16-ci ayə 200-dən
Dinləmək
Əsli
الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ
Transliterasiya
Al-La‍ḏ‍ī‍‍na Yaqūl‍‍ū‍‍na Rabban‍‍ā 'I‍‍nn‍‍an‍‍ā '‍‍Ā‍‍ma‍‍nn‍‍ā Fā‍ġfir Lanā ḏunūbanā Wa Qinā `A‍ḏ‍ā‍‍ba A‍‍n‍‍-N‍‍ā‍‍r‍‍i
Mirzə Əli Meşkini
«Ey Rəbbimiz, həqiqətən, biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru» deyən kəslər,
Əltafur-Rəhman

Allah bəndələrinin xüsusiyyətləri (ayə:16, 17)

16-17-ci ayələrə diqqət yetirsək, görərik ki, aləmləri yaradan Rəbbimizə həqiqi bəndə olanların bəzi əlamətləri var. Onlar:
1. Şeytanın vəsvəsələrini yaxına buraxmaz;
2. Allaha iman gətirər;
3. Günahlardan tövbə edər;
4. Cəhənnəm odundan qorxub Allah təaladan bağışlanmaq diləyər;
5. Çətinliklərə dözər;
6. Söz və əməllərində sədaqətli olar;
7. Allahın buyurduqlarına itaət edər;
8. Əllərində olan var-dövlətdən Allah yolunda xərcləyər;
9. Hər gün sübh vaxtı uca Tanrıdan bağışlanmaq diləyərlər.

Əlbəttə, Allaha həqiqi bəndə olan kimsələrin başqa əlamətləri də vardır ki, onlar digər ayələrdə qeyd olunmuşdur. Biz həmin şəxslərin yalnız bu ayədə sadalanmış nişanələrini qeyd etdik.

16-cı ayədə diqqətəlayiq nöqtələrdən biri Allahın bəndələrinin bağışlanmaq istəməklə yanaşı cəhənnəm odundan qorunmağı da diləmələridir.

Bəzi şəxslər belə güman edirlər ki, günahlardan tövbə etməklə onlar Mütəal Allah tərəfindən bağışlanmaqdan əlavə cəhənnəm odundan nicat taparaq cənnətə daxil olacaqlar. Belə şəxslər bilməlidirlər ki, tövbəkar kimsələrin tövbəsini qəbul edərək onları bağışlamaq Mütəal Allah tərəfindən onlar üçün böyük bir lütf və mərhəmətdir. Onlar izzət və cəlal sahibi olan Allahdan günahlarının bağışlanmasını diləməkdən əlavə gərək cəhənnəm odundan nicat tapmağı və cənnətə daxil olmağı da diləsinlər. Çünki tövbənin qəbul olunması insanın cəhənnəm odundan xilas olaraq cənnətə daxil olacağı mənasına gəlmir. Ola bilər ki, qiyamət günü tövbəsiz dünyasını dəyişən bir çox günahkar şəxsləri Mütəal Allah öz rəhmət və mərhəməti ilə bağışlayaraq cəhənnəm odundan qorusun. Cəhənnəm odundan qorunmaq, eləcə də cənnətə daxil olmaq sonsuz mərhəmət sahibi olan Allahın lütfi-nəzəri ilə baş verər. Belə güman etməməliyik ki, günahkar bir şəxsi tövbə etməklə cəhənnəm odundan qorumaq Allahın borcudur. Aləmləri yaradan Rəbbimizə kim vacib edə bilər ki, kimsəni cəhənnəm odundan qorusun, kimsəni də cənnətə aparsın?! Necə ki, haqqında bəhs etdiyimiz ayədə Allah bəndələri «Rabbənə fəğfir lənə zunubənə - Ey Rəbbimiz, günahlarımızı bağışla!» söylədikdən sonra əlavə olaraq «va qinə azəbən-nər — və bizi cəhənnəm əzabından qoru!» cümləsini də söyləmişlər. Deməli, Mütəal Allah öz rəhmətilə özünə vacib etmişdir ki, Ona iman gətirən, heç bir şirkə yol vermədən xalis niyyətlə ibadət edən və həqiqi mənada tövbə edən bəndələrini bağışlayaraq cənnətə aparsın.

Bəzi rəvayətlərdə işlənən «vacəbət ləhul-məğfirəh — bağışlanmaq ona vacib olar» və ya «vacəbət ləhul-cənnəh — cənnət ona vacib olar» ifadələri isə «səbətət — yəni: onların bağışlanaraq cənnətə daxil olmaları sübuta yetər» mənasını daşıyır. Amma onların cənnətə daxil olmaları yenə də Mütəal Allahın istəyi ilə həyata keçər.

«Qanitin — tabe olanlar» deyilməklə Allah bəndələrinin ayədə zikr etdiyimiz xüsusiyyətlərindən digər birinə toxunulmuşdur. «Qanit» sözü «Allaha müti olan bəndə»-yə deyilir. «Qunut» kəlməsi isə «xuzu və xuşu ilə itaət etmə»-yə deyilir.

Qeyd olunmalıdır ki, bu söz ərəbcə iki nöqtəli «tə» hərfi ilə yazıldıqda yuxarıdakı mənanı daşıyır. Bu kəlmə «ta» hərfi ilə işlənərsə, naümid olmaq mənasında işlənir. Necə ki, Mütəal Allah Qurani-Kərimdə buyurur: «Qul yə ibədiyəl-ləzinə əsrafu alə ənfusihim lə təqnətu min rahmətilləh... (Ya Peyğəmbər!) Mənim israf edən (günahkar) bəndələrimə de: Allahın rəhmətindən naümid olmayın!» («Zumər» surəsi, ayə:53)

Allah bəndələrinin ayədə zikr olunmuş əlamətlərinə diqqət yetirsək, görərik ki, onların sonuncusu səhər çağı Allahdan bağışlanmaq diləməkdir. Ayədə zikr olunan «əshar» sözü «səhər» kəlməsinin cəmi olub «səhərlər» deməkdir. Gecənin üçdə birinin axırıncısına, yaxud altıda birinin sonuncu hissəsinə, yaxud da səkkizdə birinin axırıncı miqdarına «səhər» deyilir. Həmin vaxta səhər deyilməsinə səbəb «İnsanın o zaman camaatın xəbəri olmadan, onları narahat etmədən, səssiz-sədasız ibadət etməsinin, gecə namazı qılmasının, istiğfar diləməsinin gecənin qaranlıq və gizlin vaxtına düşməsidir.» «Sehr» sözü də eyni kökdən olub mənası «kimsənin xəbəri olmadan onun zərərinə dua yazmaq, cadu etmək» deməkdir.

Buradan məlum olur ki, insan qeyd etdiyimiz xüsusiyyətlərə malik olsa da, hər gün onun gecə-gündüzün ən fəzilətli vaxtında Mütəal Allahdan bağışlanmaq diləməsi bəyənilmiş bir əməldir. Çünki heç kəs aləmləri yaradan Rəbbimizə layiq olduğu qədər ibadət edə bilməz. Ulu Tanrıdan davamlı olaraq səhər çağları bağışlanmaq diləmək insanı Onun bəndəsi olmaqdan kənarlaşmağa qoymaz. Allah bəndələrinin bu növ bağışlanmaq diləmələrinin mənası onların günah etmələri deyil, əslində, bu iş onların Allahı yaxşı tanımaları və Ona layiqincə ibadət edə bilmədiklərini etiraf etmələridir.

Ömər ibn Yezid imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Mən qalə fi vitrihi əstəğfirullahə va ətubu iləyhi səb`inə mərratən va vazabə alə zəlikə hattə təmziyə sənətun kətəbəhullahu minəl-mustəğfirinə bil-əshar va vacəbətil-məğfiratu ləhu minəllahi azzə va cəll — Hər kəs gecə namazının „vitr“-ini (11-ci rəkətini) qıldıqda qunut tutduğu zaman yetmiş dəfə „əstəğfirullahə və ətubu iləyh“ deyərək bu işə bir il davam etsə, Mütəal Allah onu səhər çağı istiğfar edən (bağışlanmaq diləyən) bəndələrindən qərar verər və onun bağışlanması izzət və cəlal sahibi olan Allah tərəfindən vacib olar (bu şərtlə ki, sonrakı illərdə günah və məsiyətə yol verməsin).» («əl- Bürhan», c.1, s.273, hədis:4)

Diqqəti cəlb edən nöqtələrdən biri də həzrət Peyğəmbər və Əhli- beytin (ə.s) istiğfar edərək Allahdan bağışlanmaq diləmələridir.

İstiğfar edənlər (Allahdan bağışlanmaq diləyən kimsələr) iki qismə
bölünür:
1. Etdikləri günaha görə məğfirət diləyənlər;
2. İbadət etdiyi halda, özünü müqəssir bilənlər. Yəni: Allaha olan mərifətləri artdıqca Ona layiq ibadət edə bilmədiklərini dərk edib bağışlanmaq istəyən kimsələr.

Peyğəmbərlər və İmamlar (ə.s) dua edərkən onların Allahdan bağışlanmaq diləmələri ikinci növdəndir. Peyğəmbərlərin əşrəfi olan həzrət Muhəmməd (s.ə.a. s) hər gün yetmiş dəfə istiğfar edərdi. Bu növ bağışlanmaq diləmək o həzrətin mərifətinin yüksək dərəcədə olmasından irəli gəlir. İmam Zeynəlabidin (ə) məşhur Əbu Həmzə Somali duasında buyurur: «Mə li kulləmə kəbura sinni kəsurat zunubi — Mənə nə olub ki, yaşım artdıqca günahlarım çoxalır.» İmamın (ə) burada buyurduğu «zunub» sözündə məqsədi günah istiğfarı deyil, mərifət istiğfarıdır. Yəni: «ey Rəbbim, mənə nə olub ki, ömrüm çoxaldıqca Sənin zatın, izzət və cəlalın haqqında heyran qalmağım artır.»

Amir ibn Buhdilə bir gün Həccac ibn Yusifin dara çəkdiyi bir kimsənin yanından keçdikdə təəccüb edərək dedi: «Ya rabbi, hilmukə aniz-zaliminə qad əzarra bil-məzlumin. Fəraə fi mənəmihi ənnəl- qiyəmətə qad qamət. Va kəənnəhu dəxaləl-cənnəh. Fəraəl-məslubə fihə fi ə`lə illiyyin. Va izən munədin yunədi: Hilmi aniz-zaliminə əhalləl-məzluminə fi ə`lə illiyyin — Ey Rəbbim, Sənin zalımlarla həlim rəftarın məzlumlara zərər yetirir.

Həmin şəxs yataraq yuxuda qiyamətin qopduğunu və özünün cənnətə daxil olduğunu görür. Orada zalım Həccacın əli ilə dara çəkilmiş şəxsin cənnətin ən yüksək məqamında məskunlaşdığını görür. Bu vaxt Mütəal Allah tərəfindən nida gəlir: (Ey Amir ibn Buhdilə!) Mənim zalımlarla həlim rəftarım məzlumları cənnətin bu yüksəkliklərinə ucaldır. (De görüm, indi Mənim helmimdə bir nöqsan görürsənmi?!) Həmin şəxs yuxudan ayıldıqdan sonra hər gün istğfar edərək Allahdan bağışlanmaq diləyirdi. Onun bu cür istiğfar diləməsi günah etməsinə görə deyil, Allah haqqında mərifətinin az olmasına görədir. Belə ki, o, mərifətinin yüksək olmamasına görə həmin sözləri demişdi.»

Peyğəmbər və Əhli-beyt (ə.s) hətta Allahın feil və sifətlərinə bağlanmalarını özləri üçün bəyənmirdilər. Bir çox dualarda nəql olunub ki, o həzrətlər Allahın sifətlərinə deyil, zatına and verərdilər. Necə ki, ramazan ayının qədr gecələrində oxunan duada onlar «birahmətikə, biizzətikə (İlahi, Səni rəhmətinə, izzətinə and verirəm)» deyil, «bikə, yə Əllah! (ey Allah, Səni öz zatına and verirəm!)» demişlər.

Amma təəssüf ki, yaşadığımız dövrdə bəzi şəxslər «ya Allah» demək əvəzinə hələ də «ya Allahın adı» deyirlər. Onları qınamaq istəmirəm. Çünki onların Allaha olan mərifətləri Onun adı qədərdir. Yəqin ki, onlar bu barədə bir az da diqqət etsələr və ulu Tanrımız haqqında daha çox mərifət kəsb etməyə səy göstərsələr, «ya Allahın adı» əvəzinə bilavasitə Ona üz tutaraq «ya Allah», «ya Rəbbəl- aləmin», «ya ərhəmər-rahimin» deməklə onu çağırarlar.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi