- Dinləmək
-
-
Əsli
-
قَدْ كَانَ لَكُمْ آيَةٌ فِي فِئَتَيْنِ الْتَقَتَا ۖ فِئَةٌ تُقَاتِلُ فِي سَبِيلِ اللَّهِ وَأُخْرَىٰ كَافِرَةٌ يَرَوْنَهُم مِّثْلَيْهِمْ رَأْيَ الْعَيْنِ ۚ وَاللَّهُ يُؤَيِّدُ بِنَصْرِهِ مَن يَشَاءُ ۗ إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِّأُولِي الْأَبْصَارِ
-
Transliterasiya
-
Qad Kāna Lakum 'Āyatun Fī Fi'atayni At-Taqatā Fi'atun Tuqātilu Fī Sabīli Al-Lahi Wa 'Uḫrá Kāfiratun Yarawnahum Miṯlayhim Ra'ya Al-`Ayni Wa Allāhu Yu'uayyidu Binaṣrihi Man Yašā'u 'Inna Fī ḏālika La`ibratan Li'wlī Al-'Abṣāri
-
Mirzə Əli Meşkini
-
Həqiqətən, sizin üçün (Bədr döyüşündə) bir-birləri ilə qarşılaşan iki dəstədə (Allahın qüdrəti və tovhidinə dair) nişanə var idi. Bir dəstə Allah yolunda döyüşürdü və digər bir dəstə kafir idi ki, müsəlmanları öz gözləri ilə özlərindən iki qat artıq görürdülər (və elə buna görə də məğlub oldular). Allah istədiyini Öz köməyi ilə qüvvətləndirir. Əlbəttə, bunda (bu işdə) bəsirət sahibləri üçün bir ibrət vardır.
-
Əltafur-Rəhman
-
Bədr döyüşündəki qələbə (ayə:13)
Bu ayədə Bədr müharibəsinin açıq-aşkar şəkildə adının çəkilməməsinə baxmayaraq, həmin döyüşdəki hadisəyə işarə edilir. Bu müharibə hicrətin ikinci ili, ramazan ayının 17-də Məkkə ilə Mədinə arasında məşhur «Bədr suyu» adlanan yerdə baş vermişdir. Bu döyüşdə islam ordusunun sayı 313 nəfər olmuşdur. Onların 77 nəfəri mühacir, 236 nəfəri isə ənsardan idi. Mühacirlərin bayraqdarı əmirəl- möminin Əli ibn Əbu Talib (ə), ənsarın başçısı isə Səd ibn Übadə olmuşdur. Bədr müharibəsi müsəlmanlarla kafirlər arasında baş vermiş ilk döyüşdür. Müsəlmanlar həmin müharibədə mənəvi bir qüvvəyə malik idilər. Həmin qüvvə islam ordusunun heybətinin kafirlərin ürəyinə salınması idi. Belə ki, kafirlər müsəlmanların sayını olduqlarından iki dəfə artıq güman edirdilər.
Bu iş kafirlərin qorxmalarına və məğlub olmalarına səbəb oldu. Müsəlmanların ordusu kafirlərin nəzərində çox göründüyü kimi, kafirlərin ordusunun da sayı müsəlmanlara az gəlirdi. Bu güman kafirlərin qorxuya düşmələrinə, müsəlmanların isə onlarla döyüşdə cürətə gəlmələrinə və cəsarətli olub düşmənə qələbə çalmalarına səbəb oldu.
Bədr döyüşündə müsəlmanların silahı cəmi altı ədəd zireh və 80 ədəd şəmşir olmuşdur. Müsəlman ordusundan bu hadisədə altı nəfər mühacir, səkkiz nəfər isə ənsardan olmaqla yalnız 14 nəfər şəhid oldu.
Mütəal Allah bu ayəni nazil etməklə müsəlmanları Uhud müharibəsinə həvəsləndirərək ona hazırlaşmağa təşviq etmişdir.