2-ci ayə 286-dən
Dinləmək
Əsli
ذَ‌ٰلِكَ الْكِتَابُ لَا رَيْبَ  ۛ فِيهِ  ۛ هُدًى لِّلْمُتَّقِينَ
Transliterasiya
ḏālika A‍‍l-Kit‍‍ā‍‍bu Lā Rayba F‍‍ī‍‍h‍‍i Hudáa‍‍n Lilmuttaq‍‍ī‍‍n‍‍a
Mirzə Əli Meşkini
Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pərhizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir.
Əltafur-Rəhman

«O» və «bu» əvəzlikləri (ayə:2)

Mütəal Allah bu ayədə Qurani-Kərim haqqında işarə əvəzliklərindən istifadə edərkən «hazəl-kitab (bu kitab)» deyil, «zalikəl-kitab (o kitab)» demişdir. Bəzi müfəssirlər belə güman edirlər ki, Quran ağıllardan uzaq bir kitab olduğu üçün bu ayədə yaxınlığı deyil, uzaqlığı təmsil edən «zalikə (o)» işarə əvəzliyindən istifadə edilmişdir.

Burada qeyd etməliyəm ki, Qurani-Kərim ağıllardan uzaq deyil. Əksinə, o, ağıl kimi bir nemətdən bəhrələnən və düşünən insanlar üçün nazil olmuşdur. Bundan əlavə, Mütəal Allah «İsra» surəsinin 9-cu ayəsində yaxınlığı bildirən «haza (bu)» işarə əvəzliyindən istifadə edərək buyurur: «İnnə həzəl-Qur`ənu yəhdi lil-ləti hiyə əqvam... — Həqiqətən də, bu Quran insanları ən doğru yola yönəldir.»

Burada zalikəl-kitab deyilməsi Quranın ağıllardan uzaq olması ilə deyil, onun məna incəliyi ilə əlaqədardır ki, bu da Qurani- Kərimin əzəmətinin yüksək səviyyədə olmasına işarədir. Bu sözümüzə sübut ərəb qrammatikasında «zalikə» kəlməsinin belə bir yerdə işlənməsidir. Ərəblər bir əşyanın yüksək əzəmətini bəyan etmək üçün onun yaxın olmasına baxmayaraq, adətən, «haza» deyil, «zalikə» kəlməsini işlədirlər. Necə ki, Mütəal Allah «Ən`am» surəsinin 102-ci ayəsində buyurub: «Zəlikumullahu Rabbukum... — O, sizin Rəbbiniz olan Allahdır.»

Bu ayədən də göründüyü kimi, Mütəal Allahın uzaq olmasına görə deyil, Onun əzəmətinə işarə olaraq «zalikə» kəlməsi işlənmişdir. Bildiyimiz kimi, Mütəal Allah heç bir kəsdən, heç bir şeydən uzaq və xəbərsiz deyil. Çünki izzət və cəlal sahibi olan Allah Qurani-Kərimdə buyurur: «...Va huva mə`akum əynə mə kuntum... — Harada olsanız, O, sizinlədir.» («Hədid» surəsi, ayə:4)

Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olar ki, bu mübarək ayədə işlənən «zəlikə» işarə əvəzliyi Qurani-Kərimin ağıllardan uzaq
olmasına görə deyil, onun əzəmətinə - az bir kəlmə ilə böyük işlərdən xəbər verməsinə, mühüm elimlərə, kainatda olan varlıqlara işarə etdiyinə görədir.

«Reyb» və «təqva» sözlərinin mənası

Bu ayədə «lə şəkkə fihi» deyil, «lə raybə fihi» kəlməsinin işlənməsinin səbəbi «rəyb» kəlməsinin «zərrə qədər də şəkk-şübhənin olmaması» mənasını daşımasına görədir.

Bəzi şəxslər bu mübarək ayəni mütaliə edərkən belə güman edirlər ki, Qurani-Kərim yalnız müttəqilər üçün hidayət mənbəyi olub onları doğru yola yönəldir. Halbuki, bu fikir Quran ayələrinə uyğun gəlməyərək həqiqətdən uzaqdır. Doğru yola yönəltmək barəsində təkcə bu ayə olmadığına görə həmin fikri təsdiq etmək olmaz. Mütəal Allah «Nəhl» surəsinin 102-ci ayəsində buyurur: «Qul nəzzələhu Ruhul-qudusi min Rabbikə liyusəbbitəl-ləzinə əmənu va hudən va buşra lil-muslimin — (Ya Muhəmməd!) De: Cəbrail onu (Quranı) Rəbbin tərəfindən nazil etmişdir ki, iman gətirənləri tutduqları yolda sabitqədəm etsin, müsəlmanları isə doğru yola yönəldərək onlara müjdə versin»

Gördüyümüz kimi, Qurani-Kərim müsəlmanları da doğru yola yönəldir. Mütəal Allah «Bəqərə» surəsinin 185-ci ayəsində buyurub: «Şəhru Raməzanəl-ləzi unzilə fihil-Qur`ənu hudən lin- nəs... — Ramazan elə bir aydır ki, Quran o ayda nazil olub. O (Quran), insanları doğru yola yönəldəndir.»

Bu ayədən də görürük ki, Qurani-Kərim təkcə təqva əhlini və müsəlmanları deyil, bütün insanları hidayət edərək doğru yola yönəldir. Amma Mütəal Allah «Bəqərə» surəsinin 2-ci ayəsində Quranın «təqva əhlini hidayət etməsini» deməklə təqva əhlinin üstünlüyünü bildirərək, Qurani-Kərimdən onların daha çox faydalanacağına işarə etmişdir.

Yaşadığımız cəmiyyətdə insanlar təqva baxımından bir neçə dəstəyə bölünürlər. Onların bir çoxunu təqvalı hesab etmək olar. Lakin hamısı təqva baxımından eyni səviyyədə deyil. Məsələn, bəzisi şəriətin vacib buyurulmuş əməllərini yerinə yetirərək haram edilmiş işlərindən çəkinirlər və səy göstərirlər ki, müstəhəb əməlləri yerinə yetirərək məkruh əməllərdən uzaq olsunlar.

Təqva əhlinin başqa bir dəstəsi vacib buyurulmuş əməlləri yerinə yetirmələrinə baxmayaraq, bəzi haramlardan tam şəkildə çəkinmirlər. Məsələn, namaz qılıb oruc tutmalarına, yaxud Allahın evini ziyarət etmək üçün Həccə getmələrinə baxmayaraq, yeri gəldikdə yalan danışır, xəyanət edir, bəzilərinin malını mənimsəyir, yaxud da digər günahlara yol verirlər.

Digər bir dəstəsi isə vacib əməlləri yerinə yetirməməsinə baxmayaraq, heç bir maneə olmadığı halda, bir çox haram işlərdən çəkinirlər. Məsələn, namaz qılmayan və oruc tutmayan elə insanlar vardır ki, başqasının namusuna baxmır, kimsənin malına təcavüz etmir və yalan danışaraq kimisə aldatmır.

Bütün bu dəstələrin Allahın vacib buyurduğu əməllərin hamısını və ya bəzisini yerinə yetirməsi, yaxud günahların hamısından və ya bəzisindən çəkinməsi təqvadan (ürəklərində olan Allah qorxusundan) irəli gəlir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, onların təqvası eyni dərəcədə deyildir. Onların bir dəstəsində yüksək dərəcədə, bəzisində orta səviyyədədir. Digərlərində isə az da olsa, təqva (Allah qorxusu) vardır.

Əmirəl-möminin Əlinin (ə) məşhur "Həmmam xütbəsi«ndə vəsf etdiyi təqva əhli yuxarıda qeyd etdiyimiz təqvası ən yüksək səviyyədə olan şəxslərdir. (Bu xütbəni mütaliə etmək istəyənlər «Nəhcul-Bəlağə», Şərhi Muhəmməd Abduh, s.241, xütbə:191-ə
baxa bilərlər.)

Onların xüsusiyyətlərini Mütəal Allah «Bəqərə» surəsinin 177-ci ayəsində bəyan edərək buyurur: «Yaxşı əməl sahibi (təqvalı insan) Allaha, axirət gününə, mələklərə, kitaba (Qurana) və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq, onu (malının hamısını deyil, xümsünü) Allah yolunda qohum- əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə, (həqiqi ehtiyac sahibi olan) dilənçilərə, qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, bağladığı əhd- peymana sadiq qalan, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edən kəslərdir. (İmanlarında) doğru olan (həqiqi) təqvalılar onlardır.»

Burada bunu da qeyd etməliyəm ki, islam dinini qəbul etməyən və yuxarıdakı ayədə zikr olunmuş şərtlərə iman gətirməyən şəxslər Allahdan qorxduğunu nə qədər iddia etsələr, yaxud gün ərzində hər nə
qədər «Allaha qurban olum» desələr də, onlar təqvalı hesab olunmurlar. Çünki təqva islam və imanın üzərində qurulmuşdur.

Burada imam Rzadan (ə) nəql olunmuş bir hədisi qeyd etmək istəyirəm. O həzrət bu mübarək hədisdə buyurub: «əl-İmənu fauqal-isləmi bidəracətin, vat-təqva fauqal-iməni bidəracətin, val- yəqinu fauqət-təqva bidəracətin va mə qussimə fin-nəsi şey`un əqallu minət-təqva — İman əhli olmaq islam dinini qəbul etdikdən sonra, təqvalı olmaq Allahın buyurduqlarına iman gətirdikdən sonra, yəqinlik məqamına çatmaq isə təqvaya yiyələndikdən sonra mümkündür. İnsanlar arasında bu qismlərdən ən az olanı təqva əhlidir (Yəqinlik məqamına çatmış şəxslərə rast gəlmək isə çox çətindir).» («Məvahibur-Rəhman», c.1, s.73)

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi