7-ci ayə 286-dən
Dinləmək
Əsli
خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ  ۖ وَعَلَىٰ أَبْصَارِهِمْ غِشَاوَةٌ  ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
Transliterasiya
ḫatama A‍‍l-Lah‍‍u `Alá Qulūbihi‍‍m Wa `Alá Sa‍‍m‍‍`ihi‍‍m Wa `Al‍‍á 'A‍‍b‍‍ṣā‍‍r‍‍ihi‍‍m ġi‍šāwatu‍‍n Wa Lahu‍‍m `A‍ḏ‍ā‍‍bun `Aẓ‍‍ī‍‍m‍‍un
Mirzə Əli Meşkini
Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir.
Əltafur-Rəhman

Küfrün növləri

Bunu da qeyd etməliyəm ki, küfr (kafir olmaq) bir neçə qismə bölünür. Bu barədə imam Sadiq (ə) buyurub: «əl-Kufru fi kitəbilləhi alə xamsəti aucuhin. Fə minhə kufrul-cuhud val-cuhudu alə vacheyn val-kufru bitərki mə əmərallah va kufrul-bəraəti va kufrun-ni`am — Quranda zikr olunan küfr (kafir olmaq) beş qismə bölünür: onların birincisi, nadanlıq üzündən Allahı, qiyaməti, peyğəmbərləri inkar etmək. İkincisi, Allahın varlığını bilərəkdən, inadkarlıq göstərərək inkar etmək. Üçüncüsü, Onun verdiyi nemətləri danmaq. Dördüncüsü, buyurduğu vacib əməlləri tərk etmək. Beşincisi isə kafirlərə nifrət bəsləməyib onlarla oturub-durmaq.» («Usuli- Kafi», c.2, s.389, hədis:1)

Qeyd olunmuş surələrdə Mütəal Allahın vurğuladığı kafirlər hədisdə zikr olunan kafirlərin birinci və ikinci qismidir ki, onlar bilərəkdən, inadkarlıq göstərərək, yaxud Allahın bu qədər nişanələrini görməməzliyə vuraraq həqiqəti inkar edirlər. Elə buna görə də, izzət və cəlal sahibi olan Allah sonrakı ayədə buyurur: «Xatəməllahu alə qulubihim va alə səm`ihim va alə əbsarihim ğişəvah... — Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır... »

Kafirlərin sonrakı qismlərinə gəlincə, onlar Allah təala tərəfindən göndərilən peyğəmbərlərdən az-çox faydalana bilərlər və peyğəmbərlərin sözü bu növ kafirlərə təsir edərək onları hidayət edə bilər.

Əmirəl-möminin Əli (ə) bu ayənin təfsirində buyurub: «Səbəqa fi ilmihi tə`alə ənnəhum lə yu`minun, fəxatəmə alə qulubihim va səm`ihim liyuvafiqa qazauhu aleyhim ilməhu fihim, ə lə təsmə`u qauləhu tə`alə: lau aliməllahu fihim xayran ləəsmə`ahum — Mütəal Allah əvvəlcədən bilirdi ki, bu qism kafirlər iman gətirməyəcəklər. Elə buna görə də, onların ürəyinə və qulağına möhür vurdu ki, onların barəsindəki hökmü elmi ilə uyğun gəlsin. Mütəal Allah (həmin növ kafirlər barəsində) buyurub: əgər Allah onlarda bir xeyir görsəydi, din və şəriətin təbliğatını onlara eşitdirərdi. („Ənfal“ surəsi, ayə:23)» («Məvahibur-Rəhman», c.1, s.96)

Ürəklərə möhür vurmaq (ayə:7)

Bildiyimiz kimi, bir şəxsin dükanına müştəri gedib-gəlməzsə və uzun müddət orada alqı-satqı olmazsa, həmin şəxs xeyir götürmədiyini görüb dükanını bağlayar. Mütəal Allah iman daxil olmayan, şirk və küfrün yerləşdiyi qəlbi cəzalandırmaq üçün ona möhür vuraraq bağlayar. Əgər Mütəal Allah orada bir xeyir görsəydi, möhürləməzdi.

Mərhum İbn Babəveyh mötəbər sənədlərlə İbrahim ibn Əbu Mahmuddan rəvayət edir ki, o dedi: imam Rzadan (ə) Mütəal Allahın buyurduğu «xatəməllahu alə qulubihim va alə səm`ihim... onların ürəyinə və qulağına möhür vurmuşdur» ayəsi barəsində soruşdum. O həzrət buyrudu: «əl-Xatmu huvat-təb`u alə qulubil-kuffəri `uqubətən alə kufrihim kəmə qaləllahu azzə va cəll: bəl təbə`əllahu aleyhə bikufrihim ... — Xətm — kafirlərin etdiyi küfrün cəzası olaraq Mütəal Allahın onların qəlbinə vurduğu möhürdür.

Necə ki, izzət və cəlal sahibi olan Allah buyurmuşdur: Allah onların qəlbinə küfr etdikləri üçün möhür vurmuşdur. („Nisa“ surəsi, ayə:155)» («əl- Burhan», c.1, s.58, hədis:1)

Yuxarıda qeyd etdiyimiz mübarək ayədən və nəql etdiyimiz hədislərdən məlum olur ki, Mütəal Allah onların qəlbini əvvəlcədən möhürləməmişdi ki, onlar iman gətirə bilməsinlər. Əksinə, Allah təala bütün insanları dünyaya göz açarkən fitrətən iman gətirməyə meyilli yaratmışdır. Qeyd etdiyimiz kafirlərdən bir dəstəsi Allahın nişanələrini görməyib Onun varlığını dandıqları üçün Mütəal Allah onların qəlbini möhürləyir.

Burada mühüm bir mətləbə də işarə etməliyəm ki, «xatəmə» kəlməsi ilə «qafələ» kəlməsi arasında çox fərq var. «Xatəmə», yəni onlar barəsində Allahın sözü, təbliğatı sona çatdı və Mütəal Allah onların gələcəkdə iman gətirməyəcəyindən xəbər verir. «Qafələ» isə o deməkdir ki, Allah onların qəlblərinə qıfıl vurdu ki, iman gətirə bilməsinlər. Əgər Mütəal Allah bu mübarək ayədə: «qafələllahu alə qulubihim — Allah onların qəlbinə qıfıl vurdu», — buyursaydı, onda onlar kafir olmaqda məcbur olardılar və ömürlərinin axırına kimi daha heç vaxt iman gətirə bilməzdilər. Bu isə Allahın hikməti ilə ziddir. Elə buna görə, Mütəal Allah «qafələllahu» deyil, «xatəməllahu alə qulubihim» söyləyib.

Bunu başqa bir ifadə ilə izah etmək istəsək, belə deməliyik: əgər bir şəxs Quranı oxuyub sona çatdıraraq xətm etsə, istədiyi vaxt özü, yaxud başqaları onu yenə də açıb oxuya bilər. Lakin həmin Quranı oxuyub qurtardıqdan sonra sandığa qoyaraq ona qıfıl vursa, qıfıl vuran şəxsdən başqa onu heç kəs açıb oxuya bilməz. Elə bu baxımdan Mütəal Allah onların qəlbinə qıfıl vurmayıb ki, onlar kafir olmağa məcbur olub iman gətirə bilməsinlər. Əslində, Allah təala peyğəmbərə təbliğatın bu qism kafirlərə gələcəkdə də təsiri olmayacağını bildirərək qəlblərinə möhür vurmuşdur.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi