Bəqərə
  • Meisam Vahid Tammar
    image/svg+xml Basmala in Naskh script. Created by baba66, http://de.wikipedia.org, 2006-03-22 License: cc-by-sa/2.0/de and GFDL
    Bağışlayan və mehriban Allahın adı ilə.
  • 2:1

    الم
    'Alif-Lā‍‍m‍‍-Mī‍‍m
    Əlif, Lam, Mim. (Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitab «Əlif» (Allah) tərəfindən «Lam»ın (Cəbrailin) vasitəsi ilə «Mim»ə (Muhəmmədə (s)) nazil edilmişdir. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.)

    «Hurufi-muqəttə`ə (ayrı-ayrılıqda, tək-tək oxunan hərflər)» («Bəqərə» surəsi, ayə:1)

    Qurani-Kərimin 29 surəsinin əvvəlində gələn bu hərflərə «hurufi-müqəttə`ə (ayrı-ayrılıqda oxunan hərflər)» deyilir. Bu hərflərin daşıdığı məna Allahla peyğəmbər arasında rəmz və işarə olduğu üçün onlar peyğəmbərin özü və onun canişinlərindən — imamlarımızdan başqa kimsələrə tam şəkildə məlum deyildir. Mütəal Allah bu hərflərin vasitəsilə kainatda olan bəzi elim və həqiqətlərə, yaxud bəzi şəxslərə işarə edir ki, onları müəyyən məsləhətlərə görə adi insanlardan gizlədir. Lakin Mütəal Allah istədiyi peyğəmbərlərə və onların səlahiyyətli canişinlərinə həmin elim, həqiqət və sirləri öyrədərək onlara əmanət tapşırıb. Onlar da münasib bildikləri bir vaxtda həmin hərflərdə olan mənaları lazım olan şəxslərə bəyan etmişlər. Bu baxımdan peyğəmbərlərin bəzisi, həmçinin imamlar bu mənaların həqiqətini bilməmiş deyildilər. Necə ki, imam Hüseyn (ə) «Duayi-Ərəfədə (Zilhiccə ayının 9-u Ərəfat səhrasında oxunan dua) Mütəal Allaha müraciət edərək belə deyir: «Ey peyğəmbərlərin sonuncusu həzrəti Muhəmmədin və onun Əhli-beytinin Rəbbi! Ey Tövrat, İncil, Zəbur və Furqanı nazil edən Rəbbim! Ey Kaf-Ha-Ya-Ayn-Sad, Ta-Ha, Ya-Sin və Quranı
    nazil edən Allah, Sən mənim pənahımsan!»

    İmam Hüseynin (ə) Mütəal Allaha bu növ müraciətindən məlum olur ki, adını çəkdiyimiz kitablarda olan əzəmətli sirlər bu hərflərdə də vardır ki, imam Hüseyn (ə) həmin kitabların adını çəkdikdə bu hərfləri də zikr edir.

    Bunu da qeyd etməliyəm ki, təkrarları çıxmaq şərti ilə bu hərfləri bir yerə topladıqda yalnız «Siratu Aliyyin haqqun numsikuhu» «Əlinin tutduğu yol haqdır, biz də o yolu tutub gedirik» cümləsi alınır.

  • 2:2

    ذَ‌ٰلِكَ الْكِتَابُ لَا رَيْبَ  ۛ فِيهِ  ۛ هُدًى لِّلْمُتَّقِينَ
    ḏālika A‍‍l-Kit‍‍ā‍‍bu Lā Rayba F‍‍ī‍‍h‍‍i Hudáa‍‍n Lilmuttaq‍‍ī‍‍n‍‍a
    Barəsində heç bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pərhizkarlar (aşağıdakı beş xüsusiyyəti fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiş kəslər) üçün hidayət mənbəyidir.

    «O» və «bu» əvəzlikləri (ayə:2)

    Mütəal Allah bu ayədə Qurani-Kərim haqqında işarə əvəzliklərindən istifadə edərkən «hazəl-kitab (bu kitab)» deyil, «zalikəl-kitab (o kitab)» demişdir. Bəzi müfəssirlər belə güman edirlər ki, Quran ağıllardan uzaq bir kitab olduğu üçün bu ayədə yaxınlığı deyil, uzaqlığı təmsil edən «zalikə (o)» işarə əvəzliyindən istifadə edilmişdir.

    Burada qeyd etməliyəm ki, Qurani-Kərim ağıllardan uzaq deyil. Əksinə, o, ağıl kimi bir nemətdən bəhrələnən və düşünən insanlar üçün nazil olmuşdur. Bundan əlavə, Mütəal Allah «İsra» surəsinin 9-cu ayəsində yaxınlığı bildirən «haza (bu)» işarə əvəzliyindən istifadə edərək buyurur: «İnnə həzəl-Qur`ənu yəhdi lil-ləti hiyə əqvam... — Həqiqətən də, bu Quran insanları ən doğru yola yönəldir.»

    Burada zalikəl-kitab deyilməsi Quranın ağıllardan uzaq olması ilə deyil, onun məna incəliyi ilə əlaqədardır ki, bu da Qurani- Kərimin əzəmətinin yüksək səviyyədə olmasına işarədir. Bu sözümüzə sübut ərəb qrammatikasında «zalikə» kəlməsinin belə bir yerdə işlənməsidir. Ərəblər bir əşyanın yüksək əzəmətini bəyan etmək üçün onun yaxın olmasına baxmayaraq, adətən, «haza» deyil, «zalikə» kəlməsini işlədirlər. Necə ki, Mütəal Allah «Ən`am» surəsinin 102-ci ayəsində buyurub: «Zəlikumullahu Rabbukum... — O, sizin Rəbbiniz olan Allahdır.»

    Bu ayədən də göründüyü kimi, Mütəal Allahın uzaq olmasına görə deyil, Onun əzəmətinə işarə olaraq «zalikə» kəlməsi işlənmişdir. Bildiyimiz kimi, Mütəal Allah heç bir kəsdən, heç bir şeydən uzaq və xəbərsiz deyil. Çünki izzət və cəlal sahibi olan Allah Qurani-Kərimdə buyurur: «...Va huva mə`akum əynə mə kuntum... — Harada olsanız, O, sizinlədir.» («Hədid» surəsi, ayə:4)

    Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olar ki, bu mübarək ayədə işlənən «zəlikə» işarə əvəzliyi Qurani-Kərimin ağıllardan uzaq
    olmasına görə deyil, onun əzəmətinə - az bir kəlmə ilə böyük işlərdən xəbər verməsinə, mühüm elimlərə, kainatda olan varlıqlara işarə etdiyinə görədir.

    «Reyb» və «təqva» sözlərinin mənası

    Bu ayədə «lə şəkkə fihi» deyil, «lə raybə fihi» kəlməsinin işlənməsinin səbəbi «rəyb» kəlməsinin «zərrə qədər də şəkk-şübhənin olmaması» mənasını daşımasına görədir.

    Bəzi şəxslər bu mübarək ayəni mütaliə edərkən belə güman edirlər ki, Qurani-Kərim yalnız müttəqilər üçün hidayət mənbəyi olub onları doğru yola yönəldir. Halbuki, bu fikir Quran ayələrinə uyğun gəlməyərək həqiqətdən uzaqdır. Doğru yola yönəltmək barəsində təkcə bu ayə olmadığına görə həmin fikri təsdiq etmək olmaz. Mütəal Allah «Nəhl» surəsinin 102-ci ayəsində buyurur: «Qul nəzzələhu Ruhul-qudusi min Rabbikə liyusəbbitəl-ləzinə əmənu va hudən va buşra lil-muslimin — (Ya Muhəmməd!) De: Cəbrail onu (Quranı) Rəbbin tərəfindən nazil etmişdir ki, iman gətirənləri tutduqları yolda sabitqədəm etsin, müsəlmanları isə doğru yola yönəldərək onlara müjdə versin»

    Gördüyümüz kimi, Qurani-Kərim müsəlmanları da doğru yola yönəldir. Mütəal Allah «Bəqərə» surəsinin 185-ci ayəsində buyurub: «Şəhru Raməzanəl-ləzi unzilə fihil-Qur`ənu hudən lin- nəs... — Ramazan elə bir aydır ki, Quran o ayda nazil olub. O (Quran), insanları doğru yola yönəldəndir.»

    Bu ayədən də görürük ki, Qurani-Kərim təkcə təqva əhlini və müsəlmanları deyil, bütün insanları hidayət edərək doğru yola yönəldir. Amma Mütəal Allah «Bəqərə» surəsinin 2-ci ayəsində Quranın «təqva əhlini hidayət etməsini» deməklə təqva əhlinin üstünlüyünü bildirərək, Qurani-Kərimdən onların daha çox faydalanacağına işarə etmişdir.

    Yaşadığımız cəmiyyətdə insanlar təqva baxımından bir neçə dəstəyə bölünürlər. Onların bir çoxunu təqvalı hesab etmək olar. Lakin hamısı təqva baxımından eyni səviyyədə deyil. Məsələn, bəzisi şəriətin vacib buyurulmuş əməllərini yerinə yetirərək haram edilmiş işlərindən çəkinirlər və səy göstərirlər ki, müstəhəb əməlləri yerinə yetirərək məkruh əməllərdən uzaq olsunlar.

    Təqva əhlinin başqa bir dəstəsi vacib buyurulmuş əməlləri yerinə yetirmələrinə baxmayaraq, bəzi haramlardan tam şəkildə çəkinmirlər. Məsələn, namaz qılıb oruc tutmalarına, yaxud Allahın evini ziyarət etmək üçün Həccə getmələrinə baxmayaraq, yeri gəldikdə yalan danışır, xəyanət edir, bəzilərinin malını mənimsəyir, yaxud da digər günahlara yol verirlər.

    Digər bir dəstəsi isə vacib əməlləri yerinə yetirməməsinə baxmayaraq, heç bir maneə olmadığı halda, bir çox haram işlərdən çəkinirlər. Məsələn, namaz qılmayan və oruc tutmayan elə insanlar vardır ki, başqasının namusuna baxmır, kimsənin malına təcavüz etmir və yalan danışaraq kimisə aldatmır.

    Bütün bu dəstələrin Allahın vacib buyurduğu əməllərin hamısını və ya bəzisini yerinə yetirməsi, yaxud günahların hamısından və ya bəzisindən çəkinməsi təqvadan (ürəklərində olan Allah qorxusundan) irəli gəlir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, onların təqvası eyni dərəcədə deyildir. Onların bir dəstəsində yüksək dərəcədə, bəzisində orta səviyyədədir. Digərlərində isə az da olsa, təqva (Allah qorxusu) vardır.

    Əmirəl-möminin Əlinin (ə) məşhur "Həmmam xütbəsi«ndə vəsf etdiyi təqva əhli yuxarıda qeyd etdiyimiz təqvası ən yüksək səviyyədə olan şəxslərdir. (Bu xütbəni mütaliə etmək istəyənlər «Nəhcul-Bəlağə», Şərhi Muhəmməd Abduh, s.241, xütbə:191-ə
    baxa bilərlər.)

    Onların xüsusiyyətlərini Mütəal Allah «Bəqərə» surəsinin 177-ci ayəsində bəyan edərək buyurur: «Yaxşı əməl sahibi (təqvalı insan) Allaha, axirət gününə, mələklərə, kitaba (Qurana) və peyğəmbərlərə inanan, mal-dövlətini çox sevməsinə baxmayaraq, onu (malının hamısını deyil, xümsünü) Allah yolunda qohum- əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə, (həqiqi ehtiyac sahibi olan) dilənçilərə, qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, bağladığı əhd- peymana sadiq qalan, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edən kəslərdir. (İmanlarında) doğru olan (həqiqi) təqvalılar onlardır.»

    Burada bunu da qeyd etməliyəm ki, islam dinini qəbul etməyən və yuxarıdakı ayədə zikr olunmuş şərtlərə iman gətirməyən şəxslər Allahdan qorxduğunu nə qədər iddia etsələr, yaxud gün ərzində hər nə
    qədər «Allaha qurban olum» desələr də, onlar təqvalı hesab olunmurlar. Çünki təqva islam və imanın üzərində qurulmuşdur.

    Burada imam Rzadan (ə) nəql olunmuş bir hədisi qeyd etmək istəyirəm. O həzrət bu mübarək hədisdə buyurub: «əl-İmənu fauqal-isləmi bidəracətin, vat-təqva fauqal-iməni bidəracətin, val- yəqinu fauqət-təqva bidəracətin va mə qussimə fin-nəsi şey`un əqallu minət-təqva — İman əhli olmaq islam dinini qəbul etdikdən sonra, təqvalı olmaq Allahın buyurduqlarına iman gətirdikdən sonra, yəqinlik məqamına çatmaq isə təqvaya yiyələndikdən sonra mümkündür. İnsanlar arasında bu qismlərdən ən az olanı təqva əhlidir (Yəqinlik məqamına çatmış şəxslərə rast gəlmək isə çox çətindir).» («Məvahibur-Rəhman», c.1, s.73)

  • 2:3

    الَّذِينَ يُؤْمِنُونَ بِالْغَيْبِ وَيُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنفِقُونَ
    Al-La‍ḏ‍ī‍‍na Yu'umin‍‍ū‍‍na Bil-‍ġaybi Wa Yuqīm‍‍ū‍‍na A‍‍ṣ-ṣalāata Wa Mi‍‍mm‍‍ā Raza‍‍q‍‍nāhu‍‍m Yu‍‍n‍‍fiq‍‍ū‍‍n‍‍a
    O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.

    «İman» kəlməsi (ayə:3-5)

    Mütəal Allah bu iki ayədə müttəqilərin kim olduğunu qısa şəkildə bəyan edərək buyurub: təqva əhli o kəslərdir ki, qeybə (Allaha, qiyamətə, qəbrdə olan sorğu-suala, cənnət və cəhənnəmin haqq olduğuna və s.) inanaraq şəriətin göstərdiyi tərzdə namaz qılıb onlara bəxş etdiyimiz (halal) ruzidən (lazım olan yerlərdə) sərf edir, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (kitablara) iman gətirir və axirətə də şəksiz inanırlar.

    Burada «iman» kəlməsinin mənası haqqında mühüm bir nöqtəyə işarə etmək istəyirəm. Lüğət kitablarına baxdıqda bu kəlməni belə tərif edirlər: «İman» sözünün mənası «amanda saxlamaq», «aman vermək» deməkdir. Lakin bəzi lüğət sahibləri və müfəssirlər aman verən şəxsin kim olduğu və nəyi amanda saxlaması barəsində müxtəlif fikirlər irəli sürmüşlər. Onların bəzilərinin rəyinə görə mömin o şəxsə deyilir ki, Allahın buyurduqlarına iman gətirməyin nəticəsində axirət əzabından amanda qalır. Bu nəzəriyyəyə diqqət etsək, görərik ki, axirət əzabından amanda qalmaq imanın özü deyil, nəticəsidir. Çünki burada insanı axirət əzabından amanda saxlayan Allahdır. Elə buna görə də, həmin şəxsə mömin (aman verən şəxs) deyil, mütəəmmin (amanda saxlanılan şəxs) deyilsə, daha düzgün olar.

    Bəzilərinin fikrincə isə mömin o şəxsə deyilir ki, o, öz ürəyində olan inanc və əqidəsini şəkk-şübhədən və vəsvəsədən amanda saxlayır. Doğrudan da, həmin şəxs Allah və peyğəmbərin buyurduğu haqq yolu tapdıqdan sonra heç kəsin sözü onun əqidəsinə zərər yetirməz. Bu mənada insanın inanc və əqidəsini amanda saxlayan onun özüdür ki, qəlbində başqasının şübhəsinə yer vermir. Elə buna əsasən, belə bir şəxsə mömin deyilir.

    Möminləri də təqvalı şəxslər kimi üç qismə ayırmaq olar: birincisi, o şəxslərdir ki, qəlbində Mütəal Allaha iman və əqidəsi olmasına baxmayaraq, Onun buyurduqlarına əməl etmirlər. İkincisi, Mütəal Allahın buyurduğu hökmlərə əməl etsə də, iman və əqidəsi zəifdir. Belə şəxslər başqasının vəsvəsəsi ilə tez bir zamanda şəkkşübhəyə düşərək əqidəsini dəyişirlər. Üçüncüsü isə Mütəal Allaha həm iman və əqidəsində möhkəmdir, həm də Onun tərəfindən əmr olunan bütün əməlləri yüksək dərəcədə yerinə yetirir. Belə şəxslər həqiqi möminlərdir.

    Həqiqi iman sahiblərini başqa bir ifadə ilə tərif etmək istəsək, belə deməliyik: əsl mömin o şəxsdir ki, islam dininin haqq olduğunu dildə deməkdən əlavə qəlbində də təsdiq edərək onun buyurduğu hökmlərə düzgün olaraq əməl etsin. Necə ki, hədis və rəvayətlərdə iman haqqında: «əl-İmənu iqrarun bil-lisən va təsdiqun bil-cənən va aməlun bil-ərkən — əsl iman dildə Allahın birliyini, peyğəmbərin peyğəmbərliyini, islamın haqq din olduğunu söyləmək, qəlbdə bu sözlərə iman gətirərək onları təsdiq etmək və şəriətin buyurduğu ibadətləri yerinə yetirməkdir» — deyiblər.

    Burada belə bir sual meydana çıxır ki, nə üçün Mütəal Allah bu ayədə qeybə iman gətirməyi namaz qılmaqdan, malını Allah yolunda xərcləməkdən, ilahi kitablara iman gətirməkdən əvvəl zikr etmişdir? Buna cavab olaraq deməliyəm ki, insan qeybə iman gətirməyin nəticəsində ibadət edərək pis işlərdən çəkinər. Əgər bir şəxs qəbrdə olan sorğu-suala, cənnət və cəhənnəmin varlığına inansa, yaxşı işlər görməyə səy göstərib pis işlərdən uzaq gəzər. Elə buna görə Mütəal Allah təqva əhlinə lazım olan sifətlərin birincisi olaraq qeybə iman gətirməyi qeyd etmişdir.

    Namazı dirçəltmək

    Bu mübarək ayənin barəsində bunu da qeyd etməliyəm ki, Mütəal Allah təqvalı insanlar üçün qeybə iman gətirdikdən sonra namaz barəsində «yusallunə (namaz qılırlar)» deyil, «yuqimunəs- salət (namazı dirçəldirlər)» kəlməsini işlətmişdir. Bunun səbəbi namazın qılınmasındakı fərqdir. Bəzi namaz qılanlar vardır ki, Mütəal Allah onları qınayaraq buyurub: «Fəvaylun lil-musallin, əlləzinə hum an salətihim s əhun — Vay olsun o namaz qılanlara ki, namazı yüngül sayaraq (onu vaxtlı-vaxtında qılmazlar, qılanda isə) riyakarlıq edərlər» («Maun» surəsi, ayə:4-6)

    Bu ayədən gördüyümüz kimi, Mütəal Allah şəriətin bəyəndiyi tərzdə namaz qılanları deyil, onun zahirini yerinə yetirənləri qınayır. Elə buna əsasən, təqvalı şəxslərin digər bir sifəti də onların namazı iqamə etməsidir. Yəni onların namazı bütün şərtlərinə əməl edərək qılmalarıdır.

    Allah yolunda xərcləmək

    Qeyd olunması lazım olan digər bir mətləb isə təqva əhlinin üçüncü xisləti olan Allahın bəxş etdiyi ruzidən lazım olan yerlərdə xərcləməkdir. Buradan məlum olur ki, insan halal yolla qazandığı ruzidən Allah yolunda xərcləsə, təqvalı hesab olunar. Çünki Allahın bəxş etdiyi ruzi deyilərkən yalnız halal ruzi nəzərdə tutula bilər. Elə buna əsasən, hər kəs haram yolla əldə etdiyi puldan yoxsullara, xəstələrə, yetimlərə və s. xərcləsə, həmin şəxs təqva əhlindən sayılmaz. Çünki onun haram yolla əldə etdiyi pul ayədə zikr olunmuş Allahın bəxş etdiyi ruzidən hesab olunmur.

    Bundan əlavə, bəzi şəxslər belə təsəvvür edirlər ki, Allahın bəxş etdiyi ruzi ancaq var-dövlətdir. Halbuki, var-dövlətdən əlavə insanların əldə etdiyi elim, sənət və digər bacarıq və istedad Mütəal Allahın bəxş etdiyi ruzidən hesab olunur. Elə buna əsasən, elim, bacarıq və peşə sahibləri də gərək bildiklərinin din və şəriət baxımından cəmiyyət üçün xeyrli olanlarını ehtiyacı olan kimsələrə öyrətsinlər. Çünki onların bildiklərini lazım olan yerdə səlahiyyətli şəxslərə öyrətməməsi günahdır. Öyrətdiklərinin müqabilində isə müəyyən bir məvacib almasının şəriət nöqteyi-nəzərindən heç bir qəbahəti yoxdur. Çünki bu mübarək ayədə Allahın bəxş etdiyindən insanlara vermək buyurulub. Həmin şəxslərin öyrətdiklərinin müqabilində ücrət almasının haram, yaxud məkruh olmasına isə heç bir işarə edilməyib.

  • 2:4

    وَالَّذِينَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيْكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَبِالْآخِرَةِ هُمْ يُوقِنُونَ
    Wa A‍‍l-La‍ḏ‍ī‍‍na Yu'umin‍‍ū‍‍na Bim‍‍ā 'U‍‍n‍‍zila 'Ilayka Wa M‍‍ā 'U‍‍n‍‍zila Mi‍‍n Qa‍‍b‍‍lika Wa Bil-'‍‍Ā‍‍ḫirati Hu‍‍m Yūqin‍‍ū‍‍n‍‍a
    O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır.

    Təqva əhlinin sonuncu sifəti onların axirətə (qiyamət gününün sorğu-sualına) iman gətirməsindən əlavə ona tam yəqinliklə inanmasıdır. Çünki təqvanın ən yüksək dərəcəsi yəqinlik məqamına çatmaqdır.Əgər bir şəxsin axirətin sorğu-sualına, cənnət və cəhənnəmin varlığına inancından əlavə yəqini olmasa, ibadət etməyə o qədər də meyil göstərməz, haram yeməklərdən və haram işlərdən tam şəkildə çəkinməz.

  • 2:5

    أُولَـٰئِكَ عَلَىٰ هُدًى مِّن رَّبِّهِمْ  ۖ وَأُولَـٰئِكَ هُمُ الْمُفْلِحُونَ
    '‍‍Ū‍‍l‍‍ā‍‍'ika `Alá Hudáa‍‍n Mi‍‍n Rabbihi‍‍m Wa '‍‍Ū‍‍l‍‍ā‍‍'ika Humu A‍‍l-Mufliḥ‍‍ū‍‍n‍‍a
    Məhz onlar (Quranın hidayətindən qabaq) Allahları tərəfindən (fitri və əqli) bir hidayətdədirlər və nicat tapanlar da onlardır (və Quran onları bu məsələlərin arxasınca gələn kamilliklərə hidayət edir. Bu işləri inkar edən kəslərə isə müsbət təsir göstərmir).

    Qeyd etdiyimiz sözlərin sonunda bunu da deməliyəm ki, yuxarıda qeyd olunmuş sifətlər hər hansı bir dəstədə, hər hansı bir cəmiyyətdə olsa, Mütəal Allahın buyurduğu kimi, «həqiqətən də, onlar Rəbbləri tərəfindən doğru yola yönəlmiş və xoşbəxt olan
    şəxslərdir.»

    Bu mübarək ayədə zikr olunmuş səadətə çatan şəxslər haqqında Salman (r.ə) əmirəl-möminin Əliyə (ə) xitabən ərz etdiyi hədislərin birində deyir: «Ya Əbəl-Həsən! Çox az olardı ki, sən peyğəmbərin hüzuruna daxil olarkən o həzrət sənə işarə edərək mənə belə buyurmasın: yə Səlmən, həzə va hizbuhu humul-muflihunə yauməl-qiyəməh — Ey Salman! Qiyamət günü (mənim ümmətimdən həqiqi) xoşbəxt olan kəslər bu və buna tabe olan şəxslərdir!» («Şəvahidut-tənzil», Hakim əl-Həskani, c.1, s.88-92, hədis:107-110)

  • 2:6

    إِنَّ الَّذِينَ كَفَرُوا سَوَاءٌ عَلَيْهِمْ أَأَنذَرْتَهُمْ أَمْ لَمْ تُنذِرْهُمْ لَا يُؤْمِنُونَ
    'I‍‍nn‍‍a A‍‍l-La‍ḏ‍ī‍‍na Kafarū Saw‍‍ā‍‍'un `Alayhi‍‍m 'A 'A‍‍n‍‍ḏartahu‍‍m 'A‍‍m La‍‍m Tu‍‍n‍‍ḏi‍‍r‍‍hu‍‍m Lā Yu'umin‍‍ū‍‍n‍‍a
    Şübhəsiz, küfr edənlər (və öz küfrlərində israr edənlər) üçün onları qorxutmağınla qorxutmamağın birdir, iman gətirməyəcəklər.

    Təbliğatın fayda vermədiyi kafirlər (ayə:6)

    Mütəal Allah bu surənin girişində iman əhlinin ən üstün qismi olan müttəqilər və qiyamət gününə yəqini olan şəxslər haqqında danışdıqdan sonra kafirlərin xüsusi bir qisminə işarə edərək onların barəsində buyurur: «(Ya Muhəmməd!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da onlara fərq etməz, iman gətirməzlər.»

    Bildiyimiz kimi, keçmiş dövrlərdən ta indiyə kimi bəzi kafirlərə dini təbliğ etdikdə onlar islamı qəbul edərək müsəlman olur və ibadət edirlər. Amma bu ayədə Allah təala peyğəmbərə kafirləri qorxudub-qorxutmamasına baxmayaraq, onların iman gətirməyəcəyini bildirir.

    Buradan belə məlum olur ki, təbliğatın fayda vermədiyi şəxslər kafirlərin müəyyən bir qismini təşkil edir. Çünki təbliğat və yol göstərmək kafirlərin heç birinə təsir etməsəydi, onda Allah təala tərəfindən peyğəmbərlərin göndərilməsi mənasız olardı. Mütəal Allah «Yasin» surəsində buyurur: «Va səvaun aleyhim ə ənzərtəhum əm ləm tunzirhum fəhum lə yu`minun — (Ya peyğəmbər!) Sən qorxutsan da, qorxutmasan da, onlar (kafirlər) üçün birdir: iman gətirməzlər.»

    Elə bu ayədən də məlum olur ki, təbliğatın xeyri olmadığı şəxslər kafirlərin müəyyən bir qismidir.

    «Yasin» və «Bəqərə» surəsinin harada və nə vaxt nazil olmasına diqqət etsək, görərik ki, peyğəmbərin təbliğatının təsir etmədiyi kafirlər deyildikdə bütün kafirlər deyil, onların müəyyən bir dəstəsi nəzərdə tutulur. Çünki «Yasin» surəsi Məkkədə nazil olmuşdur və Mütəal Allah bu surədə Məkkədə olan Qüreyş kafirlərinə işarə etmişdir. Bu ayə nazil olandan sonra islam peyğəmbəri Qüreyş kafirlərinin iman gətirməyəcəyini bilib Məkkəni tərk edərək Mədinəyə hicrət etdi.

    «Bəqərə» surəsinə gəldikdə isə bu surə peyğəmbər Mədinəyə hicrət edərkən orada nazil olmuş ilk surədir. Burada da Mədinə əhlindən olan kafirlərin müəyyən bir qisminə işarə edilmişdir ki, onlar inadkarlıq edərək islam dinini qəbul etmirdilər. Peyğəmbər də cihad edərək Bədr və digər müharibələrdə onları qətlə yetirdi.

  • 2:7

    خَتَمَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَعَلَىٰ سَمْعِهِمْ  ۖ وَعَلَىٰ أَبْصَارِهِمْ غِشَاوَةٌ  ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
    ḫatama A‍‍l-Lah‍‍u `Alá Qulūbihi‍‍m Wa `Alá Sa‍‍m‍‍`ihi‍‍m Wa `Al‍‍á 'A‍‍b‍‍ṣā‍‍r‍‍ihi‍‍m ġi‍šāwatu‍‍n Wa Lahu‍‍m `A‍ḏ‍ā‍‍bun `Aẓ‍‍ī‍‍m‍‍un
    Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir.

    Küfrün növləri

    Bunu da qeyd etməliyəm ki, küfr (kafir olmaq) bir neçə qismə bölünür. Bu barədə imam Sadiq (ə) buyurub: «əl-Kufru fi kitəbilləhi alə xamsəti aucuhin. Fə minhə kufrul-cuhud val-cuhudu alə vacheyn val-kufru bitərki mə əmərallah va kufrul-bəraəti va kufrun-ni`am — Quranda zikr olunan küfr (kafir olmaq) beş qismə bölünür: onların birincisi, nadanlıq üzündən Allahı, qiyaməti, peyğəmbərləri inkar etmək. İkincisi, Allahın varlığını bilərəkdən, inadkarlıq göstərərək inkar etmək. Üçüncüsü, Onun verdiyi nemətləri danmaq. Dördüncüsü, buyurduğu vacib əməlləri tərk etmək. Beşincisi isə kafirlərə nifrət bəsləməyib onlarla oturub-durmaq.» («Usuli- Kafi», c.2, s.389, hədis:1)

    Qeyd olunmuş surələrdə Mütəal Allahın vurğuladığı kafirlər hədisdə zikr olunan kafirlərin birinci və ikinci qismidir ki, onlar bilərəkdən, inadkarlıq göstərərək, yaxud Allahın bu qədər nişanələrini görməməzliyə vuraraq həqiqəti inkar edirlər. Elə buna görə də, izzət və cəlal sahibi olan Allah sonrakı ayədə buyurur: «Xatəməllahu alə qulubihim va alə səm`ihim va alə əbsarihim ğişəvah... — Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır... »

    Kafirlərin sonrakı qismlərinə gəlincə, onlar Allah təala tərəfindən göndərilən peyğəmbərlərdən az-çox faydalana bilərlər və peyğəmbərlərin sözü bu növ kafirlərə təsir edərək onları hidayət edə bilər.

    Əmirəl-möminin Əli (ə) bu ayənin təfsirində buyurub: «Səbəqa fi ilmihi tə`alə ənnəhum lə yu`minun, fəxatəmə alə qulubihim va səm`ihim liyuvafiqa qazauhu aleyhim ilməhu fihim, ə lə təsmə`u qauləhu tə`alə: lau aliməllahu fihim xayran ləəsmə`ahum — Mütəal Allah əvvəlcədən bilirdi ki, bu qism kafirlər iman gətirməyəcəklər. Elə buna görə də, onların ürəyinə və qulağına möhür vurdu ki, onların barəsindəki hökmü elmi ilə uyğun gəlsin. Mütəal Allah (həmin növ kafirlər barəsində) buyurub: əgər Allah onlarda bir xeyir görsəydi, din və şəriətin təbliğatını onlara eşitdirərdi. („Ənfal“ surəsi, ayə:23)» («Məvahibur-Rəhman», c.1, s.96)

    Ürəklərə möhür vurmaq (ayə:7)

    Bildiyimiz kimi, bir şəxsin dükanına müştəri gedib-gəlməzsə və uzun müddət orada alqı-satqı olmazsa, həmin şəxs xeyir götürmədiyini görüb dükanını bağlayar. Mütəal Allah iman daxil olmayan, şirk və küfrün yerləşdiyi qəlbi cəzalandırmaq üçün ona möhür vuraraq bağlayar. Əgər Mütəal Allah orada bir xeyir görsəydi, möhürləməzdi.

    Mərhum İbn Babəveyh mötəbər sənədlərlə İbrahim ibn Əbu Mahmuddan rəvayət edir ki, o dedi: imam Rzadan (ə) Mütəal Allahın buyurduğu «xatəməllahu alə qulubihim va alə səm`ihim... onların ürəyinə və qulağına möhür vurmuşdur» ayəsi barəsində soruşdum. O həzrət buyrudu: «əl-Xatmu huvat-təb`u alə qulubil-kuffəri `uqubətən alə kufrihim kəmə qaləllahu azzə va cəll: bəl təbə`əllahu aleyhə bikufrihim ... — Xətm — kafirlərin etdiyi küfrün cəzası olaraq Mütəal Allahın onların qəlbinə vurduğu möhürdür.

    Necə ki, izzət və cəlal sahibi olan Allah buyurmuşdur: Allah onların qəlbinə küfr etdikləri üçün möhür vurmuşdur. („Nisa“ surəsi, ayə:155)» («əl- Burhan», c.1, s.58, hədis:1)

    Yuxarıda qeyd etdiyimiz mübarək ayədən və nəql etdiyimiz hədislərdən məlum olur ki, Mütəal Allah onların qəlbini əvvəlcədən möhürləməmişdi ki, onlar iman gətirə bilməsinlər. Əksinə, Allah təala bütün insanları dünyaya göz açarkən fitrətən iman gətirməyə meyilli yaratmışdır. Qeyd etdiyimiz kafirlərdən bir dəstəsi Allahın nişanələrini görməyib Onun varlığını dandıqları üçün Mütəal Allah onların qəlbini möhürləyir.

    Burada mühüm bir mətləbə də işarə etməliyəm ki, «xatəmə» kəlməsi ilə «qafələ» kəlməsi arasında çox fərq var. «Xatəmə», yəni onlar barəsində Allahın sözü, təbliğatı sona çatdı və Mütəal Allah onların gələcəkdə iman gətirməyəcəyindən xəbər verir. «Qafələ» isə o deməkdir ki, Allah onların qəlblərinə qıfıl vurdu ki, iman gətirə bilməsinlər. Əgər Mütəal Allah bu mübarək ayədə: «qafələllahu alə qulubihim — Allah onların qəlbinə qıfıl vurdu», — buyursaydı, onda onlar kafir olmaqda məcbur olardılar və ömürlərinin axırına kimi daha heç vaxt iman gətirə bilməzdilər. Bu isə Allahın hikməti ilə ziddir. Elə buna görə, Mütəal Allah «qafələllahu» deyil, «xatəməllahu alə qulubihim» söyləyib.

    Bunu başqa bir ifadə ilə izah etmək istəsək, belə deməliyik: əgər bir şəxs Quranı oxuyub sona çatdıraraq xətm etsə, istədiyi vaxt özü, yaxud başqaları onu yenə də açıb oxuya bilər. Lakin həmin Quranı oxuyub qurtardıqdan sonra sandığa qoyaraq ona qıfıl vursa, qıfıl vuran şəxsdən başqa onu heç kəs açıb oxuya bilməz. Elə bu baxımdan Mütəal Allah onların qəlbinə qıfıl vurmayıb ki, onlar kafir olmağa məcbur olub iman gətirə bilməsinlər. Əslində, Allah təala peyğəmbərə təbliğatın bu qism kafirlərə gələcəkdə də təsiri olmayacağını bildirərək qəlblərinə möhür vurmuşdur.

  • 2:8

    وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُم بِمُؤْمِنِينَ
    ‌Wa Mina A‍‍n‍‍-N‍‍ā‍‍si Ma‍‍n Yaq‍‍ū‍‍lu '‍‍Ā‍‍ma‍‍nn‍‍ā Bil-Lah‍‍i Wa Bil-Yawmi A‍‍l-'‍‍Ā‍‍ḫi‍‍r‍‍i Wa Mā Hu‍‍m Bimu'umin‍‍ī‍‍n‍‍a
    İnsanların bəziləri imanları olmaya-olmaya «biz Allaha və axirət gününə iman gətirdik» deyərlər.

    Münafiqlər (ayə:8-13)

    Mütəal Allah bu mübarək surənin əvvəlində xalis möminlərdən və xalis kafirlərdən bəhs etdikdən sonra zahirdə mömin kimi tanınıb daxili küfrlə dolu olan münafiqlər (ikiüzlülər) haqqında buyurur: (ya peyğəmbər!) insanlardan bəzisi Allaha və qiyamətə iman gətirdiklərindən xəbər verirlər. Halbuki, onlar iman gətirməmişlər. Onlar Allaha və möminlərə hiylə işlədərək onları aldatmaq istəyirlər. Təəssüf ki, onlar düşünmürlər ki, bununla özlərini aldadırlar.

  • 2:9

    يُخَادِعُونَ اللَّهَ وَالَّذِينَ آمَنُوا وَمَا يَخْدَعُونَ إِلَّا أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ
    Yu‍ḫādi`‍‍ū‍‍na A‍‍l-Lah‍‍a Wa A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍manū Wa Mā Ya‍ḫda`‍‍ū‍‍na 'Ill‍‍ā 'A‍‍n‍‍fusahu‍‍m Wa Mā Ya‍š`ur‍‍ū‍‍n‍‍a
    Allahı və iman gətirənləri aldatmaq istəyirlər, halbuki, özlərindən başqa heç kəsi aldatmırlar və başa (da) düşmürlər.
  • 2:10

    فِي قُلُوبِهِم مَّرَضٌ فَزَادَهُمُ اللَّهُ مَرَضًا  ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْذِبُونَ
    Fī Qulūbihi‍‍m Maraḍu‍‍n Fazādahumu A‍‍l-Lah‍‍u Maraḍāa‍‍n Wa Lahu‍‍m `A‍ḏ‍ā‍‍bun 'Al‍‍ī‍‍mu‍n‍ Bimā Kānū Yak‍ḏib‍‍ū‍‍n‍‍a
    Onların qəlblərində xəstəlik (küfr, şəkk və nifaq xəstəliyi) vardır, Allah da xəstəliklərini artırmış və artırmaqdadır və danışdıqları yalanın müqabilində onlar üçün ağrılı bir əzab vardır.

    Bu ayələrdə Mütəal Allah insanların bu qisminin (münafiqlərin) ürəklərində olanla dediklərinin eyni olmadığının səbəbini bəyan edərək buyurur: «Onların ürəklərində xəstəlik (islam dininə qarşı şəkk-şübhə) vardır. Onlar həmin xəstəliyin nəticəsində yalan danışaraq iman gətirdiklərini iddia edirlər.»

    Bəzi müfəssirlərin mülahizəsinə əsasən, ayənin qalan hissəsində «fəzədəhumullahu mərazan — Allah onların xəstəliyini bir az da artırar» ifadəsi dua mənasında işlənərək Mütəal Allahın dünyada onlara nifrin etdiyinə işarədir. Digər müfəssirlərin fikrincə isə, bu cümlə özündən sonra gələn «va ləhum azəbun əlim — onları yandırıcı bir əzab gözləyir» cümləsi kimi xəbər mənasında işlənmişdir. Yəni Mütəal Allah dünyada onların ürəklərində olan şəkk-şübhə və münafiqlik xəstəliyinin artmasından, axirətdə isə onları yandırıcı bir əzabın gözləməsindən xəbər verir.

    Burada başqa bir mətləbə də diqqət yetirmək lazımdır. Mütəal Allah münafiqlərdən danışarkən onları yandırıcı bir əzabın gözlədiyini bildirir. Bunun səbəbi münafiqlərin yalan danışması — qəlblərində islama nifrət bəslədikləri halda, dildə iman gətirdiklərini söyləməklə bundan öz mənafelərinə istifadə etmələridir.

    Bunu da qeyd etməliyəm ki, bu 6 ayədə «nas» kəlməsi iki dəfə zikr olunub. Əvvəl 8-ci ayədə (va minən-nəsi mən yəqulu əmənnə... — insanlardan elələri də vardır ki, «iman gətirdik» — deyir...), sonra 13-cü ayədə (va izə qilə ləhum əminu kəmə əmənən-nəs... — iman gətirən camaat kimi siz də iman gətirin...) qeyd olunmuşdur. Birincisində «nas» kəlməsi ilə ümumi insanlar nəzərdə tutulur. Həmin insanları möminlər, kafirlər və münafiqlər kimi üç dəstəyə ayırmaq olur. İkinci ayədə isə bu kəlmə ilə ümumi deyil, iman əhli olan müəyyən bir camaat nəzərdə tutulur. Mütəal Allah «siz də onlar kimi iman gətirin» deyə əmr edir.

    Burada iman gətirən şəxslərin kimlər olması barəsində mübarək bir hədisi nəql etmək istərdim. Peyğəmbərin əmisi oğlu İbn Abbasdan bu ayədə zikr olunmuş iman gətirən şəxslərin kim olması haqqında Muhəmməd ibn Hüseyn ibn Musa mötəbər sənədlərlə rəvayət edir ki, o dedi: bu mübarək ayədə «nas» kəlməsi ilə Əli ibn Əbu Talib, Cəfər Təyyar, Həmzə, Salman, Əbu Zərr, Əmmar, Miqdad, Hüzeyfə ibn Yəman və onlar kimi imanlı şəxslər nəzərdə tutulub. (Çünki peyğəmbərin dövründə həqiqi iman gətirənlər və din yolnuda bütün çətinliklərə dözənlər onlar idi.)" («Şəvahidut- tənzil», Hakim əl-Həskani, c.1, s.93, hədis:111)

  • 2:11

    وَإِذَا قِيلَ لَهُمْ لَا تُفْسِدُوا فِي الْأَرْضِ قَالُوا إِنَّمَا نَحْنُ مُصْلِحُونَ
    ‌Wa 'I‍ḏā Q‍‍ī‍‍la Lahu‍‍m Lā Tufsidū Fī A‍‍l-'Arḍi Qāl‍‍ū 'I‍‍nn‍‍amā Naḥnu Muṣliḥ‍‍ū‍‍n‍‍a
    Onlara «yer üzündə fəsad törətməyin» deyildikdə «biz yalnız islah edənlərik» deyərlər.
  • 2:12

    أَلَا إِنَّهُمْ هُمُ الْمُفْسِدُونَ وَلَـٰكِن لَّا يَشْعُرُونَ
    'Al‍‍ā 'I‍‍nn‍‍ahu‍‍m Humu A‍‍l-Mufsid‍‍ū‍‍na Wa Laki‍‍n Lā Ya‍š`ur‍‍ū‍‍n‍‍a
    Bil ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər.
  • 2:13

    وَإِذَا قِيلَ لَهُمْ آمِنُوا كَمَا آمَنَ النَّاسُ قَالُوا أَنُؤْمِنُ كَمَا آمَنَ السُّفَهَاءُ  ۗ أَلَا إِنَّهُمْ هُمُ السُّفَهَاءُ وَلَـٰكِن لَّا يَعْلَمُونَ
    ‌Wa 'I‍ḏā Q‍‍ī‍‍la Lahu‍‍m '‍‍Ā‍‍minū Kam‍‍ā '‍‍Ā‍‍mana A‍‍n‍‍-N‍‍ā‍‍su Qāl‍‍ū 'Anu'uminu Kam‍‍ā '‍‍Ā‍‍mana A‍‍s-Sufah‍‍ā‍‍'u 'Al‍‍ā 'I‍‍nn‍‍ahu‍‍m Humu A‍‍s-Sufah‍‍ā‍‍'u Wa Laki‍‍n Lā Ya`lam‍‍ū‍‍n‍‍a
    Onlara «siz də camaat kimi iman gətirin» deyildikdə (öz qəlblərində) deyərlər: «Biz də səfehlər kimi iman gətirək?!» Bilsinlər ki, onların özləri səfehdirlər, lakin (bunu) bilmirlər.
  • 2:14

    وَإِذَا لَقُوا الَّذِينَ آمَنُوا قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا إِلَىٰ شَيَاطِينِهِمْ قَالُوا إِنَّا مَعَكُمْ إِنَّمَا نَحْنُ مُسْتَهْزِئُونَ
    ‌Wa 'I‍ḏā Laqū A‍‍l-La‍ḏ‍ī‍‍na '‍‍Ā‍‍manū Qāl‍‍ū '‍‍Ā‍‍ma‍‍nn‍‍ā Wa 'I‍ḏā ḫalaw 'Ilá šayāṭīnihi‍‍m Qāl‍‍ū 'I‍‍nn‍‍ā Ma`aku‍‍m 'I‍‍nn‍‍amā Naḥnu Mustahzi'‍‍ū‍‍n‍‍a
    Onlar iman gətirənlərlə görüşdükləri zaman «iman gətirdik» deyərlər, öz şeytanları (azğın dostları) ilə xəlvətə çəkildikləri zaman isə «şübhəsiz, biz sizinləyik, biz (özümüzü iman gətirmiş kimi göstərməklə onları) yalnız ələ salırıq» deyərlər.
  • 2:15

    اللَّهُ يَسْتَهْزِئُ بِهِمْ وَيَمُدُّهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ
    Al-Lah‍‍u Yastahzi'u Bihi‍‍m Wa Yamudduhu‍‍m Fī ṭu‍ġyānihi‍‍m Ya`mah‍‍ū‍‍n‍‍a
    Allah da (Qiyamətdə) onları ələ salacaqdır. (İndi) kor-koranə dolandıqları azğınlıqlarında onlara möhlət verir və (azğınlıqlarını) gücləndirir.

    Allahın istehza etməsinin mənası (ayə:14-15)

    «Va iz ə ləqul-ləzinə əmənu qalu: ...Əllahu yəstəhziu bihim — Onlar möminlərlə qarşılaşdıqda: „Biz də (sizin kimi) iman gətirdik“ — deyirlər. Halbuki, öz şeytanları ilə (kafir qohum-əqrəbalarının böyükləri ilə, şeytansifət dostları ilə) təkbətək qalanda: „Biz sizinləyik, biz ancaq onlara (möminlərə) istehza edirik“ — deyirlər. Allah da onlara (bu çirkin əməllərinin müqabilində) istehza edər.»

    İnsanlara istehza etmək bəyənilməyən bir xüsusiyyətdir. Münafiqlər iman əhlinə istehza etsələr də, Mütəal Allah üçün bəyənilmir ki, kimsəyə istehza etsin. Elə buradan məlum olur ki, Allahın münafiqlərə istehza etməsinin incə bir mənası vardır. Həmin mənanı Allaha aid etməyin isə heç bir qəbahəti yoxdur. O məna izzət və cəlal sahibi olan Allahın münafiqləri istehza etmələrinə münasib şəkildə cəzalandırma- sıdır və onları tutduqları cəhalət yolunda öz başlarına buraxmasıdır. Bu ayənin bənzərinə Quranın başqa yerlərində də rast gəlmək olar. Mütəal Allah «Şura» surəsinin 40-cı ayəsində buyurur: «Va cəzəu seyyiətin seyyiətun misluhə - Pisliyin cəzası pislik etməkdir.» Halbuki, bildiyimiz kimi, pisliyin cəzası pislik etmək deyil, pislik edən şəxsi cəzalandırmaqdır. Həmçinin «Bəqərə» surəsi 194-cü ayədə buyurulur: «Fəməni`tədə aleykum fə`tədu aleyhi bimisli mə`təd ə aleykum — Sizə qarşı həddini aşanları siz də həmin ölçüdə cəzalandırın.» Buradan məlumdur ki, həddi aşanlara qarşı həddi aşaraq onlar kimi zülm etmək bəyənilən bir iş deyil. Belə olduğu təqdirdə, ayədə zikr olunan «siz də həddi aşın» ifadəsində məqsəd onları etdiklərinə münasib şəkildə cə- zalandırmaqdır.

    Allahın istehza etməsinin mənasını imam Rzadan (ə) nəql olunmuş hədisdən başa düşmək olar. Ravi deyir ki, imam Rzadan (ə) Allahın münafiqlərə necə istehza etməsini soruşdum. O həzrət buyurdu: «İnnəllahə lə yəstəhziu va ləkin yucəzihim cəz əəl-istihzə` - Allah kimsəyə istehza etməz, amma istehza edənləri etdiklərinə uyğun cəzalandırar.»

    Bu sözü sadə bir ifadə ilə bəyan etmək istəsəm belə deyə bilərəm: oğurluq edən şəxsi onun malını oğurlamaqla cəzanlandırmazlar. Çünki oğurluq etmək özü insanlar tərəfindən bəyənilməyən pis xislətlərdən biridir. Əslində, onu etdiyi oğurluğa münasib cəzalandırarlar. Elə buna əsasən, istehza sifəti (insanları əskik sayaraq onlara məsxərə etmək) bəyənilməyən sifətlərdən olduğu üçün onu Mütəal Allaha aid etmək olmaz. Bu baxımdan «Allah onlara istehza edir» cümləsinin mənası «Allah onları məsxərəyə qoyur» — demək deyildir. Bunun mənası onları etdikləri istehzaya münasib cəzalandırmaqdır. Əgər insan təhqiq əhli olub Mütəal Allahın min bir adından xəbəri olsa, yaxud onları «Cövşən-kəbir» duasından oxusa, özü də şahid olar ki, Mütəal Allahın orada istehza etmək adında hər hansı bir sifəti yoxdur.

    Yuxarıdakı ayələrdə Mütəal Allah münafiqlərin bəzi sifətlərinə işarə edir. Həmin sifətlərin birincisi, onların yer üzündə fitnə-fəsad törətmələri, ikincisi, möminlərə istehza etmələri, üçüncüsü, düşüncəsizlikləri, dördüncüsü isə şüur və dərrakələrinin olmamasıdır. Bu xislətlərə yaxşı diqqət etsək, görərik ki, bütün pis sifətlərin kökü və əsası bunlardır.

  • 2:16

    أُولَـٰئِكَ الَّذِينَ اشْتَرَوُا الضَّلَالَةَ بِالْهُدَىٰ فَمَا رَبِحَت تِّجَارَتُهُمْ وَمَا كَانُوا مُهْتَدِينَ
    '‍‍Ū‍‍l‍‍ā‍‍'ika A‍‍l-La‍ḏ‍ī‍‍na A‍‍štaraw A‍‍ḍ-ḍalālata Bil-Hudá Famā Rabiḥa‍‍t Tijāratuhu‍‍m Wa Mā Kānū Muhtad‍‍ī‍‍n‍‍a
    Onlar azğınlığı hidayət bahasına satın almış kəslərdir. Buna görə də nə ticarətləri bir xeyir verdi, nə də (haqq) yolu tapanlardan oldular.
  • 2:17

    مَثَلُهُمْ كَمَثَلِ الَّذِي اسْتَوْقَدَ نَارًا فَلَمَّا أَضَاءَتْ مَا حَوْلَهُ ذَهَبَ اللَّهُ بِنُورِهِمْ وَتَرَكَهُمْ فِي ظُلُمَاتٍ لَّا يُبْصِرُونَ
    Ma‍ṯaluhu‍‍m Kama‍ṯali A‍‍l-La‍ḏī A‍‍stawqada Nārāa‍‍n Fala‍‍mm‍‍ā 'Aḍ‍‍ā‍‍'at Mā ḥawlah‍‍u ḏahaba A‍‍l-Lah‍‍u Binū‍‍r‍‍ihi‍‍m Wa Tarakahu‍‍m Fī ẓulum‍‍ā‍‍ti‍‍n Lā Yu‍‍b‍‍ṣir‍‍ū‍‍n‍‍a
    Onların hekayəti (qaranlıq gecədə geniş bir çöldə) od yandıran şəxsin hekayətinə bənzəyir. Beləliklə, (od) onun ətrafını işıqlandıran kimi, Allah (odu söndürməklə) onların nurunu aradan aparar və onları heç görə bilməyəcəkləri bir qaranlıqda boşlayar.

    Allahın tərk etməsi nə deməkdir? (ayə:17)

    Mütəal Allah bu mübarək surənin 17-ci ayəsində buyurur: «Allah onları zülmət və qaranlıqlar içərisində qoyaraq tərk etdi.»
    İmam Rzaya (ə) Mütəal Allahın münafiqləri zülmət və qaranlıqlar içində tərk etməsi barədə sual verdikdə o həzrət buyurub: «İnnəllahə lə yusəfu bit-tərk, kəmə yusəfu xalquhu va ləkinnəhu mət ə alimə ənnəhum lə yərci`unə anil-kufri vaz-zal ələti fəmənə`ahumul-mu`avanətə val-lutfə va xall ə bəynəhum va bəynə ixtiyərihim — Həqiqətən də, Allah yaratdığı insanlara aid olan tərk kəlməsi ilə vəsf olunmaz. Lakin O, hər kəsin küfr və zəlalətdən əl çəkərək qayıtmamasını bilsə, lütfü nəzərini götürərək ona yardım etməz və onları tutduqları yol və əqidələrində öz başlarına buraxar.»

    Bu mübarək rəvayətin şərhində qeyd etməliyəm ki, Allahı «ya Raziq, ya Alim, ya Qadir, ya Nasir (ey ruzi verən, bilən, qüdrəti çatan, yardım edən)» və s. sifətlərlə vəsf etdiyimiz kimi, «ya Tarik (ey tərk edən)» deyərək vəsf etmək olmaz. Çünki, əvvəla, Mütəal Allahın adlarından xəbərdar olanlar bilirlər ki, Onun tarik (tərk edən) deyə bir adı yoxdur. İkincisi isə tərk etmək qüdrətin olmamasından irəli gəlir ki, belə bir sifəti Mütəal Allaha aid etmək olmaz. Məsələn, bir insan möhkəm bağlanmış bir qapını aça bilmədikdə və ya ağır bir daşı qaldıra bilmədikdə ona gücü çatmadığını görüb həmin işi tərk edir.

    Elə buna görə də, Mütəal Allahı «tərk» kəlməsi ilə vəsf etmək olmaz. Çünki O, hər şeyə qadirdir.

    Bu mübarək ayədə qeyd olunan «Mütəal Allahın münafiqləri zülmət içində tərk etməsi» onları məcburi şəkildə imana gətirməyi tərk etməsi mənasındadır. Yəni Mütəal Allah münafiqləri məcburi şəkildə islam dininə gətirmək istəmədiyi üçün tutduqları zəlalət və cəhalət yolunda onlara yardım etməyib öz ixtiyarlarına buraxır. Çünki insanlar islam dinini məcburi şəkildə qəbul etsəydilər, belə bir müsəlmançılığın heç bir gözəlliyi olmazdı.

    Buna görə Mütəal Allah Qurani-Kərimdə buyurub: «Va lau şəəllahu ləcə`aləkum ummətən vahidətən va ləkin liyəbluvakum fimə ətəkum — Əgər Allah istəsəydi (məcbur etsəydi), siz vahid bir ümmət olardınız. Lakin O, göndərdiyi peyğəmbər və nazil etdiyi kitab vasitəsilə sizi imtahana çəkir.» («Maidə» surəsi, ayə:48)

    Digər bir ayədə buyurub: «Va lau şəəllahu ləcəmə`ahum aləl-hudə... — Əgər Allah istəsəydi, onları hidayət üzərində birləşməyə məcbur edərdi.» («Ən`am» surəsi, ayə: 35)

    Digər bir ayədə isə buyurub: «Va lau şəə Rabbukə ləəmənə mən fil-ərzi kulluhum cəmi`an — Əgər Rəbbin istəsəydi, yer üzərində olan insanlar hamılıqla iman gətirərdilər.» («Yunis» surəsi, ayə:99)

    Burada bunu da qeyd etməliyəm ki, Mütəal Allah münafiqlərin tutduqları zəlalət və azğınlıq yolunda qalmalarını istəmir. Əksinə, onlar özləri bu yoldan dönmək istəmirlər. Onlar belə deyə bilməzlər ki, əgər Allah istəməsəydi, biz münafiq olmaz və zəlalət içində qalmazdıq. Çünki izzət və cəlal sahibi olan Allahın səmavi kitabları nazil etməkdə və peyğəmbərləri göndərməkdə məqsədi insanları azğınlıq və digər pis yollardan çəkindirərək onları düz yola hidayət etməkdir. Əgər bir şəxs və ya bir millət Mütəal Allahın göndərdiyi bu qədər dəlil və bürhandan sonra iman gətirmirsə, onların kafirlik və ya münafiqlik yolunda qalması Allahın istəyi ilə deyil, onların öz istəkləri ilə baş verir. Həmçinin cəmiyyətdə bəzi şəxslərin narkoman, oğru və digər çirkin əməllərin sahibi olması Mütəal Allahın iradə və istəyi ilə deyil, onların öz istəkləri ilə baş verir. Belə ki, onlar gecə-gündüzün hər hansı bir saatında istəsələr, bu yoldan əl çəkərək qayıda bilərlər. Mütəal Allah da çirkin işlərdən tövbə edib düz yola qayıtmaqda onlara yardımçı olar.

  • 2:18

    صُمٌّ بُكْمٌ عُمْيٌ فَهُمْ لَا يَرْجِعُونَ
    ṣu‍‍mm‍‍u‍n‍ Bukmun `U‍‍m‍‍yu‍‍n Fahu‍‍m Lā Yarji`‍‍ū‍‍n‍‍a
    Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar.
  • 2:19

    أَوْ كَصَيِّبٍ مِّنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِم مِّنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ  ۚ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ
    'Aw Kaṣayyibi‍‍n Mina A‍‍s-Sam‍‍ā‍‍'i F‍‍ī‍‍hi ẓulum‍‍ā‍‍tu‍‍n Wa Ra`du‍‍n Wa Barqu‍‍n Ya‍‍j‍‍`al‍‍ū‍‍na 'Aṣābi`ahu‍‍m F‍‍ī '‍‍Ā‍‍ḏānihi‍‍m Mina A‍‍ṣ-ṣawā`iqi ḥa‍ḏara A‍‍l-Mawti Wa A‍‍ll‍‍ā‍‍hu Muḥīṭu‍n‍ Bil-Kāfi‍‍r‍‍ī‍‍n‍‍a
    Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın şiddətindən barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir.
  • 2:20

    يَكَادُ الْبَرْقُ يَخْطَفُ أَبْصَارَهُمْ  ۖ كُلَّمَا أَضَاءَ لَهُم مَّشَوْا فِيهِ وَإِذَا أَظْلَمَ عَلَيْهِمْ قَامُوا  ۚ وَلَوْ شَاءَ اللَّهُ لَذَهَبَ بِسَمْعِهِمْ وَأَبْصَارِهِمْ  ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
    Yak‍‍ā‍‍du A‍‍l-Barqu Ya‍ḫṭafu 'A‍‍b‍‍ṣārahu‍‍m Kullam‍‍ā 'Aḍ‍‍ā‍‍'a Lahu‍‍m Ma‍šaw F‍‍ī‍‍h‍‍i Wa 'I‍ḏ‍ā 'Aẓlama `Alayhi‍‍m Qāmū Wa Law š‍ā‍‍'a A‍‍l-Lah‍‍u La‍ḏahaba Bisa‍‍m‍‍`ihi‍‍m Wa 'A‍‍b‍‍ṣā‍‍r‍‍ihi‍‍m 'I‍‍nn‍‍a A‍‍l-Lah‍‍a `Alá Kulli šay'i‍‍n Qad‍‍ī‍‍r‍‍un
    Çaxan şimşək az qalır ki, onların gözlərinin işığını aradan aparsın. Onlara işıq saçan zaman həmin işıqda yol gedər, fəza qaranlıqlaşanda isə dayanarlar. Əgər Allah istəsəydi, onların eşitmə və görmə (qabiliyyət)lərini əllərindən alardı. Çünki Allah hər şeyə qadirdir.

Bu mübarək surə Mədinədə nazil olmuşdur, 286 ayədir. Surənin «Bəqərə», yəni «İnək» adlanmasının səbəbi bu surənin 67-71-ci ayələrində Bəni-İsrail tayfasına Allah yolunda inək kəsməyin əmr olunduğu hadisənin zikr olunmasıdır.
Bu surədə Qurani-Kərimin ən əzəmətli ayəsi olan «Ayətəl-kursi», müsəlmanların qibləsinin Məscidul-əqsadan Məscidul-hərama (Kəbəyə) tərəf dəyişilməsi, islam peyğəmbərinə nazil olan axırıncı ayə, islam dininin rüknləri (tövhid, nübüvvət, məad və s.), furuid-dinin bir hissəsi (namaz, oruc, həcc və s.), həmçinin keçmiş qövmlərlə bağlı bəzi hekayələr zikr olunmuşdur. Bu surədə yuxarıda qeyd olunan mühüm məsələlər zikr olunduğuna görə, o, əhəmiyyət baxımından Qurani-Kərimin «Fatihə» surəsindən.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi