1-ci ayə 120-dən
Dinləmək
Əsli
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ  ۚ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الْأَنْعَامِ إِلَّا مَا يُتْلَىٰ عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ  ۗ إِنَّ اللَّهَ يَحْكُمُ مَا يُرِيدُ
Transliterasiya
Y‍‍ā 'Ayyuhā A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍man‍‍ū 'Awfū Bil-`Uq‍‍ū‍‍di 'Uḥillat Laku‍‍m Bahīmatu A‍‍l-'An`‍‍ā‍‍mi 'Illā Mā Yutlá `Alayku‍‍m ġayra Muḥillī A‍‍ṣ-ṣaydi Wa 'A‍‍n‍‍tu‍‍m ḥurumun 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a Yaḥkumu Mā Yu‍‍r‍‍ī‍‍d‍‍u
Mirzə Əli Meşkini
Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzir, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən, Allah istədiyini hökm edir.
Əltafur-Rəhman

Əhdlərinizə vəfa edin! («Maidə» surəsi, ayə:1)

Bu ayədə iki sözün mənasına diqqət etməliyik:
1. «Aufu» kəlməsi; bu söz «vafə», yaxud «aufə» kökündən törəyib «mükəmməl şəkildə vəfa edin!» deməkdir.
2. «Uqud» kəlməsi; bu söz isə «əqd» sözünün cəmi olub mənası bir şeyi digər bir şeylə elə bağlamaq ki, onları bir-birindən ayırmaq olmasın. Bu ayədə həmin kəlmədə məqsəd insanların öz aralarında qərara gəldikləri əhd-peymanlardır. Mütəal Allah buyurur: «Ey iman gətirənlər! Bağladığınız əhd-peymanlara mükəmməl şəkildə vəfa edin!»

Bəzi şəxslər belə güman etmişlər ki, burada əhd-peyman dedikdə məqsəd müsəlmanların öz aralarında olan əhd-peymanlardır. Lakin bir az diqqət etsək, görərik ki, bu, yalnız müsəlmanlar arasında bağlanan əhd-peyman deyil, əslində, bütün insanlar arasında bağlanan əhd-peymanlardır.

Bəzi şəxslər isə belə güman etmişlər ki, müsəlmanlar cahiliyyət dövründə bağladıqları əhd-peymana, yaxud əhli-kitabla bağladıqları əhd peymana vəfa etməməlidirlər. Lakin Mütəal Allah bu ayədə onlara əmr edir ki, «ey möminlər, (istər müsəlmanla, istərsə də qeyrimüsəlmanla) bağladığınız əhd-peymanlara vəfa edin!

Əhd-peyman sözünü yalnız «sülh», yaxud «müharibə»-yə aid etməklə məhdudlaşdırmaq düzgün deyil. Çünki insanların ailə qurması, bir malı alıb satarkən bir-birlərinə («filan vaxt gələrəm» — deyə) verdikləri söz, eləcə də, şirkət və zavodun hansısa malı müştəriyə müəyyən vaxt, müəyyən miqdarda təhvil verəcəyinə dair söz verməsi özü bir növ əhd-peymandır. Amma bunu bilməliyik ki, din və şəriət tərəfindən haram olunan ticarət, iş və birlik haqqındakı əhdi ləğv etmək olar, çünki onlara vəfa etmək caiz deyil.

Əgər bir şəxs bir işin haram olduğunu bilmədən kiminləsə əhd-peyman bağladıqdan sonra həmin işin haram olduğunu bilsə, dərhal həmin əhd-peymanı pozmalıdır, yaxud insan bir işin haram olduğunu bilmədən onu yerinə yetirməyi nəzir və ya əhd etsə, onun nəziri və ya əhdi batildir.

İslamdan öncə ərəb yarımadasında yaşayanlar öz aralarında bəzi əhd-peyman bağlayardılar. Məsələn, onlar əhd-peyman bağlayardılar ki, bir-birinin hüququnu müdafiə etsinlər, onların haqqını mənimsəyən şəxslərlə mübarizə aparsınlar. Mütəal Allah müsəlmanlara buyurur ki, ağıla uyğun olan və şəriətə zidd olmayan bu cür əhd-peymanlarınıza vəfa edin! Yaxud əhli-kitabla, müşriklərlə sülhə dair bağladığınız əhd- peymana və ya cizyə alıb onları himayə etməniz barədəki əhd-peymanlarınıza vəfa edin!

Bu ayənin zahirinə baxdıqda elə başa düşülür ki, Allah təala burada, ümumiyyətlə, əhd-peymanlara vəfa etməyi əmr edir. Lakin diqqət yetirsək, görərik ki, Mütəal Allah həmin ayədə: «yə əyyuhən-nəs — ey insanlar», — deyil, «yə əyyuhəl-ləzinə əmənu aufu bil-uqud — ey iman gətirənlər, əhd peymanlara vəfa edin!», — buyurur. Buradan məlum olur ki, möminlər islamın ilk günlərində Peyğəmbərə iman gətirdikləri vaxt o həzrətlə islam qanunlarını icra etmək barəsində əhd-peyman bağlamışdılar. Sonralar ulu Tanrı onların bəzi əhd-peymanlarını sındırdıqlarını (münafiqlərlə oturub-durmalarını, əhli-kitabla əlaqə saxlayaraq müsəlmanları qoyub onları dost tutmalarını) gördükdə vəfasızlıq göstərməmələrini, əhdlərini pozmamalarını əmr edir.

Şübhəsiz ki, «uqud» sözü cəm olduğu və «əl» artikli ilə işləndiyi üçün bütün əhd-peymanları əhatə edir. Yəni, bütün əhd-peymanlarınıza vəfa edin!

«Bəhimə» sözünün mənası

Bu söz «dörd ayaqlı heyvan» deməkdir. Amma bu ayəyə diqqət etsək, görərik ki, burada «dörd ayaqlı heyvan» dedikdə mal-qara nəzərdə tutulur. Yəni, (Məkkədə) ehramda olmadığınız halda ovladığınız dörd ayaqlı heyvanlar (mal-qara və qarnındakı balası) sizə halal buyurulub. (Sonradan) adları çəkiləcək olanlar isə istisnadır (haramdır). Allah istədiyini (məsləhət olanların halallığını) hökm edər.
Bu cümlədən məlum olur ki, dörd ayaqlı heyvanlardan mal-qaranın (o cümlədən, ceyran və maralın) əti halaldır. Bundan başqaları isə, məsələn, it, pişik, şir, pələng, tülkü, canavar, zürafə, fil və s. dörd ayaqlıların əti haramdır. At və ulağa gəlincə, bunların əti məkruhdur. Bunu da bilməliyik ki, əti halal olan heyvanların təzək və sidiyi pakdır, əti haram olanların nəcis və sidiyi isə pak deyil.

Mal-qaranın halal olması

Məlum olduğu kimi, bəzi ölkələrdə yaşayan insanlar bütün heyvanların (it, pişik, meymun, donuz və s.-in) ətindən istifadə edirlər. Onlar hətta ilan, qurbağa və cürbəcür həşəratları yeməkdən belə çəkinmirlər. Cahiliyət dövründə bəzi insanlar mal-qaranın ölüm səbəbinə əhəmiyyət vermədən (onun özü ölərək murdar olması, yırtıcı heyvanın vurması, uca yerdən yıxılması nəticəsində ölməsinə baxmayaraq) onları yeyirdilər. Müqəddəs islam dininin qayda-qanunlarına əsasən, ümumi heyvanların deyil, mal-qaranın ətindən istifadə etməyə icazə verilir, amma onların yuxarıda qeyd olunmuş səbəblərlə murdar olanlarından istifadə etməyə icazə verilmir və onların yeyilməsi məsləhət bilinmir. Onların ətindən yeməyə yalnız o zaman icazə verilir ki, həmin heyvanlar ruh bədənlərindən çıxmamış şəriət yolu ilə kəsilsin. Bu ona görədir ki, həmin heyvanların ölməsi başlarının kəsilməsi və bədənindəki lazımi qanın çıxması ilə baş vermir. Əti halal heyvanlar yırtıcı heyvanların vasitəsilə yaralandıqda, yaxud uca yerdən yıxıldıqda həmin qan onların bədənlərindən lazımi miqdarda çıxmır. Ona görə də, bunlar yarıcan olduqda insan şəri yolla onların başını kəssə, qan çıxar və ətlərini yemək halal sayılar.

Əmirəl-möminin Əli (ə) buyurub: «İzə ədraktə zəkətəl-mauquzəti va hiyə tuharriku yədən au riclən fəkulhə - Əgər küt alətlə vurulmuş heyvanın (yaxud boğulmuş, uca yerdən yıxılmış, yırtıcı heyvanın vasitəsilə vurulmuş əti halal heyvanın hələ ölmədiyini) əl-ayağını tərpətdiyini görsən, onu („bismillah“ deyərək kəsib) ye!» («Əhkamul- Quran», Əbu Bəkr Muhəmməd ibn Abdullah (İbn Ərəbi, vəfatı:543), c.2, s.540)

Bəzi şəxslər isə heyvanı öldürməyi rəhmsizlik bilərək onların heç birinin ətindən istifadə etmirlər. Təbii ki, hər iki yol ağıl və məntiqdən uzaqdır. Bunu bilməliyik ki, rəhmli olmaq hər yerdə bəyənilmir. Əksinə, bəzən rəhmsizlik xeyirli nəticə verir. Mütəal Allah buyurur: Muhammədun rəsulullah val-ləzinə mə`ahu əşiddəu aləl-kuffəri ruhaməu bəynəhum — Muhəmməd Allahın Rəsuludur, onunla olan möminlər kafirlərə qarşı sərt, öz aralarında (möminlərə isə) rəhmlidirlər («Fəth» surəsi, ayə:29)

Şübhəsiz ki, insan kafirlərə qarşı sərt olmasa, onlar insanı məhv edərlər. Mal-qaraya rəhm etmək o demək deyil ki, insan onları şəri yolla kəsərək istifadə etməsin. Çünki onlar istər-istəməz bir müddət sonra xəstəlik, qocalıq və s. səbəblərdən vucudlarından istifadə olunmadan fani olub gedəcəklər. Aləmləri yaradan Rəbbimiz kainatı elə nizamlamışdır ki, həyatda hər bir varlıq digərindən istifadə etməklə yaşayır. Məsələn, quşlar dən yeyərək yaşayırlar. Onların belə qidalanması dənin istifadəsiz qalmasının, yaxud tələf olaraq aradan getməsinin qarşısını alır. Həmin dən canlı bir varlığın bədənində ətə-qana çevrilir. Səhralardakı bitkilərdən mal-qaranın istifadə etməsi mal-qaranın qüvvətlənməsinə, südünün və ətinin çoxalmasına, həmin bitkilərin isə qalıb xəzəl olmaq əvəzinə hansısa bir xeyrə çevrilmələrinə səbəb olur. İnsan halal buyurulmuş heyvanların ətindən istifadə etməsə, onlar bir müddət sonra ömürləri fani olaraq aradan gedərlər. Amma insanın onlardan istifadə etməsi həm insan üçün qida hesab olunur, həm də heyvanların faydasız yerə yaşayıb tələf olmalarının qarşısını alır. Ağaclarda olan ətirli və dadlı meyvələrdən istifadə olunmasa, onlar bir müddət sonra çürüyərək aradan gedərlər. İnsanın həmin meyvələrdən istifadə etməsi, yaxud bıçaqla kəsib doğraması onlara qarşı rəhmsizlik deyil. Əslində, bu iş onların kamala çatmasına — insan bədininin bir hissəsi olmasına səbəb olur. Əhil heyvanların (mal-qara, toyuq və s.) ətindən istifadə etmək də onlara qarşı rəhmsizlik deyil, bu, onları qocalaraq lazımsız hala düşməkdən qurtarır, həm də insanın ondan faydalanaraq qüvvətlənməsinə səbəb olur.

Gördüyünüz kimi, həyatda «təbdil və təbəddül (bir şeyin başqasına çevrilməsi, yaxud zəifin güclənməsi)» adlanan bir qanun vardır. Mütəal Allah mövcudatı bu vasitə ilə, çevrilmə qanunu ilə kamala çatdırır. Allah təala əti halal heyvanların kəsilməsi zamanı «bismillah» deməklə yanaşı, onların iti bıcaqla kəsilməsini, kəsildikdən sonra azad buraxılaraq rahat can vermələrinə zəmin yaradılmasını əmr edir ki, onlar əziyyət çəkməsinlər. Bunların ətindən heç istifadə etməyənlər isə fitri qanunlara qarşı çıxırlar. Əgər həmin heyvanların ətindən istifadə etmək məsləhət olmasaydı, aləmləri yaradan Rəbbimiz heç vaxt buna icazə verməzdi. Bunu da bilməliyik ki, insana heyvanların bir çoxunun ətindən qidalanmaq məsləhət deyil. Ona görə də, Mütəal Allah onu qadağan etmişdir. Halal buyurulan heyvanlar kəsilərək yeyilsə də, bu, onların nəsillərinin azalıb tamamilə yoxa çıxmasına səbəb olmur. Həmin heyvanlardan nə qədər istifadə olunsa da, onlar Allah təala tərəfindən bərəkətli qərar verildikləri üçün azalmırlar. Lakin əti haram buyurulan heyvanlarda bu cür bərəkət yoxdur. Ətinə, dərisinə, yaxud sümüyünə görə ovlanan bəzi heyvanların nəsli o qədər azalmışdır ki, dövlət, yaxud xeyriyyə cəmiyyətləri tərəfindən xüsusi qoruqlar yaradılaraq onların tamamilə aradan getmələrinin qarşısı alınır.

Bir sözlə, əbədi yaşamaq və daimilik Allaha məxsusdur. Mövcudat bir-birindən istifadə etməklə yaşayır. Bitkilər torpaq və sudan, heyvanlar və quşlar bitkilərdən, insanlar isə həm heyvanlardan və quşlardan, həm də bitkilərdən istifadə edirlər. Sonda isə insanın özü torpaqda dəfn olunmaqla sanki onu da torpaq yeyir. Bu minvalla həyat davam edirlər.

Bəzi şəxslər ət yeyilən evin Allahın qəzəbinə düçar olduğunu güman edirlər və buna dair hədis də nəql edirlər ki, islam peyğəmbəri (s.ə.a. s) buyurub: «İnnəllahə yubğizul-bəytəl-ləhm — Allah ət yeyilən evə qəzəblənər». Lakin onlar bu hədisin mənasını düzgün başa düşməmişlər.

Ali-Samın azad olunmuş qulu Əbdüləla deyir: «İmam Sadiqə (ə) ərz etdim: bizim qəbilə arasında məşhurdur ki, Peyğəmbər (s.ə.a. s) buyurub: Allah ət yeyilən evə qəzəblənər.

İmam (ə) buyurdu: kəzibu, innəmə qalə Rasulullah (s) əl-bəytəl- ləzi yəğtəbunə fihin-nəsə va yə`kulunə luhuməhum — onlar yalan danışırlar (hədisi düzgün başa düşmədikləri üçün o həzrətə iftira atırlar).
Peyğəmbərin bu ifadədə nəzərdə tutduğu camaatın qeybəti edilməklə onların ətinin yeyildiyi evlərdir. (Necə ki, „Hucurat“ surəsi 12-ci ayədə buyurulur: „Yə əyyhuəl-ləzinə əmənu va lə yəğtəb bə`zukum bə`-
zan, ə yuhibbu əhadukum ən yə`kulə ləhmə əxihi məytən fəkərihtumuh?... — Ey iman gətirənlər, ... bir-birinizin qeybətini etməyin! Məgər siz istəyərmisiniz ki, (din) qardaşınızın ətini yeyəsiniz (onu ləkələyəsiniz)?“ Allah qeybət olunan evləri sevməz.)
Sonra imam Sadiq (ə) sözünün davamında buyurdu: mənim atam (imam Baqir əleyhissalam) əti xoşlardı. Hətta dünyasını dəyişdikdə anamın sandığında o həzrətin ət üçün ayırdığı 30 dirhəmi var idi.» («əl-Kafi», c.6, s.308, bab: «fəzlul-ləhm», hədis:5; «Zubdətul-bəyan», Müqəddəs Ərdəbili, s.635)

Bu mətləb digər bir şəkildə də nəql olunmuşdur: «Osman ibn İsa adlı şəxs Məsmə Əbu Səyyardan rəvayət edir ki, bir kişi imam Sadiqə (ə) ərz etdi: bizdən əvvəlkilər rəvayət edirlər ki, izzət və cəlal sahibi olan Allah ət yeyilən evə qəzəbli olar.

İmam (ə) buyurdu: sadəqu va ləysə haysu zəhəbu, innəllahə azzə va cəllə yubğizul-bəytəl-ləzi tu`kəlu fihi luhumun-nəs — onlar doğru deyirlər (Allah ət yeyilən evə qəzəblənər). Amma bu sözün mənasını düzgün başa düşməmişlər. İzzət və cəlal sahibi olan Allah (halal ət yeyilən evlərə deyil) camaatın əti yeyilən (qeybəti olunan) evə qəzəb edər.» («əl-Kafi», c.6, s.309, bab: «fəzlul-ləhm», hədis:6)

«Maidə» surəsinin ilk ayəsinə diqqət etsək, görərik ki, insan ehram halında olduqda əti halal olan heyvanları ovlaya bilməz. Ovlasa da, həmin heyvanın ətini yemək ona haramdır. Sual meydana çıxa bilər: Məkkədə o isti havada, səhrada həmin heyvanlar mövcud olmur ki, onu ehram bağlayan şəxs ovlasın. Cavab olaraq qeyd etməliyəm ki, evdə, yaxud miqatlarda ehram bağlayıb yola çıxan şəxs Məkkəyə gedən yolda əti halal olan heyvanlara rast gələ bilər, amma o, ehram bağladığı üçün bu işdən çəkinməlidir.

Bundan əlavə, həcc mövsümü həmişə yay aylarına düşmür, fəsillər dəyişdikdə bu mövsüm payız və qış aylarına da təsadüf edir. Həmin vaxtlarda isə səhrada əti halal olan dörd ayaqlılara rast gəlmək olar. Ona görə də, ehram bağlamış şəxs ov etməməlidir.

Əbu Qütadə əl-Haris ibn Rib`i əl-Ənsari deyir: «Biz Məkkə ilə Mədinə arasında Peyğəmbərlə birlikdə Məkkəyə gedirdik. Məndən fərqli olaraq hamı ehram bağlamışdı. Öz atıma minib onlarla birlikdə yol gedirdim. Mən hərdən dağların, təpələrin üstünə çıxırdım. Bir də baxdım ki, camaat nəyəsə tamaşa edir. Yaxınlaşdıqda gördüm ki, onların müşahidə etdikləri çol ulağıdır. Onlara dedim: qamçımı verin, mən bu ulağı ovlayım. Onlar dedilər: biz bunu edə bilmərik, çünki ehram halındayıq. Mən atdan düşüb qamçımı götürdüm və həmin heyvanın izinə düşərək ovlayıb onların yanına gətirdim. Onlar dedilər: biz buna əl vura bilmərik, çünki ehram halındayıq. Mən onu tək daşıyaraq bişirib bunlara gətirdikdə bəzisi həmin ətdən yedilər, bəzisi isə yemədilər. Mən də onlara dedim: eybi yox, bunu Peyğəmbərdən soruşaram. Mən Peyğəmbərin hüzuruna gəlib həmin hadisəni o həzrətə ərz etdikdə o buyurdu: ə bəqiyə minhu şəy`un? — onun ətindən nə isə bir şey qalmışdırmı? Dedim: bəli, qalmışdır? Peyğəmbər buyurdu: onu yeyin, o bir təamdır ki, Allah onu sizə əta etmişdir.»

Gördüyünüz kimi, Məkkə yolunda belə bir heyvana rast gəlmək mümkündür, ona görə də, Mütəal Allah onu ehram halında olanlara haram buyurub. Bu rəvayətdən belə məlum olur ki, ehram bağlayanlar özləri ov edə bilməsələr də, ehram bağlamamış şəxslərin ov etdiyi heyvanın ətindən yeyə bilərlər. Lakin digər rəvayətlərə əsasən, hacılar gərək başqalarının ovladığı heyvanların da ətini yeməsinlər. Bu haqda imam Sadiq (ə) buyurub: «Lə təstəhillənnə şəy`ən minəs-saydi va əntə haramun va lə əntə haləlun fil-harami... — İstər ehram halında, istərsə də ehramsız halda Məkkədə olarkən ov edilmiş heyvandan heç bir şeyi özün üçün halal bilmə (ondan istifadə etmə)! Hətta orada olduğun müddətdə kiməsə ov etməyə belə kömək etmə! Hər kəs bu işi bilərək görsə, kəffarə olaraq bir qurban kəsməlidir.» («əl-Mu`təmədu fi şərhil-mənəsik», c.28, s.278, məsələ:201-in şərhində qeyd olunmuş hədis)

Digər bir hədisdə imam Sadiq (ə) buyurur: «Ovçunun ehram halında olub-olmamasından asılı olmayaraq sən ehram halında olduqda ov edilmiş heyvanın ətindən yemə!»

Burada imam Sadiqin (ə) hədisinə üstünlük verilməsinin səbəbi Peyğəmbərdən nəql olunan hədisin xəbəri-vahid olmasıdır, yəni, həmin hədisi yalnız Əbu Qütadə əl-Haris ibn Rib`i əl-Ənsari nəql etmişdir. Lakin imam Sadiqdən (ə) nəql olunmuş hədisin birincisi 8 nəfərin vasitəsilə, ikincisi isə 3 nəfərin vasitəsilə nəql edilmişdir. Yəni, imam Sadiqdən (ə) nəql olunmuş hədis xəbəri-vahid olmadığı üçün mötəbər sayılır.

Haram qidaların insan bədənində mənfi təsiri

Mərhum Əyyaşi Muhəmməd ibn Abdullahdan, o da dostlarının birindən rəvayət edir ki, o dedi: «Mən imam Sadiqə (ə) ərz etdim: Sənə fəda olum, Allah nə üçün murdar olmuş heyvanın ətini, qanı və donuz ətini haram etmişdir? İmam (ə) buyurdu: Allah təbarək və təala heç vaxt sevdiyi bəzi şeyləri camaata haram buyurub, istəmədiklərini halal etməz (yəni, Allah: „Mənim bunlardan xoşum gəlir deyə onları sizə verməmək üçün haram edirəm, bunları isə xoşlamıram, ona görə də, siz istifadə edin, halal edirəm“, — deməz). Lakin O, insanları yaradaraq onların bədənlərinə lazım və faydalı olan qidaları halal etməklə minnət qoydu. Çünki bunun onlara xeyri var. Onlara zərəri olan qidaları isə haram etdi. Yalnız zərurət halında həlak olmamaqdan ötrü onlardan az miqdarda, məhdud bir vaxtda istifadə etməyi istisna etdi.

Sonra o həzrət sözünə davam edərək buyurdu: Murdar olmuş heyvanın haram buyurulmasına səbəb ondan yeyən şəxsin bədəninin zəifləməsi, cisminin aradan getməsi, bədəninin qüvvəsinin azalması və nəslinin kəsilməsidir. Bununla qidalanan şəxs ölüm əlaməti olmadığı halda, gözlənilmədən, qəfil ölər.

Qanın haram edilməsinin səbəbi onun insanı qan tökməyə həris etməsi, qəlbinin qaralması, insanın mehribanlıq və rəhm hissini azaltmasıdır. Qan içən şəxsə etibar etmək olmaz. Çünki o, qəlbi qəsavət bağladığına (qaraldığına) görə gözlənmədiyi halda övladını, valideynini, yaxın qohumunu və dostunu qətlə yetirər.»

Donuz ətinin haram olmasının səbəbi Allah təalanın bəzi qövmləri kafir və nankor olduqlarına görə məsx etməsi və donuzun həmin məsx olunmuş qövmə bənzəməsidir. Sonra Allah onların misli olan heyvanların ətini haram edib ki, camaat həmin heyvanların ətindən istifadə etməsin və məsx edilərək həmin heyvanların mislinə çevrilən kafirlərin əzabını yüngül saymasın.

İçkinin haram olmasına səbəb isə ondan içildikdə fitnə-fəsad törədilməsidir.

İmam (ə) sözünə davam edərək buyurdu: «İnnə mudminəl-xamri kə abidi vasənin — Həqiqətən də, içki içməyə davam edən, ona son qoymayan kəs bütə sitayiş edən şəxs kimidir. İçki içən şəxsin bədənində qabarma yaranar, üzünün nuru gedər və o, haqla batili bir-birindən ayıra bilməz. Bu cür şəxsin mürüvvəti də aradan gedər, belə ki, o, öz qohumlarının qanını tökməyə hazır olar, zina edər. Belə bir şəxsin içkili halda ağıldan məhrum olduğu üçün hətta öz məhrəmləri ilə zina etməyəcəyinə belə etibar yoxdur. İçki insanı şər işlərdən başqa bir şeyə sövq etməz.» («Təfsiri-Əyyaşi», c.1, s.319-320, hədis:20; «əl- Bürhan», c.1, s.434; «İləluş-şəraye», s.483, bab:237, hədis:1)

«Hurum» sözünün mənası

Ayədə zikr olunan «hurum» sözü «muhrimunə - ehram bağlayanlar» mənasını daşıyır. Belə olduğu təqdirdə, «va əntum hurum» ifadəsi «siz ehram bağlayanlar (yəni, ehramda) olduğunuz halda» deməkdir.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi