- Dinləmək
-
-
Əsli
-
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ اذْكُرُوا نِعْمَةَ اللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنبِيَاءَ وَجَعَلَكُم مُّلُوكًا وَآتَاكُم مَّا لَمْ يُؤْتِ أَحَدًا مِّنَ الْعَالَمِينَ
-
Transliterasiya
-
Wa 'Iḏ Qāla Mūsá Liqawmihi Yā Qawmi Aḏkurū Ni`mata Al-Lahi `Alaykum 'Iḏ Ja`ala Fīkum 'Anbiyā'a Wa Ja`alakum Mulūkāan Wa 'Ātākum Mā Lam Yu'uti 'Aḥadāan Mina Al-`Ālamīna
-
Mirzə Əli Meşkini
-
Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Ey mənim qövmüm, Allahın aranızda peyğəmbərlər təyin etdiyi və sizi (insanlara) padşahlar etdiyi və sizə (düşməninizin suda batması, müfəssəl Tövrat, içindən çeşmə çıxan daş, bir növ ağac şirəsindən hazırlanmış yemək və bildirçin kimi) aləmdəkilərdən heç kəsə vermədiyi şeyi verdiyi zamandakı nemətini xatırlayın».
-
Əltafur-Rəhman
-
«Muluk» kəlməsinin ayədəki mənası (ayə:20-26)
Mütəal Allah bu ayələrdə həzrət Musa ilə qövmü arasında gedən söhbətlərdən, onlara bəxş olunmuş nemətlərdən, həmçinin onların Musa peyğəmbərin sözünə itaət etməmələrindən bəhs edir. Allah təala 26-cı ayənin sonunda həzrət Musaya buyurur: «Fələ tə`sə aləl-qaumil- fəsiqin — Fasiq bir qövmdən ötrü qüssələnmə!»
Bəzi şəxslər 20-ci ayədə işlənən «mulukən» sözünə əsaslanaraq güman edirlər ki, uca Rəbbimiz Bəni-İsrail qövmünün hamısını padşah qərar vermişdir. Lakin bu söz «məlik» sözünün cəmi olub mənası istilahi baxımdan «padşah» olsa da, lüğəvi baxımdan «azad və ixtiyarı öz əlində olan şəxs» deməkdir.
Əbu Səid Xudri həzrət Peyğəmbərdən (s.ə.a. s) rəvayət etmişdir ki, o həzrət buyurub: «Kənət Bənu-İsrailə izə kənə liəhadihim xadimun va dəbbətun vamraətun kutibə məlikən — Bəni-İsrail qövmünün belə bir adəti var idi ki, xadimi, miniyi və həyat yoldaşı olan şəxsə məlik (padşah) deyərdilər.» («əd-Durrul-mənsur», c.2, s.270)
Zeyd ibn Əsləm də rəvayət edir ki, Peyğəmbər buyurub: «Həyat yoldaşı, evi və xadimi olan şəxs məlik hesab olunur.»Bəni-İsrail qövmü Fironun və Qibtilərin əli altında qul kimi yaşayır və onlara cizyə ödəyirdilər. Ulu Tanrı onlara rəhm edərək Musa peyğəmbəri göndərməklə onları Fironun əsarətindən qurtarıb «muluk», yəni, azad və ixtiyarı öz əlində olan şəxslər qərar verdi. Aləmləri yaradan Rəbbimiz Bəni-İsraildən əvvəlki bəşər övladından heç birinə vermədiyini onlara verdi, dəryanı yarıb onlara oradan keçmək üçün imkan yaratdı, sonra Firon və qövmünü orada qərq etdi, Bəni-İsrail qövmünü isə Fironun əlindən qurtararaq onlara qidalanmaları üçün «mənn» və «səlva» göndərdi, sirab olmalarından ötrü həzrət Musanın əsasını daşa vurması ilə 12 çeşmə cari etdi, kölgələnmələri üçün onlara xüsusi olaraq buludlar göndərdi.
Bəzi şəxslər «müqəddəs yer»-in Livan olduğunu söyləmişlər. Bəziləri isə həmin yerin Şam olduğunu nəql etmişlər.
Musa peyğəmbər Bəni-İsrailin həmin müqəddəs torpağa qorxudan daxil olmadıqlarını gördükdə dedi: «Ey Rəbbim, (Sən şahidsən ki, bunlar mənim sözümə baxmırlar) mənim yalnız özümə və qardaşım Haruna sözüm keçər!» Burada sual oluna bilər ki, Musa peyğəmbər qorxanların arasında Allahın nemət verdiyi iki şəxsin adını çəkib nə üçün belə demir: «Ey Rəbbim, mənim yalnız özümə, qardaşım Haruna və o iki nəfərə (Kalib və Yuşə`yə) sözüm keçər!» Yəni, Musa peyğəmbərin Kalib və Yuşə`yə də sözü keçərdi, nə üçün bu ayədə onların adlarını çəkməyib? Cavab olaraq qeyd etməliyəm ki, Musa peyğəmbərlə həzrət Harunun yanında həmin iki nəfərin adının çəkilməməsində hədəf Kalib və Yuşə`yə dəyər verməmək deyil, qardaşı Harunun peyğəmbərlik məqamını azaltmamaqdır. Necə ki, həzrət Muhəmməd (s.ə.a. s) Əlinin (ə) hər hansı bir fəzilətini bəyan etdikdə digər səhabələrin adını çəkməzdi. Bu, o demək deyil ki, Peyğəmbərin səhabələri arasında fəzilətlisi yox idi. Əslində, Peyğəmbər bu işi ilə Əlinin (ə) məqamının kiçildilməməsini və o həzrətin onlarla müqayisə olunmamasını istəmişdir. Çünki Əlinin (ə) Peyğəmbərə olan nisbəti həzrət Harunun Musa peyğəmbərə olan nisbəti (qardaşı və canişini) kimidir.
Bəzi müfəssirlərin və tarixçilərin qeyd etdiklərinə əsasən, həzrət Musa öz qövmü ilə müqəddəs torpağa (Şama, yaxud Livana) daxil olmaq istədikdə oraya öz əshabından 12 nəfər göndərdi ki, həmin yerin camaatı haqqında məlumat gətirsinlər. Onlar hündür bir yerə qalxaraq həmin camaatı müşahidə etdikdən sonra Musa peyğəmbərin yanına qayıdıb orada iri cüssəli, güclü, qüvvətli insanların olduğunu xəbər verdilər.
Həzrət Musa buyurdu: bunu camaat yanında deməyin ki, qorxub oraya hücum çəkməzlər. Lakin onlardan iki nəfər — Kalib və Yuşə` istisna olmaqla qalan on nəfər bunu camaat arasında yaydılar. Musanın (ə) qövmü bunu bildikdə ora daxil olmaqdan çəkindi. Sirrin üstünü açmayan Kalib və Yuşə` adlı həmin iki nəfər onlara dedilər: «Qorxmayın, oraya şəhər qapılarından qəfil hücum çəksəniz, qalib gələcəksiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!» Onlar o iki nəfərin sözünə əhəmiyyət verməyib üzlərini həzrət Musaya tutub dedilər: «Biz heç vaxt oraya daxil olmayacağıq, Sən və Rəbbin gedib onlarla vuruşun, biz isə burada oturacağıq.» Musa peyğəmbər onların qorxaqlığını və nankor olduqlarını gördükdə dedi: «Ey Rəbbim, məni bu günahkar qövmdən ayır!»
Bu ayədə zikr olunan «cəbbər» sözü insanlar haqqında işləndikdə məzəmmət mənasını, Allah haqqında işləndikdə isə tərif və mədh mənasını ifadə edir. Bu haqda geniş məlumatı, inşaallah, «Həşr» surəsinin 23-cü ayəsinin təfsirində verəcəyik.
Mütəal Allah Bəni-İsrail qövmünün həmin müqəddəs yerdə yaşamalarını əzəldən yazmışdı. Lakin Bəni-İsrail qövmü Musa peyğəmbərin sözünə tabe olmadığına görə Allah təala onları qırx il müddətinə oradan məhrum etdi. Belə ki, onlar istəsəydilər də, ora daxil ola bilməzdilər. Qırx il müddətində onlar yer üzündə sərgərdan gəzib-dolanırdılar. Belə ki, onlar köç etmək məqsədilə gecə ikən səfərə çıxır və səhərə qədər yol getdikdən sonra gündüz hava işıqlandıqda yaşadıqları həmin yerdə olduqlarını görürdülər. Bu iş qırx il davam etdi, bu müddət ərzində onların bir çoxu dünyalarını dəyişdi. Həzrət Musa və Harun (ə.s), eləcə də, Kalib və Yuşə` həmin müddəti Tih səhrasında yaşadılar. Musa peyğəmbərin sözündən çıxanlar orada əzab-əziyyət içində ömür sürür, adını çəkdiyimiz müqəddəs insanlar isə həmin səhrada rahatlıq və əmin-amanlıq içində yaşayırdılar. Bir sözlə, Tih səhrasında yaşamaq Bəni-İsrail qövmü üçün əzab olsa da, həmin müqəddəs insanlar orada rahatlıq içində idilər. Necə ki, müəyyən bir yerə şiddətli yağışın yağması bir çoxlarına xəsarət yetirsə də, bəzilərinə (məsələn, əkinçilərə) bolluq və firavanlıq gətirər.
24-cü ayədə Musa peyğəmbərin qövmünün dediyi: «fəzhəb əntə va Rabbukə» cümləsindən məlum olur ki, onlar Allahın cisim olduğunu güman edirdilər. Ona görə də, onlar: «Ey Musa, sən və Rəbbin gedib onlarla vuruşun!», — deyir, yaxud tarixin başqa bir səhifəsində onlar öz peyğəmbərlərinə: «Ərinəllahə cəhratən — Ey Musa, (buna qane olmarıq) sən bizə Allahı açıq-aşkar şəkildə göstər! („Bəqərə“ surəsi, ayə: 55, „Nisa“ surəsi, ayə:153)», — söyləyirdilər.
Diqqətinizi 25-ci ayədəki mühüm bir mətləbə çəkmək istəyirəm: orada Musa peyğəmbər ulu Tanrıya müraciət edərək söyləyir: «Fəfruq bəynənə va bəynəl-qaumil-fəsiqin — Ey Rəbbim, bizi bu fasiq (həddi aşmış) camaatdan ayır!»
Hər kəs peyğəmbərin sözünə qarşı çıxsa, kafir olar. Lakin həzrət Musa təfsirini yazdığımız ayədə onun sözündən çıxanları kafir deyil, fasiq adlandırır. Bildiyimiz kimi, Bəni-İsrail qövmü Musa peyğəmbərin: «Müqəddəs yerə daxil olun!», — əmrinə qarşı çıxmırdı, onlar belə deyirdilər: qüvvətli, özündən deyən kimsələr həmin yerdən çıxmayanadək biz ora daxil olan deyilik. Onların bu hərəkəti buzova sitayiş etmək kimi kafir olmalarına deyil, fasiq olmalarına səbəb oldu. Ona görə də, Musa peyğəmbər bu ayədə onları fasiq (həddi aşmış) qövm adlandırır.
Bu ayələrdən məlum olur ki, insan din və şəriətin əhkamını icra etməyə bəhanə gətirərsə, fasiq olar. Peyğəmbərin yanında hörmətdən düşər və peyğəmbərlə birlikdə yaşamağa layiq olmaz.
İzzət və cəlal sahibi olan Allah İsrail övladının Musa peyğəmbərin sözündən çıxdıqlarını gördükdə 26-cı ayədə buyurur: «fə innəhə muharramətun aləyhim ərbə`inə sənətən... — müqəddəs torpağa daxil olmaq onlar üçün qırx il müddətinə haram edildi.» Həzrət Musanın qövmünə həmin müqəddəs şəhərə daxil olmaq Mütəal Allah tərəfindən şəri baxımdan haram buyurulmamışdı, istəsəydilər, daxil ola bilərdilər. Əgər o şəhərə daxil olmaq şəri cəhətdən haram edilsəydi, onlara: «müqəddəs torpağa daxil olun», — buyurulmazdı. Amma onlar həzrət Musanın sözündən çıxaraq fasiq olduqlarına görə həmin şəhərə daxil olmaq onlara təkvinən haram buyuruldu, yəni, onlar artıq istəsəydilər də, ora daxil ola bilməzdilər.