1-ci ayə 176-dən
Dinləmək
Əsli
يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً  ۚ وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ  ۚ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا
Transliterasiya
Y‍‍ā 'Ayyuhā A‍‍n‍‍-N‍‍ā‍‍su A‍‍ttaqū Rabbakumu A‍‍l-La‍ḏī ḫalaqaku‍‍m Mi‍‍n Nafsi‍‍n Wāḥidati‍‍n Wa ḫalaqa Minhā Zawjahā Wa Ba‍tta Minhumā R‍‍ijālāa‍‍n Ka‍ṯīrāa‍‍n Wa Nis‍‍ā‍‍'a‍‍n Wa A‍‍ttaqū A‍‍l-Laha A‍‍l-La‍ḏī Tatas‍‍ā‍‍'al‍‍ū‍‍na Bih‍‍i Wa A‍‍l-'Arḥ‍‍ā‍‍ma 'I‍‍nn‍‍a A‍‍l-Laha K‍‍ā‍‍na `Alayku‍‍m Raqībā‍‍an
Mirzə Əli Meşkini
Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi şəkildə) zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) çoxlu kişi və qadın (törədib) yaydı. Adı ilə bir-birinizdən bir şey istədiyiniz Allahdan və qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.
Əltafur-Rəhman

İnsanların xilqəti («Nisa» surəsi, ayə:1)

Mütəal Allah mömin, yaxud qeyri-mömin, kişi və ya qadın, ərəb, yaxud əcəm olmasından asılı olmayaraq «nas» kəlməsini işlədib bu surəyə ümumi insanlara müraciət etməklə başlayır. Bu mübarək ayədə aləmləri yaradan Rəbbimiz insanları nədən xəlq etməsinə işarə edərək buyurur: «Ey camaat! Sizi eyni bir nəfsdən yaradıb kişi və qadın qərar verən Rəbbinizdən qorxun! Qorxun o Allahdan ki, siz Ona olan imanınızdan (etdiyiniz ibadətdən) və qohum-əqrəba ilə rəftarınızdan sorğusuala çəkiləcəksiniz! Həqiqətən də, Allah sizin üzərinizdə nəzarətçidir.»

Bəzi şəxslər belə güman etmişlər ki: «yə əyyuhən-nəs — ey insanlar», — deyə müraciət olunan surə və ayələr Məkkədə, «yə əyyuhəl-ləzinə əmənu — ey iman gətirənlər» ifadəsinin işləndiyi ayələr isə Mədinədə nazil olmuşdur. Lakin onların bu iddiası müəyyən cəhətdən düz sayılsa da, təhqiq əhli üçün mötəbər hesab olunmur. Çünki gördüyünüz kimi, «yə əyyuhən-nəs» ifadəsi Mədinədə nazil olmuş bu surədə də mövcuddur.

Təfsirini yazdığımız ilk ayədə təqvalı olmaq üçün iki səbəb zikr olunmuşdur:
1. Allahın insanların hamısına rəbb və yaradan olması;
2. Bütün insanları bir şeydən (yalnız torpaqdan) xəlq etməsi. Hətta Adəmin zövcəsi Həvvanı belə torpaqdan yaratması.

Təbii ki, bir neçə şeydən istifadə etməklə nəsə düzəltmək qeyri-adi bir iş deyildir. Məsələn, müxtəlif əşyalardan istifadə edərək ev tikmək, avtomobil düzəltmək və s. Amma yalnız bir əşyadan istifadə etməklə bir şey düzəltmək insanlar üçün qeyri-mümkündür. Necə ki, mişar, çəkic, mismar, yapışqan və s. əşyalar olmadan yalnız taxtadan istifadə etməklə ondan qapı və pəncərə düzəltmək mümkün deyil, yaxud müsbət və mənfi enerjidən deyil, yalnız müsbət enerjidən və ya təkcə mənfi enerjidən işıq almaq qeyri-mümkündür. Lakin Mütəal Allah müxtəlif əşyalardan deyil, yalnız torpaqdan ağıl və şüur sahibi, müxtəlif bacarıqlara malik insanı xəlq etməklə hansı qüdrətə sahib olduğunu göstərir. Daha maraqlısı budur ki, O, həzrət Adəm üçün zəruri varlıq olan zövcəsi Həvvanı da həmin torpaqdan xəlq edir. Sonra bu iki nəfərin arasında ülfət yaratmaq vasitəsilə onların övladı olan digər insanları yaradır.

Gördüyünüz kimi, bu ayədə insanların təqvalı olması üçün Allah təalanın iki böyük qüdrət nişanəsi qeyd olunmuşdur. Onlardan biri uca Tanrının bütün aləmləri vücuda gətirməsi və rəbb olub onları idarə etməsi, digəri isə insanları yalnız bir şeydən yaratmasıdır.

Ayədə zikr olunan «nəfsi-vahidə» nədir?

Quranı təfsir edən alimlərin fikrinə əsasən, ayədə işlənən «nəfsi-vahidə» ifadəsində məqsəd həzrət Adəmdir. Müfəssirlər digər insanlardan əlavə, hətta həzrət Həvvanın da Adəmdən xəlq olunduğunu söyləmişlər. Lakin Həvvanın Adəmdən necə xəlq olunması barədə iki cür fikir nəql olunub:
1. Həvvanın Adəm peyğəmbərin yarandığı torpağın qalan hissəsindən xəlq olunması;
2. Həvvanın həzrət Adəmin qabırğasından yaranması;
Hər iki fikir sahibləri öz iddialarına dəlillər nəql etmişlər. Onları sizə təqdim edirik. İkinci fikrin tərəfdarları bəzi rəvayətlərə əsaslanaraq Allah təalanın Həvvanı Adəmin qabırğasından yaratdığını iddia etmişlər. Həmin rəvayətlərin bəzisini sizə nəql edirik:
1. Həzrət Əliyə (ə) nisbət verilən rəvayətdə buyurulur: «Həvva Adəm peyğəmbərin qabırğasının ən kiçik sümüyündən yaradılıb. Mütəal Allah Həvvanı həmin sümükdən yaratdıqdan sonra onun yerini ətlə doldurdu.» («Təfsiri-Əyyaşi», c.1, s.241, hədis:2)
2. Başqa rəvayətdə buyurulur: «Xuliqat Həvva`u min cənbi Ədəm va huva raqidun — Adəm peyğəmbər yatdığı zaman Həvva onun qabırğasından yaradıldı.» («Təfsiri-Əyyaşi», c.1, s.241, hədis:3)

Bu hədislər elmi baxımdan elə də mötəbər sayılmır. Əmirəl-mömi- nin Əliyə (ə) nisbət verilən hədis «məc`ul» sonradan düzəldilmiş hədisə bənzəyir. Ola bilsin ki, Əlinin (ə) düşmənləri o həzrəti gözdən salmaq məqsədilə bu sözləri hədis adlandırıb onun adından nəql etmişlər. Yaxud da bəzən imamlarımız (ə.s) müəyyən hədisləri təqiyyə edərək yaşadıqları dövrün fikrinə uyğun söyləmişlər. Əgər qeyd olunanlar onların öz sözləri olsaydı, onlar həmin sözlərin doğruluğuna Qurandan dəlil gətirərdilər.

3. Başqa bir rəvayətdə nəql olunur ki, həzrət Peyğəmbər (s.ə.a. s) buyurub: «İnnəl-mər`ətə xuliqat min zil`in ə`vac. Fə in zəhəbtə tuqimuhə kəsərtəhə va in təraktəhə va fihə ivacun istəmtə`tə bihə - Həqiqətən də, qadın əyri qabırğadan yaranmışdır. Onu düzəltmək istəsən, sındırmış olarsan. Əyri olduğu halda buraxsan (onu çox sıxmasan), birlikdə yaşayıb vücudundan faydalana bilərsən.» («Təfsiri-Kəbir», Fəxri Razi, c.9, s.161)

Gördüyünüz kimi, bu hədis də, əvvəla, ravisiz nəql olunduğuna görə, mötəbər sayılmır. İkincisi, Mütəal Allahın qadını əyri qabırğadan yaratmasına ehtiyacı yox idi. Görəsən, Adəmi (ə) torpaqdan yaradan Allah həmin torpağın bir qismindən də nənəmiz Həvvanı yarada bilməzdimi? Bu barədə Qurani-Kərimin digər ayələrinə də nəzər saldıqda Mütəal Allahın belə buyurduğunu görürük: «Huval-ləzi xaləqakum min nəfsin vahidətin və cə`alə minhə zaucəhə... — O elə bir Allahdır ki, sizi bir nəfsdən (Adəmdən) yaratmışdır. (Adəmi yaratdığı) həmin torpaqdan da onun zövcəsini (Həvvanı) yaratmışdır.» («Əraf» surəsi, ayə: 189)

Ayədəki «va xaləqa minhə zaucəhə» cümləsinin mənası «Allah Həvvanı Adəmin qabırğasından deyil, onu xəlq etdiyi torpaqdan yaratmışdır (ki, bunlar arasında uyğunluq və ünsiyyət olsun)» deməkdir. Əlbəttə, təfsirini yazdığımız ayədə ulu Tanrı Adəm peyğəmbəri nədən xəlq etməsindən söhbət açmır, yalnız insanların o həzrətin nəsli oldu- ğuna işarə edir.

Qrammatik cəhətdən «va xaləqa minhə zaucəhə» cümləsindəki «min» şəkilçisi «bəzi, bir hissəsi» mənasını ifadə etmir ki, Allahın Həvvanı Adəmin bəzi üzvündən — qabırğasından yaratdığını düşünək. Burada həmin şəkilçi bəyan rolunu daşıyır. Yəni, Allah Həvvanı da Adəmi yaratdığı materialdan — torpaqdan xəlq etmişdir. Sonra onların ikisinin ailə qurması nəticəsində kişilər və qadınlar törəmişdir.
Üçüncüsü, sonuncu hədisdə işlənən bu növ ağıldankənar ifadələr Peyğəmbər sözünə bənzəmir. Ola bilsin ki, həmin cümlə ərəblər arasında atalar məsəli kimi işlənmiş, sonralar onu rəvayət şəklində Peyğəmbərin adına nəql etmişlər. Təəssüf ki, bu növ rəvayətlər Əhli-beyt (ə.s) adından da nəql olunmuşdur. Lakin o həzrətlər, əslində, bunu təkzib etmişlər. Gəlin, bu barədə aşağıdakı rəvayətlərə nəzər salaq:
Əmr ibn Əbulmiqdam atasından rəvayət edir ki, o deyib: «Mən imam Baqirdən (ə) Allah təalanın Həvvanı nədən yaratdığını soruşduqda o həzrət buyurdu: camaat bu barədə nə deyir? Ərz etdim: onlar deyirlər ki, Allah Həvvanı Adəmin qabırğalarının birindən yaratmışdır. İmam Baqir (ə) buyurdu: kəzibu, ə kənəllahu yu`cizuhu ən yəxluqahə min ğayri zil`ihi? Fəqultu: cu`iltu fidək, min əyyi şəy`in xaləqahə? Fəqalə: əxbərani əbi an əbəihi qalə: qalə Rasulullah (s): innəllahə təbərakə va tə`alə qabəza qabzatən min tinin fəxalətahə biyəminihi... Fəxaləqa minhə Ədəmə. Va fuzzilət fuzlətun minət-tini fəxaləqa minhə Həvva` — Onlar yalan deyirlər. Məgər Allahın gücü çatmır ki, onu başqa bir şeydən yaratsın?
Dedim: Allah Həvvanı qabırğadan deyil, bəs nədən yaratmışdır?

O həzrət buyurdu: atam (imam Zeynəlabidin) atalarının vasitəsilə Peyğəmbərdən (s.ə.a. s) rəvayət etmişdir ki, o həzrət buyurub: Allah təbarək və təala bir ovuc palçığı götürüb onu qarışdırdıqdan sonra ondan Adəmi xəlq etdi. Həmin palçığın qalan hissəsindən də Həvvanı yaratdı.» («Biharul-ənvar», c.11, s.116; «Təfsiri-Əyyaşi», c.1, s.242, hədis:7; «əl-Bürhan», c.1, s.336)

Digər bir hədisdə imam Cəfər Sadiqin (ə) ən səlahiyyətli səhabələrindən biri Zürarə deyir: Əbu Abdullah imam Cəfər Sadiqdən (ə) soruşdular: Adəm peyğəmbərin həyat yoldaşı Həvva nənəmiz nədən yaranıb?

Sual verənlərin bəzisi isə o həzrətə ərz etdi: ey Peyğəmbər balası, bizim yaşadığımız yerdə bir çox şəxslər deyirlər ki, Allah təala Həvvanı həzrət Adəmin sol qabırğasının ən kiçik sümüyündən yaratmışdır.

İmam Sadiq (ə) buyurdu: Mütəal Allah onların söylədiyi bu sözlərdən pak və münəzzəhdir... Məgər onlar Allah təalanın Adəm peyğəmbərin zövcəsini başqa bir şeydən yaratmağa qüdrətinin çatmadığını demək istəyirlər?! Əgər Həvva nənəmiz Adəm peyğəmbərin qabırğasından yaranmışdırsa, belə məlum olur ki, o həzrət nənəmiz Həvva ilə nikah bağladıqda öz qabırğası ilə yaxınlıq edibmiş.

İmam Sadiq (ə) bunu dedikdən sonra buyurdu: Allah təbarək və təala bizlə bu cahil və nadanlar arasında özü hökm versin!..." («əl- Bürhan», c.1, səh.336, hədis:11)

Bu hədisdən də açıq-aşkar məlum olur ki, Mütəal Allah nənəmiz Həvvanı Adəm peyğəmbərin qabırğasından deyil, o həzrəti yaratdığı torpağın qalan hissəsindən yaratmışdır. Bu sözümüzə digər şahid «Nəhcul-bəyan» kitabında nəql olunan hədisdir. Həmin mübarək hədisdə imam Baqir (ə) buyurur: «İnnəhə xuliqat min fəzli tinəti Ədəm — O, (Həvva) Adəm peyğəmbərin xəlq olunduğu palçığın (torpağın) qalan hissəsindən yaradılmışdır.» («əl-Bürhan», c.1, səh.336, hədis:4)

Hətta bu rəvayətlərdən əlavə, izzət və cəlal sahibi olan Rəbbimiz bütün insanların nədən xəlq olunmasına işarə edərək buyurur: «Yə əyyuhən-nəs, in kuntum fi raybin minəl-bə`si fə innə xaləqnəkum min turabin summə min nutfətin summə min aləqatin summə min muzğatin muxalləqatin va ğayri muxalləqatin linubəyyinə ləkum Ey
insanlar! Öləndən sonra (qiyamət günü) diriləcəyinizə şübhə edirsinizsə (ilk yaradılışınızı yada salın), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış (qandan)... yaratdıq ki, (qüdrətimizi) sizə göstərək.» («Həcc» surəsi, ayə:5)

Digər bir ayədə buyurur: «Minhə xaləqnəkum va fihə nu`idukum va minhə nuxricukum təratən uxra — Sizi (kökünüzü) ondan (torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ona qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxaracağıq.» («Taha» surəsi, ayə:55)

Burada əziz bacı və qardaşlarıma tövsiyəm budur ki, qeyd etdiyimiz ayələrə, həmçinin nəql etdiyimiz mübarək hədislərə nəzər saldıqdan sonra mövhumat, yaxud zəif hədislər vasitəsilə gəlib çatmış Həvva nənəmizin Adəmin (ə) qabırğasından yaranması fikrindən daşınsınlar. Çünki gördüyünüz kimi, Mütəal Allah həmin ayələrdə Adəm və Həvvadan əlavə, bütün insanları torpaqdan yaratdığına (köklərinin torpaq olmasına) işarə edir.

Qeyd etdiyimiz sözlərdən belə qənaətə gəlmək olar ki, Mütəal Allah bütün insanları eyni nəfsdən — Adəm və Həvvadan, onları da torpaqdan yaratmışdır. Sual oluna bilər ki, görəsən, bu mübarək ayədə (ilk ayə) insanların hamısının həzrət Adəm və Həvvadan yaranmasına, onların da torpaqdan xəlq olunmasına işarə edilməkdə hədəf nədir?

Cavab olaraq qeyd edə bilərəm ki, həmin işarədə məqsəd budur ki, insanlar bir-birilə mehriban olaraq təkəbbürlənməsinlər və bilsinlər ki, hamısı eyni kökdən törəmişlər — ulu babaları Adəm, ulu nənələri isə Həvvadır. Həmçinin bilməlidirlər ki, heç biri xilqət baxımından digərindən fərqlənmir, hamısının mənşəyi torpaqdır. Belə güman etməsinlər ki, onların biri torpaqdan, digəri qızıl, yaxud gümüşdən yaranmışdır. İnsanlar öz elmi, əxlaqı və mədəniyyəti ilə biri digərindən fərqlənə bilər. Əgər biz islam peyğəmbərinin (s.ə.a. s) məşhur bir hədisdə: «ən- Nəsu mə`adinu kəmə`adiniz-zəhəbi val-fizzati — İnsanlar qızıl, gümüş yataqlarına (və digər mədənlərə) bənzəyirlər», — buyurduğunu görürüksə, orada məqsəd insanların qızıl və gümüşdən yaranması demək deyildir, əslində, hədəf onların elm və mərifət, əxlaq və imanla qızıl və gümüş mədənləri kimi dəyərə malik ola biləcəkləridir. («Biharul- ənvar», c.58, s.65)

Yaşadığımız dövrdə bəzi şəxslər belə güman edirlər ki, uca Tanrının ilk və son olaraq yaratdığı insanlar həzrət Adəm və onun nəslidir. Qiyamətin baş verməsilə onlar axirət aləminə köçür və bununla da hər şey başa çatır. Belə şəxslər izzət və cəlal sahibinin sonsuz elm və qüdrətindən bixəbərdirlər, həmin elm və qüdrət sahibinin saya gəlməyən məxluqatından xəbərləri yoxdur.

Əllamə Məclisi mərhum Şeyx Səduqdan, o da mötəbər sənədlərlə imam Sadiqdən (ə) nəql edir ki, o həzrət bu aləmdən başqa bir aləmin xəlq olunmadığını güman edən kimsəyə buyurub: «Lə`alləkə təra ənnəllahə ləm yəxluq bəşəran ğayrakum. Bələ, vallahi, ləqad xaləqa əlfə əlfə Ədəm. Əntum fi əxiri uləikəl-ədəmiyyin — Sən elə fikirləşirsən ki, Allah sizdən başqa bir bəşər yaratmayıb? Əsla, elə deyil. Allaha and olsun ki, O, sizdən öncə minlərlə Adəm yaratmışdır. Siz isə onların axırıncısısınız (hələ sizdən sonra digər Adəm və nəslinin gələcəyi də gözlənilir).» («Biharul-ənvar», c.54, s.350)

Mərhum Əllamə Məclisi yenə də Şeyx Səduqdan, o da «əl-Xisal» adlı əsərində imam Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurub: «İnnəllahə tə`alə xaləqa isnəy aşəra əlfə aləm. Kullu aləmin minhum əkbəru min səb`i səməvatin va səb`i ərazin. Mə yəra aləmun minhum ənnə lilləhi azzə va cəllə aləmən ğayrahum — Həqiqətən də, Allah on iki min aləm yaratmışdır. Onların hər biri (hazırkı) yeddi qat səmadan və yeddi qat yerdən daha böyük idi. Həmin aləmlərin heç biri Allahın onlardan başqa bir aləmin yaratmasını güman etmirdi.» («Biharul-ənvar», c.27, s.41)

Gördüyünüz kimi, biz insanların kökü həzrət Adəmə (ə) gedib çıxır ki, o da torpaqdan yaranmışdır. Buna əsasən, insanların müəyyən mərhələlərdən keçməklə indiki formaya düşdüyü iddiasını irəli sürənlər səhv fikirdədirlər. Çünki xilqəti sabit olmayan və vücudu dəyişikliklərə məruz qalan varlığa qanun — səmavi kitab nazil etmək, peyğəmbərlər vasitəsilə onlara din və şəriət göndərmək olmaz. Biz insanların vücudu Adəm peyğəmbərdən ta indiyədək sabit qaldığına görə, sağlam yaşamağımız və bir-birimizin hüququna riayət etmək üçün qanun — şəriət göndərilmişdir. Sual oluna bilər ki, əgər doğrudan da, belədirsə, bəs nə üçün indiyədək yalnız bir kitab və şəriət deyil, müxtəlif səmavi kitablar göndərilmişdir? Cavab olaraq deyə bilərəm ki, əvvəla, həmin kitab və dinlər eyni hədəf üzərində - Allaha itaət, Onun buyurduqlarına təslim olmaq üçün göndərilmişdir. Müxtəlifliyə gəlincə, buna səbəb Mütəal Allahın onları daha təkamül bir düşüncə və mərifətə yüksəltmək istəməsi olmuşdur.

Eyni ayədə «ittəqu» sözünün iki dəfə təkrarlanması

Təfsirini yazdığımız «Nisa» surəsinin ilk ayəsində «ittəqu — təqvalı olun!» əmri təkrar olunmuşdur. Onların birincisi «rəbb» sözündən, ikincisi isə «Allah» kəlməsindən öncə işlənmişdir. Şübhəsiz ki, bunların mənası bəzi incəlikləri əhatə edir. Birinci «ittəqu» əmrinin mənası: «Sizi vücuda gətirən Rəbbiniz barədə təqvalı olun!», ikincisi isə: «Valeh olduğunuz, heyran qaldığınız Allah haqqında təqvalı olun!», — deməkdir. Bu kəlmənin ilki mərifəti az olanlar üçün, ikincisi isə yüksək mərifət sahibləri üçün zikr olunmuşdur. İkinci kəlmədə iman əhlinə yüksək düşüncə sahibi olduqları üçün təqvalı olmalarından əlavə, əhkama riayət etmələri də tövsiyə olunur.



Qohum-əqrəbalıq elə mühüm bir anlayışdır ki, Mütəal Allah Quranda: «Vattəqullahəl-ləzi təsə`əlunə bihi», — buyuraraq Özünü tapşırdıqdan sonra: «val-ərhamə», - söyləməklə onu tapşırır.

Unutmayaq ki, əslində, biz insanlar hamımız bir-birimizə qohum sayılırıq. Çünki dil və rənglərimizin bir-birindən fərqlənməsinə (ərəb, azəri, fars, türk, hind, rus və s. xalqlara bölünməyimizə) baxmayaraq, hamımızın ilk babası Adəm, ilk nənəsi isə Həvvadır. Buna görə də, bəyənilir ki, bütün insanlar bir-biri ilə hədisdə qeyd olunduğu kimi rəftar etsinlər.

Ayənin sonunda işlənən: «İnnəllahə kənə aləykum raqibə», - cümləsi «ittəqu rabbəkum» və «ittəqullah» cümlələrinin səbəbidir. Yəni, bilin ki, Allah sizin əməllərinizə nəzarət edir. Ona görə də, Rəbbiniz olan Allahdan qorxun, Onun buyurduqlarına əməl edin və qohumlarınızın haqqını əda edərək onlarla əlaqənizi kəsməyin!"

Elmi və ədəbi bir nöqtə

Bu və bundan sonrakı ayədə qrammatik cəhətdən diqqəti cəlb edəcək iki mətləb vardır:
1. «əl-Ərhamə» sözünün təsirlik halda oxunması;
2. «İlə əmvalikum» ifadəsi.

«əl-Ərhamə» kəlməsinin təsirlik halda işlənməsinin səbəbi onun özündən əvvəlki «bi» şəkilçisinə aid olunmasıdır. Ərəb ədəbiyyatında belə bir qayda vardır ki, bir sözü yiyəlik halda işlənmiş əvvəlki kəlməyə aid etdikdə o sözü ya gərək həmin şəkilçi («bi») ilə birlikdə oxuyasan, ya da onu təsirlik halda oxumalısan. Burada «bi» şəkilçisi təkrar edilməmək üçün, o, «əl-ərham» sözünün əvvəlində işlənməmişdir. Buna görə də, «əl-ərhamə» sözü təsirlik halında zikr olunmuşdur. Dəstəmaz ayəsi də məhz bu qrammatik xüsusiyyətə əsasən: «Vamsəhu biru`usikum va ərculəkum», — şəklində oxunur. Yəni, məsh çəkin başlarınıza və ayaqlarınıza! Dəstəmaz ayəsində də həmin «bi» şəkilçisi ikinci sözün («ərculəkum» kəlməsinin) əvvəlində gəlmədiyinə görə həmin söz təsirlik halda oxunur.

«Va lə tə`kulu əmvaləhum ilə əmvalikum» ayəsindəki maraqlı nöqtə yönlük və istiqamət bildirən «ilə» şəkilçisidir. Həmin şəkilçini bu ayədə zahiri mənası ilə tərcümə etsək, belə deməliyik: "Yetimlərin mallarını öz mallarınıza tərəf yeməyin!«Bu da heç bir məna ifadə etmir. Deməli, «ilə» şəkilçisinin digər mənaları da mövcuddur ki, onlardan biri də «mə`a — bahəm, birlikdə və bir yerdə» mənasıdır. Bu ayədə də həmin məna nəzərdə tutulub. Yəni, yetimlərin mallarını öz mallarınızla birlikdə yeməyin (onların mallarına toxunmayın)!

Dəstəmaz ayəsinin digər bir yerində bu qrammatik xüsusiyyət eynilə təkrar olunmuşdur. Həmin ayədə buyurulur: «Fəğsilu vucuhəkum va əydiyəkum iləl-mərafiq — Yəni, əllərinizi dirsəklərə tərəf deyil, dirsəklərlə birlikdə yuyun!»

Təfsirini yazdığımız «Nisa» surəsinin ilk ayəsinin zahirinə nəzər salsaq, cümlələrin bir-biri ilə ziddiyyət təşkil etdiyini güman edə bilərik. Çünki Mütəal Allah bu ayədə əvvəl buyurur: «Ey camaat, Rəbbiniz sizi bir nəfsdən yaratmışdır.» Sonra buyurur: «Həmin nəfsdən və onun zövcəsindən çoxlu kişilər və qadınlar törətmişdir.» Halbuki, bir qədər diqqət yetirsək, görərik ki, insanların hamısı eyni bir şeydən (torpaqdan) yaranmışdır. Sadəcə olaraq ondan yaranan ilk insan Adəm və Həvva olmuş, sonra bu ikisinin vasitəsilə digər insanlar törəmişlər.

Adəm peyğəmbərin övladlarının evlənməsi

Bu mübarək ayədə diqqəti cəlb edən digər bir mətləb «va bəssə minhumə ricələn kəsiran va nisə` - Allah o ikisindən (Adəm və Həvvadan) çoxlu kişi və qadınlar törətmişdir!» cümləsidir.

Həzrət Adəmin övladlarının evlənməsi barədə camaat arasında müxtəlif fikirlər vardır. Bu haqda Quran ayələrinə nəzər saldıqda ilk baxışdan bir şey əldə etmək olmur. Lakin diqqətlə nəzər saldıqda görürük ki, Adəmin (ə) nəslinin artması o həzrətin özü ilə Həvvaya aid verilir. Mütəal Allah buyurur: «...Va bəssə minhumə ricələn kəsiran va nisə`... — Ey camaat! ...Rəbbiniz o ikisindən (Adəm və Həvvadan) çoxlu kişi və qadınlar törətdi!»

Həmçinin Quranın başqa bir yerində buyurur: «Yə əyyuhən-nəs! İnnə xaləqnəkum min zəkərin va unsə... — Ey camaat! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...» («Hucurat» surəsi, ayə:13)

Bu mübarək ayələrə diqqət yetirdikdə görürük ki, Adəm peyğəmbərin nəslindən olan kişi və qadınların çoxalması cin və mələklərə de- yil, həzrət Adəm və Həvvanın özünə nisbət verilir. Qurani-Kərimin ayələrindən əlavə, bəzi rəvayətlərə də nəzər saldıqda görürük ki, bura- da o həzrətin övladlarının bir-biri ilə evlənməsinə işarə olunmuşdur.

Mərhum Təbərsi özünün məşhur «Məcməul-bəyan» adlı əsərində imam Baqirdən (ə) rəvayət edir ki, o həzrət buyurub:

«Adəmin (ə) zövcəsi Həvva Allahın əmri ilə Adəm peyğəmbərlə nikah bağladıqdan sonra hər dəfə bir oğlan və bir qız olmaqla əkiz uşaq dünyaya gətirirdi. Bunlar həddi-buluğa çatdıqdan sonra Allah təala Adəm peyğəmbərə əmr etdi ki, Qabili Habilin bacısı ilə, Habili də Qabilin bacısı ilə evləndirsin...» («Məcməul-bəyan», c.3, səh.183; «Təfsiri-Safi», səh.146; «Təfsiri ət-Tibyan», c.3, səh.492, 8-ci sətir, «əl-Mizan», c.4, səh.146)

Digər bir hədisdə imam Rzadan (ə) rəvayət etmişlər ki, o həzrət buyurub: «... Onlar həddi-buluğa çatdıqdan sonra (nəsil məhdud olduğu üçün, başqa bir oğlan və qız olmadığı üçün Mütəal Allahın və Adəm peyğəmbərin razılığı ilə) Habil Qabilin bacısı ilə, Qabil də Habilin bacısı ilə evləndi. Bu izdivac həyata keçirilərək onlardan uşaq (Adəm peyğəmbərin nəvələri) dünyaya gəldikdən sonra bacı ilə qardaşın evlənməsi haram edildi. (Çünki nəsil artıqdan sonra bacı ilə qardaşın evlənməsinə ehtiyac qalmadı.)» («Təfsiri Safi», səh.111; «Qurbul- isnad», səh.366, hədis:1311; «Biharul-ənvar», c.11, səh.226, hədis:5)

Başqa bir rəvayətdə imam Zeynəlabidinin (ə) məşhur səhabələrindən olan Əbu Həmzə Somali nəql edir ki, bir gün imam Zeynəlabidin (ə) Qüreyş tayfasından olan bir kişi ilə həzrət Adəm və Həvvanın ailə qurması barəsində danışdıqda buyurdu: «Mütəal Allah Adəmin tövbəsini qəbul etdikdən sonra o həzrət Həvva ilə ailə quraraq onunla birlikdə yaşamağa başladı. Yaşadıqları vaxt ərzində həzrət Həvva 20 dəfə əkiz uşaq (bir oğlan, bir qız) dünyaya gətirdi. İlk dəfə dünyaya gələn uşaq Habil və onun İqlima adlı bacısı idi. İkinci dəfə isə Qabil və onun Lövza adlı bacısı idi. Lövza həzrət Adəmin qızlarının içində ən gözəli idi. Onlar (Habil, Qabil və onların bacıları) həddi-buluğa çatdıqdan sonra Adəm (ə) övladlarının fəsada düçar olmaması üçün onları çağırıb dedi: ey Habil, mən istəyirəm ki, səni Qabilin bacısı Lövza ilə, ey Qabil, səni də Habilin bacısı İqlima ilə evləndirəm! (Nəsil məhdud olduğu üçün Mütəal Allahın məsləhəti ilə) o həzrətin övladları bir-biri ilə evləndilər. Onlardan uşaq (həzrət Adəmin nəvələri) dünyaya gəldikdən sonra bacı ilə qardaşın evlənməsi Mütəal Allah tərəfindən haram buyuruldu. (Çünki nəvələr dünyaya gəldikdən sonra bacı ilə qardaşın evlənməsinə ehtiyac yox idi. Yəni, Habil və Qabilin övladları bir-biri ilə əmioğlu-əmiqızı olduğu üçün evlənə bilərdilər.)

Qüreyş tayfasından olan şəxs soruşdu: Adəm peyğəmbərin övladları bir-biri ilə evlənmişlər?!
İmam (ə) buyurdu: bəli!
Həmin şəxs dedi: belə bir evlilik (bacı ilə qardaşın evlənməsi) məcusilərin (atəşpərəstlərin) evlənməsi kimidir. Bəs nə üçün biz onların evlənməsinə pis baxırıq?!
İmam (ə) buyurdu: buna görə ki, məcusilər Allah təala tərəfindən bu nikah haram edildikdən sonra ondan istifadə edirlər. Lakin Habil və Qabil bu izdivac haram edilməmişdən öncə ondan istifadə etmişdilər.
İmam (ə) sözünə davam edərək qüreyşli şəxsə buyurdu: sən Adəm peyğəmbərin övladlarının bu növ evlənməsini inkar etmə! Həqiqətən də, Adəm peyğəmbərin oğlanlarından yalnız Habil və Qabilin dövründəki din və şəriətin hökmü belə idi...» («Təfsiri Safi», səh.111-112; «Ehticaci-Təbərsi», c.2, səh.314-315)

Əhli-sünnənin məşhur alimlərindən olan Fəxri Razi də özünün «ət- Təfsirul-kəbir» kitabında «Bəqərə» surəsinin 106-cı ayəsini təfsir etdikdə yuxarıda qeyd etdiyimiz kimi, Adəmin (ə) övladlarının bir-biri ilə evlənməsindən xəbər verərək deyir: «Adəm (ə) bacını qardaşla evləndirirdi. Sonra həzrət Musa zamanında belə bir nikah haram buyuruldu.» («ət-Təfsirul-kəbir», c.3, səh.227)

Lakin Fəxri Razi, əvvəla, nəql etdiyi bu xəbəri heç bir raviyə istinad etməyərək öz fikrini bəyan edir. İkincisi isə bu növ izdivacın zamanını Musa peyğəmbərin dövrünə qədər uzadır. Halbuki, rəvayətlərə əsasən, bu növ evlilik nəsil məhdud olduğu üçün Adəm peyğəmbərin övladlarından yalnız Habil və Qabilin dövründə baş vermişdir.

Adəmin (ə) övladlarının evlənməsi barəsində başqa rəvayətlər də mövcuddur. İndi isə həmin rəvayətlərdən bəzisini sizə təqdim edirəm:

Mərhum Şeyx Səduq nəql edir ki, bir gün imam Cəfər Sadiqə (ə) Adəm peyğəmbərin zürriyyətinin artması barəsində sual verərək dedilər: «Ey Peyğəmbərin balası! Bizim aramızda bir dəstə şəxs vardır ki, belə deyirlər: Adəmin (ə) övladlarının artması o həzrətin oğlan və qızlarının bir-biri ilə evlənməsi vasitəsilə olmuşdur. İmam (ə) buyurdu: Subhanəllah! Bunu kim deyir? Mütəal Allah belə bir nikahı bəyənməyərək ondan uzaqdır. Bu iddiada olanlar demək istəyirlər ki, izzət və cəlal sahibi Allah seçilmiş bəndələrini, dostlarını, peyğəmbərləri, iman əhlini və müsəlmanları haram nikahla — bacı-qardaşın bir-biri ilə evlənməsi vasitəsilə xəlq etmişdir. Məgər, Allah təalanın onların nəslini halal nikahla artırmağa qüdrəti çatmırdımı?! Halbuki, onlardan (peyğəmbərlərdən) əhd-peyman almışdır ki, nikah şəriətdə halal və pak bir yolla olsun. And olsun Allaha, mənə xəbər verilibdir ki, heyvanların bəzisi bacısını tanımadan onunla yaxınlıq etdikdən sonra bildi ki, yaxınlıq etdiyi onun öz bacısıdır. Bu pis əməlindən utanaraq peşman olduğuna görə, o, dişi ilə öz alətini yerindən qopardıb yıxılaraq öldü. („Təfsiri-Safi“, səh.111) Başqa bir heyvan isə anasını tanımadan bu işi gördükdən sonra özünü öldürmüşdür.» («əl-Bürhan», c.1, səh. 337, hədis:12)

Digər bir hədisdə imam Cəfər Sadiq (ə) bacı ilə qardaşın evlənməsinin haram olduğunu təkid edərək buyurub: «Bacı-qardaşın evlənməsinin haram olması „dörd məşhur səmavi kitabda (Zəbur, Tövrat, İncil və Quranda)“ da qeyd olunmuşdur... Həzrət Adəm oğlu Habilin qətlə yetirilməsinə o qədər qüssələndi ki, 500 il Həvva ilə yaxınlıq edə bilmədi. Bu müddətdən sonra o həzrət özünə gələrək Həvva ilə yaxınlıq etdi. Mütəal Allah onlara bir oğlan verdi. Həzrət Adəm onun adını Şeys qoydu. O, Adəm övladından olan övsiyaların (xəlifə və canişinlərin) birincisidir. Şeys dünyaya gələndən sonra Mütəal Allah Adəm peyğəmbərə bir oğlan da verdi. O həzrət onun adını Yafis qoydu. Bu iki oğlan həddi-buluğa çatdıqdan sonra Mütəal Allah insanların nəslini artırmaq üçün cümə axşamı (dördüncü gün) axşamçağı Adəmə (ə) cənnətdən Nəzlə adlı bir huri göndərdi ki, o həzrət oğlu Şeysi həmin huri ilə evləndirsin. Cümə günü axşamçağı isə Mənzilə adlı başqa bir mələk göndərdi ki, Adəm peyğəmbər Yafisi də o mələklə evləndirsin. Bu iki oğlan həmin mələklərlə evləndikdən sonra Mütəal Allah Şeysə bir oğlan, Yafisə isə bir qız verdi. Bu oğlanla qız (əmioğlu və əmiqızı) həddi-buluğa çatdıqdan sonra Mütəal Allah Adəm peyğəmbərə əmr etdi ki, onları bir-biri ilə evləndirsin. Onların evlənməsi nəticəsində bütün peyğəmbərlər, saleh insanlar və Allahın seçilmiş bəndələri dünyaya gəldi » («Təfsiri-Safi», səh.111)

Qeyd etməliyəm ki, bu cür rəvayətləri tam şəkildə qavramaq olmur. Çünki hər bir məxluq öz növü ilə evlənib nəsil artıra bilər. Məsələn, məməlilər məməlilərlə, sürünənlər sürünənlərlə, heyvanlar heyvanlarla, quşlar quşlarla, insanlar da insanlarla.

İnsanın onunla eyni cinsdən olmayan varlıqla (mələk, yaxud cin) evlənərək nəsil artırmasını ağıl rahatlıqla qəbul edə bilmir. Əgər Adəmin (ə) oğlanları Nəzlə və Mənzilə adlı mələklərlə evlənmiş və onlardan uşaq dünyaya gəlmişdirsə, onda maraq doğuran bir çox suallar yaranır: bildiyimiz kimi, mələk mücərrəd bir məxluq olduğu üçün onun haqqında kişi və qadın cinsi təsəvvür olunmur. Onların vücudu belə olduğu təqdirdə, görəsən, həmin mələklər onların nəslindən gələn uşaqlara necə süd vermişlər? Yaxud böyüdükdən sonra onlara necə analıq etmişlər, yoxsa onları dünyaya gətirərək analıq etmədən səmaya çəkilmişlər? Məgər Allah təala öz qüdrəti ilə o iki mələyin yerinə iki qız yarada bilməzdi ki, Adəmin oğlanları onlarla evlənsinlər və onlardan dünyaya gələn uşaqlar əmioğlu-əmiqızı olmaqla məsələ öz həllini tapsın və heç bir harama (bacı-qardaş evliliyinə) yol verilməsin? Bu və buna bənzər digər suallar eyni məxluqdan olmayan iki varlığın evlənməsi haqqında insanda bir çox şübhəli fikirlər yaratdığına görə, bu növ nəsil artırmaq ağıl və sağlam düşüncə ilə üst-üstə düşmür. Ona görə də, bu cür rəvayətlər mümkündür ki, təqiyyə məqsədilə nəql olunmuşdur. Yaxud da islam düşmənləri mövhumata bənzər bu cür sözləri hədis adı ilə Peyğəmbər və imamlara (ə.s) nisbət vermişlər.

Qeyd olunan bütün fikirləri bir yerə yığaraq belə qənaətə gəlmək olar ki, Qurani-Kərimin ayələri və Peyğəmbər Əhli-beytindən (ə.s) nəql olunmuş mötəbər rəvayətlərə əsasən, Adəm övladının artması ancaq ilk dəfə o cür baş vermişdir. Necə ki, zərurəti olduğu üçün yalnız bir kişi və bir qadın (Adəm və Həvva) atasız-anasız yarandılar və onların övladları oldu, eləcə də, zərurət olduğu üçün yalnız Habil Qabilin əkiz bacısı ilə, Qabil də Habilin əkiz bacısı ilə evlənməklə övlad sahibi oldular. Onlardan dünyaya gələn uşaqlar isə əmioğlu və əmiqızı sayılaraq bir-biri ilə evlənməklə bu hökm ləğv olundu.

Əlbəttə, bu ilk hökm deyil ki, məsləhətə əsasən baş vermiş, sonra isə ləğv olunmuşdur. Çünki məsləhət olduğu üçün əvvəl caiz olub sonradan ləğv olan digər bəzi hökmlər də vardır ki, onlardan biri də islamın ilk günlərində müsəlmanların bir-birindən irs aparmalarıdır.

Tarixşünasların qeyd etdiklərinə əsasən, cahiliyyət dövründə yaşayan ərəblər dünyasını dəyişən şəxsin malını irs olaraq qadınlara, qızlara və kiçik oğlan uşaqlarına deyil, yalnız onun qohumlarından müharibədə iştirak edə bilən, qəhrəmanlıq göstərməyi bacaran, evini qorumağa qüdrəti çatan və ailəni himayə edə biləcək şücaətli kişilərə verirdilər. Onların digər adət-ənənələri də var idi. Belə ki, iki nəfər şəxs irs aparmaq barədə and içib bir-biri ilə əhd-peyman bağladıqda hər hansı biri dünyasını dəyişərdisə, digəri ondan irs aparardı. Onlar əhd-peyman bağladıqda belə deyərdilər: «Dəmukə dəmi va sərukə səri va harbukə harbi va silmukə silmi tərisuni va ərisukə va tutləbu bi va utləbu bikə va tu`qalu anni u`qalu ank — Sənin qanın mənim qanımdır, səninlə vuruşan sanki mənimlə vuruşub, səninlə sülh edən mənimlə sülh etmişdir, mən səndən irs aparım, sən də məndən, dünyamızı dəyişəcək olsaq, kimsəyə borcum olsa, sən ödəyəsən, sənin də borcun olsa, mən ödəyəm, kimsəyə xəsarət yetirsəm, sən öhdənə götürəsən, sənin də xəsarətini mən öhdəmə götürəm!» («Övl və təsib», doktor Əbdürrəhim Nicat, s.235-240)

Peyğəmbər (s.ə.a. s) Məkkəni fəth etdikdə onların öz aralarında bağladıqları əhd-peymana toxunmayaraq buyurdu: «Val-ləzinə aqədət əymənukum fəətuhum nəsbəhum — İndiyədək bağladığınız əhd-peymana əməl edin. Lakin bu gündən etibarən bir daha irs aparmaq barədə and içərək əhd-peyman bağlamayın!»

Mütəal Allahın əmrinə əsasən, həmin dövrdəki insanlardan iman gətirən şəxslər və Məkkədən Mədinəyə islam ordusunun qüvvətlənməsi məqsədilə hicrət edənlər bir-birindən irs aparırdılar. Uca Tanrımız Qurani-Kərimdə buyurub: «İnnəl-ləzinə əmənu va həcəru va... val-ləzinə əvau va nəsaru uləikə bə`zuhum auliyəu bə`z. Val-ləzinə əmənu va ləm yuhəciru mə ləkum min valəyətihim hattə yuhəciru — İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək göstərənlər (ənsar) — məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirənlər hicrət etməyənədək sizinlə onlar arasında heç bir dostluq (varislik hüququ) yoxdur.»

Gördüyünüz kimi, Mütəal Allah bu mübarək ayədə bəzi məsləhətlərə əsasən, iman əhlindən hicrət edən mühacirlərlə Mədinədə onlara kömək edən ənsar arasında varislik haqqı təyin etmişdir.

Bu ayənin nazil olmasından səkkiz il sonra islam ordusu Mədinədə qüvvətləndikdən və müsəlmanlar iqtisadi baxımdan inkişaf etdikdən sonra həmin hökm ləğv olundu, yalnız qohum-əqrəba bir-birindən irs apara bildi. Necə ki, Mütəal Allah bu barədə ayə nazil edərək buyurur: «Va ulul-ərhami bə`zuhum aulə bibə`zin fi kitəbilləhi minəl-mu`mininə val-muhəcirin — Qohumlar (bir-biri ilə vərəsə olmaq baxımından) Allahın kitabında möminlərdən və mühacirlərdən daha Bu ayənin nazil olmasından səkkiz il sonra islam ordusu Mədinədə qüvvətləndikdən və müsəlmanlar iqtisadi baxımdan inkişaf etdikdən sonra həmin hökm ləğv olundu, yalnız qohum-əqrəba bir-birindən irs apara bildi. Necə ki, Mütəal Allah bu barədə ayə nazil edərək buyurur: «Va ulul-ərhami bə`zuhum aulə bibə`zin fi kitəbilləhi minəl-mu`mininə val-muhəcirin — Qohumlar (bir-biri ilə vərəsə olmaq baxımından) Allahın kitabında möminlərdən və mühacirlərdən daha yaxındırlar» («Əhzab» surəsi, ayə:6; «Ənfal» surəsi, ayə:75).

Gördüyünüz kimi, islamın ilk günlərində irs aparmaq bəzi məsləhətlərə əsasən, iman əhlindən hicrət edən kimsələr arasında idisə, sonralar bu hökm ləğv olunaraq yalnız qohum-əqrəba arasında vacib oldu. Deməli, məsləhət olduqda bəzi hökmlər müxtəlif səbəblərə görə, Allahın iradəsi ilə müəyyən bir vaxtadək icra edildikdən sonra ləğv oluna bilər.

Əziz oxucular, bəyan etdiyim bu fikirlər gecə-gündüz təhqiqat aparmaqla çəkdiyim böyük bir zəhmətin nəticəsidir. Burada digər əqidə və fikirlər də vardır ki, bəzi müfəssirlər tərəfindən nəql olunmuşdur. Məsələn, Adəm övladının mələk və cinlə evlənməsi. Lakin həmin fikirlərin ağıl və məntiqdən uzaq olduğunu nəzərə alaraq onları qeyd etmədim.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi