8-ci ayə 200-dən
Dinləmək
Əsli
رَبَّنَا لَا تُزِغْ قُلُوبَنَا بَعْدَ إِذْ هَدَيْتَنَا وَهَبْ لَنَا مِن لَّدُنكَ رَحْمَةً  ۚ إِنَّكَ أَنتَ الْوَهَّابُ
Transliterasiya
Rabbanā Lā Tuzi‍ġ Qulūbanā Ba`da 'I‍ḏ Hadaytanā Wa Ha‍‍b Lanā Mi‍‍n Ladu‍‍n‍‍ka Raḥmatan 'I‍‍nn‍‍aka 'A‍‍n‍‍ta A‍‍l-Wahh‍‍ā‍‍b‍‍u
Mirzə Əli Meşkini
(Onlar deyərlər:) «Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!»
Əltafur-Rəhman

Haqq yolda sabitqədəmlik (ayə:8)

Bu ayədən öncə elmləri dərin olan kimsələrin mütəşabih ayələri gördükdə: «biz Qurana bütünlüklə iman gətirdik, bunların hamısı Rəbbimiz tərəfindəndir», — buyurmalarından sonra 8-ci ayədə onlar Allaha müraciət edərək deyərlər: «Ey Rəbbimiz, bizi (Quranın möhkəm və mütəşabih ayələrinə iman gətirməyə) hidayət etdikdən sonra qəlblərimizi haqdan batilə tərəf yönəltmə! Bizə Öz tərəfindən xüsusi bir rəhmət bəxş et! Çünki Sən (heç bir təmənnası olmadan) bəxş edənsən!»

Bu mübarək ayədə üç mühüm nöqtəyə diqqət yetirməliyik:
1. Qəlblərin haqdan batilə tərəf yönəlməsi;
Allaha həqiqi mənada iman gətirən kimsələr bilirlər ki, əgər Mütəal Allahın lütfi-nəzəri olmasa, heç kəs haqqa tərəf hidayət ola bilməz. Bunu da bilirlər ki, dünyada bütün varlıqlarla bərabər insanların qəlbi Allahın əlindədir. İstəsə, insanın qəlbini hidayət edər, istəməsə, onu öz başına buraxar.

İbn Əbu Şeybə, Əhməd ibn Hənbəl, Tirmizi, İbn Cərir, Təbərani və İbn Mərdəveyh həzrət Peyğəmbərin həyat yoldaşı Ümmü Sələmədən rəvayət ediblər ki, o deyib: «Allahın rəsulu çox vaxt belə dua edərdi: „Əllahummə, muqallibəl-qulub, səbbit qalbi alə dinik! — Allahım, ey qəlblərdə dəyişiklik yaradan, mənim qəlbimi Öz dinində sabit qərar ver!“

Bir gün mən o həzrətə ərz etdim: ey Allahın rəsulu, doğrudan da, qəlblər haldan-hala çevrilər? O həzrət buyurdu: nəam, mə min xalqil- ləhi min bəşərin min bəni-Ədəmə illə va qalbuhu bəynə isbə`ayni min əsabi`illəh. Fə in şə`ə əqaməhu va in şə`ə əzəğah. Fənəs`əlul- lahə Rabbənə ən lə yuziğa qulubənə bə`də iz hədənə va nəs`əluhu ən yəhəbə lənə min lədunhu rahmətən, innəhu huval-vahhəb. Qultu: ya Rasuləllah, ə lə tu`allimuni də`vatən əd`u bihə linəfsi? Qalə: bələ...
— Bəli, Mütəal Allah Adəm övladından elə bir kimsə yaratmayıb ki, onun qəlbi Allahın qüdrət barmaqlarının ikisi arasında olmasın. Əgər Allah istəsə, onu dirçəldər, istəməsə. onu öz başına buraxaraq haqdan batilə tərəf yönəldər. Biz də Rəbbimiz olan Allahdan istəyirik ki, hidayət olduqdan sonra bizi haqdan batilə tərəf yönəltməsin və Ondan diləyirik ki, bizə öz dərgahından xüsusi bir rəhmət əta etsin! Çünki O, təmənna ummadan bağışlayandır.

Ümmü Sələmə deyir ki, əzr etdim: ey Allahın Rəsulu, mənə elə bir dua öyrədərsənmi ki, özümə o cür dua edim?! Həzrət buyurdu: bəli, dua etdikdə belə de: Əllahummə, Rabbən-nəbiyyi Muhamməd, iğfir li zənbi va əzhib ğayza qalbi va əcirni min muzillətil-fitəni mə əhyəytəni!» («əd-Durrul-mənsur», c.2, s.8)

Bu hədisin mislini Cabir ibn Abdullah Ənsari və digər səhabələr də nəlq etmişlər.

Əlbəttə, bu mübarək hədisdə «isbə`ayn» və ya «əsabi`» kəlməsinin işlənməsində məqsəd Allah təalanın cisim olması, yəni: əlinin və ya barmaqlarının olması demək deyildir. Əslində, bu kəlmələrdə məqsəd Mütəal Allahın qəzavü-qədər qüdrətinə malik olması deməkdir. Necə ki, bir şəxsin qüdrət və bacarığının yüksək dərəcədə olmasını bəyan edərkən: «onun hər barmağından bir iş gəlir», — deyərlər. Təbii ki, burada barmaqlar deyildikdə həmin şəxsin qüdrət və məharətinin üstünlüyünə işarə edilir.

Mərhum Kuleyni Hüşam ibn Həkəmdən rəvayət edir ki, o deyib: «İmam Museyi-Kazım (ə) mənə buyurdu: yə Huşəm, innəllahə hakə an qaumin salihinə ənnəhum qalu: „Rabbənə, lə tuziğ qulubənə bə`də iz hədəytənə...“ hinə alimu ənnəl-qulubə təziğu va tə`udu ilə aməhə va radəhə, innəhu... va lə yəkunu əhadun kəzəlikə illə mən kənə qauluhu lifi`lihi musaddiqan va sirruhu lialəniyyətihi muvafi- qan liənnəllahə təbərakəsmuhu ləm yədull aləl-bətinil-xafiyyi minəl- aqli illə bizahirin minhu va nətiqin anh — Ey Hüşam, Mütəal Allah bir qrup saleh insandan hekayət edib ki, onlar qəlblərin hidayət olduqdan sonra korluğa və zəlalətə çevrilə biləcəyini bildikdə dua edərək demişlər: „Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət və nemət) bəxş edənsən!...“

Həqiqətən də, danışığı əməlinə uyğun gəlməyən və batini zahirinə münasib olmayan kəs hidayətdə sabit qala bilməz və o, imanın batininə ağıl vasitəsilə yol tapa bilməz.» («əl-Kafi», c.1, s.18)

Bu mübarək ayədə «qəlblərimizi haqdan batilə tərəf yönəltmə!» ifadəsi «bizi öz başımıza buraxma» mənasını daşıyır. Mütəal Allahın hədəfi insanların bir qismini deyil, onların hamısını hidayət etməkdir. Onun ümumi rəhməti bütün məxluqatına şamildir. Lakin elmləri dərin olan kimsələrin bu şəkildə dua etməkdə məqsədləri Mütəal Allahdan xüsusi bir rəhmət diləməkdir.

2. Ayədə işlənən «rəhmət» kəlməsi;
Ərəb dilində bir şeyin xüsusiliyini üzə çıxarmaq üçün bəzən kəlməni qeyri-müəyyənlikdə işlədirlər. Məsələn: «Zarabəhu zarbətən — onu elə bir zərbə ilə vurdu, yəni: xüsusi bir zərbə ilə vurdu.» Burada qeyrimüəyyənlikdə işlənən «zarbətən» sözü xüsusi bir zərbə tərzinə işarədir. Ayədə işlənən «rahmətən» kəlməsinin də qeyri-müəyyənlikdə zikr olunmasından və düzülüş tərzindən (yəni: «rəhmətən» şəklində gəlməsindən) məlum olur ki, elmi sabit olan kəslər Mütəal Allahdan «xüsusi bir rəhmət» diləyirlər.

3. «Vəhhab» sözü.
Bu söz Mütəal Allahın müqəddəs adlarından biridir. Bu kəlmə «hibə» sözündən götürülərək mənası «heç bir təmənna gözləmədən bəxş etmək, hədiyyə etmək» deməkdir. Mütəal Allahın rəhmətinin bir qismi insanların etdiyi əməllərin nəticəsində onların halına şamil olur. Lakin elmləri dərin olan şəxslər izzət və cəlal sahibi olan Allahdan etdikləri əməllərin qarşılığında deyil, Ondan təmənnasız olaraq bəxş etdiyi xüsusi rəhməti diləyirlər.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi