- Dinləmək
-
-
Əsli
-
لِّلرِّجَالِ نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَلِلنِّسَاءِ نَصِيبٌ مِّمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ ۚ نَصِيبًا مَّفْرُوضًا
-
Transliterasiya
-
Lilrrijāli Naṣībun Mimmā Taraka Al-Wālidāni Wa Al-'Aqrabūna Wa Lilnnisā'i Naṣībun Mimmā Taraka Al-Wālidāni Wa Al-'Aqrabūna Mimmā Qalla Minhu 'Aw Kaṯura Naṣībāan Mafrūḍāan
-
Mirzə Əli Meşkini
-
Kişilərin ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. Qadınların da ata, ana və yaxın qohumlarının qoyub getdiklərində payları vardır. (Mal istər) az olsun, ya çox, müəyyən və vacib bir pay(dır). (Belə bir hökmün olması ağıl baxımından lazım və gərəklidir, onun miqdarı və necəliyi isə hər bir şəriətə uyğun surətdə vacibdir).
-
Əltafur-Rəhman
-
Cahiliyyət adət-ənənələrinə əsasən miras bölgüsü (ayə:7)
Bu surənin ilk ayəsinin təfsirində qeyd etdiyimiz kimi, tarixi mənbələrə əsasən, cahiliyyət dövründə yaşayan ərəblər dünyasını dəyişən şəxsin malını irs olaraq qadınlara, qızlara və kiçik oğlan uşaqlarına deyil, vəfat edənin qohumlarından yalnız tayfanı himayə edə bilən və müharibədə döyüşə bilən şücaətli kişilərə verirdilər.
Mütəal Allah bu ayədə onların həmin adət-ənənələrinə son qoyaraq buyurur: «Vəfat edən şəxsin malında kişilərin payı vardır (istər onlar uşaq olsunlar, istərsə böyük, istər sağlam, döyüş bacarıqlı olsunlar, istərsə də əlil). Xanımların da həmin malda payları vardır (onlar da istər uşaq olsunlar, istərsə böyük, istər subay olsunlar, istərsə də evli). Vəfat edən kimsədən irs qalan mal istər az olsun, istərsə də çox, həmin şəxslər arasında bölünməlidir.»
«Fərz» ilə «vacib» kəlmələrinin məna fərqi
Ayənin sonunda işlənən «məfruzan» sözü «fərz» kəlməsindən törəyib «vacib» deməkdir. Ata-ana və qohumlar dünyasını dəyişdikdə kişilərə və qadınlara düşən pay fərz edilmişdir (vacib buyurulmuşdur). «Fərz» ilə «vacib» sözləri arasında incə bir fərq vardır. Məsələn, gündəlik namazlara «fərizə» deyilir. Bu kəlmə Mütəal Allah tərəfindən əmr olunmuş əməllərə deyilir. «Vacib» isə səbəbi ortaya çıxdıqda insanın öhdəsinə düşür. Məsələn, məscidin bir yeri (xalçası) nəcis olduqda vacib olar ki, insan oranı suya çəksin. Həmin yerin nəcis olması səbəb olur ki, insana oranı yumaq vacib olsun. Mal-sərvət xüms və zəkat miqdarına çatdıqda insana onu ödəmək vacib olur. Əgər həmin mərhələyə çatmayıbsa, mal sahibinə bir şey vacib deyildir. İnsanın var-dövləti həcc səfərinə getmək mərhələsinə çatdıqda ona həccə getmək vacib olur. Lakin namaz qılmaq, meyitdən qalan malı övlad və digər qohumlar arasında bölmək fərz buyurulub. Yəni, hər bir insana yazılıb, əmr olunub ki, gündəlik namazlarını qılsın və dünyasını dəyişən şəxsin malını təyin olunmuş qayda üzrə bölsün. Fərz olan əhkam saqit olmaz (həmin hökm qüvvədən düşməz). Vacib əhkam isə bəzi yerlərdə saqit olar. Məsələn, yuxarıda qeyd etdiyimiz kimi, məscidin nəcis olan yerini suya çəkmək, meyitə qüsl verib ona namaz qılmaq və cihad etmək müəyyən şəxslərin bu işi görməsilə digər insanların öhdəsindən düşər. Amma gündəlik namazları qılmaq, oruc tutmaq və irs aparmaq kimi fərizə adlanan bəzi əməllər başqalarının yerinə yetirməsi ilə insanın öhdəsindən götürülməz. Yəni, hər kəs bu əməlləri şəxsən özü yerinə yetirməlidir.
Bir sözlə, «fərz» sözü dəyişikliyə məruz qalmayan vacib əmələ deyilir. Həmin əməllərdən biri də irs məsələsidir. Onun bölünməsi və kimlərə nə qədər payın çatması vəfat edən şəxsin vərəsələrinin oğlan və ya qız, uşaq, yaxud böyük, varlı, yaxud da kasıb olmasından asılı olmayaraq dəyişməz və sabit bir hökmdür.
İki söz arasındakı digər bir fərq budur ki, bir əməlin fərz olması üçün onun əmr olunması lazımdır. Bir çox vacib əməllər isə əmr olunmadan, səbəbi ortaya çıxmaqla vacib olar. Məsələn, biz deyə bilmərik: Allaha fərzdir ki, möminləri cənnətə aparsın. Çünki heç kəs bunu Allaha əmr edə bilməz. Amma: «Allaha iman əhlini cənnətə aparması vacibdir», — deyə bilərik. İman əhli təqva və saleh əməllər büruzə verdiyi üçün Allah onları cənnətə aparmalıdır. Çünki bunu Özü vəd etmişdir.