5-ci ayə 176-dən
Dinləmək
Əsli
وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللَّهُ لَكُمْ قِيَامًا وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُوا لَهُمْ قَوْلًا مَّعْرُوفًا
Transliterasiya
‌Wa Lā Tu'utū A‍‍s-Sufah‍‍ā‍‍'a 'A‍‍m‍‍wālakumu A‍‍llatī Ja`ala A‍‍l-Lah‍‍u Laku‍‍m Qiyāmāa‍‍n Wa A‍‍rzuqūhu‍‍m Fīhā Wa A‍‍ksūhu‍‍m Wa Qūlū Lahu‍‍m Qawlāa‍‍n Ma`rūfā‍‍an
Mirzə Əli Meşkini
Allahın sizin (yaşayışınız) üçün dayaq etdiyi mallarınızı (və yetimlərin mallarını), səfehlərə (və az yaşlı yetimlərin özlərinə) verməyin. Onlara həmin malın gəlirindən ruzi verin, onları geyindirin və onlarla layiqli bir tərzdə danışın.
Əltafur-Rəhman

«Səfeh» sözünün digər mənaları (ayə:5)

Uca Rəbbimiz bu mübarək ayədə ümumi kişilərə xitab edərək bu- yurur: «Mallarınızı səfehlərə verməyin!» Ayədəki «sufəhə (səfehlər)» sözü barəsində müxtəlif fikirlər səslənmişdir. Bəzi rəvayətlərə əsasən, «səfehlər» sözündə məqsədin xanımlar, içki içənlər və uşaqlar olduğu qeyd olunmuşdur. Təbii ki, bunların səfeh adlanması pulun qədrini bilməmələrinə, onu xərcləməyi bacarmadıqlarına görədir. İçki içən şəxs müvəqqəti aldığı həzzə görə məsuliyyətsizliyə yol verərək ailə və övladının gələcək ehtiyaclarını unudur. Xanımlara gəlincə, bu kəlmənin onlar haqqında işlənməsinə səbəb onların da əksəriyyətinin pul xərcləməkdə diqqətli olmamalarıdır. Belə ki, dükan və bazara daxil olduqda bir şey almadan oranı tərk etməzlər. Yaxud paltarın rəngini bəyənib onun materialının keyfiyyətinə çox da diqqət yetirmirlər. Yaxud cəmiyyətdəki hiyləgər insanlar onların əlindəki malı, yaxud pulu asanlıqla ala bilərlər. Uşaqlar isə məlum olduğu kimi, ağılları kamala çatmadığı üçün pulu hara və nə qədər xərcləyəcəklərini bilməz, yaxud onu qorumaqda diqqət etməzlər. Ona görə də, bəzi rəvayətlərə əsasən, insan mal-sərvətini içki içənlərə, qadınlara və uşaqlara tapşırmamalıdır. Hətta həmin mal onların özünə məxsus olsa da, insan gərək onların həmin malı necə xərclədiklərinə nəzarət etsin.

Həmmad imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurdu: «Mən müəyyən bir pulu ticarət üçün Yəmənə gedən bir şəxsə tapşırmaq istəyirdim. Atam imam Baqirin (ə) hüzuruna gələrək bu işi o həzrətə söylədim. O həzrət buyurdu: eşitməmisənmi ki, o içki içəndir? Ərz etdim: bəli, bunu bəzi möminlərdən eşitmişəm. Atam buyurdu:
sən onların sözünə inan! Çünki Mütəal Allah buyurur: iman əhli Allaha inandığı kimi möminlərə də inanaraq onları təsdiq edər. Sonra atam sözünə davam edərək buyurdu: sən əgər malını ona tapşırsan, o mal həmin şəxsin əlində itsə və ya zay olsa, Mütəal Allah malının itməsinə görə sənə heç bir əcr verməz və onun yerini də doldurmaz. Dedim: nə üçün bu belədir? O həzrət buyurdu: buna görə ki, Allah təala buyurur: va lə tu`tus-sufəhə`ə əmvaləkum əl-ləti cə`aləllahu ləkum qiyəmən...
Fə həl səfihun əsfəhu min şəribil-xamr? İnnəl-abdə lə yəzəlu fi fushatin min Rabbihi mə ləm yəşrabil-xamr. Fə izə şəribəhə xaraqallahu aləyhi sirbələhu... fəyəsuquhu ilə kulli şərrin va yəsrifuhu an kulli xayr — İçki içəndən daha səfeh bir şəxs vardırmı? Allaha bəndəlik edən şəxs içki içməyənədək Rəbbinin bəxşiş və rəhmətindən faydalanar. Onu içdikdə isə Mütəal Allah həmin şəxsin həya libasını əynindən çıxarar (içki içən şəxs üçün bundan daha artıq zərər və xəsarət nə ola bilər?)... və içki içmək onu bütün şər işlərə sövq edərək xeyir əməllərdən saxlayar.» («Təfsiri-Əyyaşi», c.1, s.246, hədis:21; «əl-Bürhan», c.1, s.342)

Digər bir hədisdə Yunis ibn Yaqub imam Sadiqdən (ə) «va lə tu`tus-sufəhə`ə əmvaləkum — mallarınızı səfehlərə verməyin» ayəsində səfehlərin kim olduğunu soruşduqda o həzrət buyurub: «Mallarınızı etibar etmədiyiniz kimsələrə verməyin (hətta hər adama da etibar etməyin)!» («Təfsiri-Əyyaşi», c.1, s.245, hədis:20; «əl-Bürhan», c.1, s.341)

Əli ibn İbrahim mötəbər sənədlərlə Əbu Bəsirdən, o da imam Sadiqdən (ə), o da Peyğəmbərdən (s.ə.a. s) rəvayət edir ki, o həzrət buyurub: «Şəribul-xamri lə tusaddiquhu izə haddəsə... va lə tə`təminuhu alə əmənətin. Fəməni`təmənəhu alə əmənətin fəəhləkəhə fə ləysə aləllahi ən yuxlifə aləyhə va lə ən yu`cirahu aləyhə. Liənnəllahə yəqul: va lə tu`tus-sufəhəə əmvaləkum. Va əyyu səfihin əsfəhu min şəribil-xamr? — İçki içənin dediyi sözlərə inanmayın Etibar edərək ona
bir malı əmanət tapşırmayın. Hər kəs bir malı ona etibar etsə və həmin mal onun əlində tələf olsa, Mütəal Allah onun yerini doldurmaz, zərərçəkənə də savab yazmaz. Çünki Allah buyurur: mallarınızı səfehlərə verməyin. İçki içəndən də səfeh şəxs kim ola bilər?» («Məvahibur-Rəhman», c.7, s.248; «Təfsiri-Qummi», sözügedən ayənin təfsirində)

Şübhəsiz ki, bu hədislərdə günah edənlərdən ağlını itirən şəxslərin birincisinə (içki içən şəxslərə) toxunulmuşdur. Digər rəvayətlərə əsasən, qumar oynayanlar, narkotik vasitələrə qurşananlar, oğurluq edənlər, rüşvətxorluqla məşğul olanlar əqlin səsini dinləsələr, heç vaxt o yolu tutmazlar. Bunlar da səfehlərin bir qismi hesab olunurlar. Çünki heç bir ağıl sahibi halal yolu qoyub qumar, rüşvət və oğurluq vasitəsi ilə pul əldə etməz. Yaxud Allahın buyurduğu hidayət yolunu qoyaraq narkomanlıqla məşğul olmaz.

Bunların səfeh adlanmasına səbəb ağıldan uzaqlaşıb günah etmələridir. Çünki Almaniya, Fransa, İngiltərə kimi müxtəlif Avropa ölkələrində içki içən bəzi şəxslər vardır ki, camaatla haqq-hesabda və əmanətdarlıqda bir çox insandan daha dəqiqdirlər. Lakin Allaha gəldikdə onlar əllərindəki sərmayəni (ömürlərini), onlara əmanət verilmiş can və malı dünyanın müvəqqəti ləzzətlərinə sərf edirlər. Ona görə bu cür şəxslərə də səfeh — haqq yoldan uzaq düşən, həqiqətdən qafil olan, bilərəkdən günah və xətaya yol verən kimsə deyilir.

Mütəal Allah bu ayədə «səfehlərə mallarınızı verməyin!» deməklə onların öz malını özlərinə verməməyi nəzərdə tutmuşdur. Necə ki, yetimlərin mallarını qoruyub saxlamağa izn verilib, eləcə də, sizə belə şəxslərin də mallarını qoruyaraq onun qazanc və faydalarından onlara verməyə və həmin puldan onlar üçün lazımi əşyalar alaraq onlarla bəyənilmiş şəkildə danışmağa icazə verilib. Ona görə də, bu ayədə «minhə» əvəzinə «fihə» sözü işlənmişdir. Əgər «minhə» buyurulsaydı, həmin malların özündən xərclənməli olardı və onlar xərcləndikcə qurtarardı. Amma «fihə» kəlməsi işlənməklə həmin malın özünü deyil, onun qazancından xərclənməsi nəzərdə tutulur. Yəni, Mütəal Allah onların mallarının aradan getməməsini istəmişdir.

Yetimləri öhdələrinə götürənlər bilməlidirlər ki, onların valideynlərindən qalan mal-sərvətləri bir neçə qismə bölünür:
1. Nəqd pul, qızıl-gümüş;
2. Ev, dükan;
3. Əkin yeri və s.

Bu mallar satılıb öz sahiblərinə (yetimlərə) birbaşa xərclənməməlidir. Yetimləri öhdələrinə götürən şəxslər həmin malları münasib yerlərdə istifadə etməklə, məsələn, həmin pulla ticarət etmək, ev və dükanlarını icarəyə vermək və əkin yerlərinin məhsulunu satmaqla əldə olunan gəlirdən onlara xərcləməlidirlər.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi