3-ci ayə 120-dən
Dinləmək
Əsli
حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالدَّمُ وَلَحْمُ الْخِنزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلَّا مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُوا بِالْأَزْلَامِ  ۚ ذَ‌ٰلِكُمْ فِسْقٌ  ۗ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُوا مِن دِينِكُمْ فَلَا تَخْشَوْهُمْ وَاخْشَوْنِ  ۚ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلَامَ دِينًا  ۚ فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ  ۙ فَإِنَّ اللَّهَ غَفُورٌ رَّحِيمٌ
Transliterasiya
ḥur‍‍r‍‍imat `Alaykumu A‍‍l-Maytatu Wa A‍‍d-Damu Wa Laḥmu A‍‍l-‍ḫi‍‍n‍‍z‍‍ī‍‍r‍‍‍‍i Wa M‍‍ā 'Uhilla Li‍ġay‍‍r‍‍i A‍‍l-Lah‍‍i Bih‍‍i Wa A‍‍l-Mun‍ḫaniqatu Wa A‍‍l-Mawqū‍ḏatu Wa A‍‍l-Mutaraddiyatu Wa A‍‍n‍‍-Naṭīḥatu Wa M‍‍ā 'Akala A‍‍s-Sabu`u 'Illā Mā ḏakkaytu‍‍m Wa Mā ḏubiḥa `Alá A‍‍n‍‍-Nuṣubi Wa 'A‍‍n Tasta‍‍q‍‍simū Bil-'Azl‍‍ā‍‍mi ḏāliku‍‍m Fisqun A‍‍l-Yawma Ya'isa A‍‍l-La‍ḏ‍ī‍‍na Kafarū Mi‍‍n Dīniku‍‍m Falā Ta‍ḫšawhu‍‍m Wa A‍‍ḫšawnī A‍‍l-Yawma 'Akmaltu Laku‍‍m Dīnaku‍‍m Wa 'Atma‍‍m‍‍tu `Alayku‍‍m Ni`matī Wa Raḍ‍‍ī‍‍tu Lakumu A‍‍l-'Isl‍‍ā‍‍ma Dīnāa‍‍n Famani A‍‍ḍṭurra Fī Ma‍ḫmaṣatin ġayra Mutajānifi‍‍n L'i‍ṯmi‍‍n Fa'i‍‍nn‍‍a A‍‍l-Lah‍‍a ġaf‍‍ū‍‍ru‍‍n Raḥ‍‍ī‍‍m‍‍un
Mirzə Əli Meşkini
Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır.
Əltafur-Rəhman

Bəzi heyvanların haram olmasına səbəb (ayə:3)

Burada bəzi heyvanların istifadəsinin nə üçün haram olduğunu açıqlamaq istərdim. Mərhum Şeyx Səduq mötəbər sənədlərlə rəvayət edir ki, Muhəmməd ibn Sənan imam Rzaya (ə) göndərdiyi məktubunda bir neçə sual qeyd edir. O həzrət də həmin sualların cavabında belə yazır: «Harumə mə uhillə bihi liğayrilləh əlləzi aucəbə alə xalqihi minəl-iqrari bihi va zikra ismihi alə Allahdan qeyrisinin adına («bismillah» deyilmədən) kəsilmiş heyvanın haram olmasının səbəbi budur: Allah təala əti halal olan heyvan kəsildikdə vacib etmişdir ki, Onun ismi zikr olunmaqla varlığı və vəhdaniyyəti iqrar olunsun. İman əhli Onun adına kəsilən ətlə «bismillah»-sız kəsilən ətlərə fərq qoyub Allahın adı ilə kəsilmiş heyvanlardan istifadə etsin. Çünki heyvanları Onun adı ilə kəsdikdə izzət və cəlal sahibi olan Allahın varlığı və vəhdaniyyəti dilə gətirilir. Heyvanları «bismillah»-sız, yaxud Allahdan qeyrisinin adına kəsdikdə bir növ küfr və ya şirk özünü büruzə verir. «Bismillah»-sız kəsdikdə küfr, Allahdan qeyrisinin adına kəsdikdə isə şirk özünü göstərir. Ona görə də, Mütəal Allah halal olunmuş heyvanların «bismillah»-la kəsilməsini əmr etmişdir. («Uyuni-Əxbari-Rza (a)», c.1, s.98)

İmamların (ə.s) xatirinə və ya pirlərdə kəsilən heyvanlar

Düşüncəsi zəif olan bəzi insanlar belə güman edə bilərlər ki, aşura və ya digər əlamətdar günlərdə Peyğəmbər və imamların (ə.s) ehsanı olsun deyə heyvan kəsilməsi müşriklik əlamətidir. Lakin belə şəxslər bunu anlamırlar ki, həmin heyvanları kəsən müsəlmanlar onları Peyğəmbər və imamların adlarını çəkməklə deyil, üzü qibləyə tutub «bismillah» deyərək kəsirlər. Bu yolla onlar Allahın adını çəkərək kəsdikləri heyvanı Peyğəmbər və Əhli-beyt (ə.s) yolunda ehsan etməklə o həzrətlərin xatirəsini əziz tuturlar. Məndə təəccüb hissi doğuran odur ki, həzrət İsanın mövlud gecəsi (31 dekabr gecəsi) o həzrətin xatirəsini uca tutmaq üçün heç kəsə bir xeyri olmadığı halda xristianların atəşfəşanlıq keçirməsinə etiraz edilmir, amma Peyğəmbər və Əhli-beytə (ə.s) ehsan olunsun deyə heyvan kəsilməsi müşriklik adlandırılır. Halbuki, bundan bir çox imkansız insanlar faydalanırlar. Müxtəlif pir və ocaqlarda kəsilən hayvanlar da Allahın adı çəkilərək üzü qibləyə «bismillah»-la kəsilir və Allah yolunda fəqir-füqəra, qonşular, yaxud qohum-əqrəba arasında bölüşdürülür. Uşağın sağlam dünyaya gəlməsi münasibətilə kəsilən «əqiqə» qurbanları, eləcə də, Həcc, Kərbəla və müxtəlif ziyarətlərdən gələn insanların salamat qayıtdıqları üçün kəsdikləri qurbanlar da Allahın adı zikr olunaraq «bismillah»-la kəsilir. Belə olduğu təqdirdə, bunların heç biri tövhid anlayışı ilə ziddiyyət təşkil etmir, əksinə, bütün bunlar həm Allahın adının yad olunması, vəhdaniyyətinin iqrar olunması, həm də Onun şükrünün yerinə yetirilməsi deməkdir. Buna etiraz edən şəxslər həmin işləri görməməklə özlərini Allahın şükrünü yerinə yetirmək səadətindən məhrum edirlər.

Mötərizə cümləsi

Bu ayənin ortasında elə bir mötərizə cümləsi mövcuddur ki, haramların hökmü bəyan olunmuş digər ayələrdə («Bəqərə» surəsi, ayə:173, «Ən`am» surəsi, ayə:145 və «Nəhl» surəsi, ayə:115-də) həmin cümlə yoxdur. O cümlə belədir: «əl-Yaumə yəisəl-ləzinə kəfəru min dinikum. Fə lə təxşauhum vaxşauni. əl-Yaumə əkməltu ləkum dinəkum va ətməmtu aləykum ni`məti va razitu ləkumul-isləmə dinən — Bu gün kafirlər sizin dininizdən ümidlərini kəsdilər, elə isə, onlardan deyil, Məndən qorxun! Bu gün dininizi kamil etdim, nemətimi sizə tamamladım və din olaraq islamı sizin üçün bəyəndim!»

Bu cümlə Peyğəmbərin əmri ilə təfsirini yazdığımız ayənin arasında yerləşdirilmişdir. Mötərizə cümləsindəki kəlmələrə bir-bir diqqət yetirsək, görərik ki, adını çəkdiyimiz haram ətlərin hökmünü bəyan etmək elə mühüm bir məsələ deyil ki, Mütəal Allah onları bildirdikdən sonra: «Bu gün kafirlər sizin dininizdən ümidlərini kəsdilər, elə isə, onlardan deyil, Məndən qorxun! Bu gün dininizi kamil etdim, nemətimi sizə tamamladım və din olaraq islamı sizin üçün bəyəndim», — buyursun. Çünki bu ayədəki hökmlərlə dinin əhkamı hələ də kamilləşməmişdi. Bu hökmlər bəyan olunduqdan sonrakı dövrlərdə şəriətin digər bəzi haram və halal hökmləri müəyyən ayələrdə zikr olunmuşdur. Elə isə, bu cümlənin burada nə üçün yerləşdiyini araşdırmalıyıq.

Bir çox mühəqqiqlər, bəzi müfəssirlər və tarixçilərin qeyd etdiklərinə əsasən, həmin mötərizə cümləsi «Qədiri-Xum» adlanan yerdə həzrət Peyğəmbərin Əlini (ə) özünə Allahın əmri ilə xəlifə və canişin təyin etməsi ilə əlaqədar nazil olmuşdur. Ona görə də, Mütəal Allah buyurur: «(Ya Peyğəmbər! Kafirlər indiyədək sənin ölümünü gözləyirdilər ki, səndən sonra niyyətlərində olanı həyata keçirsinlər. Amma Əlinin səndən sonra xəlifə seçilməsi ilə) bu gün kafirlər sizin dininiz barədəki (cızdıqları planlardan) ümidlərini kəsdilər. Elə isə, onlardan deyil, Məndən qorxun, bu gün dininizi kamil etdim, nemətimi sizə tamamladım və din olaraq islamı sizin üçün bəyəndim.»

Mərhum Şeyx Tusi imam Baqir və imam Sadiqdən (ə.s) rəvayət edir ki, o həzrətlər buyurmuşlar: «Ənnəl-əyətə nəzələt bə`də nəsbin- Nəbiyyi (s) Aliyyən aləmən lil-umməti yaumə Ğadiri-Xum, munsarafihi an Haccətil-vidə` - Həmin ayə (mötərizə cümləsi) Peyğəmbərin (s.ə.a. s) vida həccindən qayıdarkən Qədiri-Xumda Əlini (özü üçün canişin və) ümmət üçün imam təyin etdikdə nazil olmuşdur.» («ət-Tibyan», c.3, s.435, sonuncu sətr)

Seyid Haşim Bəhrani özünün məşhur «Ğayətul-məram» əsərində, eləcə də, Mərhum Təbərsi mötəbər sənədlərlə Peyğəmbərin yaxın səhabəsi Əbu Səid Xudridən rəvayət edirlər ki, o deyib: «Peyğəmbər (s.ə.a. s) camaatın Qədiri-Xum adlanan yerdə cəm olmalarını əmr etdiyi gün onlara özünün dayandığı ağacın altındakı tikanları təmizləmələrini buyurdu. Həmin gün cümə axşamı günü idi. O həzrət həmin gün Əlinin (ə) əlini yuxarı qaldırdı və camaatı ona beyət etməyə dəvət etdi. Bu ayə («Maidə» surəsinin 3-cü ayəsindəki mötərizə cümləsi) nazil oldu, sonra o həzrət buyurdu: Əllahu əkbəru alə ikməlid-dini va itməmin-ni`məti va rizar-rabbi birisələti val-viləyəti li Aliyyin (ibn Əbi Talib min bə`di) summə qalə: mən kuntu mauləhu fə Aliyyun mauləh. Allahummə vali mən valəhu va adi mən adəhu vansur mən nəsarahu vaxzul mən xazələh — Allah uludur ki, dini kamil etdi, nemətini tamamladı. (Aləmləri yaradan) Rəbb mənim peyğəmbərliyimə və Əli ibn Əbu Talibin vilayətinə (imam təyin olunmasına) razılıq verdi. Sonra o həzrət sözünə davam edərək buyurdu: (ey camaat!) Mən kimin mövlasıyamsa, (məndən sonra) Əli onun mövlasıdır. Allahım, ona dost olanlara dost ol, onunla düşmənlik edənlərə düşmən ol! Ona yardım edənlərə yardım et, onu xar etmək istəyənləri xar et!

Sonra o dövrün məşhur şairi Həssan ibn Sabit həzrət Peyğəmbərə dedi: ya Rəsuləllah, icazə verirsinizmi ki, mən bu barədə bir neçə beyt şeir deyim? O həzrət buyurdu: de, Allah həqiqəti sənin dilində cari edəcəkdir! Həssan dedi:
«Yunədihim yauməl-Ğadiri Nəbiyyuhum
Bi Xummin va əsmə`u bin-Nəbiyyi munədiyən! Bi ənni mauləkum, nə`am va valiyyukum, Fəqalu: va ləm yəbdu hunəkət-tə`amiyə!
İlahukə maulənə va əntə valiyyunə, Va lə təcidnə fil-xalqi lil-əmri asiyən!
Fəqalə ləhu: qum, yə Aliyyu, fə innəni, Razitukə min bə`di iməmən va hədiyən!... Fəmən kuntu mauləhu fəhəzə valiyyuhu, Fəkunu ləhu ənsara sidqin muvaliyən!
Hunəkə də`allahummə, vali valiyyəhu, Va kun lil-ləzi adə Aliyyən mu`adiyən!»
«Onların peyğəmbəri Qədiri-Xum günündə, Eşitdim ki, o həzrət söyləyir ki, „mən
Sizin mövlanızam, bəli, sizin vəlinizəm!“ Etiraz etmədən söylədilər ki, „İlahın
Bizim mövlamızdır, sənsə bizim vəlimizsən, Camaatdan heç kəsi buna üsyan edən görməzsən!“ Buyurdu: ya Əli, qalx ayağa, razı oldum mən, Məndən sonra olasan imam və hidayət rəhbəri sən! Mən hər kəsin mövlasıyam, bu da onun mövlasıdır, Elə isə, siz də ona olun dost və yardım edən!
Orada Peyğəmbər dua edib buyurdu: Allahım! Əliyə dost olanlarla dost ol Sən,
Ona düşmənlik edənlərlə düşmən!» («Məcməul-bəyan», c.3, s.159.
Şeirin mənbəyi: «əl-Ğədir», c.2, s.34)

Peyğəmbər müxtəlif yerlərdə özündən sonra Əlinin (ə) müsəlmanlara imam və rəhbər olacağını müəyyən ifadələrlə bəyan etmişdi. Amma bəzi səhabələrin Əliyə (ə) paxıllıq etdiyini gördükdə o həzrətin imamət və xilafətini açıq-aşkar bəyan edə bilmirdi. Qədiri-Xum səhrasında «yə əyyuhər-Rasul, bəlliğ mə unzilə iləykə min Rabbik! — ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! („Maidə“ surəsinin, 67-ci)» ayəsi nazil olduqda həzrət Peyğəmbər Əlini (ə) açıqaşkar şəkildə xəlifə təyin etdikdən sonra Mütəal Allah həmin ayənin sonunda: «vallahu yə`simukə minən-nəs — ey Peyğəmbər, Allah səni insanlardan qoruyacaq», — buyurdu. Daha sonra isə Allah təala: «əl- yaumə yəisəl-ləzinə kəfəru... — bu gün kafirlər sizin dininizdən ümidlərini kəsdilər, elə isə, onlardan deyil, Məndən qorxun! Bu gün dininizi kamil etdim, nemətimi sizə tamamladım və din olaraq sizə islamı bəyəndim», — ayəsini nazil etdi.

Mötərizə cümləsinə diqqətlə nəzər salsaq, görərik ki, həmin cümlə «Maidə» surəsi 67-ci ayənin bir hissəsidir. Bəzi rəvayətlərə əsasən, bu cümlə Cəbrailin, bəzilərinə əsasən isə Peyğəmbərin tövsiyəsi ilə təfsirini yazdığımız ayənin arasında yerləşdirilmişdir ki, Əlinin (ə) xilafət və imamətinə düşmənçilik edən şəxslər Quranı təhrif edərək həmin cümləni oradan çıxarmasınlar.

Ayənin sonundakı «fəmənizturra fi məxməsatin...» ifadəsi həm mötərizə cümləsi ilə, həm də haramlarla bağlı əvvəlki cümlə ilə uyğunluq təşkil edir. Necə ki, Allah təala haram olunan qidalardan zərurət halında istifadə etməyi bağışlayır, eləcə də, xilafət qəsb olunduqda, yaxud imam qeybə çəkildikdə naçar qalarkən könül xoşluğu və Allaha qarşı çıxmaq məqsədi olmadığı təqdirdə, məsum imamdan qeyrisinin himayəsində yaşamağı da Mütəal Allah bağışlayandır, rəhm edəndir.

Bəzi şəxslər belə güman edirlər ki, zərurət halında əti haram olan heyvanlardan istifadə etmək olar, yaxud xilafət qəsb olunduqda, imam qeybə çəkildikdə məsum imamdan qeyrisinə tabe olmaq caizdir. Amma həmin şəxslər bilməlidirlər ki, bu əhkam «əzimət (Allahın daimi şəri hökmü)» deyil, müsəlmanların zərurət halında istifadə edəcəyi müvəqqəti bir rüxsətdir (güzəştdir). Ona görə də, Mütəal Allah ayənin sonunda buyurur: «İnnəllahə ğafurun rahim — Həqiqətən də, Allah (bu rüxsətdən müvəqqəti şəkildə istifadə edən insanları) bağışlayandır, rəhm edəndir.»

Haqqında danışdığımız cümlənin mötərizə cümləsi olmasının ən böyük əlaməti budur ki, mötərizə adlanan cümlə oradan götürüldükdə ondan əvvəlki və sonrakı cümlələrin məna ardıcıllığı pozulmur. Yəni, mötərizə cümləsi götürüldükdə ayə bu cür olur: «Zəlikum fisq. Fə-
mənizturra fi məxməsatin ğayra mutəcənifin liismin fə innəllahə ğafurun rahim — Bunlar (bunlardan istifadə etmək din və şəriətdə) həddi aşmaqdır (günahdır)... Kim aclıq üzərindən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyil etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər o haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir.»

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi