3-ci ayə 176-dən
Dinləmək
Əsli
وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَىٰ فَانكِحُوا مَا طَابَ لَكُم مِّنَ النِّسَاءِ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ  ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ  ۚ ذَ‌ٰلِكَ أَدْنَىٰ أَلَّا تَعُولُوا
Transliterasiya
‌Wa 'In ḫiftu‍‍m 'Allā Tu‍‍q‍‍siṭū Fī A‍‍l-Yatā‍‍m‍‍á Fā‍‍n‍‍kiḥū Mā ṭ‍‍ā‍‍ba Laku‍‍m Mina A‍‍n‍‍-Nis‍‍ā‍‍' Ma‍ṯ‍n‍‍á Wa ṯ‍ulā‍ṯa Wa Rub‍‍ā‍‍`a Fa'in ḫiftu‍‍m 'Allā Ta`dilū Fawāḥidatan 'Aw Mā Malakat 'Aymānuku‍‍m ḏālika 'A‍‍d‍‍n‍‍á 'Allā Ta`ūlū
Mirzə Əli Meşkini
Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.
Əltafur-Rəhman

Yetimlərlə evlənməkdə hədəf

Bu ayəyə digər cəhətdən diqqət yetirsək, görərik ki, Mütəal Allah bu və sonrakı ayə ilə başqa bir mətləbə toxunur: həmin şəxslərin bəzisinin yetimləri evlərində saxlamaqda məqsədi onlarla evlənib mallarını mənimsəmək idi. Ona görə də, Mütəal Allah 2-ci ayədə buyurur: «Va ətul-yətəmə əmvaləhum... — Yetimlərin mallarını (mənimsəməyin) özlərinə verin. Özünüzün pak və halal malınızı qoyub onların mallarına əl uzatmayın. Çünki bu iş böyük bir günahdır.»

Hətta valideynli xanımlarla da evləndikdə onlar bəzi işlərdə ədalətsizliyə, məsələn, mehriyyəni verməkdə səhlənkarlığa yol verirdilər. Ona görə də, Mütəal Allah 4-cü ayədə buyurur: «Yetim olmayan xanımların da hüquqlarını tapdamayın, onların mehriyyələrini özlərinə verin. Əgər onlar öz istəkləri ilə mehriyyələrinin bir miqdarını və ya hamısını sizə bağışlasalar, ondan nuşcanlıqla istifadə edin.»

Gəlin, evlənmək haqqında nazil olmuş bu ayələrə nəzər salaq. Bəzi xanımlar belə bir sual verə bilərlər: maraqlıdır, görəsən, nə üçün şəriətdə kişi eyni zamanda bir neçə xanımla evlənə bildiyi halda, qadın eyni vaxtda iki-üç kişi ilə ailə qura bilməz? Bu barədə Peyğəmbər və Əhli-beytdən (ə.s) nəql olunmuş rəvayətlərə nəzər salsaq, bir xanımın eyni vaxtda bir neçə kişi ilə ailə qurmasının ictimai, əxlaqi və hüquqi baxımdan düzgün olmadığını görərik. Çünki əgər bir qadın bir neçə kişi ilə kəbin kəsdirsə, əvvəla, xanımın bətnindəki uşağın kimə mənsub olduğu bilinməz. Əgər həmin xanım yaisə (heyz dövrü qurtaran, hamilə olmayan) qadın olarsa, bu iş yenə də onun üçün caiz və məsləhət deyil. Çünki həmin qadının hamilə olmaq ehtimalı olmasa da, onun evləndiyi kişilərin hüququ bir-biri ilə toqquşa bilər. Məsələn, ola bilsin ki, onlardan biri həmin xanımın bəzənməsini istəsin, digəri isə bunun əksini. Biri onun saçını qısaltmasını istəsin, digəri isə uzun saxlamasını. Biri xanımın hicab saxlamasını istədiyi halda, mümkündür ki, digərinin hicabdan xoşu gəlməsin və bunu ona qadağan etsin. Biri səfərə çıxarkən xanımı da özü ilə aparmaq istəsin, digəri isə buna mane olsun.

Mütəal Allah bu və digər çətinliklərin, çaxnaşmaların qarşısını almaqdan ötrü xanımların bir neçə kişi ilə evlənməsini haram buyurmuşdur. Xanımlar bilməlidirlər ki, bu məsələ onların iki yol arasında qalmaqdan və əskilməkdən qorunmaları üçün, eləcə də, onların izzət, şərəf və heysiyyətlərinin hifz olunmasından ötrüdür.

O cümlədən kişilərin də bir neçə xanımla evlənməsi bəzi məsləhətlərə əsaslanır. Birincisi, tarix boyu xanımlar müəyyən səbəblərə görə sayca kişilərdən çox olmuşlar. Həmin səbəblərdən nümunə olaraq kişilərin müxtəlif müharibələrdə qətlə yetirilmələrini, iş üçün səfərə çıxarkən yol qəzasında vəfat etmələrini, mədənlərdə baş verən partlayışlar nəticəsində dünyalarını dəyişmələri kimi cürbəcür hadisələri qeyd etmək olar. Həmçinin statistik məlumatlara əsasən, dünyaya gələn övladların əksəriyyəti qız uşaqlarıdır. Ona görə də, din və şəriət məsləhət görmüşdür ki, kişi qadınların hüququna riayət edə biləcəyi (onların nəfəqəsini verəcəyi, həmçinin onları dolanışıq və məskənlə təmin edəcəyi) təqdirdə, onlardan (dörd nəfərə qədər) bir neçəsini himayəsinə götürərək evlənsin. Şəriət şəhvət baxımından deyil, yalnız qadınların himayəyə olan ehtiyaclarını, pis niyyətli insanlardan qorunmalarını nəzərə aldığı üçün kişilərin onlardan bir neçəsi ilə ailə qurmasını məsləhət bilmişdir. Bu haqda imam Rzadan (ə) nəql olunmuş hədisə nəzər sala bilərsiniz («Uyuni-əxbari-Rza (ə)», s.100; «Biharul-ənvar», c.6, s.100; «Vəsailuş-şiə», c.20, s.517).

Peyğəmbərə itaət

Bəzi şəxslər ola bilər ki, Peyğəmbərin nümunə olduğunu söyləyib o həzrətə tabe olmaq istədiklərini bəhanə gətirərək doqquz qadınla evlənmək fikrinə düşsünlər. Lakin, əslində, həmin şəxslər Peyğəmbərə tabe olmaq deyil, nəfslərinə qulluq etmək istəyirlər.

Həzrət Peyğəmbər nəfsinə görə deyil, Allahın əmri ilə bəzi məsləhətlərə əsasən, doqquz xanımla nikah bağlamışdı. Əgər həmin şəxslər, həqiqətən də, Peyğəmbərə tabe olmaq istəyirlərsə, evlənmək əvəzinə o həzrətin gündəlik qıldığı vacib və müstəhəblərdən ibarət 51 rəkət namazı qılsınlar, yaxud din yolunda cihad etməkdə və ya hər ayın əvvəli, ortası və axırı müstəhəb oruc tutmaqda, yaxud da Rəcəb, Şaban və Ramazan aylarının hər hansı birində məsciddə qalaraq 10 gün və ya azı üç gecə-gündüz etikaf saxlamaqda (oruc tutub gecə-gündüz ibadət etmək) o həzrətə itaət etsinlər.

Peyğəmbərin doqquz xanımla evlənməsi

Burada belə bir sual meydana çıxa bilər ki, əgər Mütəal Allah daimi nikahla dörddən artıq xanımla eyni vaxtda evlənməyə icazə vermirsə, islam peyğəmbəri hansı dəlilə əsasən, bu qədər xanımla evlənmişdir?

Cavab olaraq qeyd etməliyəm ki, əvvəla, həzrət Peyğəmbər doqquz xanımla eyni vaxtda evlənməmişdir. Ona görə də, bu işə heç kəs etiraz edə bilməz. İkincisi, Peyğəmbərin ailə qurduğu qadınların hamısı cavan deyildilər ki, camaat o həzrəti şəhvətpərəstlikdə günahlandırsın. Həmin xanımların bəzisi (məsələn, Zeynəb binti Cəhş və Ümmü Sələmə) Peyğəmbərlə nikah qurduqda əlli yaş hüdudlarında idilər. Onların bəzisi o həzrətin Peyğəmbər olmasına — onun əxlaqına və insani rəftarına valeh olduğuna görə istəyirdi ki, belə bir şəxsiyyət onu öz himayədarlığına götürsün. Bununla yanaşı, Peyğəmbər (s.ə.a. s) istər cavan olsun, istərsə də yaşlı həyat yoldaşları ilə abid və zahid bir şəxs kimi rəftar edirdi. Həzrət Peyğəmbər həyatını cihad meydanlarına getmək, gecənin çox hissəsini ibadət etmək, hər ayın bəzi günlərini (əvvəli, ortası və axırını) oruc tutmaq, yaxud da məsciddə qalaraq etikaf saxlamaqla keçirirdi. O həzrət dünya işlərinə lazım olduğundan artıq vaxt ayırmırdı. Peyğəmbərin xanımları o həzrətlə öz istəklərilə ailə qurduqdan sonra belə bir yaşayışın, həqiqətən də, çətin olduğunu yaxından hiss edirdilər. Ona görə də, Mütəal Allah o həzrətə ayə nazil edərək buyurdu: «Yə əyyuhən- Nəbiyyu, qul liəzvacikə in kuntunnə turidnəl-hayətəd-dunyə va zinətəhə fə tə`aləynə Ya Peyğəmbər, (artıq xərclik və pal-paltar istəyən) zövcələrinə de: əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verərək gözəl bir tərzdə (Allahın buyurduğu qayda üzrə) boşayım. Yox, əgər Allahı, Onun rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat (Cənnət) hazırlamışdır» («Əhzab» surəsi, ayə:28, 29).

Bu ayədən məlum olur ki, Peyğəmbərin həmin xanımlarla ailə qurması Quran ayələrilə ziddiyyət təşkil etmir, əksinə, bu iş islamın ilk günlərində bir çox siyasi-ictimai və dini məsləhətlərə əsasən, Allahın əmr və razılığı ilə baş vermişdir. Hətta Mütəal Allahın bu mübarək ayədə: «zövcələrinə de!», — buyurmasından da məlum olur ki, həmin xanımlar Peyğəmbərin şəri zövcələri hesab olunurlar. Buna görə də, izzət və cəlal sahibi olan Allah Peyğəmbərə əmr edir ki, çətinliklərə dözmək istəməyən zövcələrini səninlə yaşamağa davam etmək, yaxud boşanmaq arasında seçim qarşısında qoy.

Amma təfsirini yazdığımız dörddən artıq xanımla evlənməmək haqqındakı ayəyə gəlincə, bu ayə Peyğəmbərə islamın ilk günlərində deyil, sonralar nazil olmuşdur. Bəzi tədqiqatçıların fikrinə əsasən «Nisa» surəsi bir çox surələrdən sonra nazil olmuşdur.

Əhməd ibn Hənbəl özünün məşhur «Musnəd» kitabında rəvayət edir ki, Qeylan ibn Sələmə əs-Səqəfi islamı qəbul etdiyi zaman onun on həyat yoldaşı var idi. Həmin şəxs Peyğəmbərlə görüşdükdə o həzrət ona: «İxtər minhunnə ərbə`an — Onlardan dördünü seç!», — buyuraraq xanımlarından dördünü saxlayıb qalanlarını boşamasını əmr etdi («Musnədi-Əhməd», c.9, s.439, hədis:4403; «ət-Təfsirul-hədis», Muhəmməd İzzət Dərvəzə, c.9, s.11; «Əvalil-ləali», s.128, hədis:46).

Digər bir rəvayətdə Əbu Davud öz əsərində Umeyrə əl-Əsədidən rəvayət edir ki, o deyib: «Mən islam dinini qəbul etdikdə səkkiz həyat yoldaşım var idi. Bir gün Peyğəmbərlə görüşdükdə o həzrətə səkkiz həyat yoldaşım olduğunu söylədim. O həzrət buyurdu: ixtər minhunnə ərbə`an — onlardan dördünü seçərək qalanlarının talaqını ver» («ət-Təfsirul-hədis», c.9, s.11; «Sunəni-Əbu Davud», c.2, s.272).

Başqa bir hədisdə Şafei Nöfəl ibn Muaviyə əd-Deyləmidən rəvayət edir ki, o deyib: «Mən islam dinini qəbul etdikdə beş zövcəm var idi. Peyğəmbər mənə buyurdu: ixtər ərbə`an minhunnə. Əyyəhunnə şi`tə va fəriqil-uxra — onlardan istədiyin dördünü saxlayıb beşincisini boşa!» («ət-Təfsirul-hədis», c.9, s.11)

Peyğəmbərə gəlincə, o həzrət öz xanımlarından dördünü saxlayıb nəinki qalanlarını, hətta hamısını Allahın əmri ilə boşamağa hazır idi. Necə ki, Mütəal Allah o həzrətlə öz istəklərilə ailə qurmuş xanımlar haqqında buyurur: «Ya Peyğəmbər, zövcələrinə de: əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verərək gözəl bir tərzdə boşayım. Yox, əgər Allahı, Onun rəsulunu və axirət yurdunu istəyirsinizsə, (bilin ki) Allah içərinizdən yaxşı işlər görənlər üçün böyük bir mükafat hazırlamışdır.» («Əhzab» surəsi, ayə:28, 29)

Lakin doqquz xanımdan heç biri yaşadığı dövrdə həzrət Peyğəmbərin ədalətindən və yüksək davranış tərzindən narazı qalmadığı üçün o həzrətdən ayrılmadı.

Bundan əlavə, Peyğəmbərdən başqa insanlarda seçim kişilərin ixtiyarında idi ki, onlar yaşadıqları xanımlardan dördünü seçərək qalanlarını boşasınlar. Peyğəmbərə gəldikdə isə, Mütəal Allah o həzrətə buyurur ki, sən seçimi xanımların ixtiyarına ver: onlardan hər hansı biri səninlə yaşamaq istəyirsə, qalsın, istəmirsə, boşanaraq gedə bilər.

«Nisa» surəsi nazil olanadək o dövrdə yaşayanlar dörddən artıq xanımla evlənirdilər və bu iş hələ Mütəal Allah tərəfindən qadağan olunmamışdı. Bu ayə nazil olduqdan sonra dörddən artıq xanımla izdivac haram buyuruldu. Lakin dörddən artıq xanımla evlənməyə ehtiyacı olanlara daimi nikahla dördü ilə evləndikdən sonra saxladıqları kənizlərlə də evlənməyə icazə verildi. Necə ki, buyurulur: «Fə in xiftum ən lə tə`dilu fəvahidətən au mə mələkət əymənukum — Əgər dörd xanımla evlənəcəyiniz təqdirdə, ədalətsizliyə yol verəcəyinizdən qorxursunuzsa, biri ilə kifayətlənin, yaxud ixtiyarınızda olan kənizlərlə evlənin».

Bir sözlə, əgər həmin dövrdə yaşayan kişilər dörddən çox xanımla yaşamaqda ədalətsizliyə yol verməsəydilər, ola bilsin ki, Allah təala tərəfindən dörddən artıq xanımla evlənmək onlara da haram buyurulmazdı. Lakin onlar üçün ədalətə riayət etmək çox çətin, yaxud qeyrimümkün olduğuna görə, uca Tanrımız bu işi ümumi şəkildə qadağan etdi. Hətta dörd xanımla evlənməkdən ötrü ədalətli olmaq şərti kəsldi. Belə ki, dörd xanım arasında ədalətlə rəftar etmək çətin gələn şəxslərə biri ilə kifayətlənməsi əmr olundu.

Peyğəmbərə xanımlarından dörddən əlavə olanlarını boşamağın vacib olmamasına səbəb həmin xanımların bəzisinin kimsəsiz olması, bəzisinin islamı qəbul etməklə kafirlərin əlindən sığınacaq axtarması və s. məsələlər idi. Belə ki, Peyğəmbər onları məcburi şəkildə boşasaydı, onlar müxtəlif çətinliklərlə üzləşərdilər. Məsələn, Sövdə binti Zəm`ə kafir qohum-əqrəbasından ayrılaraq müsəlmanlığı qəbul edib Mədinəyə hicrət etmişdi. Həyat yoldaşı vəfat etdikdən sonra belə möminə bir xanım kimsəsiz olduğu üçün Peyğəmbər onu öz himayəsinə götürdü. Əgər Peyğəmbər onu boşasaydı, o, ya Mədinədə kimsəsiz qalardı, ya da məcbur olub yenidən kafir qohumlarının yanına qayıdardı. Elə buna əsasən, uca Rəbbimiz Peyğəmbəri onları boşamağa məcbur etmədi.

Yalnız həzrət Peyğəmbər üçün təyin olunmuş çətinliklər

Uca Tanrı tərəfindən islam peyğəmbərinə müəyyən çətinliklər təyin olunmuşdu. Həmin çətinliklərin bəzisini sizin üçün təqdim edirik:
1. Sədəqədən Peyğəmbərin özünün və Əhli-beytinin istifadə etmə- sinin haram olması;
Cəmiyyətdəki yoxsul və imkansız şəxslərin çətinlikdən xilas olmaq üçün sədəqədən istifadə edə bilmələrinə baxmayaraq Peyğəmbər və Əhli-beytin (ə.s) dolanışığı nə qədər ağır olsaydı da, onlar sədəqədən istifadə etməməli idilər.
2. Cihad paltarını əyninə geydikdən sonra vuruşmadan onu çıxar- ması; (bu barədə bu əsərin ikinci cildində Uhud müharibəsi haqqında yazılmış mövzuya müraciət edə bilərsiniz!)

Peyğəmbərə vacib buyurulmuş xüsusi əməllər

Müəyyən əməllər vardır ki, onlar islam ümmətinə deyil, yalnız Allahın Rəsuluna (s.ə.a. s) vacib buyurulmuşdu:
1. Hər gün 51 rəkət namaz qılmaq;
2. Vəfat etmiş yoxsulların borclarını ödəmək;
3. Zövcələrini o həzrətlə yaşamaq, yaxud ondan ayrılmaqda sərbəst buraxmaq; («Əhzab» surəsi, ayə:50)
4. Ulu Tanrının buyurduğu əhkamı, Qurani-Kərimin ayələrini olduğu kimi — hətta bir hərfi belə azaldıb-çoxaltmadan camaata çatdırmaq;
5. Özündən sonrakı canişinləri (imamlar əleyhimussalam-ı) islam ümmətinə tanıtdırmaq;

Peyğəmbərə məxsus olan güzəştlər

Tarixşünasların qeyd etdiklərinə əsasən, izzət və cəlal sahibi olan Allah tərəfindən islam peyğəmbərinə müəyyən güzəştlər edilmişdir. Onların bəzisini sizə təqdim edirik:

1. Məkkə şəhərinə ehramsız daxil olmaq;
Həcc ziyarətinə gedənlər bilirlər ki, Məkkə şəhərinə ehramsız daxil olmaq haramdır. Amma bu, Mütəal Allah tərəfindən Peyğəmbərə caiz buyurulub (O həzrətə bu haqda icazə verilib).

2. Orada düşmənlə vuruşmaq;
Bildiyimiz kimi, Məkkə ilahi əmin-amanlıq mənbəyi olduğu üçün orada vuruşmaq olmaz. Amma Peyğəmbərə Məkkəni kafirlərin əlindən qurtararaq fəth etmək üçün günün az bir miqdarı Allah təala tərəfindən onlarla vuruşmağa icazə verildi. Necə ki, o həzrət buyurub: «Ləm təhill liəhadin qabli va lə təhillu liəhadin bə`di va innəmə uhillət li sə`atən min nəhərin — Mütəal Allah tərəfindən məndən nə öncə, nə də sonra heç kəsə icazə verilməyib ki, orada vuruşsun. Məkkəni fəth etməkdən ötrü günün az bir qismini vuruşmaq yalnız mənə halal edilmişdir.»

3. Müharibədən əldə olunmuş qənimətlərin ən yaxşısının o həzrətə təqdim olunması;

4. Peyğəmbər vəfat etdikdən sonra o həzrətin həyat yoldaşları ölənədək onun zövcəsi sayılaraq heç kəslə ailə qura bilməzdilər. Amma başqa kişilərdən hər hansı biri vəfat edərsə, onun həyat yoldaşı iddə saxladıqdan (4 ay 10 gün gözlədikdən) sonra ailə qura bilər. Həmçinin, Peyğəmbərin talaq verdiyi xanım iddə saxladıqdan (3 ay gözlədikdən) sonra başqa kişiyə ərə gedə bilməz. Bu məsələ Peyğəmbərin ümmətə ata sayılması, zövcələrinin isə möminlərin anası hesab olunmalarına görədir. Mütəal Allah Qurani-Kərimdə buyurur: «ən-Nəbiyyu aulə bil- mu`mininə min ənfusihim va əzvacuhu umməhətuhum... — Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır (onlara ata kimidir). Onun zövcələri isə onların analarıdır (yəni, möminlər onlarla evlənə bil- məzlər) » («Əhzab» surəsi, ayə:6)

5. «Visal orucu (ardıcıl oruc tutmaq)»;
Bildiyiniz kimi, oruc tutmaq sübh azanından axşam azanınadək davam edir. Axşam azanı olduqda insan iftar etməlidir. Lakin Peyğəmbərə icazə verilmişdi ki, bir günün orucunu iftar etmədən gecəni ibadətlə keçirib növbəti günün orucuna birləşdirsin. O həzrətin ümmətinə bu növ oruc tutmaq üçün icazə verilməyib. («Əhkamul-Quran», Əbu Bəkr Muhəmməd ibn Abdullah İbn Ərəbi, vəfat: h. q.543, c.3, s.1560-1565)

6. Hər hansı qadın Allahın Rəsulu ilə ailə qurmaq istəyib təmənnasız olaraq özünü o həzrətə bağışlasaydı, mehriyyə təyin olunmadan o həzrət həmin xanımla evlənə bilərdi. Mütəal Allah Peyğəmbərə buyurur: «Yə əyyuhən-nəbiyyu, innə əhləlnə ləkə Ya Peyğəmbər! Mehriyyələrini
verdiyin zövcələrini, Allahın sənə qənimət olaraq verdiklərindən sahib olduğun cariyələri... və Peyğəmbər onunla evlənmək istədiyi təqdirdə, özünü (mehriyyəsiz) Peyğəmbərə bağışlayan hər hansı bir mömin qadını — digər möminlərə deyil, yalnız sənə məxsus olmaq üzrə - sənin üçün halal etdik. » («Əhzab» surəsi, ayə:50)

Bu ayədən məlum olur ki, həzrət Peyğəmbər digər möminlər kimi dörddən artıq qadınla yaşamamalı idi. Buna əsasən, o həzrət ixtiyarında olan xanımlardan qeyrisi ilə daha ailə qurmaq istəmirdi. Lakin tarixçilərin qeyd etdiklərinə əsasən, bəzi xanımlar kimsəsiz olduqlarına görə, Peyğəmbərlə ailə qurmaq istəyirdilər ki, o həzrətin himayəsi altında yaşasınlar. Belə hadisələr baş verdiyi üçün bəzən o həzrət Allah təalanın əmrinə tabe olub onları öz himayəsinə götürməli olurdu.

Mərhum Əllamə Məclisi mötəbər sənədlərlə Muhəmməd ibn Qeysdən, o da imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Cəət imraətun minəl-ənsari ilə Rasulilləhi (s) fəqalət: yə Rasuləllah, innəl- mər`ətə lə təxtibuz-zaucə va ənə imraətun əyyim. Lə zaucə li munzu dəhrin va lə valəd Qalə (s): yə uxtəl-ənsar, cəzəkumullahu an Rasulilləhi xayran. Fəqad nəsarani ricəlukum va rağibət fiyyə nisəukum. Fəqalət ləhə Hafsatu: mə əqallə hayəuki va əcraəki va ənhəməki lir- ricəl?! Fəqalə Rasulullah (s): kəffi anhə, yə Hafsatu! Fə innəhə xayrun minki rağibət fi Rasulilləhi va lumtəhə va ibtəhə. Summə qalə lil- mər`əti: insarifi, rahiməkilləh! Fəqad aucəbəllahu ləkil-cənnətə lirağbətiki fiyyə va tə`arruziki liməhabbəti va sururi va səyə`tikə əmri inşəəllah. Fəənzələllahu azzə va cəll: vamraətun mu`minətun in vahəbət nəfsəhə lin-Nəbiyy... Qalə (a): fə əhalləllahu azzə va cəllə hibətəl- mər`əti nəfsəhə lirasulilləh (s) va lə yəhillu zəlikə liğayrihi.

Va fil-Məcmə`i: innəhə ləmmə vahəbət nəfsəhə lin-Nəbiyyi qalət Aişətu: mə bəlun-nisəi yəbzulnə ənfusəhunnə bi lə məhrin?! Fənəzələtil-əyətu. Fəqalət Aişətu: mə ərallahə illə yusəri`u fi həvakə. Fəqalə Rasulullah (s): fə innəki in əta`tilləhə səra`a fi həvaki! — Bir gün ənsardan olan bir xanım Peyğəmbərin hüzuruna gələrək dedi: ey Allahın Rəsulu! Evlənərkən qadın kişiyə elçilik etməz. Amma mən yaşa dolmuş, kimsəsiz bir qadınam ki, ömrüm boyu nə ərim olub, nə də uşağım. Əgər lazımdırsa, mən mehriyyəsiz və təmənnasız olaraq canımı sənə hədiyyə edim. Peyğəmbər Allahdan onun üçün xeyir diləyərək dua etdi. Sonra buyurdu: ey ənsardan olan bacı, Allah sizi Peyğəmbərinizə bu cür dəyər verdiyiniz üçün mükafatlandırsın. Sizin kişiləriniz mənə yardımçı olub, xanımlarınız isə mənə məhəbbət bəsləmişlər.

Peyğəmbərin həyat yoldaşı Həfsə bu səhnəni gördükdə üzünü o xanıma tutaraq dedi: siz nə qədər həyasızsınız ki, gəlib kişiyə elçilik edirsiniz?! Peyğəmbər buyurdu: ey Həfsə, onunla işin olmasın. Həqiqətən də, bu qadın səndən yaxşıdır. O, Allahın Rəsuluna məhəbbətini göstərir, sən isə onu qınayır və ona eyib tutursan? Sonra Peyğəmbər üzünü həmin qadına tutaraq buyurdu: Allah sənə rəhm etsin (Allah köməyin olsun), qayıt evinə, mənə bu cür məhəbbət göstərdiyinə görə Allah cənnəti sənə vacib etdi. İnşaallah, mənim bu barədə rəyim tezliklə sənə məlum olar. Peyğəmbər həmin xanıma bu sözü buyurduqdan sonra izzət və cəlal sahibi olan Allah: «vamraətun mu`minətun in vahəbət nəfsəhə...», - ayəsini nazil etdi.

İmam Baqir (ə) sözünə davam edərək buyurdu: Allah əzzə və cəllə bu ayəni nazil etməklə Peyğəmbərin həmin xanımla ailə qurmasını əmr etdi. Hibə yolu ilə (özünü hədiyyə etməklə, mehriyyəsiz) evlənmək barədə yalnız Peyğəmbərə icazə verildi.

Mərhum Təbərsi rəvayət edir ki, Aişə də baş verənləri müşahidə etdikdə Peyğəmbərə dedi: bu qadınlara nə olub ki, özlərini mehriyyəsiz sənə bağışlayırlar?! Bu vaxt həmin ayə nazil oldu. Sonra Aişə dedi: elə bil ki, Allah da sənin istəklərini həyata keçirməyə çalışır. Allahın Rəsulu buyurdu: «Əgər sən də Allahın itaətində olsan, O, sənin də istəklərini həyata keçirər!» («Biharul-ənvar», c.22, s.211, hədis:39; «Musnədi-Muhəmməd ibn Qeys əl-Bicilli», c.1, s.127; «əl-Kafi», c.5, s.821)

Amma digər insanlar evləndikdə mütləq mehriyyə təyin olunmalıdır.
Əks təqdirdə, kəbin batil hesab olunar.

7. Dörd xanımdan əlavə, evləndiyi digər xanımlarla yaşamağa davam etməsi;

Bunlar Mütəal Allah tərəfindən islam peyğəmbərinə olunan güzəştlərdir. Bütün bunlara nəzər saldıqda insanın düşüncəsində belə bir sual yaranır: görəsən, bəzi şəxslər nə üçün camaatın istifadə etməsinə icazə verilmiş müəyyən nemətlərdən Peyğəmbərin məhrum olmasını, yaxud müsəlmanların yerinə yetirməkdə azad buraxıldığı müəyyən məsələlərin o həzrətə vacib buyurulmasını deyil, Peyğəmbərə uca Tanrı tərəfindən edilən müəyyən güzəştləri insafsızlıq edərək tənqid mövzusuna çevirməyə çalışırlar? Görəsən, onların belə düşünməsi düşmənin onlara nüfuz etməsinə görədir, yoxsa özləri bu barədə səhvə yol verirlər? «Mə ləkum kəyfə təhkumun — Sizə nə olub, bu barədə necə düşünürsünüz?» İslam Peyğəmbəri qeyd olunmuş məsləhətlərə əsasən, həmin xanımlarla ailə qurmuşdursa, buna etiraz etmək olarmı? Düşüncəsi dar olan belə şəxslər nə əcəb Peyğəmbərin gecə-gündüz Allahın itaətində olmasını, hər ayın müxtəlif günlərində oruc tutmasını, çətinliklə yaşamasına baxmayaraq sədəqədən özünün və Əhli-beytinin (ə.s) istifadə etməməsini, o həzrətin hər gün 51 rəkət namaz qılmasını və digər çətinliklərini dilə gətirib onlardan söhbət açmırlar, amma insan ağlının heyran qaldığı mühüm məsləhətlərə əsasən ailə qurmasından bəhs edirlər, ayıb deyilmi?

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi