4-ci ayə 176-dən
Dinləmək
Əsli
وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً  ۚ فَإِن طِبْنَ لَكُمْ عَن شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَّرِيئًا
Transliterasiya
‌Wa '‍‍Ā‍‍tū A‍‍n‍‍-Nis‍‍ā‍‍' ṣaduqātihi‍‍nn‍‍a Niḥlata‍‍n Fa'i‍‍n ṭi‍‍b‍‍na Laku‍‍m `A‍‍n šay'i‍‍n Minhu Nafsāa‍‍n Fakul‍‍ū‍‍h‍‍u Han‍‍ī‍‍'‍‍ā‍‍a‍‍n Ma‍‍r‍‍ī‍‍'‍‍ā‍‍an
Mirzə Əli Meşkini
Və qadınların mehrlərini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin (hərçənd ki, bu, sizin boynunuzda bir vacib, onlar üçün isə ilahi bir bəxşişdir). Əgər onlar könül xoşluğu ilə ondan sizə bir şey bağışlasalar, onu nuş və ləzzətlə xərcləyin.
Əltafur-Rəhman

Mehriyyənin əhəmiyyəti (ayə:4)

Mütəal Allah bu ayədə ailə quran kişilərə əmr edir ki, xanımlarının mehriyyələrini versinlər. Bu mehriyyə Mütəal Allah tərəfindən xanımlar üçün ayrılmış bir paydır. Yetimlərin malını mənimsəmək haram olduğu kimi qadınların da mehriyyəsini mənimsəyərək verməmək haramdır. Yetimlərin malını yemək insanı oda tərəf apardığı kimi xanımların da mallarını verməmək insanı cəhənnəm əhli edər. Amma əgər xanımlar öz istəkləri ilə həmin mehriyyənin bir miqdarını və ya hamısını həyat yoldaşlarına bağışlasalar, kişinin ondan istifadə etməsinə icazə verilmişdir.

Burada diqqətinizi bir mətləbə cəlb etmək istəyirəm. Gördüyünüz kimi, Mütəal Allah bundan əvvəlki ayələrdə yetimlər haqqında danışaraq onları öhdələrinə götürən kimsələrə tapşırır. Bu ayədə isə xanımları həyat yoldaşlarına tapşırır. Çünki bəzi rəvayətlərə, eləcə də, lüğət kitablarına əsasən, qadınlar da yetim hesab olunurlar. Bunlar da ailə qurduqda ata-anadan, bacı-qardaşdan ayrılıb təzə köçdükləri evdə tək qalırlar. Bəzi kəmfürsət insanlar atasız, yaxud ata-anasız qalmış yetimlərin malını yedikləri kimi ola bilər ki, ər evində tək qalmış xanımların da mehriyyəsini mənimsəyərək verməsinlər. Ona görə də, Mütəal Allah: «Va ətul-yətəmə əmvaləhum — Yetimlərin mallarını özlərinə verin!», — buyuraraq yetimləri tapşırdığı kimi bu mübarək ayədə də: «Va ətun-nisə`ə saduqatihinnə - Xanımların mehriyyələrini verin!», — buyurmaqla onları həyat yoldaşlarına tapşırır.

Bu ayənin sonunda işlənən iki sözün («həniən», «məriən» ifadəsinin) mənasına diqqət yetirilməlidir. Bunların birincisi yeməkdə, ikincisi isə içilən nemətlərdə işlənir. Hər iki sözü deməkdə məqsəd həmin qidanın «nuşcan olması»-dır. Belə ki, insan bir yemək (xörək, meyvə və s.) yedikdə ona: «həniən — nuş olsun!», — deyilir. Su və digər halal mayeləri içdikdə eyni mənanı verən: «məriən», — kəlməsi işlənir. Əgər ayədə «məriən» sözü işlənməsəydi, belə güman olunardı ki, kişi aldığı pulu yalnız yeyiləcək qidalarda istifadə edə bilər. Bundan əlavə, burada işlənən «fəkuluhu — yeyin!» ifadəsi yalnız qidalara deyil, digər əşyalara da şamil edilir. Çünki insanın yeməyə ehtiyacı olduğu kimi onun başının papağa, ayağının coraba, əyninin paltara ehtiyacı vardır (yəni, bunların hamısı insan bədəninə qida hesab olunur). Əvvəlki ayədə «yetimlərin mallarını yeməyin!» cümləsində də məqsəd təkcə yemək barəsində deyil, onların ümumi şəkildə istifadəsinin haram olmasıdır.

Kişilərin xanımlara verdikləri mehriyyə halal yolla əldə edilmiş pulla ödənməlidir. Çünki oğurluq, rüşvət, qumar və s. haram yollarla əldə olunmuş pul ilə su alıb, yaxud su pulunu ödəyib qüsl və dəstəmaz almaq düzgün olmadığı kimi o pulla xanımların mehriyyəsini vermək də düzgün deyildir.

Mərhum Məclisi, həmçinin Mirzə Hüseyn Nuri mötəbər sənədlərlə imam Museyi-Kazımdan (ə) nəql etmişlər ki, o həzrət buyurub: «... Muhuru nisə`inə va haccu saruratinə va əkfənu mautənə min tuhrati əmvalinə - Bizim qadınlarımızın mehriyyəsi, vacib həcc ziyarətimizin pulu və vəfat edənlərimizin kəfənləri gərək pak və halal malımızdan olsun.» («Biharul-ənvar», c.48, s.234, c.78, s.330; «Mustədrəkul- vəsail», c.2, s.231)

Əgər bir kişi xanımının mehriyyəsini haram pulla verərsə, sanki, o, pulu ödəməmiş, yaxud onun xanımının meyriyyə pulunu başqaları ödəmişlər. Hansı qeyrətli kişi razı olar ki, onun ailə qurduğu xanımın mehriyyəsini başqa kişilər ödəsin?

İnsanın həyat yoldaşının mehriyyəsi o qədər halal olmalıdır ki, əgər xanım onun bir miqdarını yoldaşına bağışlasa, o pul kişi üçün şəfa və bərəkət mənbəyinə çevrilsin.

Abdullah ibn Qədah, həmçinin Həmran imam Sadiqdən (ə) rəvayət etmişlər ki, o həzrət buyurub: «İştəkə raculun ilə Əmiril-mu`mininə (ə) fəqalə ləhu: səl min imraətikə dirhəmən min sadəqihə fəştəri bihi asələn fəşrabhu bimə`is-səmə` Bir kişi əmirəl-möminin Əlinin (ə)
hüzuruna gələrək öz xəstəliyindən (qarın ağrısından) şikayət edib ona çarə etməsini dilədi. O həzrət soruşdu: evlisənmi? O dedi: bəli. Həzrət Əli (ə) buyurdu: həyat yoldaşına de ki, ona verdiyin mehriyyədən bir dirhəm öz razılığı ilə sənə bağışlasın! Həmin pulla bir qədər bal alıb onu yağış suyuna qataraq iç ki, sağalasan. O kişi Əlinin (ə) buyurduğuna əməl etdikdən sonra sağalaraq həmin xəstəlikdən nicat tapdı. Sonra o həzrətin hüzuruna gələrək dedi: ya Əmirəl-möminin, sən xəstəliyə bu yolla çarə etməyi Peyğəmbərdən eşitmisən? İmam Əli (ə) buyurdu: xeyr, mən Allahdan eşitmişəm ki, öz kitabında buyurur: fə in tibnə ləkum an şəy`in minhu nəfsən fəkuluhu həni`ən məri`ə - əgər onlar (qadınlar) qəlbən, öz razılıqları ilə bundan (mehriyyədən) sizə bir şey bağışlasalar, onu halal olaraq nuşcanlıqla yeyin!» Başqa bir ayədə buyurur: yəxrucu min butunihə şərabun muxtəlifun əlvanuhu fihi şifəun lin-nəs — (o arıların) qarınlarından müxtəlif rəngli bal çıxar («Nəhl» surəsi, ayə:69) və digər bir yerdə isə buyurur: va nəzzəlnə minəs- səmə`i mə`ən mubərakən — Biz göydən bərəkətli su endirdik! («Qaf» surəsi, ayə:9)" Mütəal Allah bu üç ayədə nuşcanlıq, bərəkətli və şəfa sözlərini işlətmişdir. Mən insanın bu yolla sağalaraq şəfa tapacağına ümid etdiyim üçün sənə həmin yolu göstərdim. («Təfsiri-Əyyaşi», c.1, s.244-245, hədis:15, 18. Mən bu iki hədisi bir yerə yığaraq sizə təqdim etdim. «əd-Durrul-mənsur», c.2, s.120)

Əmirəl-möminin Əli (ə) həmin kişinin qarınağrısı xəstəliyini sağaltmaqdan ötrü bu əlacı ona tövsiyə etdi. Ümidvaram ki, digər xəstələrimiz də Allahın lütfü-inayəti ilə Əlinin (ə) tövsiyə etdiyi həmin yolla şəfa tapsınlar. Əgər bir xanım halal mal ilə verilmiş mehriyyəsindən öz razılığı ilə bir miqdar pul verərsə və həmin pulla sağlam bal alınıb yağış suyu ilə qarışdırılaraq içilərsə, iman əhlindən olan xəstələr şəfa taparlar. Görəsən, namaz qılmayan, bilərəkdən oruc tutmayan və günah işlərlə məşğul olan insanlar da bu yolla şəfa tapa bilərlərmi? Mən ümid edirəm ki, onlar da Allahın yolunu tutsalar, əmirəl-möminin Əlinin (ə) bu tövsiyəsindən və Quranın bu mübarək ayələrinin bərəkətindən faydalanaraq sağalarlar.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi