- Dinləmək
-
-
Əsli
-
مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَّا يُبْصِرُونَ
-
Transliterasiya
-
Maṯaluhum Kamaṯali Al-Laḏī Astawqada Nārāan Falammā 'Aḍā'at Mā ḥawlahu ḏahaba Al-Lahu Binūrihim Wa Tarakahum Fī ẓulumātin Lā Yubṣirūna
-
Mirzə Əli Meşkini
-
Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar.
-
Əltafur-Rəhman
-
Allahın tərk etməsi nə deməkdir? (ayə:17)
Mütəal Allah bu mübarək surənin 17-ci ayəsində buyurur: «Allah onları zülmət və qaranlıqlar içərisində qoyaraq tərk etdi.»
İmam Rzaya (ə) Mütəal Allahın münafiqləri zülmət və qaranlıqlar içində tərk etməsi barədə sual verdikdə o həzrət buyurub: «İnnəllahə lə yusəfu bit-tərk, kəmə yusəfu xalquhu va ləkinnəhu mət ə alimə ənnəhum lə yərci`unə anil-kufri vaz-zal ələti fəmənə`ahumul-mu`avanətə val-lutfə va xall ə bəynəhum va bəynə ixtiyərihim — Həqiqətən də, Allah yaratdığı insanlara aid olan tərk kəlməsi ilə vəsf olunmaz. Lakin O, hər kəsin küfr və zəlalətdən əl çəkərək qayıtmamasını bilsə, lütfü nəzərini götürərək ona yardım etməz və onları tutduqları yol və əqidələrində öz başlarına buraxar.»Bu mübarək rəvayətin şərhində qeyd etməliyəm ki, Allahı «ya Raziq, ya Alim, ya Qadir, ya Nasir (ey ruzi verən, bilən, qüdrəti çatan, yardım edən)» və s. sifətlərlə vəsf etdiyimiz kimi, «ya Tarik (ey tərk edən)» deyərək vəsf etmək olmaz. Çünki, əvvəla, Mütəal Allahın adlarından xəbərdar olanlar bilirlər ki, Onun tarik (tərk edən) deyə bir adı yoxdur. İkincisi isə tərk etmək qüdrətin olmamasından irəli gəlir ki, belə bir sifəti Mütəal Allaha aid etmək olmaz. Məsələn, bir insan möhkəm bağlanmış bir qapını aça bilmədikdə və ya ağır bir daşı qaldıra bilmədikdə ona gücü çatmadığını görüb həmin işi tərk edir.
Elə buna görə də, Mütəal Allahı «tərk» kəlməsi ilə vəsf etmək olmaz. Çünki O, hər şeyə qadirdir.
Bu mübarək ayədə qeyd olunan «Mütəal Allahın münafiqləri zülmət içində tərk etməsi» onları məcburi şəkildə imana gətirməyi tərk etməsi mənasındadır. Yəni Mütəal Allah münafiqləri məcburi şəkildə islam dininə gətirmək istəmədiyi üçün tutduqları zəlalət və cəhalət yolunda onlara yardım etməyib öz ixtiyarlarına buraxır. Çünki insanlar islam dinini məcburi şəkildə qəbul etsəydilər, belə bir müsəlmançılığın heç bir gözəlliyi olmazdı.
Buna görə Mütəal Allah Qurani-Kərimdə buyurub: «Va lau şəəllahu ləcə`aləkum ummətən vahidətən va ləkin liyəbluvakum fimə ətəkum — Əgər Allah istəsəydi (məcbur etsəydi), siz vahid bir ümmət olardınız. Lakin O, göndərdiyi peyğəmbər və nazil etdiyi kitab vasitəsilə sizi imtahana çəkir.» («Maidə» surəsi, ayə:48)
Digər bir ayədə buyurub: «Va lau şəəllahu ləcəmə`ahum aləl-hudə... — Əgər Allah istəsəydi, onları hidayət üzərində birləşməyə məcbur edərdi.» («Ən`am» surəsi, ayə: 35)
Digər bir ayədə isə buyurub: «Va lau şəə Rabbukə ləəmənə mən fil-ərzi kulluhum cəmi`an — Əgər Rəbbin istəsəydi, yer üzərində olan insanlar hamılıqla iman gətirərdilər.» («Yunis» surəsi, ayə:99)
Burada bunu da qeyd etməliyəm ki, Mütəal Allah münafiqlərin tutduqları zəlalət və azğınlıq yolunda qalmalarını istəmir. Əksinə, onlar özləri bu yoldan dönmək istəmirlər. Onlar belə deyə bilməzlər ki, əgər Allah istəməsəydi, biz münafiq olmaz və zəlalət içində qalmazdıq. Çünki izzət və cəlal sahibi olan Allahın səmavi kitabları nazil etməkdə və peyğəmbərləri göndərməkdə məqsədi insanları azğınlıq və digər pis yollardan çəkindirərək onları düz yola hidayət etməkdir. Əgər bir şəxs və ya bir millət Mütəal Allahın göndərdiyi bu qədər dəlil və bürhandan sonra iman gətirmirsə, onların kafirlik və ya münafiqlik yolunda qalması Allahın istəyi ilə deyil, onların öz istəkləri ilə baş verir. Həmçinin cəmiyyətdə bəzi şəxslərin narkoman, oğru və digər çirkin əməllərin sahibi olması Mütəal Allahın iradə və istəyi ilə deyil, onların öz istəkləri ilə baş verir. Belə ki, onlar gecə-gündüzün hər hansı bir saatında istəsələr, bu yoldan əl çəkərək qayıda bilərlər. Mütəal Allah da çirkin işlərdən tövbə edib düz yola qayıtmaqda onlara yardımçı olar.