10-ci ayə 200-dən
Dinləmək
Əsli
إِنَّ الَّذِينَ كَفَرُوا لَن تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُم مِّنَ اللَّهِ شَيْئًا  ۖ وَأُولَـٰئِكَ هُمْ وَقُودُ النَّارِ
Transliterasiya
'I‍‍nn‍‍a A‍‍l-La‍ḏ‍ī‍‍na Kafarū La‍‍n Tu‍ġniya `Anhu‍‍m 'A‍‍m‍‍wāluhu‍‍m Wa L‍‍ā 'Awlāduhu‍‍m Mina A‍‍l-Lah‍‍i šay'‍‍ā‍‍a‍‍n Wa '‍‍Ū‍‍l‍‍ā‍‍'ika Hu‍‍m Wa Q‍‍ū‍‍du A‍‍n‍‍-N‍‍ā‍‍r‍‍i
Mirzə Əli Meşkini
Həqiqətən, kafirlərin nə malları və nə də övladları onlardan Allah(ın əzabın)dan olan heç bir şeyi əsla uzaqlaşdırmayacaqdır. Onlardır (Cəhənnəm) odun(un) yanacaqları!
Əltafur-Rəhman

Çətin günün yardımçısı (ayə:10-12)

Bu üç ayədə Mütəal Allah qiyamət günü kafirlərin heç bir yardımçısının olmayacağına, onların pis adət-ənənələrinə, sonda müsəlmanlar qarşısında məğlub olacaqlarına, axirətdə isə cəhənnəm əhli olmalarına işarə edir. Şübhəsiz ki, var-dövlət və övlad insanın çətin günlərində onu həlak olmaqdan xilas edə bilər. Lakin qiyamət günü həqiqəti danan kafirləri cəhənnəm odundan onların mal-sərvətləri belə xilas edə bilməyəcək. Çünki qiyamət günü heç kəsin əlində mal-sərvət olmayacaq ki, ona nicat versin. İnsanın əhli-əyal və övladının şəfaəti iman əhli üçün keçərlidir. Amma kafirlər üçün heç bir şəfaət yoxdur. Necə ki, Mütəal Allah buyurur: «Va mə ləkum min valiyyin va lə nəsir — sizin Allahdan başqa bir yardımçınız və dostunuz yoxdur?!» («Bəqərə» surəsi, ayə:107). Başqa bir ayədə buyurulur: «Mə ləhum fil-ərzi min valiyyin va lə nəsir — onların yer üzündə Allahdan başqa bir yardımçısı və dostu yoxdur?!» («Tövbə» surəsi, ayə:74).

Bu ayələrdəki bəzi nöqtələrə işarə etməliyəm:
1. «Vaqudun-nər — Cəhənnəm odunu» ifadəsi;
Bəzi şəxslərin kafir olmaları, axirətdə əzaba düçar olacaqları o qədər aydındır ki, Mütəal Allah onların dünyalarını dəyişmədən öncə cəhənnəm odunda yanacaqlarından, hətta oradakı yanar əşyalardan xəbər verir. Baxmayaraq ki, biz bəzi insanların kafir olmasını gözümüzlə görmürük, aləmləri yaradan Rəbbimiz onların ürəyindəki küfrdən agah olduğu üçün həmin insanların cəhənnəm yanacaqları olduğundan xəbər verir.

2. «Kədə`bi Əli-Fir`aun — Fir`on ailəsinin adəti» ibarəsi;
«Də`b» sözü bir işi uzun müddət davamlı olaraq icra etməyə deyilir. Belə ki, həmin iş təkrar olunmaq nəticəsində adət şəklini alır. Bu söz dlimizdəki «dəb» kəlməsidir ki, buna danışıqda tez-tez rast gəlirik. Məsələn, filankəsin dəbi budur ki, hər hansı bir yerdə olsa, maraqlı söhbətləri ilə camaatın əhvalını yüksəltsin. Yaxud, filankəsin dəbi hara getsə, fitnə salmaq, dava yaratmaqdır. Buradan məlum olur ki, bu söz istər yaxşı, istərsə də pis adət mənasını bildirir. Bu kəlmə ciddicəhdlə çalışmaq, səy göstərmək mənasında da işlənir. Məsələn, filankəs həmişə çalışar ki, onun dediyi həyata keçsin.

Lakin dilimizdə bu kəlmə (dəb sözü) «camaat arasında yayılmış yeniliyə (mod)» deyilir. Məsələn, ingilis dilini öyrənmək dəbə düşüb və ya indi göydələnlər (uca binalar) dəbdədir.

Mütəal Allah bu ayədə buyurur: «Kafirlər həlak olacaq, cəhənnəm odunda yanacaqlar. Onlara övladları və var-dövlətləri yardım edə bilməyəcək. Necə ki, Fironun ordusuna heç kəs kömək edə bilmədi.» Bu iki ayədə Mütəal Allahın kafirləri və Firon camaatını məsəl çəkməkdə məqsədi sonuncu peyğəmbərin ümmətindən olan kafirlərin onlardan ibrət almalarıdır. Yəni: «ey kafirlər, əgər siz də onlar kimi öz küfrünüzə davam etsəniz, həlak olacaqsınız.»

Buna dəlil sonrakı ayədə işlənən «qul lil-ləzinə kəfəru...» cümləsidir ki, orada Mütəal Allah buyurur: «(Ey Muhəmməd!) Kafirlərə de: siz də məğlub olaraq həlak olacaq və qiyamət günü cəhənnəm oduna tərəf sürüklənəcəksiniz. Ora necə də pis bir məkandır!»

«Dəb» sözünü həm failə, həm də məfula aid etmək olar. Fail mənasında: «Mütəal Allahın adəti belədir ki, Ali-Fironu həlak etdiyi kimi, digər kafirləri də həlak edər.» Yaxud, məful mənasında: «Ali-Firon həlak olduğu kimi, digər kafirlər də həlak olacaqlar.»

Bu ayəni on iki cür mənalandırmaq olar. Biz onlardan iki məşhur mənasını sizin üçün qeyd etdik.

Müxtəlif tarix və hədis kitablarında bu üç ayənin nazil olma səbəbi barədə nəql olunmuşdur ki, Bədr müharibəsindən sonra həzrət Peyğəmbər Mədinəyə qayıdaraq orada olan yəhudiləri Qinqa` adlı bazarda bir yerə toplayaraq dedi: «Yə mə`şəral-yəhud! Qad alimtum mə nəzələ bi Qurəyşin va hum əksəru adədən va siləhan va kira`an minkum. Fədxulu fil-isləm... — Ey yəhudi camaatı, bilirsiniz ki, Qüreyş kafirləri sayca, silah və imkan baxımından sizdən üstün olduğu halda, onlar necə həlak oldular. Gəlin, siz islamı qəbul edin, müsəlman olun! Onlar dedilər: ey Muhəmməd, güman etmə ki, Qüreyş camaatının müharibə etməkdə təcrübəsi olmadığına görə onlara qalib gəldiyiniz kimi, bizə də qalib gələcəksiniz. And olsun Allaha, əgər bizimlə müharibə etsən, nəyə qadir olduğumuzu görəcəksən.» («Təfsiri Əli ibn İbrahim Qummi»; «əl-Bürhan»; «Məcmə`ül-bəyan» əsərləri, təfsirini yazdığımız ayənin şərhində)

Kafirlər bu sözü dedikdən sonra «qul lil-ləzinə kəfəru... sətuğləbunə...» ayəsi nazil oldu.

Bəzi şəxslər etiraz əlaməti olaraq belə bir sual verirlər: nə üçün günahkar insan dünyada 50-60 il günah etməsinə baxmayaraq, axirətdə əbədi əzaba düçar olur? Olmazdımı ki, o, cəhənnəmdə də günah etdiyi müddət qədər cəzalandırılsın?

Cavab olaraq qeyd etməliyəm ki, günah edən şəxslər arasında fərq vardır. Günahkarların bəzisi etdiyi əmələ peşman olub tövbə edərək dunyasını dəyişir. Təbii ki, Mütəal Allah belə bəndələrini günaha son qoyub többə etdiklərinə görə bağışlayaraq əfv edər. Amma bəzi şəxslər o qədər günaha meyillidirlər ki, gecə yatdıqda da niyyətləri bu olur ki, səhər ayıldıqdan sonra mümkün olduqda gördükləri çirkin əmələ davam etsinlər. Hətta xəstəxanaya düşdükdə belə bu fikirlərdən əl çəkmirlər. Orada da günah etmək üçün şərait yaransa, onu əldən verməzlər. Bunların adəti, dəbi belə olduğu və niyyətləri məhdud bir zamana aid olmadığı üçün qiyamət günü əbədi əzabla qarşılaşarlar.

Maraqlıdır ki, buna etiraz edən şəxslər dünyada müəyyən müddət ərzində yaxşı işlər görmüş iman əhlinin cənnətdə əbədi qalmalarını dilə gətirmirlər.

3. «Sətuğləbun» kəlməsi;
Bu sözün mənasını yaxşı başa düşmək üçün məsəl çəkmək yerinə düşər: zəif olan bir şəxs heç vaxt böyük bir pəhləvanla güləşməyə cürət etməz. Çünki o, pəhləvanın əlində bir göz qırpımında belinin yerə vurularaq məğlub olacağını yaxşı bilir. Mütəal Allah bu ayədə həzrət Peyğəmbərə buyurur: «Kafirlərə de ki, həqiqətən də, siz məğlub olacaqsınız.» Kafirlər Allahı tanımadıqları, Onun qüdrətindən və əzəmətindən qafil olduqları üçün daim Ona, göndərdiyi peyğəmbərə, din və şəriətə qarşı çıxmışlar. Əgər kafirlər də məsəldə qeyd etdiyimiz kimi, qarşılarındakı güc sahibinin hansı qüvvəyə malik olduğunu bilsələr, Ona qarşı üsyan etməz və buyurduqlarına xilaf çıxmazlar.

Mütəal Allah «sətuğləbun»«tuhşərun» sözləri ilə kafirlərin mütləq məğlub olacaqlarından və cəhənnəm odunda yanacaqlarından xəbər verir. Yəni: onların işi yalnız dünyada məğlub olmaqla bitmir, onlar axirətdə də cəhənnəm əzabına düçar olacaqlar.

Bu ayədən məlum olur ki, hətta cəmiyyətimizdə yaşayan iman əhlinə, eləcə də din və şəriətin gözəlliklərinə diqqət etmədən onlara qarşı çıxanlar bilməlidirlər ki, onlar da istəklərinə nail ola bilməyəcəklər. Çünki onlar batində (ürəkdə) razı olmasalar belə, Allah təalanın buyurduqlarına qarşı çıxırlar.

Allahın vacib buyurduğu hökmlərə (məsələn, hicaba) qadağa qoyanlar bilməlidirlər ki, bunlara qarşı çıxdıqca həmin hökmlərə əməl edənlərin sayı gün-gündən artacaq. Çünki az bir dəstə istisna edilməklə müsəlman xanımların cəmiyyət arasında həya və abırla gəzmələri onların fitrətlərində vardır. Yaxud, Mütəal Allahın haram etdiyi əməlləri (məsələn, içkini) təbliğ edən şəxslər bilməlidirlər ki, bəzi kimsələr müstəsna olmaqla içkidən uzaqlaşan, tövbə edən şəxslərin sayı getgedə çoxalacaqdır.

Bir sözlə, din və şəriətin istər hamısına, istərsə də bir qisminə qarşı çıxanlar bilməlidirlər ki, onlar məğlub olacaqlar. Çünki «yədullahi fauqa əydihim — Allahın qüdrəti onlardan üstündür.» («Fəth» surəsi, ayə:10)

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi