2-ci ayə 176-dən
Dinləmək
Əsli
وَآتُوا الْيَتَامَىٰ أَمْوَالَهُمْ  ۖ وَلَا تَتَبَدَّلُوا الْخَبِيثَ بِالطَّيِّبِ  ۖ وَلَا تَأْكُلُوا أَمْوَالَهُمْ إِلَىٰ أَمْوَالِكُمْ  ۚ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا
Transliterasiya
‌Wa '‍‍Ā‍‍tū A‍‍l-Yatā‍‍m‍‍á 'A‍‍m‍‍wālahu‍‍m Wa Lā Tatabaddalū A‍‍l-‍ḫabī‍ṯa Bi‍‍ṭ‍‍-ṭayyibi Wa Lā Ta'kul‍‍ū 'A‍‍m‍‍wālahu‍‍m 'Il‍‍á 'A‍‍m‍‍wāliku‍‍m 'I‍‍nn‍‍ahu K‍‍ā‍‍na ḥūbāa‍‍n Kabīrā‍‍an
Mirzə Əli Meşkini
Və yetimlərin mallarını (onlar həddi-büluğa çatdıqdan sonra) özlərinə qaytarın. Murdar və haram (mal)ı (qiymət fərqinə görə) pak və halal (mal) ilə dəyişdirməyin (özünüzün pis malınızı onların qiymətli malları ilə dəyişdirməyin). Həmçinin onların mallarını öz mallarınıza qatıb yeməyin ki, həqiqətən, bu, böyük günahdır.
Əltafur-Rəhman

Yetimlərin hüquqlarına riayət (ayə:2)

Aləmləri yaradan Rəbbimiz birinci ayədə insanları Allah və qohum-əqrəba barəsində təqvalı olmağa dəvət etdikdən sonra növbəti ayədə onları yetimlər haqqında da təqvalı olmağa çağırıb buyurur: «Va ətul-yətəmə əmvaləhum... — Yetimlərin mallarını özlərinə verin, özünüzün pak və halal mallarınızı qoyub yetimlərin mallarına əl uzatmayın! Çünki bu iş böyük bir günahdır.»

Mütəal Allah bu mübarək ayədə yetimləri öhdəsinə götürən şəxslərə xitab edir, istər həmin şəxslər baba, əmi, dayı kimi qohumlardan olsun, istərsə də şəri hakim kimi digər insanlardan.

«Yetim» sözünün əsil mənası

Ərəb dilində insanlar arasında atasız səğir (həddi-buluğa çatmayan) uşaqlara «yetim» deyilir. Heyvanlar barədə isə bu kəlmə onların anasız qalmış balaları haqqında işlənir. Bu kəlmənin digər incə mənası da «tək, misli, tayı-bərabəri olmayan» deməkdir. Məsələn, bəzi nadir tapılan qızıl-gümüş haqqında «yətimətud-dəhr — yer üzündə bənzəri, misli olmayan cəvahir» ifadəsi işlənir. Əgər bəzi hədislərdə Əhli-beyt (ə.s) «nəhnul-yətim» buyuraraq özlərini yetim adlandırırlarsa, bu, onların atasız olmaları mənasını deyil, tayı-bərabəri olmayan kimsələr mənasını ifadə edir.

İmam Əlinin (ə) xütbələrindən ibarət məşhur «Nəhcul-bəlağə» kitabının müəllifi mərhum Seyid Rəzi (vəfat: h. q.406) imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «İslamın ilk günlərində müsəlmanlar «innəl-ləzinə yə`kulunə əmvaləl-yətəmə zulmən... — Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (qiyamətdə) alovlu cəhənnəmə girəcəklər („Nisa“ surəsi, ayə:10)» ayəsi nazil olduqdan sonra yetimlərlə oturub-durmaqdan çəkinirdilər. Onlarla bir süfrədə oturmur, onların yeməklərindən yemir, verdikləri paltarları (məsələn, bir cüt corab) geymir, onların evlərinə daxil olmur, divarlarının kölgəsində dayanmaqdan belə ehtiyat edirdilər. Həmin şəxslər yetimlərin hüquqlarına riayət etməkdə xətaya yol verəcəklərindən qorxub bu işdən çəkinirdilər. Yetimlərlə nikah bağlamaqdan qorxur və onları öz öhdələrinə götürməkdən çəkinirdilər. Hətta xüsusi otaq ayıraraq onlara qulluq edəcək xidmətçi də tuturdular ki, məbada şeytanın vəsvəsəsilə onlar haqqında yanlış bir işə yol versinlər. Amma onlar yetim olmayan bir neçə xanımla evlənərək hüquqlarına riayət etmirdilər. Məsələn, zülmə yol verərək onların nəfəqələrini (xərcliklərini) və mehriyyələrini vermirdilər. Həmin şəxslər yetimlərlə rəftarın çətinliklərini gördükdə islam peyğəmbərinə şikayət edərək dedilər: ya Peyğəmbər, yetimlərin hüquqlarına riayət etmək bizim üçün olduqca çətindir, biz onların hüquqlarına necə riayət edək, onlarla necə rəftar edək?

Mütəal Allah onların yetimlər haqqında bu cür ehtiyat etmələrini gördükdə bu mübarək ayəni nazil edərək buyurdu: «Va in xiftum ən lə tuqsitu fil-yətəmə fənkihu... — Əgər siz yetimlərin haqqına riayət etməkdən qorxursunuzsa, çoxlu sayda xanımlarla evlənib hüquqlarına riayət etməməkdən də çəkinin. Onlardan ikisi, üçü və dördü ilə evlənin! Əgər ədalətsizlik etməkdən qorxursunuzsa, onların biri ilə kifayətlənin və ya ixtiyarınızda olan kənizinizlə evlənin. Bu iş (xanımların biri ilə evlənmək) onlar barəsində ədalətlə rəftar etməyə daha yaxındır» («Həqaiqu-tə`vil», Seyid Rəzi, c.5, s.291-293).

«Günah» kəlməsi haqqında

«Günah» kəlməsi Qurani-Kərimdə müxtəlif ifadələrlə verilmişdir: «zənb, ism, mə`siyət» və «hub». Bu ayədə «hub» sözünə diqqət yetirmək lazmdır. «Hub» sözü elə bir günaha deyilir ki, insan onun nəticəsində bütün varlığını əldən verib miskin bir hala düşür. Belə ki, yetim malı yeyən şəxs qiyamət günü elə bir miskin vəziyyətə düşər ki, hətta kəfəni belə haram maldan olduğuna görə məhşər meydanına lüt-üryan gətirildikdə özünü örtmək üçün camaatdan bir parça kəfən istəyər. O, belə bir halda (lüt olduğuna görə), Peyğəmbərin, yaxud hər hansı bir uca məqam sahibinin qarşısına çıxıb şəfaət diləməyə də üzü gəlməz.

Tarixşünasların və bəzi müfəssirlərin qeyd etdiklərinə əsasən, bu ayə «Qətfan tayfasından olan bir kişi və onun qardaşı oğlunun haqqında nazil olmuşdur. Həmin şəxs qardaşı dünyasını dəyişdikdən sonra onun yetim qalmış oğlunu öz öhdəsinə götürdü. O uşaq həddi-buluğa çatdıqdan sonra atasından qalmış malı əmisindən istədi. Əmi həmin malı uşağa vermədi. Onlar bu haqda ixtilafa düşdükdə Peyğəmbərin hüzuruna gəldilər ki, o həzrət bu barədə hökm versin. Belə olduqda: „Va ətul-yətəmə əmvaləhum — Yetimlərin mallarını özlərinə verin!“, — ayəsi nazil oldu. Əmi bu ayəni Peyğəmbərdən eşitdikdə dedi: bizim borcumuzdur ki, Allaha və Peyğəmbərə itaət edək. Mən bu malı yeməkdən Allaha pənah aparıram. O, həmin malı qardaşı oğluna qaytardı. Peyğəmbər onun bu işindəki ciddiyyətini gördükdə buyurdu: mən yuqa şuhha nəfsihi va yuti` rabbəhu fəinnəhu yəhillu dərah — Hər kəs nəfsinə qarşı çıxaraq rəbbinə itaət etsə, o, öz evinə (cənnətə) daxil olar.

Həmin cavan atasından irs qalmış malı əmisindən aldıqdan sonra onu Allah yolunda yoxsul və kimsəsizlərə ehsan etdi. Peyğəmbər həmin cavanın bu əməlini gördükdə buyurdu: səbətəl-əcru va bəqiyəl- vizr — bu pulun əcri yazıldı, vəbalı isə qaldı.

Oradakı camaat ərz etdi: ya Rəsuləllah, bu cavanın etdiyi əməlin əcrinin yazılmasını başa düşdük. Amma o, bu əməli yerinə yetirdikdən sonra nə üçün vəbalı qalır? O həzrət buyurdu: bu malın Allah tərəfindən əcr və savabı oğlan üçün qaldı, vəbalı (onun haradan əldə olunması haqda sorğu-sual) isə atasının üzərində qaldı» («Təfsiri-Əyyaşi», c. «Məvahibur-Rəhman», c.7, s.243. O bu hədisi əl-Vahidinin məşhur «Əsbabun-nuzul» adlı əsərindən nəql etmişdir. «əd-Durrul-mənsur», c.2, s.117).

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi