- Dinləmək
-
-
Əsli
-
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قُمْتُمْ إِلَى الصَّلَاةِ فَاغْسِلُوا وُجُوهَكُمْ وَأَيْدِيَكُمْ إِلَى الْمَرَافِقِ وَامْسَحُوا بِرُءُوسِكُمْ وَأَرْجُلَكُمْ إِلَى الْكَعْبَيْنِ ۚ وَإِن كُنتُمْ جُنُبًا فَاطَّهَّرُوا ۚ وَإِن كُنتُم مَّرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِّنكُم مِّنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُم مِّنْهُ ۚ مَا يُرِيدُ اللَّهُ لِيَجْعَلَ عَلَيْكُم مِّنْ حَرَجٍ وَلَـٰكِن يُرِيدُ لِيُطَهِّرَكُمْ وَلِيُتِمَّ نِعْمَتَهُ عَلَيْكُمْ لَعَلَّكُمْ تَشْكُرُونَ
-
Transliterasiya
-
Yā 'Ayyuhā Al-Laḏīna 'Āmanū 'Iḏā Qumtum 'Ilá Aṣ-ṣalāati Fāġsilū Wujūhakum Wa 'Aydiyakum 'Ilá Al-Marāfiqi Wa Amsaḥū Biru'ūsikum Wa 'Arjulakum 'Ilá Al-Ka`bayni Wa 'In Kuntum Junubāan Fa Aṭṭahharū Wa 'In Kuntum Marḍá 'Aw `Alá Safarin 'Aw Jā'a 'Aḥadun Minkum Mina Al-ġā'iṭi 'Aw Lāmastumu An-Nisā' Falam Tajidū Mā'an Fatayammamū ṣa`īdāan ṭayyibāan Fāmsaḥū Biwujūhikum Wa 'Aydīkum Minhu Mā Yurīdu Al-Lahu Liyaj`ala `Alaykum Min ḥarajin Wa Lakin Yurīdu Liyuṭahhirakum Waliyutimma Ni`matahu `Alaykum La`allakum Taškurūna
-
Mirzə Əli Meşkini
-
Ey iman gətirənlər, namaza durarkən (dəstəmazınız olmayanda) üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. Əgər cənabətli olsanız yuyunun (qüsl edin). Əgər xəstə və ya səfərdə ikən sizlərdən biri ayaqyolundan gəlmiş, yaxud qadınlarla yaxınlıq etmiş olsa və su tapmasanız, onda pak torpaq axtarın. (Hər iki əlinizin içini ona vurduqdan sonra) həmin torpaqdan üzünüzə və əllərinizə çəkin (təyəmmüm edin). Allah əsla sizə çətinlik yaratmaq istəmir, lakin sizi paklaşdırmaq və Öz nemətini sizə tamamlamaq istəyir (ki,) bəlkə şükr edəsiniz.
-
Əltafur-Rəhman
-
Dəstəmaz ayəsi (ayə:6)
Bəzi müfəssirlərin fikrinə əsasən, «Maidə» surəsində şəriətin 18 mühüm əhkamı zikr olunmuşdur. Həmin hökmlərdən bəzisi əvvəlki ayələrdə qeyd olundu. Bu ayədə isə onlardan dəstəmaz və təyəmmümün hökmləri bəyan olunur.
Dəstəmaz almaq, əslində, pak olmaq üçün müstəhəb bir əməldir. Lakin namaz qılmaq üçün bu əməl vacib buyurulub. Ona görə də, Mütəal Allah buyurur: «Ey iman əhli! Namaz qıldıqda dəstəmaz alın, üzlərinizi və dirsəklərlə birlikdə əllərinizi yuyun! Başlarınıza və topuqlara qədər ayaqlarınıza məsh çəkin!»
Peyğəmbərin bəzi səhabələri güman edirdilər ki, hər bir namaz üçün dəstəmaz alınmalıdır. Ona görə də, onlar gündəlik namazların hər biri üçün ayrıca dəstəmaz alırdılar. «Peyğəmbər (s.ə.a. s) müşriklərə qalib gələrək Məkkəni fəth etdikdə bir neçə namazı eyni dəstəmazla qıldı. Ömər ibn Xəttab Peyğəmbərin bu əməlini gördükdə dedi: ya Rəsuləllah, sən bu gün elə bir iş gördün ki, əvvəllər bunu etməzdin. Peyğəmbər (s.ə.a. s) buyurdu: amdən fə`altuhu, yə Umər! — bilərəkdən etdim, ey Ömər (qoy camaat bilsin ki, hər namaz üçün ayrıca dəstəmaz almaq vacib deyil, eyni dəstəmazla bir neçə namazı qılmaq olar)!» («Məcməul-bəyan», c.3, s.164)
Nəql olunmuşdur ki, həzrət Peyğəmbər həmişə dəstəmazlı olardı. Bu onu göstərir ki, daim dəstəmazlı olmaq bəyənilən bir işdir. Lakin insan gərək bu müstəhəb əməli yerinə yetirdikdə diqqətli olsun və həmin müstəhəb əmələ görə vacib bir əməlini zay etməsin. Məsələn, əgər bir şəxs digərinə müəyyən vaxtda görüşməyi vəd etmişdirsə, dəstəmaz almaqla yubanıb həmin şəxsi intizarda qoymamalıdır. Çünki insanın verdiyi sözə əməl etməsi vacib, yola çıxarkən dəstəmazlı olması isə müstəhəbdir. Bir sözlə, vacib əmələ xələl gələcəyi təqdirdə, müstəhəb iş tərk olunmalıdır.
Əmirəl-möminin Əli (ə) buyurub: «İzə əzarratin-nəvafilu bil- fəraizi fərfəzuhə - Müstəhəb əməllər vacib işləri görməyə xələl gətirərsə, həmin müstəhəb əməllərdən əl çəkin!» («Vəsailuş-şiə», c.4, s.286, hədis:8)
Görkəmli müfəssir, fəqih və müctəhidlər arasında dəstəmaz alarkən üzün və əllərin nə qədər yuyulması və məsh çəkilməsi haqqında müxtəlif fikirlər səslənmişdir. Onlardan ən düzgün və dəqiq olanını sizin üçün bəyan edirəm: dəstəmaz aldıqda insan üzünü yuyarkən alnının yuxarısında tük bitən yerdən çənəsinə qədər, həmçinin sağ və sol yanaqlarını qulaqlara qədər, yaxud qulağa yaxın tük bitən yerədək yumalıdır.
«İlə» şəkilçisində məqsəd
Bütün müsəlmanlar dəstəmaz aldıqda əllərini dirsəyə qədər yuyurlar. Yəni, bu barədə islam ümməti arasında heç bir ixtilaf yoxdur. Amma əllərin necə və hansı istiqamətdə yuyulması barədə fikir ayrılığı mövcuddur. Buna səbəb ayədə işlənən «ilə» şəkilçisidir. Bəzi şəxslər güman etmişlər ki, dəstəmaz alarkən əllərdən başlayıb dirsəklərə qədər aşağıdan yuxarı istiqamətdə yumaq lazımdır. Lakin onlar diqqət etmirlər ki, «ilə» şəkilçisi yumağın keyfiyyətini, onun istiqamətini bildirmək üçün deyil, kəmiyyətini, yəni, əlin nə qədər, hansı miqdarda yuyulacağını bəyan etmək üçün işlənmişdir. Əgər bu şəkilçi ilə əllərin barmaqlardan dirsəklərə tərəf yuyulması nəzərdə tutulsaydı, ayədə «min» şəkilçisi də işlənməli idi. Yəni, «minəl-məsabi`i iləl-mərafiq — barmaqlardan dirsəklərə tərəf yuyun!», — deyilməli idi. Necə ki, insan: «Nəcəfdən Kərbəlaya getdim», — demək istədikdə: «zəhəbtu minən-Nəcəfi ilə Kərbələ`», - deyir. Əgər ayədə «ilə» şəkilçisi zikr olunmasaydı, insan əlini hansı miqdarda yuyacağını bilməzdi. Ona görə də, «ilə» şəkilçisi əllərin hara qədər yuyulacağını bəyan etmək üçün işlənmişdir.
«Məsh» sözünün mənası
Ərəb dilində bu söz «əli nəyəsə çəkmək, silmək» deməkdir. Məsələn: «məsəha cəbinəhu — o, alnını sildi» deməkdir. Mütəal Allah təfsirini yazdığımız ayədə buyurur: «Ey möminlər, namaz qılmağa durduqda üzlərinizi və dirsəklərə qədər əllərinizi yuyun, başlarınıza və ayaqlarınıza məsh çəkin!» Təbii ki, dəstəmaz aldıqda baş və ayağa məsh çəkməkdə məqsəd üzü və əlləri yuduqdan sonra yaş əli başa və ayaqlara çəkib onları məsh etməkdir. Buna əsasən, dəstəmaz aldıqda məsh əvəzinə ayaqları yumaq ayənin zahirinə xilaf çıxmaqdır. Baxmayaraq ki, müsəlmanların bir çoxu dəstəmaz aldıqda ayənin zahirinə əsaslandıqlarını güman edərək ayaqlarını yuyurlar, Əhli- beytə (ə.s) tabe olanlar və Peyğəmbər səhabələrindən bir çoxu dəstəmaz alarkən ayaqlarına məsh çəkərdilər. Hətta Peyğəmbərin əmisi oğlu İbn Abbas, Ənəs, Əbulaliyə, Şəbi və digərləri ayaqlarına məsh çəkərdilər.
İbn Abbas Peyğəmbərin dəstəmaz almaq tərzini bəyan etdikdə deyib: «Fəməsəha alə ricləyhi — O həzrət dəstəmaz aldıqda ayaqlarına məsh çəkdi.»
Başqa bir rəvayətdə İbn Abbas deyir: «Allahın kitabında: „ayaqlarınıza məsh çəkin!“, — buyurulmasına baxmayaraq, bəzi şəxslər məsh etmək əvəzinə onları yuyurlar.»
Şübhəsiz ki, dəstəmaz aldıqda ayaqlara məsh çəkmək onları yumaqdan asandır. Çünki ilin bəzi fəsillərində ayaqları yumaq mümkün olsa da, qışın soyuq çağında, yaxud səfərə çıxdıqda onları yumaq çətinlik törədir. Ona görə də, Mütəal Allah: «vamsəhu biruusikum va ərculəkum — dəstəmaz aldıqda başlarınıza və ayaqlarınıza məsh çəkin», — buyurur.
Ola bilsin ki, bəzi şəxslər dəstəmaz alarkən ayaqları yumağı bir növ təmizlik hesab edirlər. Əgər elədirsə, həmin şəxslər hamamdan çıxdıqda dəstəmaz alarkən nə üçün ayaqlarını yuyurlar?! Təbii ki, «məsh» sözü ilə «ğəsl» kəlməsi arasında fərq vardır. Əgər fərq olmasaydı, Mütəal Allah «məsh» sözünü işlətməzdi, bütün dəstəmaz üzvlərinin yuyulmasını əmr edərdi.Bir çox mötəbər rəvayətlərdə dəstəmazın nə olduğu tərif olunmuşdur. Həmin tərif belədir: «əl-Vuzu`u ğaslətəni va məshatən — Dəstəmaz iki üzvü (üz və əlləri) yumaq, iki üzvə (baş və ayaqlara) isə məsh çəkməkdir.»
Həmmad ibn Osman Ğalib ibn Hüzeyldən rəvayət edir ki, o deyib: «İmam Baqirdən (ə) dəstəmaz alarkən ayaqları yumaq, yoxsa məsh etmək lazım olduğunu soruşdum. O həzrət buyurdu: ayaqlara məsh çəkilməlidir. Çünki Cəbrail həzrət Peyğəmbərə dəstəmaz ayəsində ayaqlara məsh etmək hökmünü nazil etmişdir.»
Diqqətinizi ayənin əvvəlindəki qrammatik məsələyə cəlb etmək istəyirəm, orada buyurulur: «İzə qumtum iləs-saləti — Nə vaxt namaz qılmağa dursanız, dəstəmaz alın!» Bəzi şəxslər bu cümlə haqqında güman edirlər ki, insan namaz qılmaq üçün ayağa qalxdıqda dəstəmaz almalıdır. Belə şəxslər ondan qabaq dəstəmaz almır, yaxud dəstəmaz almaqdan çəkinirlər. Daha onlar bilmirlər ki, bu cümlədə məqsəd «nə vaxt namaz qılmaq istəsəniz, dəstəmaz alın» buyurulmasıdır. Çünki bəzi xəstələr vardır ki, aylarla ayağa qalxa bilmirlər. Amma onlar namaz qılmaq üçün dəstəmaz almalıdırlar.
Digər bir mətləb də bundan ibarətdir ki, Mütəal Allah buyurur: «Namaz qılmaq istədikdə (pak olsanız) dəstəmaz alın, cünub olsanız, qüsl edin.» Buradan məlum olur ki, insan cünub olduqda qüsl etsə, dəstəmaz almağa ehtiyac yoxdur.
Aləmləri yaradan Rəbbimiz dəstəmaz almaq, yaxud qüsl etmək üçün su tapa bilməyənlərin hökmünü bəyan edərək buyurur: «Va in kuntum mərza au alə səfərin... — Xəstə olduqda (suyun sizə zərəri olarsa), yaxud səfərdə olarkən (su tapmasanız), yaxud da ayaqyolundan gəldikdə (dəstəmaz almaq üçün su olmazsa) və yaxud yoldaşınızla yaxınlıq etdikdə (qüsl etmək üçün su tapa bilməsəniz), əllərinizi pak bir yerə vurub üzlərinizə və əllərinizə çəkərək təyəmmüm edin!»
Dəstəmaz almaqda, yaxud qüsl etməkdə hədəf təkcə təmizlik deyil, bu, təmizlikdən əlavə, Allahın əmrinə itaət etmək deməkdir. Əgər dəstəmaz almaqda, yaxud qüsl etməkdə məqsəd yalnız təmizlik olsaydı, su tapmadıqda torpaqla təyəmmüm etmək düzgün olmazdı. Çünki bildiyimiz kimi, torpaq insanı təmizləyə bilməz. Əksinə, təyəmmüm etdikdə insanın əl-üzü daha da torpağa bulaşır. Bu baxımdan dəstəmaz almaqda, qüsl etməkdə, eləcə də, su olmadığı təqdirdə, pak torpaqla təyəmmüm etməkdə əsl hədəf Allahın əmrinə tabe olmaqdır. Belə ki, əgər Mütəal Allah insana dəstəmaz alarkən: «yalnız üzünüzü yuyun!», — buyursaydı, yalnız üz yuyulmalı idi, qüsl etdikdə: «bədəninizin müəyyən hissəsini yuyun!», — deyə əmr etsəydi, həmin hissə yuyulmalı idi. Bir sözlə, ulu Tanrı insana nəyi əmr etsə, insan ona əməl etməlidir.
Ayənin sonunda Mütəal Allah buyurur: «(Dəstəmaz almağı, qüsl etməyi, yaxud təyəmmüm etməyi əmr etməklə) Allah sizi çətinliyə salmaq istəməmişdir (çünki insan bunlar olmadan da namazın sözlərini deyə bilər), əslində, Onun hədəfi (sizin batininizi şirk və təkəbbürdən) paklamaq və sizə olan nemətini tamamlamaqdır.»
Bunu da bilməliyik ki, insan qüsl etdikdə bütün bədənini yumalıdır. Dəstəmaz aldıqda isə üz və əlləri dirsəyə qədər yumalıdır. Qüsl, yaxud dəstəmaz əvəzi təyəmmüm etdikdə üz və əllərin dəstəmazda yuyulan miqdarını deyil, yalnız alnını və iki gicgahı qədər üzünü, həmçinin biləklərdən barmaqların ucuna qədər bütün əlini məsh etməlidir.
Bəzi şəxslərin təyəmmüm edərkən bütün qolunu, yaxud dirsəklərdən barmaqların ucuna qədər olan hissəni məsh etməsi heç bir dəlilə əsaslanmır. «Əl» deyildikdə bütün qol nəzərdə tutulmur. Onun hansı qismi olması müəyyən kəlmələrlə ifadə olunur. Məsələn, çiyinə qədər deyildikdə, bütün qol, dirsəklərə qədər deyildikdə qolun yarısı, əl deyildikdə isə biləklərdən barmaqların ucuna qədər olan hissə nəzərdə tutulur. Təfsirini yazdığımız ayədə: «üzlərinizi və əllərinizi məsh edin», — buyurulduğuna görə əlin biləkdən barmaqların ucuna qədər olan hissəsi nəzərdə tutulur. Əgər bütün qol, yaxud qolun yarısı nəzərdə tutulsaydı, bu, hansısa kəlmə ilə bəyan olunmalı idi. Necə ki, dəstəmaz alarkən dirsəklərə qədər yumaq «iləl-mərafiq» kəlməsi ilə bəyan olunmuşdur.
Corabın, yaxud başmağın üstündən məsh
Bəzi şəxslər güman edirlər ki, hava soyuq olduqda, yaxud vaxt dar ikən corabı və ya başmağı çıxarmaq çətin olarsa, onların üstündən də məsh çəkmək olar. Lakin bu böyük bir xətadır. Çünki yumaq və məsh çəkmək bədənin üzəri üçün nəzərdə tutulmuşdur. Necə ki, hava soyuq olduqda papağın üstündən başa məsh çəkmək olmaz, eləcə də, ayaqlara corab və başmağın üstündən məsh çəkmək caiz deyil. Mərhum Əyyaşi Muhəmməd ibn Əhməd əl-Xorasanidən, o da bəzi vasitələrlə rəvayət edir ki, bir gün bir nəfər Əlinin (ə) hüzuruna gəlib başmağın (yaxud corabın) üstündən məsh çəkməyin caiz olubolmadığını soruşduqda o həzrət həmin şəxsə təəccüb edərək bir qədər yerə baxdıqdan sonra başını qaldırıb buyurdu: «Yə həzə, innəllahə təbərakə va tə`ala əməra ibədəhu bit-tahərati va qassəməhə aləl-cəvarih: fəcə`alə lil-vachi minhu nəsibən va cə`alə lil-yədəyni minhu nəsibən va cə`alə lir-ra`si minhu nəsibən va cə`alə lir-ricləyni minhu nəsibən... — ey kişi, Allah təbarək və təala bəndələrinə pak olmağı əmr etmiş və həmin paklığı bədən üzvləri arasında bölmüşdür: üz, əl, baş və ayaqların hər biri üçün ayrıca pay ayırmışdır. Əgər sənin başmaqların (yaxud corabların) bədəninin üzvlərindən sayılırsa, onlara məsh çək (yəni, başmaq və corab insan bədəninin üzvü sayılmadığına görə onlara məsh çəkmək olmaz)!» («Təfsiri-Əyyaşi», c.1, s.330, hədis:59; «əl-Bürhan», c.1, s.453, hədis:23)
Zürarə ibn Ə`yən və Əbu Hənifə rəvayət edirlər ki, Əbu Bəkr ibn
Həzm deyib: «Bir kişi dəstəmaz alarkən ayağındakı başmaqlarına məsh çəkib məscidə daxil oldu və orada namaz qıldı. Əli (ə) məscidə daxil olaraq ayağı ilə onun boynundan itələyib buyurdu: vaylək, tusalli alə ğayri vuzu`in? — vay olsun sənə, dəstəmazsız namaz qılırsan?!Həmin şəxs dedi: bu cür dəstəmaz almağı Ömər ibn Xəttab mənə əmr edib. O həzrət həmin kişinin əlindən tutub Ömərin yanına apararaq uca səslə ona dedi: gör bu sənin barəndə nə deyir (dəstəmazı sən buna bu cür əmr etmisən?) Ömər dedi: bəli, mən əmr etmişəm (ki, başmağın üstündən məsh çəksin). Çünki Peyğəmbər başmağın üstündən məsh çəkmişdir. Əli (ə) buyurdu: Peyğəmbər „Maidə“ surəsindəki dəstəmaz ayəsinin nazil olmasından öncə belə məsh çəkmişdir, yoxsa həmin ayə nazil olduqdan sonra? Ömər dedi: bilmirəm. Əli (ə) buyurdu: bilmədiyin şey haqqında niyə fətva verirsən?...» («Təfsiri- Əyyaşi», c.1, s.326, hədis:46)
Abdullah ibn Xəlifə Əbulüreyf əl-Məkrani əl-Həmdani deyir: «Əli (ə) məsciddə xütbə etdikdə İbnul-Kəvva ayağa duraraq o həzrətdən soruşdu: dəstəmaz aldıqda başmaqlara məsh çəkmək olarmı? O həzrət buyurdu: bə`də kitəbilləhi təs`əluni? — sən Allahın kitabı («ayaqlarınıza məsh çəkin!» ayəsi) nazil olduqdan sonra mənə bu sualı verirsən? İbnul-Kəvva üç dəfə təkrar olaraq bu sualı verdikdə Əli (ə) hər dəfə ona dəstəmaz ayəsini oxudu (yəni, dəstəmaz aldıqda corab və başmağa deyil, ayaqlara məsh çəkilməlidir.) («Təfsiri-Əyyaşi», c.1, s.330, hədis:61; «əl-Bürhan», c.1, s.453, hədis:25)
Bilməliyik ki, dəstəmaz almaq, yaxud qüsl etmək tərzi Qurani- Kərimdə qısa şəkildə bəyan olunmuşdur. Lakin təyəmmüm etməyin qaydası qısa şəkildə də bəyan olunmamışdır. Yəni, qüsl və dəstəmaz əvəzindən necə təyəmmüm etmək, yaxud bədənin hansı üzvlərinə, nə qədər təyəmmüm etmək açıqlanmır. Ona görə də, Əmmar ibn Yasir cünub olduqda qüsl əvəzi təyəmmüm etmək üçün paltarlarını çıxarıb bütün bədənini yerə sürtdü və bu işin çətin olduğunu görüb Peyğəmbərə müraciət etdikdə o həzrət ona qüsl və ya dəstəmaz əvəzi təyəmmümün necə olduğunu öyrətdi ki, o, qüsl əvəzi təyəmmüm etdikdə əllərini bir dəfə yerə vurub üzünə və əllərinə çəksin, bir dəfə də yerə vuraraq əllərinə çəksin.
Gördüyünüz kimi, təfsirini yazdığımız ayədə dəstəmaz, qüsl və təyəmmüm qısa şəkildə açıqlanmışdır. Onların geniş şəkildə izahı Peyğəmbər və Əhli-beyt (ə) vasitəsilə bəyan olunmuşdur. Əgər Peyğəmbər (s.ə.a. s) təyəmmüm etməyin kəmiyyət və keyfiyyətini Əmmar ibn Yasirə öyrətməsəydi, heç kəs ayədə zikr olunan «fətəyəmməmu sa`idən tayyibən » ifadəsindən bədənin hansı yerinə və nə qədər təyəmmüm etmək lazım olduğunu bilməzdi.
Ona görə də, bəzi şəxslərin: «Quran bizə kifayət edər, hədis və rəvayətə ehtiyacımız yoxdur», — deməsi əsassız və batil bir fikirdir.