- Dinləmək
-
-
Əsli
-
فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ
-
Transliterasiya
-
Fī Qulūbihim Maraḍun Fazādahumu Al-Lahu Maraḍāan Wa Lahum `Aḏābun 'Alīmun Bimā Kānū Yakḏibūna
-
Mirzə Əli Meşkini
-
Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.
-
Əltafur-Rəhman
-
Bu ayələrdə Mütəal Allah insanların bu qisminin (münafiqlərin) ürəklərində olanla dediklərinin eyni olmadığının səbəbini bəyan edərək buyurur: «Onların ürəklərində xəstəlik (islam dininə qarşı şəkk-şübhə) vardır. Onlar həmin xəstəliyin nəticəsində yalan danışaraq iman gətirdiklərini iddia edirlər.»
Bəzi müfəssirlərin mülahizəsinə əsasən, ayənin qalan hissəsində «fəzədəhumullahu mərazan — Allah onların xəstəliyini bir az da artırar» ifadəsi dua mənasında işlənərək Mütəal Allahın dünyada onlara nifrin etdiyinə işarədir. Digər müfəssirlərin fikrincə isə, bu cümlə özündən sonra gələn «va ləhum azəbun əlim — onları yandırıcı bir əzab gözləyir» cümləsi kimi xəbər mənasında işlənmişdir. Yəni Mütəal Allah dünyada onların ürəklərində olan şəkk-şübhə və münafiqlik xəstəliyinin artmasından, axirətdə isə onları yandırıcı bir əzabın gözləməsindən xəbər verir.
Burada başqa bir mətləbə də diqqət yetirmək lazımdır. Mütəal Allah münafiqlərdən danışarkən onları yandırıcı bir əzabın gözlədiyini bildirir. Bunun səbəbi münafiqlərin yalan danışması — qəlblərində islama nifrət bəslədikləri halda, dildə iman gətirdiklərini söyləməklə bundan öz mənafelərinə istifadə etmələridir.
Bunu da qeyd etməliyəm ki, bu 6 ayədə «nas» kəlməsi iki dəfə zikr olunub. Əvvəl 8-ci ayədə (va minən-nəsi mən yəqulu əmənnə... — insanlardan elələri də vardır ki, «iman gətirdik» — deyir...), sonra 13-cü ayədə (va izə qilə ləhum əminu kəmə əmənən-nəs... — iman gətirən camaat kimi siz də iman gətirin...) qeyd olunmuşdur. Birincisində «nas» kəlməsi ilə ümumi insanlar nəzərdə tutulur. Həmin insanları möminlər, kafirlər və münafiqlər kimi üç dəstəyə ayırmaq olur. İkinci ayədə isə bu kəlmə ilə ümumi deyil, iman əhli olan müəyyən bir camaat nəzərdə tutulur. Mütəal Allah «siz də onlar kimi iman gətirin» deyə əmr edir.
Burada iman gətirən şəxslərin kimlər olması barəsində mübarək bir hədisi nəql etmək istərdim. Peyğəmbərin əmisi oğlu İbn Abbasdan bu ayədə zikr olunmuş iman gətirən şəxslərin kim olması haqqında Muhəmməd ibn Hüseyn ibn Musa mötəbər sənədlərlə rəvayət edir ki, o dedi: bu mübarək ayədə «nas» kəlməsi ilə Əli ibn Əbu Talib, Cəfər Təyyar, Həmzə, Salman, Əbu Zərr, Əmmar, Miqdad, Hüzeyfə ibn Yəman və onlar kimi imanlı şəxslər nəzərdə tutulub. (Çünki peyğəmbərin dövründə həqiqi iman gətirənlər və din yolnuda bütün çətinliklərə dözənlər onlar idi.)" («Şəvahidut- tənzil», Hakim əl-Həskani, c.1, s.93, hədis:111)