- Dinləmək
-
-
Əsli
-
يُوصِيكُمُ اللَّهُ فِي أَوْلَادِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنثَيَيْنِ ۚ فَإِن كُنَّ نِسَاءً فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۖ وَإِن كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُ وَلَدٌ ۚ فَإِن لَّمْ يَكُن لَّهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلِأُمِّهِ الثُّلُثُ ۚ فَإِن كَانَ لَهُ إِخْوَةٌ فَلِأُمِّهِ السُّدُسُ ۚ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ ۗ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا ۚ فَرِيضَةً مِّنَ اللَّهِ ۗ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
-
Transliterasiya
-
Yūṣīkumu Al-Lahu Fī 'Awlādikum Lilddakari Miṯlu ḥaẓẓi Al-'Unṯayayni Fa'in Kunna Nisā'an Fawqa Aṯnatayni Falahunna ṯuluṯā Mā Taraka Wa 'In Kānat Wāḥidatan Falahā An-Niṣfu Wa Li'abawayhi Likulli Wāḥidin Minhumā As-Sudusu Mimmā Taraka 'In Kāna Lahu Waladun Fa'in Lam Yakun Lahu Waladun Wa Wariṯahu 'Abawāhu Fali'ammihi Aṯ-ṯuluṯu Fa'in Kāna Lahu 'Iḫwatun Fali'ammihi As-Sudusu Min Ba`di Waṣīyatin Yūṣī Bihā 'Aw Daynin 'Ābā'uukum Wa 'Abnā'uukum Lā Tadrūna 'Ayyuhum 'Aqrabu Lakum Naf`āan Farīḍatan Mina Al-Lahi 'Inna Al-Laha Kāna `Alīmāan ḥakīmāan
-
Mirzə Əli Meşkini
-
Allah sizə övladlarınız(ın mirası) barəsində oğlanın payının iki qızın payı qədər olmasını tövsiyə edir. Beləliklə, əgər (varislərin hamısı) qadın – (iki qız və ya) iki qızdan çox – olsalar (ilkin hökmə əsasən, ölənin) mirasın(ın) üçdə ikisi onlarındır (və əgər ölənin ata-anası yoxdursa qalan hissə də onlara çatır). Əgər (varis təkcə) bir qız olsa, mirasın yarısı onundur (və əgər ölənin ata-anası yoxdursa, qalan hissə də ona verilir). Əgər ölənin övladı varsa, onun ata və anasının hər birinə mirasın altıda biri verilir. Əgər övladı yoxdursa və varis yalnız ata ilə anadırsa, onda (malın) üçdə biri ananın (qalan hissəsi atanın)dır. Əgər ölənin qardaşları varsa, malın altıda biri anasınındır. (Bütün bunlar) onun etdiyi vəsiyyətdən və ya (boynunda olan) borc(un maldan ayrılmasın)dan sonradır. Siz atalarınız və oğullarınızdan hansı birinin sizin üçün daha xeyirli olmasını bilmirsiniz. (Buna görə də irs çatan şəxslərin payları arasındakı fərqlərdən təəccüblənməyin və ona etiraz etməyin. Bu bölgü üslubu) Allah tərəfindən olan bir vacibdir. Həqiqətən, Allah həmişə alim və hikmət sahibidir.
-
Əltafur-Rəhman
-
Miras bölgüsü (ayə:11, 12)
Bu iki ayədə insanların cəmiyyətdəki ən mühüm hüquqlarına toxunulur. Demək olar ki, bu və buna bənzər irs ayələrinin nazil olmasında hədəf qadınların və qızların paylarının təyin olunması və həmin payların onlara çatdırılmasıdır. Çünki cahiliyyət dövründə irsdən bunlara pay ayrılmırdı. 11-ci ayədə: «liz-zəkəri mislu hazzil-unsəyəyn», — deyildikdə məqsəd qızların payını təyin etməkdir, yəni, hər bir oğlana iki qıza düşən pay qədər irs verin!
Bu ayədə diqqəti cəlb edən sözlərdən biri «auləd» sözüdür. Mütəal Allah burada: «yusikumullahu fi əbnəikum — Allah sizə oğlanlarınızı tapşırır», — deyil, «fi aulədikum — övladlarınızı (oğlan və qızlarınızı) tapşırır», — buyurur. Çünki cahiliyyət dövründə kişilər yalnız oğlanlara üstünlük verib onları əzizləyərək: «mənim balam, mənim oğlum», — deyərdilər. Ulu Tanrı bu ayə ilə oğlanların və qızların hər ikisinin valideynin övladı olmasını xatırladır və hər bir oğlana iki qızın payı qədər irs təyin edir.
11-ci ayədə buyurulduğu kimi, dünyasını dəyişmiş şəxsin vəsiyyəti icra olunduqdan və borcları ödəndikdən sonra yerdə qalan miras vərəsələr arasında bölünə bilər.
Mütəal Allah irs ayələrini nazil etdikdən sonra cahiliyyət fikir və əqidəsi ilə yaşayan camaat qadınlara, qızlara və kiçik uşaqlara da irs çatdığı- nı eşitdikdə etiraz edərək dedilər: bunlar düşmənlə vuruşmaq, onlara qalib gəlib qənimət gətirmək hünərinə malik olmadıqları halda nə üçün irs aparırlar? Mütəal Allah vəfat edən şəxsin istər həyat yoldaşı, istər övladı, istərsə də valideyni olsun, bunlar olmadığı təqdirdə, bacısı, qardaşı, bunlar da olmazsa, əmi, bibi, dayı və xalasına irs çatdığını bəyan edir. Çünki adını çəkdiyimiz kimsələr ya nəsəb (qohumluq), ya da səbəb (evlənmək) vasitəsilə dünyasını dəyişmiş şəxsin qohumu sayılırlar. Ona görə də, onlar vəfat edənə varis ola bilərlər. Dünyasını dəyişən şəxsin övladı, həyat yoldaşı və ata-anası olduqda onun baba, nənə, əmi, dayı, bibi və xalasına irs çatmaz. Əgər onun övladı, həyat yoldaşı və valideyni olmazsa, irs baba, nənə əmi, dayı, bibi və xalaya çatar. Adları çəkilən qohumlar (əmi, dayı, bibi və xala) olduğu təqdirdə, onların övladlarına irs çatmaz. Bu qohumların özləri olmadığı təqdirdə, irs onların övladlarına (əmiuşağı, dayıuşağı və s.-ə) çatar. Əgər vəfat edən şəxs kimsəsiz olarsa, irs onun yaşadığı dövrdə işlərini (məsələn, borc və hər hansı xətasının cərimələrini) öhdəsinə götürmüş şəxsə çatar. Əgər dünyasını dəyişmiş şəxsə sağlığında öhdəkarlıq edən olmamışdırsa, onda onun mirası həmin dövrün imamına (ə), o həzrət olmadıqda və ya onun qeyb dövründə isə şəri hakimə çatar. Boşanmış kişi və qadından hər hansı biri xanımın iddə saxladığı dövrdə dünyasını dəyişərsə, biri digərindən irs aparar. Çünki bunlar həmin dövrdə şəri baxımdan bir-birinə həyat yoldaşı (məhrəm) sayılırlar.
Qeyd:
1. Cəmiyyətdəki bütün incəliklər nəzərə alınaraq Allah təala tərəfindən kişi, qadın, oğlan, qız, ata, ana, baba, nənə, o cümlədən əmi, bibi, dayı və xala ilə onların həyat yoldaşları arasında olan bölgü təyin olunmuşdur.
2. İman əhli mirası böldükdə yaşadığı ölkənin irs haqqındakı qanunlarına riayət etməklə yanaşı, Mütəal Allahın buyurduqlarını da unutmamalıdır. Əgər imanlı insanlar bu barədə dövlət qanununu icra etməyə məcbur olsalar, öz aralarında bir-birindən halallıq alsınlar, məcbur olmasalar, şəriətin buyurduğuna əməl etsinlər.
3. Həyat yoldaşının mehriyyəsini verməmiş hər hansı bir kişi dünyasını dəyişərsə, onun malı vərəsələr arasında bölünmədən öncə digər borcları ödəndiyi kimi, yoldaşının mehriyyəsi də verilməlidir. Yaxşı olar ki, kişi həyat yoldaşının mehriyyəsini sağlığında versin və onu vəfat edənədək yubatmasın.
4. Oğlanın mirasda qıza düşən payın iki mislini alması onun qızdan üstün tutulması və ya aralarında fərq qoyulması demək deyildir. Çünki onların hər ikisi Allahın bəndələridir. Əslində, buna səbəb oğlanın işləmək, ticarət etmək üçün əlində sərmayənin olması, ailə qurarkən yoldaşını dolanışıq və məskənlə təmin etməkdə və digər məsələlərdə üzərinə düşən xərclərin ağır olmasıdır. Uca Rəbbimiz bu incəliklərə görə kişiyə düşən mirası xanımın götürəcəyi payın iki misli qədər qərar vermişdir. Odur ki, qətlə yetirilən şəxsdən qanbahası alındıqda həmin incəliklər nəzərə alınaraq öldürülən kişinin diyəsi də xanımın diyəsinin iki misli qədər təyin olunmuşdur.
Bəzi şəxslər belə güman etmişlər ki, mirasdan kişiyə düşən pay qadının payının iki misli qədər olduğu üçün qadına haqsızlıq olunur. Amma onlar başa düşmürlər ki, kişi iki pay alsa da, onu yaşadığı dövrdə xanıma xərcləyir. Bu yolla kişiyə verilən artıq miqdar yenə də qadının müxtəlif xərclərinə sərf olunur.
İmam Rza (ə) Muhəmməd ibn Sənanın verdiyi sualların cavabında buyurur: «İllətu i`tain-nisəi nisfə mə yu`tər-raculu minəl-mirasi li ənnəl-mər`ətə izə təzəvvacət əxazət var-raculə yu`ti. Fəlizəlikə vaffəra alərricəl. Va illətul-uxra fi i`taiz-zəkəri misləy mə tu`tal-unsə. Liənnəl-unsə min iyəliz-zəkəri inihtəcət va aləyhi ən yə`uləhə va aləyhi nəfəqatuhə va ləysə aləl-mər`əti ən tə`ulər-raculə... va zəlikə qaulullahi azzə va cəll: ər-ricəlu qavvamunə alən-nisəi bimə fəzzaləllahu bə`zahum alə bə`zin va bimə ənfəqu min əmvalihim — Qadınlara kişiyə düşən payın yarısı qədər verilməsinə səbəb budur ki, qadın izdivac etdikdə öz xərcini kişidən alır, kişi isə onun xərcini ödəyir. Ona görə də, Mütəal Allah kişilərin payını çox qərar vermişdir. Bu işin ikinci səbəbi qadının yaşayışının kişinin üzərinə düşməsidir. Çünki o, kişinin əyalı hesab olunur. Kişinin borcudur ki, onun xərcini (nəfəqəsini) versin Bu, izzət və cəlal sahibi olan Allahın buyurduğu: „kişilər qadınları dolanışıqla təmin etdikləri və onların nəfəqələrini (xərcliklərini) verdikləri üçün üstün sayılırlar (yəni, irsin iki mislini götürürlər)“, — sözüdür.» («Nisa» surəsi, ayə:34)
Bu barədə imam Sadiq (ə) buyurub: «İnnəl-mər`ətə ləysə aləyhə cihədun va lə nəfəqatun va lə mə`qalətun. Fə innəmə zəlikə alər-racul. Fəlizəlikə cə`alə lil-mər`əti səhmən vahidən va lir-raculi səhməyn — Cihad qadın üçün vacib buyurulmamışdır. Ailənin nəfəqəsi onun öhdəsində deyil (kişinin öhdəsindədir). Ailənin hər hansı bir üzvü kiməsə xəsarət yetirsə, onun cəriməsinin ödənməsi kişinin öhdəsinə düşür. Buna əsasən, (uca Allahın əmri ilə irs bölündükdə) qadına bir pay, kişiyə isə iki pay verilir.» («əl-Kafi», c.7, s.118)
Bütün bunlara nəzər saldıqda görürük ki, qadınlar dünyadakı irs yolu ilə əldə olunan sərvətdən kişilərin iki misli qədər istifadə edirlər. Bu iki mislin biri onların mirasdan aldıqları paydır, ikincisi isə kişilərin vasitəsilə onlara xərclənən maldır. Ona görə də, qadınların bu barədə inciməyə və ya etiraz etməyə üzrləri yoxdur.
Bir neçə şəxs irs almaq hüququna malik deyil:
1. Əgər dünyasını dəyişən şəxsin övladı, yaxud qohum-əqrəbasından biri (atası, anası və s.) kafir və ya mürtəd olarsa, ona irs çatmaz. Çünki Mütəal Allah buyurur: «Va lən yəc`aləllahu lil-kəfirinə aləl-mu`mininə səbilən — Allah kafirlər üçün iman əhlindən istifadə etməyə bir yol qoymamışdır.» («Nisa» surəsi, ayə:141)Həmçinin, imam Cəfər Sadiqdən (ə) nəql edirlər ki, o həzrət buyurub: «əl-Kəfiru lə yərisul-muslim — Kafir olan kimsə müsəlmandan irs apara bilməz» («Vəsailuş-şiə», c.26, s.15; «əl-İstibsar», c.4, s.195).
Kafir şəxs öz qohumlarından müsəlman bir meyitin irsi bölündükdən sonra islamı qəbul edərsə, ona irs çatmaz. Amma irs bölünmədən öncə hiylə üçün deyil, həqiqətən də, müsəlman olarsa, ona irs çatar.
2. Qatil haqsız yerə qətlə yetirdiyi qohumunun malından irs apara bilməz. Amma o, qisas aldıqda, yaxud özünü, namusunu və dinini müdafiə etdikdə hər hansı bir qohumunu qətlə yetirmişsə, ona həmin şəxsdən irs çatar. Yaxud qohumunu bilməyərəkdən qətlə yetirərsə, ondan irs apara bilər.
3. Zina edən kişi və qadın bu yolla dünyaya gətirdikləri uşağın malından irs apara bilməzlər, həmçinin zinazadə onu zina yolu ilə dünyaya gətirmiş kişi və qadından irs apara bilməz.
İrsin vərəsələr arasında bölünməsini və onların hər birinə nə qədər pay düşməsini dərindən bilmək istəyənlər mötəbər risalələrə (ələmliyi sabit olmuş müctəhidlərin risaləsinə) və fiqh kitablarına müraciət edə bilərlər.
«Tövsiyə» sözü haqqında
11, 12-ci ayələrdə işlənən «yusikumullah» və «vasiyyətən minəllah» sözlərinin mənası cəmiyyət arasında işlənən «tövsiyə etmək, tapşırmaq» mənasında deyil, «Allah sizə əmr edir, Allahdan gələn əmr» deməkdir. Buna şahid sonrakı iki ayədir. Mütəal Allah orada buyurur: «İrs haqqında dediyimiz bu hökmlər Allahın qoyduğu qanunlardır. Hər kəs bunları icra etməkdə Allah və Rəsuluna itaət etsə, O, həmin şəxsi ağacları altından çaylar axan cənnətə daxil edər... Hər kəs Ona və Rəsuluna üsyan edərək həmin qanunlara əməl etməzsə (yaxud irs böldükdə kimsənin payını azaldıb-çoxaldarsa), Allah onu əbədi yanacağı oda daxil edər və onun üçün alçaldıcı əzab vardır.» Bu sözlərin «tövsiyə» deyil, «əmr» mənasını bildirdiyinə dair Qurani-Kərimin digər ayələrini də dəlil gətirmək olar. Məsələn, ulu Tanrımız buyurur: «Va ləqad vassaynəl-ləzinə utul-kitəbə min qablikum va iyyəkum... — Biz sizdən əvvəl kitab verilənlərə də, sizə də təqvalı olmağınızı tövsiyə (əmr) etdik.» («Nisa» surəsi, ayə:131) Yaxud başqa bir ayədə buyurur: «Şəra`a ləkum minəd-dini mə vassa bihi Nuhan val-ləzi auhaynə iləykə va mə vassaynə bihi İbrahimə va Musə va İsə ən əqimud-din... — O, Nuha, İbrahimə, Musa və İsaya tövsiyə (əmr) etdiyi din və şəriəti sizə də tövsiyə (əmr) edir (həmin əmr bundan ibarətdir): dini qoruyub saxlayın və onu icra edərkən təfriqəyə yol verməyin!...» («Şura» surəsi, ayə:13)
Ayədə işlənən «kələlətən» sözünün mənası
Bu söz «kəllə, yəkillu» feilinin məsdəridir. «Kull» sözü də həmin məsdərdən törəmişdir. Bu kəlmənin mənası cüzi və fərdi əşyalara şamil olan deməkdir. Məsələn, 100 rəqəmi ilk növbədə təkliklərə, sonra onluqlara şamil olunur. Yəni, təkliklər 1-dən başlayaraq (1, 2, 3, 4 və s. olmaqla) artıb 10-a, onluqlar isə 10-dan başlayaraq (10, 20, 30, 40 olmaqla) artıb 100-ə çatır. Yüz əvvəl təklikləri, sonra isə onluqları əhatə etdiyi kimi, meyitin malı bölündükdə də miras ilk olaraq onun ata-anası və övladına, onlar olmadığı təqdirdə, baba-nənə, qardaş-bacı, bunlar da olmadıqda əmi, dayı və s.-ə şamil olur. İrsin sonrakı mərhələlərdə olan qohumlara çatması «kəlalə» adlanır. Ayədə buyurulan «va in kənə raculun yurasu kələlətən au imraətun » cümləsinin mənası budur: «Əgər varis olan bir şəxs meyitin qardaşı, yaxud bacısıdırsa, onların hər birinə malın altıda bir hissəsi çatır (çünki bacı və qardaş meyitə ən yaxın olan valideyn və övlad sayılmasa da, onunla eyni bətndən dünyaya gəlmiş bacı-qardaş hesab olunurlar). Əgər onların sayı çox (məsələn, iki bacı, iki qardaş) olarsa, onlar malın üçdə birinə şərik olarlar.» Ayədən göründüyü kimi, «kəlalə» sözü qohumların ilk mərhələsi olan valideyn və övladların deyil, sonrakı mərhələ sayılan bacı-qardaşın irs aparması deməkdir.
Övl və təsib (ailəçilik və təəssübkeşlik)
Əgər meyitdən qalan mal vərəsələr arasında bölündükdə onlara təyin olunmuş payla qeyri-mütənasib olarsa, bunun vərəsələr arasında bölünmə tərzi barədə müsəlmanlar arasında fikir ayrılığı mövcuddur. Məsələn, əgər vəfat edən kişinin bir oğlu, bir qızı varsa və onun 9 manat pulu irs qalmışdırsa, məlumdur ki, bunlardan oğlana 6 manat, qıza isə 3 manat düşər. Əgər irs 8 manatdırsa, əhli-sünnənin nəzərinə görə, malın naqis olan hissəsi varislərin hər ikisinin payından azaldılır, yəni, oğlana 6 manatdan az düşdüyü kimi, qıza da 3 manatdan az düşər. Amma irs 10 manat olarsa, əhli-sünnənin nəzərinə əsasən, oğlana 6 manat, qıza 3 manat verildikdən sonra yerdə qalan 1 manat yenə oğlana çatır. Həmçinin, əhli- sünnənin fikrinə əsasən, meyitdən qalmış mal az gəldikdə onun hər iki tərəfdən olan qohumlarının (əmi, dayı, bibi və xalanın) payından azaldılır. Çox olduqda isə artıq qalan hissə onun yalnız ata tərəfindən olan qohumları (əmi, bibi) arasında bölünür. Bu baxımdan fiqh elmində ilk bölgüyə «övl» (kişi və qadın olmasından asılı olmayaraq ailənin bütün üzvlərini nəzərə almaq), artıq qalmış malın bölünməsinə isə «təsib (təəssübkeşlik edərək kişiyə üstünlük verilməsi)» deyilir. Lakin Əhli-beyt (ə.s) fiqhinə əsasən, malın naqis qalmış hissəsi həm kişi, həm də xanımdan azaldıldığı kimi, artıq qalan hissə də hər ikisi arasında bölünməlidir.
Əgər bir kişinin daimi nikahla evləndiyi həyat yoldaşı bir nəfərdən artıq olarsa, onlar bir xanıma düşən paya (kişinin övladı yoxdursa, dörddə birinə, övladı varsa, səkkizdə birinə) şərik olurlar.
Vəsiyyət edən şəxs malının hamısını, yaxud yarısını məscidə, hüseyniyyəyə, kimsəsizlər evinə, yaxud hansısa bir qohumuna xərclənməsini vəsiyyət edə bilməz. O, malının yalnız üçdə birini xeyirxahlıq məqsədilə xərclənməsini vəsiyyət edə bilər.
Bu iki ayədə borcdan əvvəl zikr olunan «vəsiyyət» kəlməsi diqqəti cəlb edir. Bəzi şəxslər belə güman edə bilərlər ki, bu ayədə işlənən sözlərə əsasən, meyitin malı bölünəndə əvvəl vəsiyyət edilənlər ayrılmalı, sonra borclar ödənməlidir. Lakin diqqət yetirsək, görərik ki, meyitin malından borcları ödəndikdən sonra etdiyi vəsiyyətə əməl olunmalıdır. «Vəsiyyət» kəlməsinin borcdan əvvəl zikr olunmasının səbəbi camaatın vəsiyyətə də borc kimi əhəmiyyət verməli olmasıdır. Hamı bilir ki, meyitin borcu ödənməlidir. Lakin ola bilər ki, bəzi şəxslər vəsiyyətə elə də əhəmiyyət verməsinlər.
Əmirəl-möminin Əlidən (ə) rəvayət olunur ki, o həzrət buyurub: «İnnəkum təqraunə fi həzihil-əyəti əl-vasiyyətə qabləd-dəyn. Va innə Rasu- ləllah (s) qaza bid-dəyni qabləl-vasiyyəh — Siz bu ayədə vəsiyyət sözünü borc sözündən əvvəl oxuyursunuz. Halbuki, Allahın Rəsulu (s.ə.a. s) meyitin malının bölünməsi haqqında əmr etmişdir ki, onun borcu vəsiyyətindən öncə ödənsin.» («Vəsailuş-şiə», c.19, s.331; «Məcməul-bəyan», c.3, s.25)
Mütəal Allah bu iki ayənin birincisinin sonunda «innəllahə kənə alimən hakimə» ifadəsini, ikincisinin sonunda isə «vallahu alimun halim» ifadəsini işlətmişdir. Birincisində məqsəd Allahın hər şeyi — insanların dolanışıq və yaşayışını yaxşı bilməsi və kimə nə qədər mal verilməli olduğunu öz hikmətilə həyata keçirtdiyini bəyan etməkdir. İkincisində isə bildirir ki, Allah hər bir şeyi yaxşı bilir, insanların niyyətlərindən xəbərdardır, qanunu pozanları cəzalandırmaqda tələsməməsi isə Onun həlim olması ilə bağlıdır.