- Dinləmək
-
-
Əsli
-
إِنَّمَا التَّوْبَةُ عَلَى اللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍ فَأُولَـٰئِكَ يَتُوبُ اللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا
-
Transliterasiya
-
'Innamā At-Tawbatu `Alá Al-Lahi Lillaḏīna Ya`malūna As-Sū'a Bijahālatin ṯumma Yatūbūna Min Qarībin Fa'ūlā'ika Yatūbu Al-Lahu `Alayhim Wa Kāna Al-Lahu `Alīmāan ḥakīmāan
-
Mirzə Əli Meşkini
-
Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir.
-
Əltafur-Rəhman
-
Tövbəsi qəbul olunan kəslər (ayə:17)
Mütəal Allah bu ayədə həsr kəlməsi olan «innəmə» sözü ilə bəyan edir ki, O, yalnız nadanlıq üzündən (əhkamı bilmədiyi üçün) günah edən və günah etdikdən sonra tövbə edən kimsələrə tərəf üz çevirərək onların tövbələrini qəbul edər. Amma ömrünün sonuna qədər günah edənlərin, həmçinin günah etməkdə inadkarılıq edənlərin (kafirlərin) tövbəsini qəbul etməz.
Günah edən hər bir şəxs tövbə etdikdə Mütəal Allah ona iki dəfə Öz lütfünü göstərər:
1. Əvvəl həmin şəxsin ürəyində peşmançılıq hissi yaradaraq onu tövbə etməyə həvəsləndirər;
2. Tövbə etdikdən sonra isə onun tövbəsini qəbul edər.Mütəal Allah Özünə vacib edib öhdəsinə götürmüşdür ki, günahına görə həqiqi peşman olanların etdikləri tövbəni qəbul etsin. Necə ki, ayədə buyurulur: «Nadanlıqla günah etdikdən sonra Allaha tərəf qayıdanların tövbəsini qəbul etməyi, O, öz üzərinə götürmüşdür.»
Əgər Mütəal Allah bu cür tövbə edənlərin tövbəsini qəbul etməzsə, Onun həmin şəxslərə «tövbə edin!» buyurması mənasız olardı. Bir şeyin günah və haram olmasını bilməyən kimsədən günah baş versə, o əməl həmin şəxs üçün Allaha qarşı üsyan və inadkarlıq deyil, xətaya yol vermək hesab olunar. Mütəal Allah belə şəxsləri bilmədən günah etdiklərinə görə tez bağışlayar. Belə şəxslər ömrünün sonunadək bilmədən günah edərsə, sonda həmin işin günah olduğunu bilərək tövbə etməklə bağışlanarlar. Amma bir əməlin haram və günah olmasını bilən şəxs həmin əməli ömrünün axırınadək icra edib tövbə etməyi yubadaraq ölüm anına saxlayarsa, onun tövbəsi qəbul olunmaz.
Cəmil ibn Dərrac deyir: «İmam Sadiqdən (ə) eşitdim ki, (mübarək) əli ilə boğazına işarə edərək buyurur: izə bələğatin-nəfsu həhunə va əşəra biyədihi ilə halqihi ləm yəkun lil-alimi taubətun Alim olan
(bir şeyin haram olduğunu bilərək onu davamlı olaraq icra edən) şəxs nəfəsi boğazına çatdıqda tövbə edərsə, onun tövbəsi qəbul olunmaz.Sonra o həzrət tövbə ayəsini oxudu.» («əl-Kafi», c.1, s.62, babu luzumil-huccəti aləl-alimi va təşdidi-əmr; «əl-Bürhan», c.1, s.353, hədis:1) Muhəmməd ibn Müslim rəvayət edir ki, bir gün imam Sadiq (ə) mənə buyurdu: «Zunubul-mu`mini izə təbə anhə məğfuratun ləh. Fəlyə`məlil-mu`minu limə yəstə`nifu bə`dət-taubəti val-məğfirati. Ə mə vallahi innəhə ləysət illə liəhlil-imən. Qultu: fəin adə bə`dət-taubəti val-istiğfəri fiz-zunubi va adə fit-taubəti? Fəqalə: yə Muhammədəbnə Muslim, ə təral-abdəl-mu`minə yəndimu alə zənbihi fəyəstəğfirullahə minhu va yətubu summə lə yəqbəlullahu taubətəhu? Qultu: fə in fə`alə zəlikə miraran yəznibu summə yətubu va yəstəğfir? Fəqal: kulləmə adəl-mu`minu bil-istiğfəri vat-taubəti adəllahu tə`ala aləyhi bil-məğfirah. Va innəllahə ğafurun rahim. Yəqbəlut-taubətə va yə`fu anis-səyyiəti fə iyyəkə ən tuqnitəl-mu`mininə min rahmətilləh! — Ey Muhəmməd ibn Müslim, möminin günahları tövbə etməklə bağışlanar. O, tövbə etdikdən sonra gərək saleh işlər görməyə başlasın. And olsun Allaha, bu cür güzəşt yalnız iman əhlinə məxsusdur.
Mən dedim: əgər həmin şəxs bir də günah edərək yenidən tövbə edərsə, onun da tövbəsi qəbul olunar? İmam (ə) buyurdu: ey Muhəmməd ibn Müslim, sən elə güman edirsən ki, əgər mömin yenidən etdiyi günahdan peşman olaraq tövbə etsə, Allah onun tövbəsini qəbul etməz?
Mən ərz etdim: əgər bir şəxs təkrarən həm günah edər, həm də tövbə edərək bağışlanmaq diləyərsə, Allah təala onu da bağışlayar? O həzrət buyurdu: mömin günah etdikdən sonra hər dəfə doğrudan da, peşman olaraq bağışlanmaq diləyərsə, Mütəal Allah onu bağışlayar. Həqiqətən də, Allah çox bağışlayan və rəhmlidir. O, tövbəni qəbul edər, çirkin və günah işləri bağışlayar. Məbada, iman əhlini Allahın rəhmətindən məyus edəsən!» («Biharul-ənvar», c.6, s.40; «əl-Kafi», c.2, s.600; «Vəsailuş-şiə», c.16, s.79; «əl-Bürhan», c.1, s.353, hədis:2)
Bir sözlə, günah edən şəxs bir işin haram olmasını bilmədən onu yerinə yetirərsə, ömrünün sonunda da tövbə etsə, onun tövbəsi qəbul olunar. Amma bilərəkdən günah bir işi ömrünün axırına qədər davam etdirən şəxs tövbəni son nəfəsə saxladığı üçün onun tövbəsi qəbul olunmaz.
Buradək zikr etdiklərimizi ayənin zahirinə əsaslanaraq qeyd etmişik. Amma ayədə diqqəti cəlb edən digər nöqtələr də vardır ki, gərək onlara da toxunaq. Ayədə işlənən «cəhələt» sözü elmsizlik mənasında işlənməklə yanaşı, digər dəqiq bir mənaya da malikdir. Həmin məna qəzəb və şəhvətin insana qalib gəlməsidir. Bunlardan hər hansı biri qalib gəldikdə insan nə etdiyini və etdiyi işin nə ilə nəticələnəcəyini bilmir. İnsanların bir çoxu hansı əməlin günah və haram olduğunu yaxşı bilirlər. Amma şəhvət onlara qalib gəldikdə özlərini aqil bir insan kimi deyil, cahil və düşüncəsiz şəxs kimi apararaq ona tərəf üz tuturlar. Quran bu cür şəxsləri cahil adlandırır. Onların əksəriyyəti, adətən, şəhvət, yaxud qəzəb üzündən bir iş gördükdən sonra peşman olaraq «bu nə iş idi ki, mən etdim» deyərlər. Bəzən isə Allahın adını dillərinə gətirərək «əstəğfirullah» deyərlər. Onların bu peşmançılığı bir növ Allah dərgahına qayıtmaq və tövbə etmək kimi sayılar. İstər yenidən həmin günahı etməyə qüdrətləri çatsın, istərsə də çatmasın. Ona görə də, hətta qoca insanlar etdikləri günahlara görə peşman olub o əməllərin çirkin olduğunu etiraf etsələr, baxmayaraq ki, onların həmin əməlləri yenidən icra etməyə qüdrətləri çatmır, Allah onların da tövbəsini qəbul edər.
Əli əl-Əhməsi imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Vallahi mə yəncu minəz-zənbi illə mən əqarra bihi və qalə: kəfə bin-nədəmi taubətən — And olsun Allaha, günahın çirkinliyini etiraf etməyən şəxs onun əzabından qurtula bilməz. Sonra o həzrət sözünə davam edərək buyurdu: tövbə etmək üçün həqiqi peşmançılıq kifayət edər (çünki insan, həqiqətən də, peşman olsa, bir daha etdiyi günahın ardınca getməz).» («Biharul-ənvar», c.6, s.38; «əl-Kafi», c.2, s.588)
Zürarə imam Baqirdən (ə) nəql edir ki, o həzrət buyurub: «İzə bələğatin-nəfsu həzihi va əhva biyədihi ilə həncəratihi ləm yəkun lil- alimi taubətun va kanət lil-cəhili taubətun — Ömrünün son saatlarında nəfəsi hülqumuna çatdıqda bilərəkdən (inadkarlıqla, din və şəriətin əhkamını inkar etməklə) günah edən kimsə üçün tövbə yoxdur. Amma (şəhvət, qəzəb və s. hisslərin qalib gəlməsilə) günah edən kimsənin tövbəsi can verdiyi halda belə qəbul olunar.»
Təbii ki, şəhvəti qalib gəldiyinə görə günah edən şəxs onu bir daha təkrar etməz. Əgər həmin əməl ondan bir daha baş verərsə, o, yenə də peşman olar. Buradan məlum olur ki, «cahil» kəlməsində məqsəd insanın həmin əməlin günah olmasını bilməməsi demək deyildir (çünki insanların əksəriyyəti hansı əməllərin haram və günah olmasını bilirlər). Əslində, bu sözün məna incəliyi insanın günah bir əməli şəhvət və ya qəzəb nəticəsində özünü itirərək icra etməsindədir. Buna görə də, belə insanlar Quran ayələrində və rəvayətlərdə «cahil» adlandırılırlar.
«Min qaribin» ifadəsi
Dilimizdəki «qərib» sözü «ğayn» hərfi ilə («ğarib» şəklində) yazılaraq mənası «qürbətdə yaşayan, yaxınlarından uzaq düşən, kimsəsiz şəxs» deməkdir. «Qaf» hərfilə yazılan «qərib» sözünə gəlincə, o, ərəb dilində «yaxın» mənasında işlənir. Mübarək ayədə Mütəal Allah buyurur: «İnnəmət-taubətu aləllahi lil-ləzinə yə`məlunəs-suə bicəhələtin summə yətubunə min qaribin... — Allah yanında yalnız o kimsələrin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucbatından pis bir iş gördükdən sonra yaxından tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edər.»
Əgər ayədə «an qaribin» yazılsaydı, bu ayə: «günah etdikdən sonra dərhal tövbə edənlərin tövbəsi qəbul olunur», — mənasını daşıyardı. Lakin ayədə «min qaribin» yazıldığına görə onun mənası: «tövbə (şəhvət üzündən) günah etdikdən sonra etdiyi əmələ görə peşman olan kimsə üçündür» deməkdir. İnsan hətta ölüm ayağında belə gördüyü əməlin pis olduğunu etiraf edərsə, onun tövbəsi qəbul olunar. Çünki onun bu etirafı Allahın hökmünü təsdiqləməsi deməkdir.
Qeyd etdik ki, «qərib» sözü «yaxın vaxt» mənasını daşıyır. Əgər belədirsə, günah edən şəxs günah etdikdən dərhal sonra, yaxud ən yaxın zamanda tövbə edərək günaha son qoymalıdır. Belə bir sual meydana çıxa bilər ki, nə üçün inadkar və kafirlərin deyil, cahil kimsələrin tövbəsi ömürlərinin son vaxtında da qəbul olunur? Bu, «qərib — yaxın» sözünün hansı mənasıdır? Buna cavab olaraq qeyd etməliyəm ki, ömrün son dəqiqələri insanın etdiyi günahlardan ən uzaq olan vaxtıdır. Yəni, əgər bir şəxs ömrü sona çatmadan öncə nə vaxt etdiyi günahlara görə peşman olub tövbə etsə, bu, «qərib — yaxın vaxt» hesab olunar və Mütəal Allah onun tövbəsini qəbul edər. Çünki onun vəfat etməsinə hələ müəyyən qədər vaxt var. Təbii ki, bu, Mütəal Allah tərəfindən xətaya yol verən insanlara bir növ güzəştdir. Amma bəyənilir ki, günah edən şəxslər tövbə etməyə tələsərək etdikləri günaha son qoysunlar. Allahın bu cür mərhəmətindən sui-istifadə edərək tövbə etməyi yubatmasınlar. Çünki tövbəni gecikdirməyin özü günah sayılır.
Həzrət Peyğəmbər (s.ə.a. s) ömrünün son günlərində etdiyi xütbədə buyurub: «Mən təbə qablə mautihi bisənətin təbəllahu aləyhi. Summə qalə: innəs-sənətə ləkəsiratun. Va mən təbə qablə mautihi bişəhrin təbəllahu aləyhi. Summə qalə: innəş-şəhrə ləkəsirun. Va mən təbə qablə mautihi biyaumin təbəllahu aləyh. Summə qalə: va innəl- yaumə ləkəsirun. Va mən təbə qablə mautihi bisə`atin təbəllahu aləyh. Summə qalə: va innəs-sə`atə ləkəsiratun. Mən təbə va qad bələğat nəfsuhu həzihi va əhva biyədihi ilə halqihi təbəllahu aləyh — Hər kəs ölümünə bir il qalmış tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Sonra buyurdu: bir il çoxdur. Hər kəs ölümündən bir ay qabaq tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Sonra həzrət buyurdu: bir ay da uzun müddətdir. Hər kəs ölümündən bir gün əvvəl tövbə etsə, Allah onun tövbəsini qəbul edər. Sonra buyurdu: bir gün də çoxdur. Hər kəs ömrünün sonuna bir saat qalmış tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Sonra buyurdu: bir saat da çoxdur. Nəhayət, o həzrət mübarək əli ilə boğazına işarə edərək buyurdu: hər kəs nəfəsi hətta bura çatdıqda tövbə etsə (Allahın buyurduqlarının haqq olmasını və etdiyi günahların çirkin olduğunu etiraf etsə), Mütəal Allah onun da tövbəsini qəbul edər (çünki, həmin şəxs ömrünü inadkarlıqla başa vurmadı.) » («Mən la yəhzuruhul-fəqih», c.1, s.79, hədis:354)
Təriqətindən asılı olmayaraq islam alimləri İbn Vəhəbdən rəvayət etmişlər ki, deyib: imam Sadiqdən eşitdim ki, buyurur: «İzə təbəl-abdu taubətən nəsuhan əhabbəhullahu tə`alə fəsətəra aləyhi. Fəqultu: va kəyfə yəsturu aləyh? Qalə: yunsi mələkəyhi mə kənə yəktubəni aləyh. Summə yuhilləhu ilə cəvarihihi va ilə buqa`il-ərz: əniktumi aləyhi zunubəhu. Fə yulqilləhu hinə yəlqahu va ləysə şəy`un yəşhədu aləyhi bişəy`in minəz-zunub — Əgər bir bəndə səmimi şəkildə (sırf Allaha xatir) tövbə edərsə, Allah təala onu sevər və onun günahlarının üstünü örtər.
Mən dedim: (belə bir şəxsin) günahlarının üstünü necə örtər? İmam (ə) buyurdu: Onun etdiyi günahları əməl dəftərini qeydə alan mələklərin yadından çıxarar. Sonra Allah (həmin bəndənin) bədənində olan üzvlərə, həmçinin günah etdiyi məkana vəhy edər: onun günahlarını gizlədərək kimsənin yanında üzə çıxarmayın ki, həmin şəxs vəfat etdikdə (yaxud qiyamət günü) Allah dərgahına gətirildikdə heç bir şey onun əleyhinə günahları barəsində şəhadət verməsin!» («Biharul-ənvar», c.6, s.28; «Vəsailuş-şiə», c.16, s.71).