4-ci ayə 120-dən
Dinləmək
Əsli
يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ  ۖ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ  ۙ وَمَا عَلَّمْتُم مِّنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللَّهُ  ۖ فَكُلُوا مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُوا اسْمَ اللَّهِ عَلَيْهِ  ۖ وَاتَّقُوا اللَّهَ  ۚ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
Transliterasiya
Yas'alūnaka Mā‍ḏ‍ā 'Uḥil‍‍la Lahu‍‍m Qul 'Uḥil‍‍la Lakumu A‍‍ṭ‍‍-ṭayyib‍‍ā‍‍tu Wa Mā `Alla‍‍m‍‍tu‍‍m Mina A‍‍l-Jawā‍‍r‍‍iḥi Mukallib‍‍ī‍‍na Tu`allimūnahu‍‍nn‍‍a Mi‍‍mm‍‍ā `Allamakumu A‍‍l-Lah‍‍u Fakulū Mi‍‍mm‍‍ā 'A‍‍m‍‍sakna `Alayku‍‍m Wa A‍‍ḏkurū A‍‍sma A‍‍l-Lah‍‍i `Alayhi Wa A‍‍ttaqū A‍‍l-Lah‍‍a 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a Sa‍‍r‍‍ī‍‍`u A‍‍l-ḥis‍‍ā‍‍b‍‍i
Mirzə Əli Meşkini
Səndən onlara nəyin halal olunduğunu sonruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi və insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim və digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin və (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz, Allah tez hesab çəkəndir.
Əltafur-Rəhman

Ayənin nazil olma səbəbi (ayə:4)

Bəzi hədis kitablarında bu ayənin nazil olma səbəbi barədə müxtəlif fikirlər söylənmişdir.

Cəlaləddin Suyuti öz təfsirində Faryabi, İbn Cərir, Təbərani, Hakim və s. şəxslərdən, onlar da peyğəmbərin yaxın səhabəsi Əbu Rafedən rəvayət edirlər ki, o deyib: «Bir gün Cəbrail yer üzünə enərək Peyğəmbərin evinə daxil olmaq üçün icazə istədi. Peyğəmbər əbasını çiyninə salıb qapıya yaxınlaşaraq buyurdu: qad əzinnə ləkə - biz sənə icazə verdik (daxil ola bilərsiniz)! Cəbrail dedi: əcəl va ləkinnə lə nədxulu bəytən fihi kəlbun va lə... — bəli, siz icazə verdiniz, amma biz (mələklər) it olan evə, yaxud canlı bir varlığın şəkli olan evə daxil olmarıq.
Əbu Rafe deyir: Peyğəmbər mənə əmr etdi ki, Mədinədə olan itləri öldürüm. Mən o həzrətin əmri ilə Mədinədəki itləri öldürdüm. Camaat Peyğəmbərin hüzuruna gələrək soruşdular: ya Peyğəmbər, öldürülməsini əmr etdiyin məxluqun hansı qismi bizə halaldır? Mütəal Allah tərəfindən Peyğəmbərə ayə nazil olaraq buyuruldu: „Səndən nəyin halal olmasını soruşduqda de: pak şeylər sizin üçün halal edilib, (yaşadığınız evdə olmamaq şərtilə sizi qorumaq və ov etmək məqsədilə) təlim etdiyiniz itləri (saxlaya bilərsiniz!)“ »

Bu hədis zahirən maraqlı olsa da, məna baxımından ağılla uyğunluq təşkil etmir. Necə ola bilər ki, Peyğəmbər elə bir yerdə (it olan evdə) yaşasın və Cəbrail də oraya daxil ola bilməsin?! Necə qəbul etmək olar ki, Peyğəmbər Əbu Rafeyə Mədinədəki bütün itləri öldürməsini əmr etsin?! Nəql olunan hədisdə diqqəti daha çox cəlb edən nöqtə Peyğəmbərin əbasını çiyninə salaraq qapıya yaxınlaşıb Cəbrailə: «Biz sənə icazə verdik, daxil ol!», — deməsidir. Halbuki, Cəbrail dəfələrlə Peyğəmbərin evinə gedib-gələrdi. Əgər Peyğəmbər it olan evdə yaşasaydı, Cəbrail başqa vaxtlarda da oraya daxil olmazdı. Bundan əlavə, Peyğəmbər və Əhli-beyt (ə.s) yalnız əti halal olan heyvanları saxlayardılar. Buradan məlum olur ki, ola bilsin, Cəbrail yer üzünə gəldikdə Peyğəmbər Əbu Rafenin evində olub. Əbu Rafenin evində it olduğuna və bu səbəbdən Cəbrailin oraya daxil olmamasına görə Peyğəmbər Əbu Rafeə əmr edir ki, evində saxladığı iti öldürsün və bunu bilən camaat Peyğəmbərin hüzuruna gərələk o həzrətə itlərin hansı növünü saxlamaq barədə sual vermişlər. Onların cavabında həmin ayə nazil olaraq buyurulur: «(Yaşadığınız evdə olmamaq şərtilə sizi qorumaq və ov etmək məqsədilə) təlim etdiyiniz itləri (saxlaya bilərsiniz).»

Halal buyurulmuş nemətlər

Mütəal Allah bu və bundan sonrakı ayədə müsəlmanların Peyğəmbərə verdikləri sualları cavablandırır. Həmin suallardan biri əti halal olan heyvanlar və onların hansı vasitələrlə ovlanması, digər biri əhli-kitabın təamlarının müsəlmanlara, müsəlmanların qidalarının da onlara halal olması, başqa biri isə müsəlmanların əhli-kitabdan olan pak qadınlarla müvəqqəti nikah qurması haqqındadır.

Ayədə işlənən «cəvarih» sözündə məqsəd təlim edilmiş ov itləridir. Mütəal Allah həmin itlər vasitəsilə edilən ovun ətini halal buyurur. Amma bunun bir neçə şərti var:
1. İti ov etmək üçün göndərdikdə sahibi «bismillah», «Allahu əkbər» deməlidir.
2. İt həmin heyvandan yeməməli, sahibini gözləyib heyvanı ona təhvil verməlidir.

Ədiyy ibn Hatəm Peyğəmbərdən rəvayət edir ki, o həzrət buyurub: «İzə əkələl-kəlbu minəs-saydi fə lə tə`kul minhu. Fə innəmə əmsəkə alə nəfsih — Əgər it ovladığı heyvandan yemişdirsə, həmin heyvanın ətindən yemə! Çünki o, həmin heyvanı özü üçün tutmuşdur.» Bu hədisin misli Əlidən (ə) də nəql olunmuşdur. («Məcməul- bəyan», c.3, s.161)

3. Əgər itin ovladığı heyvan diri qalmışdırsa, sahibi «bismillah» deyərək onu kəsməlidir.

Əbu Bəkr əl-Həzrəmi deyir: «İmam Sadiqdən (ə) soruşdum: meymun, it, şahin və s. heyvanlardan hansının ovladığı heyvanın əti halaldır? İmam (ə) buyurdu: lə tə`kul illə mə zəkkəytə illəl-kiləb. Fəqultu: fə in qatələhu? Qalə: kul, fə innəllahə yəqul: va mə ullimtum minəl-cəvarihi mukəllibinə tu`allimunəhunnə mimmə alləməkumullahu fə kulu mimmə əmsəknə aləykum vazkurusməllahi aləyh. Summə qalə: ... — itlərdən başqa heyvanların etdiyi ovların heç birini „bismillah“ deyərək kəsməmiş yemə!

Mən dedim: it ovladığı heyvanı öldürmüş olsa belə, mən həmin heyvanın ətini yeyə bilərəmmi?

İmam (ə) buyurdu: bəli, ye, çünki Mütəal Allah buyurur: təlim edilmiş itlərin ovlayaraq tutub saxladığı heyvanların ətindən „bismillah“ deyərək yeyin!

Sonra o həzrət sözünə davam edərək buyurdu: başqa heyvanlar etdikləri ovu özləri yeyərlər. Təlim edilmiş it isə ovladığı heyvanı öz sahibinə saxlayar.

Əhliləşdirilmiş iti ov üçün göndərdikdə „bismillah“ və „Allahu əkbər“ deməyi unutma! Çünki bu iş ovun halallığına səbəb olur.» («Məcməul-bəyan», c.3, s.161)

Bu hədisdən məlum olur ki, əhliləşdirilməmiş it ov edərsə, həmin ov ölmüşdürsə, onu yemək olmaz. Amma ovlanmış həmin heyvan diri qaldığı təqdirdə, onu «bismillah» deyərək kəsib yemək olar.

Əhliləşdirilmiş itin əlaməti

Hər itə təlim edilmiş it demək olmaz. Əhliləşdirilmiş it odur ki, sahibinə itaət etsin. Belə ki, sahibi onu ov üçün qısqırtdıqda o, ovladığı heyvanı tutub saxlasın, ona: «geri qayıt!», — dedikdə geri qayıtsın. Əgər it bunu təkrarən yerinə yetirərsə, o, əhliləşdirilmiş it hesab olunur. Belə bir itin ovladığı heyvanın əti halal sayılır.

Mütəal Allah bu ayədə şəri yolla kəsilən heyvanlardan əlavə, ov etmək vasitəsilə əldə edilən heyvanların da ətinin halal olduğunu bəyan edir. Ayənin sonunda isə insanları təqvalı olmağa səslədikdən sonra təhdidedici ifadə ilə buyurur: «Təqvalı olun, (əks təqdirdə bilin ki.) Allah (insanları) tezliklə hesaba çəkəndir.»

Ov etməkdə təqvalı olmağın mənası

İnsanın ov etdikdə təqvalı olmasının bir neçə mənası vardır: insan gərək əti haram olan heyvanları (şir, pələng və s.-i) ovlamasın. Əti halal heyvanları ovladıqda isə israfa yol verməsin, yəni, əylənmək, ləzzət almaq, yaxud təkəbbür və özünü göstərmək üçün deyil, lazım olduqda, ehtiyac duyularkən ov etsin. Çünki zərurət olmadığı halda səhrada, biyabanlarda dilsiz-ağızsız heyvanları ovlamaq insaniyyətə sığmaz və bu işin aqibəti yaxşı deyil. Yaxud yanıbalalı heyvanı və ya heyvanın gözü qabağında balasını ovlamaq təqvadan uzaq hərəkətdir. Bu cür təqvasızlıq etmək insanın axirətdən öncə dünyada da cəzalanmasına, giriftar olmasına səbəb olar. Göylərin zinəti ulduzlar və uçan quşlar, dənizin zinəti orada üzən balıqlar olduğu kimi, səhra və meşələrin zinəti də orada yaşayan, gəzib-dolanan heyvanlardır. Odur ki, lazım olmadığı halda onları ovlamaq, nəsillərinin kəsilməsinə səbəb olmaq təqvasızlıq hesab olunur. Ona görə də, Mütəal Allah ayənin sonunda buyurur: «Qorxun Allahdan, həqiqətən də, Allah tezliklə (bu barədə sizi axirətdən öncə dünyada) hesaba çəkər.»

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi