- Dinləmək
-
-
Əsli
-
الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ ۖ وَطَعَامُ الَّذِينَ أُوتُوا الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلٌّ لَّهُمْ ۖ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلَا مُتَّخِذِي أَخْدَانٍ ۗ وَمَن يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ
-
Transliterasiya
-
Al-Yawma 'Uḥilla Lakumu Aṭ-ṭayyibātu Wa ṭa`āmu Al-Laḏīna 'Ūtū Al-Kitāba ḥillun Lakum Wa ṭa`āmukum ḥillun Lahum Wa Al-Muḥṣanātu Mina Al-Mu'umināti Wa Al-Muḥṣanātu Mina Al-Laḏīna 'Ūtū Al-Kitāba Min Qablikum 'Iḏā 'Ātaytumūhunna 'Ujūrahunna Muḥṣinīna ġayra Musāfiḥīna Wa Lā Muttaḫiḏī 'Aḫdānin Wa Man Yakfur Bil-'Īmāni Faqad ḥabiṭa `Amaluhu Wa Huwa Fī Al-'Āḫirati Mina Al-ḫāsirīna
-
Mirzə Əli Meşkini
-
Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehrlərini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən, onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır.
-
Əltafur-Rəhman
-
«Ta`am» sözünün mənası (ayə:5)
Bəzi şəxslər bu ayədə «əhli-kitabın təamı sizə, sizin təamınız da onlara halaldır» — cümləsindən elə başa düşmüşlər ki, əhli-kitabın bütün yeməkləri müsəlmanlara halal buyurulmuşdur. Halbuki, ayədə zikr olunan «əhli-kitabın təamı» ifadəsində məqsəd arpa, buğda, mərci, lobya, noxud və düyü kimi əkin məhsullarıdır. Yəni, onların kəsilməyə ehtiyac duyulmayan təamları müsəlmanlara halaldır.
Bəzi şəxslər hətta güman etmişlər ki, əhli-kitabın ət məhsulları da halal sayılır. Çünki onlar da heyvanı öz şəriətlərinə əsasən kəsirlər. Lakin həmin şəxslər bilməlidirlər ki, əvvəla, əhli-kitab hansısa heyvanı kəsdikdə heç bir zikr demir, həmçinin haram buyurulmuş heyvanların ətindən də istifadə edirlər. Bundan əlavə, onların şəriəti Quran nazil olmaqla «mənsux (hökmləri ləğv olunmuş)» sayılır. Ona görə də, onların kəsdikləri əti yemək olmaz, haramdır.
Quranın bir çox ayələrində «ta`am» sözündə məqsəd əkin məhsullarıdır.
Aşna saxlamaq olarmı?
Diqqətinizə çatdırım ki, Mütəal Allah bundan sonrakı ayədə dəstəmaz almaq, namaz qılmaq və təyəmmüm etməyin hökmlərini açıqlamadan öncə təfsirini yazdığımız bu ayədə insanların öz ehtiyaclarını ödədikdən sonra nəfsi baxımdan necə qorunmalı olmalarını bəyan edir. Allah təala burada əvvəl qida və təamlardan, sonra isə insanların nəfsi ehtiyaclarının ödənməsi sayılan evlənməkdən söz açır.
Ayədə zikr olunan «əxdən» kəlməsi «xidn» sözünün cəmidir. Bu söz lüğət kitablarında «əs-sadiqu fis-sirr — kiminləsə gizlində dost olmaq» kimi məna edilir.
Cahiliyyət dövründə bəzi şəxslər çəkinmədən, həya etmədən, aşkar şəkildə zina edirdilər. Bəzi şəxslər isə bunu pis iş bilərək özləri üçün bir şəxsi gizlində aşna saxlayırdılar. Mütəal Allah ayə nazil edərək bunların hər ikisini qadağan edib buyurur: «Möminlərdən, həmçinin sizdən əvvəl kitab verilmişlərdən (yəhudi və xaçpərəstlərdən) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınlar mehrlərini verdiyiniz təqdirdə, sizə halal buyurulub ki, siz namuslu olub (kimsə ilə) zina etməyəsiniz və (yaxud kimsəni) aşna saxlamayasınız.»
Diqqətinizə çatdırmalıyam ki, əhli-kitabdan olan azad və ismətli qadınlarla zərurət halında müvəqqəti şəkildə evlənmək cəmiyyətdə zina etməyin və aşna saxlamağın qarşısını almaq üçün Mütəal Allah tərəfindən müsəlmanlara bir növ rüxsətdir (güzəştdir). Bu növ güzəşt müvəqqəti nikahla mümkündür. Çünki müsəlman kişi ilə əhli-kitabdan olan qadının bir yerdə daimi yaşamasının şərti onların hər ikisinin müsəlman olmasıdır. Necə ola bilər ki, müsəlman olan şəxs yəhudi və ya xristian qadınla daimi olaraq bir yastığa baş qoysun?! Ulu Tanrı o qadınlarla yaşamağa zinanın qarşısını almaq üçün müvəqqəti nikahla icazə vermişdir.
Dediklərimizin haqq olduğunu düşüncəsi olan bütün insanlar, müsəlmanlar və iman əhli olan şəxslər başa düşürlər. Ona görə də, ulu Tanrı təfsirini yazdığımız ayənin sonunda buyurur: «Hər kəs imanı olduğu şeyi danaraq inkar etsə (boş və mənasız fikirlərə uyub ona halal buyurulan müvəqqəti nikahı tərk edərək zina etsə, yaxud aşna saxlasa, yaxud əhli-kitabdan olan qadınlarla daimi yaşasa), onun etdiyi əməl puça çıxar (və onun bu cür yaşayışı dünyada nəticəsiz qalar, axirətdə isə o, ziyankarlardan olar).» Lakin nəfs və imanını pis işlərdən qorumaq üçün zərurət olduqda hansısa ismətli bir qadınla müvəqqəti nikahla yaşasa, Allahın buyurduğuna əməl etdiyi üçün o, həm dünyada öz abrını qorumuş olar, həm də axirətdə Allah tərəfindən savab qazanaraq ziyan çəkməz.
Burada «va mən yəkfur» kəlməsində məqsəd dini tamamilə inkar edən kəs demək deyil, bu ifadə ayədə zikr olunan əhkamı danan kimsəyə deyilir. Əgər müsəlmanlar təfsirini yazdığımız ayədə Mütəal Allah tərəfindən güzəştə gedilən əhkamın incəliklərini, qədrini və insanlar üçün nə qədər faydalı olduğunu bilsəydilər, bu ayənin nazil olduğu günü bayram olaraq qeyd edərdilər. Amma təəssüf ki, bəzi şəxslər bu əhkamın fəlsəfəsini anlamadıqlarına görə şəri yolla — zərurət halında müsəlman, yaxud əhli-kitabdan olan həyalı qadınlarla müvəqqəti nikah etməyi zinaya bənzədirlər. Halbuki, bu növ evlənməyin əhkam baxımından bir çox şərtləri vardır ki, zina edənlər həmin şərtləri nəzərə almırlar, həvayi-həvəslərinə uyub yalnız nəfslərinə xidmət göstərirlər.