3-ci ayə 200-dən
Dinləmək
Əsli
نَزَّلَ عَلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ وَأَنزَلَ التَّوْرَاةَ وَالْإِنجِيلَ
Transliterasiya
Nazzala `Alayka A‍‍l-Kit‍‍ā‍‍ba Bil-ḥaqqi Muṣaddiqāa‍‍n Limā Bayna Yadayhi Wa 'A‍‍n‍‍zala A‍‍t-Tawrāata Wa A‍‍l-'I‍‍n‍‍j‍‍ī‍‍l‍‍a
Mirzə Əli Meşkini
Özündən qabaqkıları (peyğəmbərləri, şəriətləri və səmavi kitabları) təsdiq edən bu kitabı haqq olaraq (və ali və əqlani bir məqsədlə) sənə tədricən nazil etdi. Tövrat və İncili (onların hər birini isə) birdəfəlik və məcmu halında nazil etdi.
Əltafur-Rəhman

Haqq olan kitab («Ali-İmran» surəsi, ayə:3)

Mütəal Allah bu ayədə həzrət Peyğəmbərə nazil olan Quran haqqında «nəzzələ - nazil etdi» sözünü, Tövrat və İncil barəsində isə «ənzələ - göndərdi» kəlməsini işlətmişdir.

«Nəzzələ» sözü bir kitabın tədricən nazil olmasına deyilir. «Ənzələ» kəlməsi isə onun tədriclə deyil, birlikdə və birbaşa nazil olmasına deyilir. Qurani-Kərimin ayələri islam peyğəmbərinə 23 il ərzində tədricən, hissə-hissə nazil olmuşdur. Lakin Tövrat, İncil və İbrahim peyğəmbərə göndərilmiş səhifələr hissə-hissə deyil, bir yerdə nazil olmuşdur. Ayənin davamında Quran barəsində işlədilən «va ənzələl- Furqan» ifadəsi isə «Furqan»-ın (Qurani-Kərimin) qədr gecəsində həzrət Peyğəmbərə bütöv şəkildə nazil olmasına işarədir. Necə ki, «Qədr» surəsində buyurulur: «İnnə ənzəlnəhu fi ləylətil-qadr — Biz onu (Quranı) qədr gecəsində nazil etdik.» Yaxud, başqa bir ayədə buyurulur: «İnnə ənzəlnəhu fi ləylətin mubərakəh — Biz Quranı mübarək bir gecədə (qədr gecəsində) nazil etdik.» («Duxan» surəsi, ayə:3)
Mübarək ayədə işlənən «bil-haqq — haqq olan» sözü ilə iki mühüm mətləbə işarə olunmuşdur:
1. Quranın haqq olub onda batil və xurafat sözlərin olmaması;
2. İslam peyğəmbərinin, həqiqətən də, peyğəmbər olması.

Bu ayədə Tövrat və İncil haqqında işlənmiş «musaddiqan limə bəynə yədəyhi — öz dərgahındakını təsdiqləyən» ifadəsindən məlum olur ki, Quran yəhudi və xristianların əllərindəki deyil, Mütəal Allahın nazil etdiyi Tövrat və İncili təsdiq edir. Əgər Quran yəhudi və xristianların əllərindəki Tövrat və İncili təsdiq etsəydi, həmin ayədə «musaddiqan limə bəynə əydihim (onların əllərindəkini təsdiq edən)» ifadəsi işlənərdi. Tövrat və İncil təhrif olunduğu üçün Mütəal Allah bu ifadəni onlar haqqında işlətməmişdir.

«Tövrat» kəlməsi ibrani sözü olub mənası «din və şəriət» deməkdir. Bu söz əhdi-ətiqdə (qədim dövrdə) həzrət Musaya nazil olan kitaba deyilir. Həmin kitab beş fəslə bölünür. Yəhudilər onların hamısını birlikdə «Namus» adlandırırlar. Tarixçilər Tövratın həzrət Musaya nazil olmasına şəkk-şübhə ilə yanaşırlar. Hətta yəhudilərin Lavi adlanan təriqətinə mənsub olanlar belə güman edirlər ki, hazırkı Tövrat həzrət Musadan sonra yazılaraq bir yerə toplanmışdır. Biz müsəlmanların haqq əqidəsinə əsasən, Lavi təriqətinə mənsub şəxslər bu barədə ifrata yol vermişlər. Çünki Quran ayələrinə istinad etsək, görərik ki, Tövrat, həqiqətən də, Musa peyğəmbərə nazil olmuşdur. Amma hal-hazırda yəhudilərin əlində olan və Tövrat adlandırdıqları kitab bir çox faktlara əsasən, bəzi təhriflərə məruz qalmışdır.

«İncil» sözünə gəlincə, bəzi iddialara əsasən, bu kəlmə yunan sözü, bəzilərinə görə isə fars sözü olub mənası «müjdə verən kitab» deməkdir. Hal-hazırda məsihilər (xristianlar) arasında dörd cür İncil vardır:
1. Luqa;
2. Matta;
3. Markos;
4. Yuhənna.
Təbii ki, həzrət İsaya nazil olan İncil bir kitab olmuşdur. Qeyd etdiyimiz İncillərə isə onları bir yerə toplayan şəxslərin adları verilmişdir. «Maidə» surəsinin 44-cü ayəsinin təfsirinə yetişdikdə bu kitablar haqqında (inşaallah) müfəssəl şəkildə məlumat verəcəyik.

Qurandan əvvəl nazil olmuş Tövrat və İncil insanları hidayət etmək üçün göndərilmişdir. Yəhudi və xristianlar islam peyğəmbərinin onların əllərindəki Tövrat və İncili təsdiq etmədiyini gördükdə Quranı danaraq inkar etdilər. Allah təala əhli-kitabın bu küfrünün qarşısını almaq üçün Qurani-Kərimdə keçmiş peyğəmbərlərlə yanaşı yəhudi və xristianlara göndərilmiş həzrət Musa və İsa peyğəmbər, habelə İsa peyğəmbərin anası həzrət Məryəmin adını çəkərək onlardan bəhs edir. Eyni zamanda yəhudi və xristianlardan Qurani-Kərimin ayələrinə iman gətirməyib onlara kafir olan kimsələrdən şiddətli əzab verilməklə intiqam alınacağını vurğulayır.

«İntiqam» sözü

Bu söz, əslində, məzlumların haqqını zalımlardan tam şəkildə almaq deməkdir. Bu xislət bəzi insanlarda mövcud olsa da, bunu azaldıb-çoxaltmadan, mükəmməl şəkildə icra etmək Mütəal Allaha məxsusdur. Mübarək ayədə Mütəal Allah haqqında işlənən «zuntiqam» sözü «intiqam sahibi» deməkdir.

Aləmləri yaradan Rəbbimiz tarix boyu bütün zalımlardan daim intiqam almış və məzlumların haqqını zalımlardan alaraq onlara qaytarmışdır. Buna görə də, bəyənilir ki, cəmiyyət arasında adı İntiqam olan qeyrətli şəxslər kimsənin haqqını tapdamamaqdan, başqasına zülm etməməkdən əlavə, adlarına layiq şəkildə məzlumların fəryadına yetişib zalımlardan onların haqlarını geri almağa səy göstərsinlər.

Bu altı ayədə Mütəal Allah xristianların həzrət İsa (ə) haqqındakı düşüncə və əqidələrinin səhv olduğunu üzə çıxarır. Xristianların əqidəsinə əsasən, həzrət İsa diridir, ölünü dirildir, xəstələrə şəfa verir. Mütəal Allah onların bu əqidəsinə cavab olaraq buyurur: «İsa diri olsa da, o, ölümə məhkumdur. Onun işlərini idarə edən (ona ömür verib ruzi əta edən) Allahdır.»

İsa peyğəmbər insanların evində olanlardan (onların yeyib-içdiklərindən) xəbər verirdi. Onlar belə güman edirdilər ki, ölünü diriltməyə qadir olan, xəstələrə şəfa verməyə gücü çatan, insanların nə etdiklərindən agah olan bir şəxs Allahdır. Mütəal Allah «Allahu lə iləhə illə hu» ayəsini və «innəllahə lə yəxfə» ayəsini nazil etməklə onların bu iki şübhəsini və səhv düşüncələrini batil hesab edərək buyurur: O kimsəyə Allah demək olar ki, (İsa peyğəmbər kimi) yalnız insanların evindəkilərdən deyil, göylərdə və yerdə olanların hər birindən xəbər verə bilsin.«

Xristianlar həzrət İsanın Allah olmaması barəsində bu cavabı eşitdikdə belə qüdrətli və atası olmadan ana bətnindən dünyaya gələn şəxsin Allahın oğlu olduğu iddiasını irəli sürdülər. Mütəal Allah onların bu iddiasına isə cavab olaraq belə buyurur: «O, (təkcə İsanı deyil) sizin hamınızı analarınızın bətnində insan surətinə salmışdır (atalarınız isə bu işdə yalnız bir vasitədir).»

Mötəbər bir hədisdə peyğəmbərlərin xatəmi, insanların əşrəfi həzrət Muhəmməd (s.ə.a. s) buyurub: «İzzət və cəlal sahibi olan Allah Adəmlə Həvvanı ata-anası olmadan yaratdı. Həzrət İsanı atası olmadan ana bətnində yaratdı. Digər insanları isə ata-ana vasitəsilə xəlq etdi ki, hər bir şeyə qadir olduğunu bütün insanlara çatdırsın. (Əgər həzrət İsanı atası olmadığına görə Allahın oğlu bilirsinizsə, bəs nə üçün həzrət Adəm və Həvvanı Onun övladları hesab etmirsiniz? Bundan əlavə, həzrət İsanın elm və qüdrəti Allah tərəfindən ona bəxş olunmuşdur. Hər bir peyğəmbərin öz peyğəmbərliyini sübuta yetirmək üçün göstərdiyi möcüzənin özü Allahın izni, iradəsi və qüdrəti ilə həyata keçir.)»

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi