- Dinləmək
-
-
Əsli
-
شَهِدَ اللَّهُ أَنَّهُ لَا إِلَـٰهَ إِلَّا هُوَ وَالْمَلَائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ ۚ لَا إِلَـٰهَ إِلَّا هُوَ الْعَزِيزُ الْحَكِيمُ
-
Transliterasiya
-
šahida Al-Lahu 'Annahu Lā 'Ilāha 'Illā Huwa Wa Al-Malā'ikatu Wa 'Ūlū Al-`Ilmi Qā'imāan Bil-Qisṭi Lā 'Ilāha 'Illā Huwa Al-`Azīzu Al-ḥakīmu
-
Mirzə Əli Meşkini
-
Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli,) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.
-
Əltafur-Rəhman
-
Allahın şahid olması (ayə:18)
Əgər bir səhnəni görən şəxs onun həqiqi şahidi olsa, ona «alim — alim» demək olar. Əgər bir işin batinində olanları müşahidə etsə, ona «xabir — xəbərdar» deyilər. Əgər o, səhnənin həm zahirindən, həm də batinindən agah olsa, ona «şəhid — şahid» deyərlər. Aləmləri yaradan Rəbbimizin göylərlə yerdə və onların arasında mövcud olan cin, mələk və digər bütün varlıqların yaranması barədə məlumatı olduğu, onları müşahidə edərək keçmiş və gələcəklərindən xəbər verdiyi üçün Ona «alim, şəhid, xabir» deyilir. Lakin şəhid sifəti digər iki sifətdən üstündür. Çünki insan bir səhnəyə şahid olduqdan sonra onun nə olduğunu bilər, bildikdən sonra da o haqda xəbər verər. Əgər bir şəxs hər hansı səhnənin şahidi olmazsa, onun necə olduğunu bilməyərək ondan xəbər verə bilməz. Elə buna əsasən, Mütəal Allah həmin ayədə: «aliməllah» və «əxbərallah» deyil, «şəhidəllahu ənnəhu lə iləhə illə hu», — buyurur. Belə ki, «şəhidəllah» cümləsi «aliməllah» və «əxbərallah» cümlələrinin mənalarını əhatə edir.
Mütəal Allah bu ayədə Öz vəhdaniyyətini — tayı, misli və bərabəri olmadığını və hər bir işi ədalətlə icra etdiyini bildirir. Onunla birlikdə mələklər və elm sahibləri (peyğəmbərlər və imamlar), bəsirət sahibi olan alimlər və təqvalı insanlar da uca Tanrının qüdrət nişanələrini gördükdə Onun vəhdaniyyətinə və hər bir işi ədalətlə görməsinə şəhadət verərlər.
Mütəal Allahın şahid olması Onun zatının eynidir. Mələklər və elm sahibləri isə Allahın qüdrət və əzəmət nişanələrini gördükdən sonra şəhadət verərlər. Buna görə də, Mütəal Allahın elmi Onun eyni zatı, digərlərinin elmi isə iktisabidir (sonradan hasil olmuşdur).
Biz şahid olduğumuz səhnələri və varlıqları görüb bildikdən sonra onların haqqında danışıb şəhadət verə bilərik. Mütəal Allah isə varlıqları yaratmamışdan öncə onların nə olduğunu və necə olacaqlarını xəbər verər. Necə ki, bəzi dualarda buyurulur: «Yə Alimən lə yəchəl — Ey (heç vaxt) elmsiz və bixəbər olmayan Alim!» («Cövşən-kəbir» duası, 32-ci bənd) «Yə mən ilmuhu səbiq — ey elmi hər bir varlıqdan öncə olan Allah (yəni: ey varlıqlar yaranmadan öncə onları tanıyan, bilən və onlardan xəbərdar olan Allah)!» («Məfatihul-cinan» əsəri, «Cövşən-kəbir» duası, 99-cu bənd)
Ayəyə diqqət yetirsək, görərik ki, bu ifadə (Allahın hər işi ədalətlə görməsi) ayənin sonuncu cümləsindən («va huval-azizul-hakim» iba rəsi) də başa düşülür. Bu cümlə sanki ayənin ilk hissəsinin dəlil və sübutudur. Əgər bir şəxsin pula ehtiyacı olsa, yaxud o, təhdid olunsa, şəhadət verərkən ədalətsizliyə yol verər (ya bir şeyin olmadığını deyər, ya da baş vermiş həqiqəti inkar edər). Amma Mütəal Allah yenilməz qüvvət və hikmət sahibi olduğu üçün heç vaxt qeyd olunan ədalətsizliyə yol verməz. Ona görə də, ayədə Mütəal Allah «şəhidəllahu ənnəhu lə iləhə illə huva ... qaimən bil-qist» buyumaqla öz vəhdaniyyətinə haqq və ədalətlə şahid olduğundan xəbər verir.
Mümkündür ki, peyğəmbərlər və övsiyalardan əlavə onlara həqiqi tabe olan alim, fəqih və müctəhidlər də Allahın varlığına həqiqi mənada şəhadət verə bilsinlər. Ona görə də, bu növ alimlərin aldıqları nəfəs, daldıqları yuxu və etdikləri hər bir əməl ibadət sayılır.
Mərhum Təbərsi Cabir ibn Abdullah Ənsaridən, o da Peyğəmbərdən rəvayət edir ki, o həzrət buyurub: «Sə`atun min alimin yəttəkiu alə firaşihi yənzuru fi ilmihi xayrun min ibədətil-abidi səb`inə amən — Alimin öz yatağına söykənərək elm haqqında bir anlıq təfəkkür etməsi (savadsız) abidin yetmiş il ibadətindən üstündür.» («Məcmə`ül- bəyan», c.2, s.421)
Lakin uşaqlıq dövründən, hətta dünyaya gəldiyi zamandan etibarən ulu Tanrının varlığına şəhadət verən kimsələr yalnız peyğəmbərlər və imamlar (ə.s) olmuşdur. Necə ki, bir çox rəvayətlərə əsasən, ayədə zikr olunan «ulul-ilm» ifadəsində məqsəd peyğəmbərlər və onların övsiyaları olan imamlardır.
Mərhum Əyyaşi özünün məşhur təfsir əsərində Cabirdən rəvayət edir ki, o deyib: «İmam Baqirdən (ə) bu ayənin haqqında soruşduqda o həzrət buyurdu: ... fə innə ulul-ilmi əl-ənbiyəu val-ausiyəu va hum qiyəmun bil-qist. Val-qistu huval-adlu fiz-zahir. Val-adlu fil-bətini əmirul-mu`minin — Ayədə zikr olunan „ulul-elm“ peyğəmbərlər və onların övsiyalarıdır ki, onlar ədaləti həqiqi şəkildə bərpa etmək üçün Allah təala tərəfindən seçilmişlər. „Qist“ açıq-aşkar dəlil və sübuta əsasən, ədalətlə şahidlik etməkdir. Amma batində olan (adi insanlardan gizli qalan) dəlillərlə şəhadət verən kəs əmirəl-möminin Əlidir (və sonrakı imamlardır)» («Təfsiri-Əyyaşi», c.1, s.188; hədis:18)
Adi insanlar əqli cəhətdən inkişaf etdikdən və həddi-büluğa çatdıqdan sonra Allahın qüdrət nişanələrini gördükdə Onun haqq olmasına, vəhdaniyyətinə şəhadət verərlər. Lakin ulul-əzm peyğəmbərlər və imamlar dünyaya göz açarkən dilə gələrək təfsirini yazdığımız «şəhidəllahu ənnəhu lə iləhə illə hu» ayəsini tilavət etməklə Allahın varlığına şəhadət verərlər.
Burada bəzi hədis və rəvayətləri sizin üçün qeyd edirik.Əbu Bəsir rəvayət edir ki, imam Sadiqlə (ə) Həcc səfərinə getmişdik. Məkkə ilə Mədinə arasındakı Əbva adlı bir məkanda dincəlmək üçün oturaq saldıq. Süfrə ətrafında əyləşib yeməyə məşğul olarkən imam Cəfərin (ə) həyat yoldaşı tərəfindən bir nəfər gəlib o həzrətə dedi: Mütəal Allah həyat yoldaşınız Həmidə xanıma oğlan payı bəxş etdi. Xanımınız tapşırıb ki, o uşağı ilk görən siz olasınız. İmam (ə) ayağa qalxıb qadınların xeyməsinə tərəf getdi. O həzrət qayıtdıqdan sonra mən ona ərz etdim: ey imam, gözləriniz aydın olsun! Həyat yoldaşınız Həmidə xanımdan nə xəbər? İmam (ə) buyurdu: «Səlləməhəllah va qad vahəbə li ğuləmən va huva xayru mən bəraəllahu fi xalqih... — Şükür Allaha, Həmidə sağlamdır. Mütəal Allah mənə bir oğlan əta etmişdir ki, yaşadığımız dövrdə dünyaya gələn uşaqların ən xeyirlisi və bərəkətlisidir...
Həzrət sözünə davam edərək buyurdu: Həmidə mənə qəribə bildiyi bir hadisədən xəbər verdi. O, elə güman edirdi ki, həmin hadisədən mənim anlayışım yoxdur. Halbuki, mən bu hadisədən daha yaxşı xəbərdaram. Əbu Bəsir deyir ki, ərz etdim: canım sənə fəda olsun, ey Ağa, Həmidə sizə hansı qəribə hadisədən xəbər verdi? İmam Sadiq (ə) buyurdu: Həmidə dedi ki, uşaq dünyaya gəldikdə iki əlini yerə qoyub başını səmaya tərəf qaldırdı. Mən ona dedim: bu iş peyğəmbərlik və ya ona canişin olmağın (imamət) əlamətidir. Ərz etdim: canım sənə fəda olsun, bu iş necə peyğəmbərlik və ya imamətin əlaməti ola bilər? O həzrət buyurdu: imamın dünyaya gəlməsi Mütəal Allah tərəfindən qərara alınsa, Mütəal Allahın ərşinin altından onun atasına bir cam su gətirilər. Həmin su yer üzündəki bütün sulardan daha ləzzətlidir. İmamın nütfəsi həmin su ilə bağlanar. Nütfəsi Allah tərəfindən göndərilmiş sudan yaranan həmin uşaq ana bətnində ətrafındakı insanların bütün danışıqlarını eşidər. O, ana bətnindən pak halda (çimizdirilməyə və xətənə edilməyə ehtiyac olmadan) dünyaya gələr. Dünyaya göz açdığı zaman o, Allahın vəhdaniyyətinə və peyğəmbərin haqq olmasına şəhadət verər. Allah tərəfindən peyğəmbərə canişin təyin edilmiş imamın bir neçə əlaməti vardır. Onlardan biri budur ki, peyğəmbərin zirehinin ölçüsü həmin imamın əyninə uyğun gələr. Amma digər insanlardan hər hansı biri həmin paltarı geysə, qısa, yaxud ucaboy olmasına baxmayaraq, həmin paltar onun əyninə bir qarış uzun olar. İmam dünyaya gəldikdə «şəhidəllah» ayəsini oxuyar.
Sonra həzrət sözünə davam edərək buyurdu: innə nutfətəl-iməm izə səkənət fir-rahimi ərbə`atə əşhurin va unşiə fihir-ruh bəasəllahu təbərakə va təala iləyhi mələkən... Fə kətəbə alə azudihil-əymən: va təmmət kəlimətu rabbikə sidqan va adlən lə mubəddilə likəlimətih. Fə izə vaqa`a min bətni ummihi vaqa`a vazi`an yədəyhi aləl-ərz rafi`an ra`səhu iləs-səmə`i... va huva yəqul: şəhidəllahu ənnəhu lə iləhə illə hu... Fə izə qalə zəlikə ə`tahullahul-ilməl-əvvalə val-ilməl- əxir... Həqiqətən də, (Allahın hüccəti olan) məsum imamın nütfəsi ana bətnində yerləşdikdən və dörd ay keçərək ona ruh verildikdən sonra Allah təbarək və təala bir mələk göndərərək onun sağ qolunda «va təmmət kəlimətu rabbikə... — Rəbbinin sözü sədaqət və ədalətlə tamamlandı» ayəsini yazdırar («Ən`am» surəsi, ayə:115). Həmin imam dünyaya gəldikdə isə əllərini yerə qoyub başını səmaya tərəf qaldıraraq Allahın vəhdaniyyətini şəhadət verərək «şəhidəllahu ənnəhu lə iləhə illə hu...» ayəsini tilavət edər («Ali-İmran» surəsi, ayə:18). Sonra Mütəal Allah xilqətin əvvəlindən sonunadək mövcud olan elmi ona əta edər. Ruh adlanan mələk qədr gecəsində onun ziyarətinə gələr. Ömrünün sonunadək mələk onunla əlaqə saxlayar və onu baş verən hadisələrdən agah edər. Həmin uşaq imamət məqamına çatdıqda isə hər bir şəhərdə səmaya nurdan bir sütun ucalar ki, imam onun vasitəsilə oradakı insanların əməllərindən xəbərdar olar. O, yatarkən gözləri bağlı olsa da, qəlbi oyaq qalar və bu vasitə ilə həmin müddətdə insanların nə etdiklərini bilər." («Biharul-ənvar», c.48, s.3, hədis:3; «əl- Kafi», c.1, s.385, bab: «Məvalidul-əimməh (ə.s)», hədis:1-8. Bu hədisləri sizə qısa şəkildə nəql etdik.)
Əlbəttə, bu xəbərlər peyğəmbərə gətirilən vəhy kimi deyil. Əslində, mələk imamın ziyarətinə gələrək onunla danışar. Müxtəlif kitablarda məsum imama muhəddəs, Fatimeyi-Zəhraya (s.ə) mühəddəsə deyilməsinə səbəb mələklərin o həzrətlərin hüzuruna gəlib onlarla əlaqə saxlayaraq danışması olmuşdur.
Bütün insanların qəlbinə həm mələk, həm də şeytan gələrək onlara nə isə deyə bilər. Lakin insanlar məsiyət və günaha yol verdikləri üçün şeytan onlarla danışıb ürəklərinə vəsvəsə edər.
Digər bir hədisdə rəvayət olunub ki, imam Rzanın (ə) anası Nəcmə xatun buyurub: «Mən oğlum Əliyə (imam Rza əleyhissəlama) hamilə olduqda heç bir ağırlıq hiss etmirdim. Yatarkən bətnimdəki uşaqdan təsbih və müxtəlif zikrlər eşidirdim. Ona görə də, yuxudan ayılaraq canıma qorxu düşürdü. Amma ayıldıqdan sonra heç nə eşitmirdim. Onu dünyaya gətirdiyim zaman. o, əllərini yerə qoyub başını göyə tərəf qaldıraraq dodaqlarını tərpətdi. Sanki nitqə gəlib nə isə dedi. Atası imam Museyi-Kazım (ə) mən olan otağa daxil olaraq buyurdu: həniən ləki, yə Nəcmətu, kəramətə Rabbik! — Ey Nəcmə, Rəbbin tərəfindən sənə bəxş edilən kəramətə (bu uşağa) görə gözlərin aydın olsun!
Sonra o həzrət uşağı ağuşuna alaraq onun sağ qulağına azan, sol qulağına isə iqamə dedi. Sonra Fəratın suyundan bir neçə damla uşağın ağzına damızdıraraq mənə buyurdu: ey Nəcmə, bu uşağı al! O, Mütəal Allahın yer üzündəki höccətidir.» («Biharul-ənvar», c.49, s.9, hədis:14 Bu hədisi mərhum Əllamə Məclisi şeyx Səduqun «Uyuni- əxbari-Rza (ə)» kitabından nəql etmişdir.)
Əlbəttə, imamların (ə.s) dünyaya gələrkən, yaxud uşaqlıq çağlarında bu cür ayə oxumaları elə də təəccüblü bir iş deyil. Çünki onlar Allahın höccəti və seçilmiş bəndələridirlər. Onlardan başqa bəzi peyğəmbərlər də uşaqlıq dövründə, hətta beşikdə ikən Allahın izn və iradəsi, qüdrət və əzəməti ilə nitqə gələrək danışmışlar. Necə ki, həzrət İsa (ə) anası Məryəmin pak və müqəddəs olmasına beşikdə ikən şəhadət verdikdə camaatın bu işə təəccüb etdiyi vaxt buyurdu: «İnni abdullah, ətəniyəl-kitəbə va cə`aləni nəbiyyən — (Ey camaat, anama töhmət atmayın və mənim beşikdə danışmağıma təəccüb etməyin!) Mən Allahın bəndəsiyəm. O, mənə kitab əta edərək peyğəmbərlik məqamı bəxş etmişdir.» («Məryərm» surəsi, ayə:31)
Digər bir ayədə Mütəal Allah həzrət Yəhyaya müraciət edərək buyurur: «Yə Yəhyə, xuzil-kitəbə biquvvah! Va ətəynəhul-hukmə sabiyyə - Ey Yəhya, Allahın qüdrəti ilə Kitabı al! Biz ona uşaq ikən hikmət (və nübüvvət) əta etdik.» («Məryərm» surəsi, ayə:21)
Ola bilsin ki, bəzi kimsələr peyğəmbər və imamlardan belə möcüzələr eşitdikdə təəccüb edərək onu inkar etsinlər. Mən bu cür insanları qınamaq istəmirəm. Çünki həmin şəxslər o həzrətləri özləri ilə müqayisə etdikləri üçün buna inanmaq istəmirlər. Amma belə kimsələr diqqət etsələr, görərlər ki, onlarla məsumlar arasında hədsiz-hesabsız fərqlər vardır.