala buyurur: «Əlhamdu lilləhil-ləzi ənzələ alə abdihil-Kitəbə va ləm yəc`al ləhu `ivacən — Həmd olsun o Allaha ki, Kitabı (Quranı mənasında və sözlərində) heç bir əyriliyə (yanlışlığa və ziddiyyətə) yol vermədən Öz bəndəsinə (Muhəmmədə) nazil etdi.» Dördüncüsü, «Səbə`» surəsidir. Bu surənin də əvvəlində buyurulur: «Əlhamdu lilləhilləzi ləhu mə fis-səməvati va mə fil-ərz... — Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun!...» Nəhayət, beşincisi «Fatir» surəsidir. Aləmləri yaradan Rəbbimiz bu surəni də: «Əlhamdu lilləhi Fətiris-səməvati val-ərz... — Göyləri və yeri yoxdan yaradan... Allaha həmd olsun! ...» cümləsi ilə başlayır. Lakin «Fatihə» surəsində Allaha edilən həmdin mənası adlarını çəkdiyimiz digər surələrdəki «həmd» kəlməsinin mənası kimi məhdud deyil, onlardan daha üstündür. Çünki «Fatihə» surəsində aləmləri, gözə görünən və görünməyən, ağıla gələn və gəlməyən varlıqları, bütün kainatı yaradan Allaha həmd-səna deyilir. Lakin «Ən`am» surəsində Allaha olan həmd-səna məhdudlaşdırılaraq göyləri, yeri, zülməti və nuru yaradan Allaha, «Kəhf» surəsində bəndəsi həzrət Muhəmmədə (s.ə. a. s) kitab nazil edən Allaha, «Səbə`» surəsində göylərin və yerin hakimiyyəti əlində olan Allaha, «Fatir» surəsində göyləri və yeri yaradıb bəzəyən Allaha həmd deyilir. Qeyd etdik ki, «Fatihə» surəsində deyilən həmd digər surələrdəkindən daha geniş və üstün mənaya malikdir. Ona görə də, Mütəal Allahın nemətlərindən istifadə etdikdə biz digər surələrdəki həmdlərlə deyil, «Fatihə» surəsində olan «əlhamdu lilləhi Rabbil-aləmin» cümləsi ilə Allaha həmd edirik. Çünki bu cümlə ilə həmd oxuduqda sanki digər surələrdə deyilən həmdləri də yerinə yetirmiş oluruq.Allahı tərif etmək üçün başqa kəlmələrdən də istifadə etmək olar. Məsələn, «əl-Mədhu lilləh» və ya «əs-sənəu lilləh». Lakin bu kəlmələrin heç biri tərif baxımından «həmd» sözünə çatmaz. Çünki «mədh və səna» kəlmələri ilə biz canlı və cansız varlıqları da tərif edə bildiyimizə görə, Allahı mükəmməl şəkildə tərif etmək istədikdə bu kəlmələri işlətməməliyik. Məsələn, üzüyün qaşı olan firuzə, yaqut və alması təriflədikdə bilirik ki, onların bu gözəllikləri öz ixtiyarlarında deyil. Yaxud tovuz quşunun gözəlliyi onun özündən deyil, bu gözəlliklər onlara Mütəal Allah tərəfindən verilmişdir. Həmçinin «şükr» sözü verilmiş nemətin qarşısında işlənər. Nemət verməyən, xidmət göstərməyən şəxsə təşəkkür olunmaz. Gördüyünüz kimi, «şükr» kəlməsi də xüsusi yerlərdə işlənir. Lakin «həmd» sözü, əvvəla, canlı bir şəxs haqqında, ikincisi isə onun öz ixtiyarı ilə göstərdiyi xidmətlərin müqabilində işlənir. İstər onun gördüyü işlər bizim barəmizdə olsun, istərsə də, digərləri haqqında. Yaxud həmin işlər istər mənfi olsun, istərsə də müsbət. Ona görə, bir şəxs Allaha layiqincə həmd etmək istədikdə belə deyə bilər: Allaha əta etdiyi və rəva bilmədiyi nemətlərə görə həmd olsun! Çünki O, ixtiyar sahibidir, hikmət sahibidir. Bu və digər dəlillərə əsasən, Mütəal Allah bu beş surənin əvvəlində və Quranın bir çox yerində Özünü tərif edərkən «əl-mədh» və «əs-sənə`» deyil, «əlhamdu lilləh» buyurur. Çünki bu söz onların hamısından üstündür.
Hər bir işdə Allahın Öz məsləhəti var. Əgər Mütəal Allah bir şəxsə bir
nemət verib digərinə onu verməyibsə, gərək həm nemət verilmiş kəs, həm də verilməyən şəxs Ona həmd etsin. Əlbəttə, kasıbın yoxsulluğuna səbəb gərək özü olmasın, yəni, bu, Allahın təqdiri ilə baş vermiş olsun! Çünki bəzi şəxslərin fəqirliyə düçar olması onların öz əməllərinin — tənbəllik, fəaliyyətsizlik, təhsil almamaq və yaşamağın yolunu bacarmamaq nəticəsində baş verir. Belə bir şəxsin öz yoxsulluğunu «Allahın yazdığı tale» adlandırıb Ona həmd-səna deməsinə heç bir savab verilməz. Çünki o, sanki öz tənbəlliyini, təhsil almamasını və fəaliyyətsiz gəzib-dolanmasını Allaha nisbət verir.«Xaləqa» sözü
Bu sözün mənası «müxtəlif əşyaları bir-birinə yaxınlaşdıraraq birləşdirmək» deməkdir. Məsələn, biz hansısa bir taxtı düzəltmək istəsək, taxtanı müəyyən ölçüdə kəsib onu mismar və digər əşyalarla bir-birinə yaxınlaşdı rıb birləşdiririk. Mürəkkəb bir şeyin tərkib hissələrini bir-birinə yaxınlaşdırıb düzəltməyə «xəlq etmək» deyilir. Ona görə də, uca Allah bu mübarək ayədə buyurur: «Əlhamdu lilləhil-ləzi xaləqas-səməvati val-ərz Həmd
göyləri və yeri müxtəlif ünsür və maddələrlə yaradan Allaha məxsusdur.»«Cə`alə» sözü
Bu söz «icad etmək», «qərar vermək» mənalarını daşıyır. Diqqət etmək lazımdır ki, zülmət və nur maddi bir şey olsaydı, mübarək ayədə zikr olunan «xaləqa» sözü kifayət edərdi, daha «cə`alə» deməyə ehtiyac qalmazdı. O iki şey mücərrəd anlayış olduğu üçün Mütəal Allah onlar barəsində «cə`alə» sözünü işlətmişdir. Nur vücudi, zülmət isə ədəmi varlıqdır. Yəni, bunların hər hansı biri mövcud olarsa, digəri ola bilməz. Məsələn, işıq yanan yer qaranlıq olmaz, yanmayan yer isə qaranlıq olar. İşıq olmaq üçün lampaya ehtiyac var, qaranlıq olmaq üçün isə başqa bir şeyə ehtiyac yoxdur, lampanı söndürmək kifayət edər. Ona görə də, Qurani-Kərimdə buyurulur: «Əllahu nurus-səməvati val-ərz — Allah göylərin və yerin işığıdır (yəni, göylərə və yerə Allah lazımdır ki, onları işıqlandıraraq zülmətdən xilas etsin).» («Nur» surəsi, ayə:55) Günəş çıxmaqla dünya işıqlanır. Onun batması ilə isə zülmətə qərq olur. Yəni, dünyanın işıqlanması üçün Günəşə ehtiyac var, onun zülmətə batması üçün başqa planetə ehtiyac yoxdur ki, gəlib onu qaranlıq etsin, bunun üçün Günəşin batması kifayət edər. Bunu digər bir ifadə ilə desək, həqiqəti görmək üçün göz lazımdır. Onu görməmək üçün isə başqa bir şeyə ehtiyac yoxdur. Gözün kor olması kifayət edər. Necə ki, Mütəal Allah Quranda buyurur: «Ə fə lə yubsirun — Onlar görmürlərmi?» («Səcdə» surəsi, ayə:27), yaxud «Ə fə lə tubsirun — Görmürsünüzmü?» («Qəsəs» surəsi, ayə:72)
Bunu da bilməliyik ki, göylərlə yer və zülmətlə nur bütün aləm deyil,
aləmin bir hissəsi hesab olunur. Göylər və yer Allahın yaratdıqlarıdır ki, onları başqa bir fəzada qərar vermişdir. Bildiyimiz kimi, Allahın ərşi (qüdrətinin genişliyi) aləmlərin hamısını bütün kainatı əhatə edir. Necə ki, Mütəal Allah buyurur: «Vasi`a kursiyyuhus-səməvati val-ərz — Onun kürsisi (elm və qüdrəti) göylərdən və yerdən genişdir.» («Bəqərə» surəsi, ayə: 255)Mütəal Allah «Ən`am» surəsinin birinci ayəsində kafirlərin ağıl vasitəsilə Ona iman gətirmələrindən ötrü Özünün vəhdaniyyətindən, yenilməz qüvvətindən bəhs edir. Mütəal Allah ayənin sonunda kafirlərin bu qədər qüdrət və əzəməti gördükdən sonra yaratdıqlarını Ona şərik qoşmalarını, onlara ibadət etmələrini və qarşılarında baş əymələrini vurğulayaraq bu işə
təəccüb etdiyini bildirir.Bəzi şəxslər «əlhamdu lilləhi Rabbil-aləmin» dedikdə güman edirlər ki, Allah yalnız göylərin, yerin və onlarda qərar tutan mələklər, cinlər, insanlar, sular, buludlar, torpaqlar, dağlar, qızıl-gümüş mədənləri, neft-qaz yataqları, quruda yaşayan canlılar (heyvanlar və həşəratlar), göydə uçan quşlar, suda üzən balıqlar, nəbatat və s.-in Rəbbi yaradanıdır. Halbuki, Allahın yaratdıqları təkcə həmin canlı və cansız varlıqlarla məhdudlaşmır. Çünki ərş, lövhə, qələm və s. də Onun xəlq etdiyi varlıqlardır. Hətta heyvanların, quşların və həşəratların neçə-neçə növlərinin, eləcə də, insanların bədən üzvlərinin — gözlərinin, qəlblərinin, əllərinin, ayaqlarının hər biri özözlüyündə bir aləmdir. Ona görə də, «əlhamdu lilləhi Rabbil-aləmin» zikri adını çəkdiyimiz digər surələrdə gələn məhdud həmdlərdən üstündür. Mütəal Allah buyurub: «Lə tudrikuhul-əbsar — gözlər (bu adda olan aləm) Onu dərk edə (görə) bilməz. Halbuki, O, bütün gözləri və onlarda olanları görər (və dərk edər. Hansı gözün baxışında xəyanət və ya ibadət varsa, onu bilər).» Yaxud qəlb aləmi haqqında mötəbər hədisdə nəql olunur ki, «innəllahə lə yənzuru ilə ə`məlikum va ləkin yənzuru ilə qulubikum — Allah sizin zahirən etdiyiniz əməllərə baxmaz, qəlblərinizdə olan niyyətlərinizə baxar (və ona uyğun mükafatlandırar və ya cəzalandırar).»
Allahın əzəməti göyləri və yeri xəlq etməklə, yaxud zülmət və nuru yaratmaqla məhdudlaşmır. Peyğəmbər Məkkədə kafir və müşriklərlə qarşıqarşıya gəldiyinə görə, bu surədə həmin cümlənin zikr edilməsi kafirlərin göyləri və yeri gördükdə Allahın qüdrətinə inanaraq Ona iman gətirmələrindən ötrüdür.
Bilməliyik ki, insan lazım olduqda özünü təqdim etməlidir. Lakin onun ehtiyac olmadığı yerdə özünü tərifləməsi bəyənilmir. Bizim üstün xüsusiyyətlərimiz zati olmadığına (Mütəal Allah tərəfindən olduğuna) və müvəqqəti olduğuna görə, onları tərifləməyimiz bəyənilmir. Mütəal Allahın camalı, izzət və cəlalı, elm və qüdrəti və s. sifətləri isə zati və əbədi olduğu üçün tərifə layiqdir.
Bəzi müfəssirlər güman etmişlər ki, təfsirini yazdığımız ayədə işlənən «əlhamdu lilləh» cümləsi «inşa (əmr etmək, yol göstərmək)» mənasındadır. Yəni, göyləri və yeri yaradan, zülmət və nuru xəlq edən Allaha həmd edin! Lakin diqqətinizə çatdırım ki, bu cümlə inşa cümləsi deyil, xəbər cümləsidir. Yəni, həmd Allaha məxsusdur! Əgər bu cümlə inşa mənasında olsaydı, «ihmədu lilləh — Allaha həmd edin!» deyilməli idi.
Həqiqətən də, Allah bütün təriflərə layiqdir. Çünki Onun nə zatını, nə sifətlərini, nə də feillərini heç kəslə müqayisə etmək olmaz. Onun Zatı tək və bənzərsiz olduğu kimi, sifət və feilləri də bənzərsizdir.
«Yə`dilun» sözünün mənası
Bu sözü bir neçə cür məna etmişlər. Onlardan ikisini sizə bəyan edirəm:
1. «Udul» etmək (üz çevirmək); Mübarək ayədə «yə`dilun» deyildikdə kafirlərin Allahdan üz çevirib əlləri ilə düzəltdikləri bütlərə sitayiş etmələri nəzərdə tutulur. Bu, sanki ə`ləmdən (daha yüksək elm sahibi olan müctəhiddən) üz çevirib qeyri-ə`ləmə (elmi o səviyyədə olmayan alimə) üz tutmağa bənzəyir. Lakin «yə`dilun» sözünü bu cür mənalandırmaq bəyənilmir. Çünki ayədə həmin məna nəzərdə tutulsaydı, ərəb dili qrammatikasına əsasən, «bi Rabbihim» əvəzinə, «an Rabbihim» və ya «min Rabbihim» buyurulmalı idi.
2. Bərabər tutmaq; yəni, «Mütəal Allahın gördüyü bu qədər əzəmətli işlərə baxmayaraq onlar heç bir qüdrətə malik olmayan bütləri, yaxud elm və qüdrəti məhdud olan şəxsləri Allahla bərabər tutaraq onlara təzim edir, baş əyirlər.» Ərəb dilində bacanağa «idl», yaxud «adil» deyilir. Yəni, onların hər ikisi eyni ailədən qız almışlar. Bu baxımdan onlar bərabər sayılırlar. Onların birincisi həmin ailəyə kürəkən olduğu kimi, ikincisi də onlara kürəkəndir. Amma bunlar öz-özlüklərində ayrı-ayrı şəxslərdir. Kafir və müşriklər bəyəndikləri ilahları Allaha bərabər tuturdular. Halbuki, onların ilahları heç bir qüdrətə malik deyil, aləmləri yaradan Rəbbimiz isə göyləri və yeri xəlq edib, zülmət və nuru yaradıb. Ona görə də, izzət və cəlal sahibi olan Allah bu ayədə öz qüdrətini bəyan etdikdən sonra təəccüblə buyurur: «Kafirlər (bütləri) öz Rəblərinə bərabər tuturlar.»
Əziz oxucular, bu ayədə işlənən bəzi kəlmələr haqqında mübarək bir hədisi sizə nəql etmək istəyirəm. Mərhum Kuleyni mötəbər sənədlərlə Səlam ibn əl-Mustənirdən, o da imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «İnnəllahə xaləqal-cənnətə qablə ən yəxluqan-nəra va xaləqatta`atə qablə ən yəxluqal-mə`siyətə va xaləqar-rahmətə qabləl-ğazabi va xaləqal-xayra qabləş-şərri va xaləqal-ərza qabləs-səmə`i va xaləqal-hayətə qabləl-mauti va xaləqaş-şəmsə qabləl-qaməri va xaləqan-nura qabləzzulməti — Həqiqətən də, Allah cənnəti cəhənnəmdən öncə, itaət etməyi məsiyətdən (günaha meyil göstərməkdən), rəhməti qəzəbdən, xeyrə meyil göstərməyi şərdən, yeri göydən, həyatı ölümdən, Günəşi Aydan və nuru zülmətdən əvvəl yaratmışdır.» («Biharul-ənvar», c.8, s.308, hədis:72; «əlKafi», c.8, ər-Rövzə, s.127, hədis:116)
Bəzi şəxslər güman etmişlər ki, Mütəal Allahın ayədə səmanı yerdən əvvəl zikr etməsi səmanın yerdən öncə yaradılmasına görədir. Halbuki, «Səcdə» surəsinin 12-ci ayəsinə əsasən, uca Rəbbimiz yeri göydən qabaq yaratmışdır. Çünki yer olmasa, göyün təsəvvür olunması mümkün deyil. Yəni, gərək yer olsun ki, insan başının üstündəkini göy adlandırsın. Amma təfsirini yazdığımız ayədə göylərin yerdən öncə zikr olunması kafirlərin hidayət edilməsindən ötrüdür. Çünki onlar göylərə baxdıqda Allahın əzəmətini daha yaxşı dərk edə bilərdilər.
Cənnətin cəhənnəmdən öncə yaranması ulu Tanrımızın insanlara feyz bəxş etməsi, onları kamala çatdırması üçündür. Cəhənnəmi isə kamala çatmağı istəməyənlərdən, ona qarşı çıxanlardan ötrü yaratmışdır.
İtaət etməyə meyil göstərməyi günaha həvəs etməkdən öncə yaratmışdır ki, insanlar itaət etməklə yüksəlsinlər. Əgər günah etmək hissi insanda olmasaydı, o, itaət etməyə məcbur olardı. Allah təala Adəm övladında bu iki hissi ona görə yaratmışdır ki, o, öz istək və iradəsi ilə haqq yolu tutsun. Heç kəs deyə bilməz ki, Allah məndə məsiyət hissi yaratmasaydı, mən günaha yol verməzdim. Çünki belə demək istəyən şəxs bilməlidir ki, Allah bu hissi yaratsa da, günah edən həmin şəxsin özüdür. Belə ki, o, itaətin əvəzinə günah etmək yolunu seçir. Başqa bir ifadə ilə belə demək olar ki, günah etmək bir vasitə ilə baş verir ki, həmin vasitə insan özüdür. İnsan Allaha itaət etməyə vasitə olsa, mükafatlanar, günah və məsiyət etməyə vasitə olsa, cəzalanar.
Xeyrin şərdən öncə yaradılması da eynən bunlar kimidir. Allah xeyir işlərə meyil göstərməyi şərə yönəlməkdən əvvəl yaratmışdır. Təbii ki, xeyir və ya şər işə əl atan insan özüdür.
Ulu Tanrının rəhməti qəzəbdən öncə yaratmasında hədəfi insanlara rəhm etməkdir. İnsanlar itaət və xeyirxahlıq yolunu tutmadıqda və buna qarşı çıxdıqda Allahın qəzəbinə düçar olarlar.
Həyatın ölümdən öncə yaradılmasına gəlincə, təbii ki, həyat (dirilik) olmazsa, ölümün varlığı mümkün olmaz. Yaşamaq istəməyənlər (intihar etmək istəyənlər), yaxud başqalarının yaşamasına qarşı çıxanlar ölümün yaranmasına səbəb olurlar. Bu iki qrupun heç biri olmazsa, insan yaşaya bilər. Bunu da bilməliyik ki, insanlar dünyalarını dəyişməklə ölmürlər. Əslində onlar dünya həyatına son qoyub bərzəx aləmində yaşamağa başlayırlar. Bərzəx aləmində yaşamaq isə qiyamətədək davam edir. Həmin gün insanların hansı əməl sahibi olduqları bəlli olduqdan sonra onlar cənnət və ya cəhənnəmdə əbədi olan digər bir həyata qədəm qoyacaqlar.
Günəşin aydan öncə yarandığını qədim zamanlarda başa düşməyən insan elm və texnikanın inkişaf etdiyi indiki dövrdə Ayın öz işığını Günəşdən aldığını yaxşı dərk edir. Mütəal Allahın Günəşi Aydan qabaq yaratması Ayın Günəşdən bəhrələnməsinə görədir. Əgər Ay Günəşdən öncə yaransaydı, Günəş yarananadək Ay qaranlıq bir cisimdən ibarət olar və heç bir yeri işıqlandıra bilməzdi.
Nəhayət, nurun zülmətdən öncə yaranması ona görədir ki, nur zülmətdən üstündür. Nur olmayan yer qaranlığa batar. Allahın nuru olmayan ürək zülmət və qaranlığa düçar olaraq həqiqəti görə bilməz. Ona görə də, Mütəal Allah kainatı işıqlandırmaq üçün əvvəl nuru yaradıb. «Əllahu nurussəməvati val-ərz — Allah göylərin və yerin nurudur (onları nurlandırandır).» Hətta Günəş və Ayın nuru belə Allahdandır.