15-ci ayə 176-dən
Dinləmək
Əsli
وَاللَّاتِي يَأْتِينَ الْفَاحِشَةَ مِن نِّسَائِكُمْ فَاسْتَشْهِدُوا عَلَيْهِنَّ أَرْبَعَةً مِّنكُمْ  ۖ فَإِن شَهِدُوا فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللَّهُ لَهُنَّ سَبِيلًا
Transliterasiya
Wa A‍‍l-Lātī Ya't‍‍ī‍‍na A‍‍l-Fāḥi‍šata Mi‍‍n Nis‍‍ā‍‍'iku‍‍m Fāsta‍šhidū `Alayhi‍‍nn‍‍a 'Arba`ata‍‍n Mi‍‍n‍‍ku‍‍m Fa'i‍‍n šahidū Fa'a‍‍m‍‍sikūhu‍‍nn‍‍a Fī A‍‍l-Buy‍‍ū‍‍ti ḥattá Yatawaffāhu‍‍nn‍‍a A‍‍l-Mawtu 'Aw Ya‍‍j‍‍`ala A‍‍l-Lah‍‍u Lahu‍‍nn‍‍a Sabīlā‍‍an
Mirzə Əli Meşkini
(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən (möminlərdən) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilmiş cəza növünün icra olunması göstərilib.)
Əltafur-Rəhman

Zinakarlar üçün tətbiq olunmuş ilk cəza üsulu (ayə:15, 16)

15-ci ayədə işlənən «əl-ləti» sözü «əl-ləti» sözünün cəmi olub mənası «o qadınlar ki» deməkdir.

«əl-Fəhişə» sözü «çirkin əməl, pis yol və təriqət» mənasını daşıyır. Baxmayaraq ki, bu ümumi olaraq çirkin əməl mənasına gəlir, Quran istilahında bu kəlmə kişi ilə qadının zina etməsi mənasında məşhur olmuşdur. Kişi ilə kişinin, yaxud qadınla qadının çirkin işlərinə elmi baxımdan «əl-fəhişə», yaxud «əl-fuhş» deyilsə də, istilahi baxımdan kişinin kişi ilə əxlaqsızlıq etməsinə «ləvat», qadının qadınla pis iş görməsinə isə «suhq, yaxud musəhaqat» deyilir.

Bu iki ayədə həmin çirkin əməllərdən ən çox meyil göstərilən zina barəsində danışılmışdır. Zina edən kişi və qadın əgər subay olarsa, onun bir hökmü, ərli olarsa, digər bir hökmü var. Mütəal Allah təfsirini yazdığımız bu ayələrin birincisində qadınların hökmünü, ikincisində isə həm qadınların, həm də kişilərin hökmünü bəyan edir. Əgər qadının zina etməsinə dörd nəfər adil şəxs şahid olsa, həmin qadın evdə həbs olunaraq ömrünün axırınadək orada qalmalıdır. Belə ki, həmin qadın ya tövbə edib bu çirkin əməldən uzaqlaşar, ya da cəmiyyət arasında fitnə-fəsadın yayılmaması üçün ölənədək orada saxlanılar (hətta mobil telefon və internet kimi müasir texnikalardan belə uzaq tutular). Əlbəttə, zina edən qadını evdə həbs etmək hökmü Allah təala tərəfindən onlar üçün nicat yolu göstərilənədək davam edir. Ömrün sonunadək evdə həbs olunmaq zina etməsi açıq-aşkar olan qadınlar üçündür. Belə ki, dörd nəfər şəxs onların zina etməsinə şahid olsun.

Ayədəki sözlərə diqqət yetirsək, görərik ki, Mütəal Allah ayənin sonunda həmin qadınlar üçün çıxış yolu qoyana qədər gözlənilməsini əmr edir. Yəni, onları evlərdə həbs edin, ta ki, onların ya ömürləri sona çatsın, ya da Allah onlar üçün bir çıxış yolu qoysun. Bu çıxış yolu «Nur» surəsində bəyan olunmuşdur. Buradan məlum olur ki, Mütəal Allah bu hökmü islamın ilk günlərində hələ hökumət yaradılmadan öncə əmr edir. Belə ki, islam dövləti yaranaraq mütəşəkkil formaya düşdükdən sonra subay şəxslərdən zina edənlərin hökmü Quran ayəsilə, evlilərdən zina edən şəxslərin hökmü isə Peyğəmbərin buyruğu ilə qanun şəklini aldı.

Bəzi şəxslər güman edirlər ki, bütün hökmlər Quran ayələri ilə bəyan olunmalıdır. Buna əsasən, onlar hər hansı bir hökm haqqında çətinliyə düşdükdə onu Quran ayələrindən axtarırlar. Buna müvəffəq olmadıqda isə həmin hökmü inkar etməyə çalışırlar. O hökmlərdən biri də evli şəxslərdən zina edənlərin daş-qalaq olunmasıdır. Onlar bu haqda Quran ayəsinə rast gələ bilmədikdə çalışırlar ki, bu hökmü ya inkar etsinlər, ya da zəif hədis və rəvayətlərlə onun Quranda olduğunu sübuta yetirsinlər. Həmin rəvayətlərdən biri də əhli-sünnə alimlərinin Ömər ibn Xəttabdan nəql etdikləri cümlədir. O deyib: «Kənə fimə ənzələ minəl-Qur`ən: əş-şəyxu vaş-şəyxətu izə zənəyə fərcumuhumə əl-bəttətə... — Quranın nazil olan ayələrindən biri də belə idi: yaşlı (evli) kişi və (ərli) qadın zina etsələr, onları mütləq daş-qalaq edin!

Ömər sözünə davam edərək deyir: Quran nazil olarkən bu ayə var idi, sonra isə onun oxunuşu çıxarılaraq hökmü qalmışdır.» («Mənahi- lul-irfan fi ulumil-Qur`an», c.2, s.215; «əl-Bəyan», s.220-221, hədis:1; «Səhihi-Buxari», c.8, s.26; «Səhihi-Muslim», c.5, s.116)

Lakin nəql olunmuş bu fikir heç bir elm və məntiqə əsaslanmır. Çünki, əvvəla, bu sözü Peyğəmbər səhabələrindən digərləri nəql etməmişlər. Bundan əlavə, bu söz Quranın təhrif olunması fikri ilə nəticələnir. Əgər bir şəxs Quranda müəyyən bir hökmün əvvəllər olub sonra silindiyini iddia edərsə, bu, Quranın bir ayəsinin azaldığı anlamına gəlir. Halbuki, islam aləminin bütün mühəqqiq, alim və müctəhidləri Quranın təhrif olunmadığında həmfikirdirlər.

Sözsüz ki, din və şəriətimizin ilk əsası Qurani-Kərimdir. Amma bunu da bilməliyik ki, bir hökmü Qurandan tapa bilməsək, gərək Peyğəmbər və Əhli-beytdən (ə.s) nəql olunmuş hədislərə müraciət edək. Evli qadın və kişinin daş-qalaq olunması hökmü Quran ayəsi ilə deyil, Peyğəmbərin buyurduğu hədislə sübuta yetirilib. Peyğəmbərin buyurduğu sözlərin Allahın rəyi ilə üst-üstə düşdüyünü isə yenə də Quran təsdiq edir. İzzət və cəlal sahibi olan Allah buyurur: «Mə ətəkumur- Rasulu fəxuzuhu va mə nəhəkum anhu fəntəhu — Peyğəmbər sizə nəyi əmr edirsə, onu qəbul edin, nədən çəkindirirsə, ona son qoyun!» («Həşr» surəsi, ayə:7)

Peyğəmbər zina edən şəxslərin cəzalandırılması haqqında buyurub: «Xuzu anni, xuzu anni, qad cə`aləllahu ləhunnə səbilən: əl-bikru bil-bikri cəldu miətin va təğribu amin vas-səyyibu bis-səyyibi cəldu miətin var-racmu — Bu hökmü məndən alın, bu hökmü məndən qəbul edin: Allah onlar (zinakarlar) üçün çıxış yolu qoydu. Subay kişi subay qadınla zina edərsə, onların cəzası 100 qamçı vurulmaq və yaşadığı yerdən bir il müddətinə sürgün edilməkdir. Evli kişi ərli qadınla zina edərsə, onların cəzası 100 qamçı və daş-qalaq olunmaqdır.» («Biharul- ənvar», c.76, s.31; «Sunəni-Əbu Davud», babun fir-rəcm c.2, s.549; «Sunəni-Beyhəqi», c.2, s.333; «Səhihi-Müslim», babu həddiz-zina c.3, s.1316; «Musnədi-Əhməd», c.37, s.400)

Burada belə bir sual yarana bilər: nə üçün evlilərdən zina edənlərin hökmü Quran ayəsi vasitəsilə bəyan olunmamışdır? Cavab olaraq qeyd etməliyəm ki, əvvəla, vacib deyil ki, əhkamın bütün qisimləri Quran vasitəsilə bəyan olunsun. İkincisi isə, Allahın hökmünü camaata çatdırmağın iki yolu var:
1. Peyğəmbər Mütəal Allahın hökmünü heç bir kəlmə və hərf dəyişikliyi olmadan insanlara Quran ayəsi vasitəsilə çatdırır;
2. Peyğəmbər Mütəal Allahın əmrini camaata öz kəlmələri ilə bəyan edir.

Birinci yol Quran vasitəsi, ikinci yol isə sünnət vasitəsilə bəyan olunur. İstər Qurani-Kərim vasitəsilə olsun, istərsə də Peyğəmbərin buyruğu ilə, bunların hər ikisi Allahın hökmü hesab olunur.

Peyğəmbərə vəhy nazil olduqda o həzrət vəhyin ağırlığından bəzən «iğma» halına düşərdi, yəni, bayılaraq özündən gedərdi. Həzrət ayıldıqda Cəbrailin gətirdiyi hökmü ətrafındakılara ya olduğu kimi hərfbəhərf deyər, ya da öz sözləri ilə bəyan edərdi.

Yuxarıda qeyd olunmuş «xuzu anni» hədisinə nəzər salsaq, görərik ki, həmin hədis bu qəbildəndir. Belə ki, o həzrət «iğma» halında Cəbraildən aldığı vəhyi camaata öz sözləri ilə bəyan etmişdir. Amma həmin kəlmələr Allahın vəhyi və hökmü hesab olunur. Çünki Mütəal Allah Peyğəmbərin danışdığı kəlmələr haqqında buyurur: «Va mə yəntiqu anil-həva. İn huva illə vahyun yuha. Alləməhu şədidul-quva — Peyğəmbər öz həvayi-həvəsindən danışmaz. Onun danışdıqları yalnız ona vəhy olunmuş sözlərdir. Onu (Peyğəmbərə Allahın əmri ilə) çox qüvvətli olan (Cəbrail) öyrətdi.» («Nəcm» surəsi, ayə:3-5)

İslamın ilk günlərində qadınlardan evli olanlar zina etdikdə dörd nəfərin şahidliyi ilə həbs olunaraq evdə saxlanılırdılar. İslam hökuməti təşkil olunduqdan sonra isə onlar daş-qalaq edilməklə cəzalandırılırdılar. Həmçinin, subay şəxslər zina etdikdə islamın ilk günlərində müxtəlif əziyyətlərlə cəzalandırılırdılarsa, islam dövləti yarandıqdan sonra 100 qamçı vurulmaqla cəzalandırılırdılar. Başqa bir fərq də bundan ibarətdir ki, islamın ilk günlərində istər evlilər, istərsə də subaylar haqqında verilən qanun həmin şəxslərin vəlilərinin (atası, yaxud yoldaşı), yaxud qohum-əqrəbasının əli ilə icra olunurdu. Amma hökumət yarandıqdan sonra evdə həbs olunmaq daş-qalaq edilməklə, subaylara kötək vurmaq isə qohumların deyil, hökumətin vasitəsilə 100 qamçı vurulmaqla əvəz olundu.

Qeyd olunmalıdır ki, bu iş əvvəlkindən (ömrün sonunadək həbs olunmaqdan, yaxud qohum-əqrəbanın daim əziyyət verməsindən) daha asan idi. Çünki sonrakı hökmdə günah edən şəxs daşqalaq edilib öldürülməklə, yaxud 100 qamçı vurulmaqla canını qurtarırdı. Bundan əlavə, islamın ilk günlərində icra olunan cəzalar cahiliyyət dövründən qalma idi. Mütəal Allah yenicə müsəlman olmuş şəxslərə Onun tərəfindən bir hökm gələnədək həmin cəzaların tətbiq olunmasına icazə verdi.

Qeyd etdiklərimizdən məlum olur ki, zina edən kimsələrin cəzalandırılması haqqındakı bu hökm Allahın əmrinin dəyişilməsi (əvvəlki hökmünün ləğv olunması) demək deyildir. Sadəcə olaraq cahiliyyət dövründəki cəza üsulu Allahın hökmü nazil olanadək müvəqqəti şəkildə icra olunurdu.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi