3-ci ayə 286-dən
Dinləmək
Əsli
الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
Transliterasiya
Al-La‍ḏ‍ī‍‍na Yu'umin‍‍ū‍‍na Bil-‍ġaybi Wa Yuqīm‍‍ū‍‍na A‍‍ṣ-ṣalāata Wa Mi‍‍mm‍‍ā Raza‍‍q‍‍nāhu‍‍m Yu‍‍n‍‍fiq‍‍ū‍‍n‍‍a
Mirzə Əli Meşkini
O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.
Əltafur-Rəhman

«İman» kəlməsi (ayə:3-5)

Mütəal Allah bu iki ayədə müttəqilərin kim olduğunu qısa şəkildə bəyan edərək buyurub: təqva əhli o kəslərdir ki, qeybə (Allaha, qiyamətə, qəbrdə olan sorğu-suala, cənnət və cəhənnəmin haqq olduğuna və s.) inanaraq şəriətin göstərdiyi tərzdə namaz qılıb onlara bəxş etdiyimiz (halal) ruzidən (lazım olan yerlərdə) sərf edir, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (kitablara) iman gətirir və axirətə də şəksiz inanırlar.

Burada «iman» kəlməsinin mənası haqqında mühüm bir nöqtəyə işarə etmək istəyirəm. Lüğət kitablarına baxdıqda bu kəlməni belə tərif edirlər: «İman» sözünün mənası «amanda saxlamaq», «aman vermək» deməkdir. Lakin bəzi lüğət sahibləri və müfəssirlər aman verən şəxsin kim olduğu və nəyi amanda saxlaması barəsində müxtəlif fikirlər irəli sürmüşlər. Onların bəzilərinin rəyinə görə mömin o şəxsə deyilir ki, Allahın buyurduqlarına iman gətirməyin nəticəsində axirət əzabından amanda qalır. Bu nəzəriyyəyə diqqət etsək, görərik ki, axirət əzabından amanda qalmaq imanın özü deyil, nəticəsidir. Çünki burada insanı axirət əzabından amanda saxlayan Allahdır. Elə buna görə də, həmin şəxsə mömin (aman verən şəxs) deyil, mütəəmmin (amanda saxlanılan şəxs) deyilsə, daha düzgün olar.

Bəzilərinin fikrincə isə mömin o şəxsə deyilir ki, o, öz ürəyində olan inanc və əqidəsini şəkk-şübhədən və vəsvəsədən amanda saxlayır. Doğrudan da, həmin şəxs Allah və peyğəmbərin buyurduğu haqq yolu tapdıqdan sonra heç kəsin sözü onun əqidəsinə zərər yetirməz. Bu mənada insanın inanc və əqidəsini amanda saxlayan onun özüdür ki, qəlbində başqasının şübhəsinə yer vermir. Elə buna əsasən, belə bir şəxsə mömin deyilir.

Möminləri də təqvalı şəxslər kimi üç qismə ayırmaq olar: birincisi, o şəxslərdir ki, qəlbində Mütəal Allaha iman və əqidəsi olmasına baxmayaraq, Onun buyurduqlarına əməl etmirlər. İkincisi, Mütəal Allahın buyurduğu hökmlərə əməl etsə də, iman və əqidəsi zəifdir. Belə şəxslər başqasının vəsvəsəsi ilə tez bir zamanda şəkkşübhəyə düşərək əqidəsini dəyişirlər. Üçüncüsü isə Mütəal Allaha həm iman və əqidəsində möhkəmdir, həm də Onun tərəfindən əmr olunan bütün əməlləri yüksək dərəcədə yerinə yetirir. Belə şəxslər həqiqi möminlərdir.

Həqiqi iman sahiblərini başqa bir ifadə ilə tərif etmək istəsək, belə deməliyik: əsl mömin o şəxsdir ki, islam dininin haqq olduğunu dildə deməkdən əlavə qəlbində də təsdiq edərək onun buyurduğu hökmlərə düzgün olaraq əməl etsin. Necə ki, hədis və rəvayətlərdə iman haqqında: «əl-İmənu iqrarun bil-lisən va təsdiqun bil-cənən va aməlun bil-ərkən — əsl iman dildə Allahın birliyini, peyğəmbərin peyğəmbərliyini, islamın haqq din olduğunu söyləmək, qəlbdə bu sözlərə iman gətirərək onları təsdiq etmək və şəriətin buyurduğu ibadətləri yerinə yetirməkdir» — deyiblər.

Burada belə bir sual meydana çıxır ki, nə üçün Mütəal Allah bu ayədə qeybə iman gətirməyi namaz qılmaqdan, malını Allah yolunda xərcləməkdən, ilahi kitablara iman gətirməkdən əvvəl zikr etmişdir? Buna cavab olaraq deməliyəm ki, insan qeybə iman gətirməyin nəticəsində ibadət edərək pis işlərdən çəkinər. Əgər bir şəxs qəbrdə olan sorğu-suala, cənnət və cəhənnəmin varlığına inansa, yaxşı işlər görməyə səy göstərib pis işlərdən uzaq gəzər. Elə buna görə Mütəal Allah təqva əhlinə lazım olan sifətlərin birincisi olaraq qeybə iman gətirməyi qeyd etmişdir.

Namazı dirçəltmək

Bu mübarək ayənin barəsində bunu da qeyd etməliyəm ki, Mütəal Allah təqvalı insanlar üçün qeybə iman gətirdikdən sonra namaz barəsində «yusallunə (namaz qılırlar)» deyil, «yuqimunəs- salət (namazı dirçəldirlər)» kəlməsini işlətmişdir. Bunun səbəbi namazın qılınmasındakı fərqdir. Bəzi namaz qılanlar vardır ki, Mütəal Allah onları qınayaraq buyurub: «Fəvaylun lil-musallin, əlləzinə hum an salətihim s əhun — Vay olsun o namaz qılanlara ki, namazı yüngül sayaraq (onu vaxtlı-vaxtında qılmazlar, qılanda isə) riyakarlıq edərlər» («Maun» surəsi, ayə:4-6)

Bu ayədən gördüyümüz kimi, Mütəal Allah şəriətin bəyəndiyi tərzdə namaz qılanları deyil, onun zahirini yerinə yetirənləri qınayır. Elə buna əsasən, təqvalı şəxslərin digər bir sifəti də onların namazı iqamə etməsidir. Yəni onların namazı bütün şərtlərinə əməl edərək qılmalarıdır.

Allah yolunda xərcləmək

Qeyd olunması lazım olan digər bir mətləb isə təqva əhlinin üçüncü xisləti olan Allahın bəxş etdiyi ruzidən lazım olan yerlərdə xərcləməkdir. Buradan məlum olur ki, insan halal yolla qazandığı ruzidən Allah yolunda xərcləsə, təqvalı hesab olunar. Çünki Allahın bəxş etdiyi ruzi deyilərkən yalnız halal ruzi nəzərdə tutula bilər. Elə buna əsasən, hər kəs haram yolla əldə etdiyi puldan yoxsullara, xəstələrə, yetimlərə və s. xərcləsə, həmin şəxs təqva əhlindən sayılmaz. Çünki onun haram yolla əldə etdiyi pul ayədə zikr olunmuş Allahın bəxş etdiyi ruzidən hesab olunmur.

Bundan əlavə, bəzi şəxslər belə təsəvvür edirlər ki, Allahın bəxş etdiyi ruzi ancaq var-dövlətdir. Halbuki, var-dövlətdən əlavə insanların əldə etdiyi elim, sənət və digər bacarıq və istedad Mütəal Allahın bəxş etdiyi ruzidən hesab olunur. Elə buna əsasən, elim, bacarıq və peşə sahibləri də gərək bildiklərinin din və şəriət baxımından cəmiyyət üçün xeyrli olanlarını ehtiyacı olan kimsələrə öyrətsinlər. Çünki onların bildiklərini lazım olan yerdə səlahiyyətli şəxslərə öyrətməməsi günahdır. Öyrətdiklərinin müqabilində isə müəyyən bir məvacib almasının şəriət nöqteyi-nəzərindən heç bir qəbahəti yoxdur. Çünki bu mübarək ayədə Allahın bəxş etdiyindən insanlara vermək buyurulub. Həmin şəxslərin öyrətdiklərinin müqabilində ücrət almasının haram, yaxud məkruh olmasına isə heç bir işarə edilməyib.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi