14-ci ayə 200-dən
Dinləmək
Əsli
زُيِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوَاتِ مِنَ النِّسَاءِ وَالْبَنِينَ وَالْقَنَاطِيرِ الْمُقَنطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَيْلِ الْمُسَوَّمَةِ وَالْأَنْعَامِ وَالْحَرْثِ  ۗ ذَ‌ٰلِكَ مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا  ۖ وَاللَّهُ عِندَهُ حُسْنُ الْمَآبِ
Transliterasiya
Zuyyina Lil‍‍nn‍‍ā‍‍si ḥubbu A‍‍š-‍šahaw‍‍ā‍‍ti Mina A‍‍n‍‍-Nis‍‍ā‍‍' Wa A‍‍l-Ban‍‍ī‍‍na Wa A‍‍l-Qanāṭ‍‍ī‍‍r‍‍‍‍i A‍‍l-Muqa‍‍n‍‍ṭarati Mina A‍‍ḏ-‍ḏahabi Wa A‍‍l-Fiḍḍati Wa A‍‍l-‍ḫayli A‍‍l-Musawwamati Wa A‍‍l-'An`‍‍ā‍‍mi Wa A‍‍l-ḥar‍ṯi ḏālika Mat‍‍ā‍‍`u A‍‍l-ḥayāati A‍‍d-Du‍‍n‍‍yā Wa A‍‍ll‍‍ā‍‍hu `I‍‍n‍‍dahu ḥusnu A‍‍l-Ma'‍‍ā‍‍b‍‍i
Mirzə Əli Meşkini
Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır.
Əltafur-Rəhman

Zinətli görünən altı varlıq (ayə:14)

Bu mübarək surənin 14-cü ayəsində Mütəal Allah altı varlığın
zinətli görünərək sevimli olmasından bəhs edir. Onlar aşağıdakılardır:
1. Hubbuş-şəhəvat; yəni: kişilərin xanımlara meyil göstərməsi;
2. Övlad sevgisi;
3. Pul-para və qızıl-gümüşə məhəbbət bəsləmək;
4. Müxtəlif miniklərə rəğbət göstərmək;
5. Yemək üçün mal-qara və qoyun-quzuya həvəs göstərmək;
6. Əkin məhsullarına (taxıl, kişmiş, xurma və s.) həris olmaq

Bunların sevimli olması haqqında böyük bir mübahisə yaranmışdır ki, görəsən, bu həvəs Allah tərəfindəndir, yoxsa şeytan?

Mübarək ayədəki sözlərə diqqət yetirsək, görərik ki, onların sevimli olması və insan nəzərində zinətli görünməsi Mütəal Allah tərəfindən olmuşdur. Belə ki, əgər insanın ürəyi sadalananlara meyil göstərməsə, evlənməyə həvəsi olmaz, övladı böyütməkdə çətinliklərə dözməz, pul qazanıb ailəni dolandırmaq üçün çalışmaz, miniyi yaxşı saxlamaq üçün onun zəhmətini çəkməz, mal-davar və qoyun-quzudan bəhrələnmək üçün onun əziyyətinə dözməz və əkin məhsulları əldə etmək üçün zəhmətə qatlaşmaz.

Bu meylin Allah tərəfindən olmasına baxmayaraq, bütün bunlar ayədə «mətə`ul-hayətid-dunyə - dünya yaşayışı üçün bir matah» adlandırılmışdır. Düşüncəli insanlar bunlara ifrat dərəcədə bağlanmaqla Allahın qəzəbinə düçar olaraq axirətlərini əldən verməzlər.

İzzət və cəlal sahibi olan Allah 15-ci ayədə buyurur: «Ə unəbbiukum bixayrin min zəlikum — Bütün bünlardan daha üstün və sevimli olanından sizə xəbər verimmi?» Bu cümlədən məlum olur ki, qeyd olunanların sevimli olması, əvvəla, Mütəal Allah tərəfindəndir, belə ki, əgər onlar olmasa, insanın təbii yaşayışı dağılaraq aradan gedər. İkincisi, ondan daha yaxşı olanı cənnət və orada olanlar, ən böyük üstünlük isə Allahın razılığıdır.

Ayədəki «zuyyinə - zinət verildi» kəlməsi məchulda işlənərək faili açıq-aşkar bilinməsə də, bu sözün şeytana aid olması daha münasibdir. Çünki bir şeyin bəzəkli göstərilməsindən sonra başqa bir şeyin ondan üstün olmasını demək ağılasığmazdır. Əgər, doğrudan da, sonrakı əvvəlkindən yaxşıdırsa, birbaşa sonrakı təqdim edilməli idi.

«Zinət və bəzək vermək» bəzi ayələrdə birbaşa Allah təalaya nisbət verilmişdir. Necə ki, buyurur: «Va ləkinnəllahə habbəbə iləykumul- imənə va zəyyənəhu fi qulubikum — Lakin Allah imanı sizə sevimli qərar vermiş və onu sizin qəlblərinizdə zinətləndirmişdir.» («Hucurat» surəsi, ayə:7)

Uca Tanrı başqa bir ayədə bir şeyi zinətləndirməyi şeytana nisbət verib. Necə ki, buyurur: «Va zəyyənə ləhumuş-şeytanu mə kənu yə`məlun — Etdikləri əməlləri Şeytan onlara zinətli göstərmişdir.» ("Ənam«surəsi, ayə:43)

Digər bəzi ayələrdə isə zinətləndirən şəxsi açıq şəkildə bəyan etməyərək bu işin kimin tərəfindən görülməsini məchul olaraq təqdim etmişdir. Cümlənin məchulda işlənməsi zinət verən şəxsin ya əzəmətli olmasına görə, ya da həmin şəxsin təhqir edilməsindən ötrüdür. Məsələn, biz danışdıqda bəzən bir insanı əzəmətli göstərmək üçün onun adını çəkmədən «əmr olunub ki, filan iş görülsün» — deyirik. Yaxud da, əksinə, bir şəxsi təhqir etmək üçün onun adını belə dilə gətirməyərək deyirik: «filan işin həyata keçirilməsi əmr edilib.»

Təfsirini yazdığımız ayədən belə məlum olur ki, bu məchul feilin faili Allah təaladır. Yəni: altı varlığa zinət verilməsi Allah tərəfindəndir. Belə ki, insanlar həmin zinətlərə həvəs göstərmək nəticəsində onların çətinliklərinə dözsünlər və axirətləri üçün onlardan yaxşı istifadə etsinlər. Bunların Allah tərəfindən sevimli olması insanlar üçün böyük bir sınaqdır. Necə ki, Mütəal Allah «Kəhf» surəsinin 7-ci ayəsində buyurur: «İnnə cə`alnə mə aləl-ərzi zinətən ləhə linəbluvahum əyyuhum əhsənu amələn — Biz yer üzündə olanları onun (sakinləri) üçün zinət qərar verdik ki, onları sınayaraq hansının yaxşı əməl sahibi olduğunu ayırd edək.»

Qeyd olunmuş altı varlıqdan bəyənilmiş və şəri bir şəkildə istifadə edilsə, bunlar cənnətə daxil olmağa və Allahın razılığını qazanmağa müqəddimə ola bilərlər. Əgər sadalananlardan düzgün şəkildə faydalana bilinməzsə, onlar insan üçün bəlaya çevrilərək onun həlak olmasına səbəb olar.

Ayədəki «zuyyinə» kəlməsi Allah təaladan əlavə şeytana da nisbət verilmişdir. Şeytan həmin varlıqları daha zinətli və daha bəzəkli göstərməklə insanı onlara həddən artıq bağlanmağa sövq edərək axirətdən və Rəbbinin razılığını qazanmaqdan yayındırar. Buna görə də, Mütəal Allah şeytanın həmin varlıqları olduğundan artıq bəzəkli göstərməsinə insanların aldanmaması üçün ayənin davamında buyurur: «Zəlikə mətə`ul-hayətid-dunyə - Bunlar (dəyərsiz) dünya yaşayışı üçün matahdır.» Sonra da «(Ey peyğəmbər!) De ki, sizə bunlardan daha yaxşısından xəbər verimmi? Altından çaylar axan cənnətlər və Allahın razılığı!» — buyurur.

Mərhum şeyx Səduq mötəbər sənədlərlə Əsbəğ ibn Nəbatədən rəvayət edir ki, o dedi: əmirəl-möminin Əli (ə) buyurub: «Əl-fitənu sələsun: hubbun-nisəi va huva səyfuş-şəytan va şurbul-xamri va huva fəxxuş-şəytan va hubbud-dinəri vad-dirhəmi va huva səhmuş- şəytan. Mən əhabbən-nisəə ləm yəntəfi` biayşihi. Va mən əhabbəl- əşribətə harumət aləyhil-cənnəh. Va mən əhabbəd-dinəra vad- dirhəmə fəhuva abdud-dunyə - Üç şey insanı fitnəyə salaraq onu həlak edər:

1. Qadın sevgisi; Bu növ sevgi (ona bağlanan insanlar üçün) şeytanın qılıncıdır.
2. İçki içmək; O, şeytanın insanı ovlamaq üçün qurduğu tordur.
3. Dirhəm və dinar (pul-para) sevgisi; Bu da şeytanın (insanlara atdığı) oxudur (Belə ki, insanlar pul-paraya olan eşqləri qədər onun oxuna tuş gələrlər).

Hər kəs qadına şəhvət gözü ilə baxarsa, ömür və yaşayışından
bəhrələnməz.
Hər kim içkiyə aludə olaraq ona məhəbbət bəsləsə, cənnət ona haram olar.
Hər kəs də pul-paraya məhəbbət bəsləsə (onu əldə etməkdə halal- harama əhəmiyyət verməsə və Allahın buyurduğu yerlərdə xərcləməzsə), həmin şəxs dünyaya quldur.» («əl-Xisal», c.1, s.130, hədis:80) Mərhum Əyyaşi Cəmil ibn Dərracdan, o da imam Sadiqdən (ə) rəvayət edir ki, o həzrət buyurub: «Mə tələzzəzən-nəsu fid-dunyə val- əxirati biləzzətin əksəra ləhum min ləzzətin-nisə`i va huva qaulullahi „zuyyinə lin-nəsi hubbuş-şəhəvati minən-nisə`i val-bəninə val-qanə- tir...“ ilə əxiril-əyəh. Summə qalə: innə əhləl-cənnəti mə yətələz- zəzunə bişəy`in fil-cənnəti əşhə indəhum minən-nikəhi lə ta`amə va lə şərab — Ayədə zikr olunmuş varlıqlardan dünya və axirətdə camaatın ən çox ləzzət aldığı xanımlardır. Hətta cənnət əhli oradakı yemək-içməkdən daha çox xanımlardan ləzzət alacaqlar.» («Təfsiri- Əyyaşi», c.1, s.187, hədis:10; «əl-Bürhan», c.1, s.272, hədis:1)

Şübhəsiz ki, ailə quran şəxs üçün müştərək yaşayışı təşkil edərkən övladdan, qızıl-gümüşdən, minikdən, mal-qaradan və əkin məhsullarından daha yaxın onun həyat yoldaşıdır. Belə ki, o, evləndiyi gündən ömrünün sonunadək onunla birlikdədir. Hətta insanın övladı böyüyüb boya-başa çatdıqda evlənərək ata-anadan ayrılar. Yenə də həmin şəxsə qalan həyat yoldaşı olur. Bir şəxs həddi-büluğa çatarkən evləndikdə ona ata-anadan sonra ən yaxın şəxs həyat yoldaşı olur. Çünki o, həyatı boyu onunla birlikdə yaşayır. Axirətdə də iman əhli üçün cənnətdə yeyib-içməkdən daha çox onunla yaşayan zövcəsi, yaxud oradakı huridir. Çünki yemək-içmək elə bir varlıq deyil ki, insan həmişə onunla olsun. Lakin kişi üçün qadın ən yaxın və daimi ləzzət alacağı bir varlıqdır. Qadının kişiyə sevimli olması, hətta övlad və vardövlətdən də əziz olması Mütəal Allah tərəfindən təqdir olunmuş bir həqiqətdir. Elə bu səbəbdən Mütəal Allah iman əhlinə buyurur: «Təqvalı olsanız, dünyadan əlavə axirətdə də sizin üçün pak zövcələr olacaqdır.»

Ola bilsin, bəzi şəxslər qeyd etdiyimiz hədisə şəhvət nöqteyinəzərindən yanaşsınlar. Amma onlar diqqət etsələr, görərlər ki, İmam (ə) burada yalnız şəhvəti nəzərdə tutmayıb. Əslində, o həzrət şəhvətlə yanaşı digər məsələləri də nəzərə alaraq bu hədisi buyurmuşdur.

«Qənatir» kəlməsi «qintar» sözünün cəmi olub «miqdarı çox olan mal»-a deyilir. Bu söz «qantara» kəlməsindən törəyib mənası «körpü» deməkdir. İnsan həyatda olduğu müddətdə gərək zəhmət çəkərək pul qazanıb yaşayışını təmin etsin. Həmin puldan ehtiyac duyulan yerlərdə xərcləməklə axirət evini abad etsin.

Bu sözdən məlum olur ki, əgər pul qazanan şəxs onu cəmiyyətdə xərcləməyərək yığıb saxlayırsa, sanki körpüdən keçməyin qaçılmaz olduğu bir vaxtda həmin şəxs onun üstündən keçməyərək hərəkətsiz halda bir yerdə dayanır.

Diqqətinizi ayənin sonunda işlənən «məəb» sözünə çəkmək istəyirəm. Bu sözün mənası «qayıdacaq yer» deməkdir. İnsan hər hansı bir yerə getsə də, ən yaxşı qayıdacaq yeri Mütəal Allahın dərgahıdır. Yəni: insanın məhəbbət bəslədiyi bu altı varlığı Allahın buyurduğu kimi, Onun məsləhət bildiyi yerdə xərcləməsi daha yaxşıdır. Çünki insan, həqiqətən də, Allahın buyurduğu kimi xərcləsə, xərclədikləri fani olaraq aradan getməz. İnsan özü üçün halal yolla hər bir şəraitlə təmin olunmuş bağ və villa hazırlaya bilər, müxtəlif gözəl miniklər əldə edə bilər, amma o, ürəyini onlara bağlamamalıdır. Əksinə, onun həmin nemətlərlə fəqir-füqəranın qəlbini açaraq Allahın razılığını qazanması daha üstündür.

Allahın razılığını qazanmağın müxtəlif yolları vardır. Onların birincisi Onun əmr etdiyi vacib əməlləri yerinə yetirib haram buyurduqlarından uzaq olmaq, ikincisi isə insanların xeyrinə olan müstəhəb əməlləri yerinə yetirməkdir. Əks təqdirdə, insan Allahın əmrlərinə xilaf çıxmaqla Onun qəzəbini qazanmış olar.

Hədisi-qüdsidə Mütəal Allah buyurub: «Mən əhənə li valiyyən fəqad bərazəni bil-muharabəti — Hər kəs Mənim istəkli (mömin) bəndələrimdən birini təhqir etsə, sanki Mənimlə müharibə etməyə girişib.» («Biharul-ənvar», c.5, s.283)

Digər bəzi hədislərdə isə nəql olunub ki, Allah təala qiyamət günü bəzi mömin bəndələrindən şikayət edərək onlara deyər: «Abdi, inni məriztu fələm tə`udni. Fəyəqulu: yə Rabbi, kəyfə ə`udukə va əntə rabbul-aləmin? Qalə: məriza fulənun abdi. Fə lau udtəhu ləvacədtəni indəh — Ey Mənim bəndəm! Xəstə olduğum vaxt nə üçün gəlib Məni ziyarət etmədin? Mömin bəndə deyər: ey Rəbbim, aləmlərin Rəbbi olduğun halda, mən (Sənin xəstə olmağını necə güman edə bilərdim və) Səni necə (və harada) ziyarət edə bilərdim? Allah təala buyurar: Mənim mömin bəndələrimdən biri xəstələnmişdi. Əgər sən ona baş çəkməyə getsəydin, Məni orada tapardın (sanki Məni ziyarət etmiş olardın).» («Biharul-ənvar», c.71, s.368; «Cami`ul- əxbar», c.22, s.1)

Mömin bir bəndəni sevindirmək Allahı sevindirmək hesab olunduğu kimi, xəstələndikdə onun ziyarətinə getmək də sanki Allahı ziyarət etməkdir.


Bəzi alimlər bu növ hədislərdən vəhdəti-vücud mənasını anlamışlar. Necə ki, nəql olunan hədislərdə buyurulub: «Mən zəral-Husəynə fi Kərbələ fəkəənnəmə zərallahə fi arşih — Hər kəs imam Hüseyni Kərbəlada ziyarət etsə, sanki Mütəal Allahı ərşdə ziyarət etmişdir.» Yəni: həmin alimlər Allah təala ilə imam Hüseynin vücudunu eyni bilmişdir. Mənəvi baxımdan insan mömin bir bəndəni xəstə olduqda, yaxud şəhidlər sərvəri imam Hüseyni Kərbəlada ziyarət etdiklə sanki izzət və cəlal sahibi olan Allahı ziyarət edir. Lakin həqiqi şəkildə diqqət etsək, görərik ki, mömin bəndənin vücudu Mütəal Allahın vücudu ilə eyni deyil. Biri xaliq, digəri isə məxluqdur. Biri əbd, digəri isə məbuddur. Hədisin məna incəliyi budur ki, hər kəs mömin bir bəndəni xoşhal edərək razılığını qazansa, Allahın razılığını qazanmış olar. Yaxud, imam Hüseyni (ə) ziyarət edən sanki Mütəal Allahı ərşində ziyarət etmişdir. Bu incə mənanın vəhdəti-vücudla heç bir bağlılığı yoxdur.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi