- Dinləmək
-
-
Əsli
-
صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ
-
Transliterasiya
-
ṣirāṭa Al-Laḏīna 'An`amta `Alayhim ġayri Al-Maġḍūbi `Alayhim Wa Lā Aḍ-ḍāllīna
-
Mirzə Əli Meşkini
-
(Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!
-
Əltafur-Rəhman
-
«Nemət» sözünün mənası
«Bizi nemət verilmiş şəxslərin yoluna hidayət et!» Burada belə bir sual meydana çıxır: görəsən, yuxarıdakı ayədə zikr olunan nemət verilmiş şəxslər kimlərdir ki, hər bir müsəlman namaz qıldıqda Mütəal Allahdan onların yoluna hidayət olmasını diləyir? Bu sualın cavabına Qurani-Kərimin bəzi ayələrində rast gəlmək olar. Mütəal Allah Qur`anda buyurub: «Nemət verilmiş kəslər Adəm övladından olan peyğəmbərlər, Nuh peyğəmbərlə gəmidə yoldaş olan saleh insanlar, İbrahim və İsrail (Yaqub) peyğəmbərin zürriyyətindən olanlar, eləcə də (sonuncu peyğəmbər həzrət Muhəmməd (s.ə.a. s)-in özü və Əhli-beytidir ki, onlar) Bizim tərəfimizdən haqq yola yönəldilmiş və seçilmiş kimsələrdir.» («Məryəm» surəsi, ayə:58)
Burada başqa bir sual da meydana çıxır ki, görəsən, yuxarıda qeyd olunan şəxslərə verilmiş nemət nədir?
Bu barədə bir çox rəvayət nəql olunub. Həmin rəvayətlərdə qeyd olunan ən üstün və insan ağlına daha yaxın olan nemət Mütəal Allah tərəfindən insanlara göndərilən peyğəmbərlər və onlara verilən kitab, din və şəriətdir. Mərhum Seyyid Haşim Bəhrani özünün məşhur «əl-Burhan fi təfsiril-Quran» adlı kitabında mötəbər sənədlərlə Əmr ibn Əbu Nəsrdən rəvayət edir ki, o dedi: «Bəsrə əhlindən bir kişi mənə söylədi: Hüseyn ibn Əlini (ə) və Abdullah ibn Öməri Məkkədə Allahın evini təvaf etdikdə görərkən Abdullah ibn Ömərdən soruşdum: Mütəal Allahın „əz-Zuha“ surəsində „Va əmmə bini`məti Rabbikə fəhaddis — Rəbbinin nemətinin barəsində danış“ ayəsindəki nemət nədir? Abdullah dedi: nemət Allah təalanın sənə verdiyi (su, çörək, ət və s. kimi maddi) nemətlərdir. Sonra bu barədə Hüseyn ibn Əliyə (ə) sual verdim. O həzrət buyurdu: Allah təalanın insanlara verdiyi ən üstün nemət peyğəmbər vasitəsilə onlara bəxş etdiyi din və şəriətdir. Elə buna görə, Mütəal Allah islam peyğəmbərinə həmin nemət barədə danışmağı əmr edərək buyurur: Rəbbinin nemətinin barəsində danış.» («əl-Burhan», c.4, zikr olunan ayənin təfsiri; «əl-Mizan», c.20, s.446)
Başqa bir rəvayətdə Cabir əl-Cöfi deyir: «İmam Məhəmməd Baqirin (ə) hüzurunda idim. O həzrət buyurdu: (ey Cabir!) Quranı öz rəyləri ilə təvil və təfsir edən şəxslər „Summə lətus`əlunnə yauməizin anin-nə`im — („Təkasur“ surəsi, ayə:8) Sonra siz həmin gün (qiyamət günü) əta etdiyimiz nemət barəsində mütləq sorğu-sual olunacaqsınız“ ayəsi barədə nə deyirlər? Ərz etdim: həmin nemətin isti havada kölgədən istifadə etmək və sərin su içmək olduğunu deyirlər. İmam (ə) mənim bu sözümə təəccüb edərək buyurdu: əgər sən bir şəxsi (yay fəslində isti havada) evinə aparıb onu kölgədə oturdaraq sərin su versən, sonra bu barədə minnət qoyub onu həmin şeylərdən sorğu-suala çəkərsən? Dedim: xeyr. Həzrət buyurdu: Mütəal Allah qiyamət günü insanları kölgədən istifadə etmək, sərin su içmək və buna bənzər nemətlər barəsində sorğu-suala çəkməkdən qat-qat üstün və kəramətlidir. Ərz etdim: bəs bu ayənin təfsiri nədir? İmam (ə) buyurdu: həmin nemət Allahın peyğəmbəri və o həzrətin gətirdiyi din və şəriətdir.» («ət-Təfsirul-kəbir», Fəxri Razi, c.32, s.82)
Digər bir rəvayətdə Əbu Həfs əs-Saiğ imam Cəfər Sadiqdən (ə) nəql edir ki, o həzrət buyurdu: «Nəhnun-nə`im — Qiyamət günü müsəlmanların sorğu-suala çəkiləcəyi nemət bizik! (yəni din və şəriəti camaata çatdıran peyğəmbər və o həzrətin Əhli-beytidir)» («Şəvahidut-tənzil», əl- Həskani c.2, s.476, hədis:1150)
Başqa bir hədisdə isə Furat əl-Kufi mötəbər sənədlərlə Əbu Həfs əs- Saiğdən rəvayət edir ki, o dedi: «(İmam Həsənin (ə) oğlu) Abdullah ibn Həsəndən „sonra siz qiyamət günü nemət barəsində mütləq sorğu-sual olunacaqsınız“ ayəsi barəsində soruşduqda o həzrət buyurdu: ey Əbu Həfs! And olsun Allaha, Mü təal Allahın qiyamət günü soruşacağı nemət biz Əhli-beytin vilayətidir.» («Şəvahidut-tənzil», c.2, s.477, hədis:1152)
Bu və digər rəvayətlərdən məlum olur ki, peyğəmbərlərə verilmiş ən mühüm nemət onlara Mütəal Allah tərəfindən nazil olmuş kitab, din və şəriətdir. Elə bu baxımdan Mütəal Allah əmr edir ki, insanlar namaz qılarkən «İhdinəs-siratal-mustəqim, siratal-ləzinə ən`amtə aleyhim...» ayəsini dedikdə din və şəriətə, həmçinin peyğəmbərlərin tutduğu ibadət və itaət yoluna hidayət olmağı diləsinlər. Çünki izzət və cəlal sahibi olan Allahın insanlara bəxş etdiyi ən mühüm nemət onlara peyğəmbərlər vasitəsilə öyrətdiyi ibadət və itaət yolu, həmçinin Allaha, peyğəmbərlərə və onların canişinlərinə olan mərifətdir (onları tanımaqdır). Belə ki, insanda sadalanan bu mərifət olmasa, şübhəsiz ki, o, şeytanın vəsvəsəsi ilə Allah əvəzinə bütə sitayiş edər, peyğəmbər və imamların əvəzinə başqalarına tabe olar.
Qeyd etmək yerinə düşər ki, insanların bir çoxu Allah təalanın verdiyi nemətlərin içində ən üstün olanının uzun ömür və can sağlığı olduğunu güman edirlər. Halbuki, nemətlərin ən üstünü iman və əqidə ilə yaşayaraq doğru yolda (sirati-müstəqimdə) olmaqdır. Çünki imansız olan uzun ömür və can sağlığı bu dünyada insana fayda versə də, onun axirət həyatını məhv edərək Allahın əzabına düçar edər. Lakin insanın Allah təalaya ibadət edərək düzgün əqidə və imanla yaşaması onun həm dünyadakı ömrünü sağlam və bərəkətli edər, həm də axirət evini abad etməklə ona cənnəti qazandırar. Elə buna əsasən, Mütəal Allah insanlara əmr edir ki, namaz qıldıqda Məndən uzun ömür və can sağlığından da üstün nemət olan sirati müstəqimə (doğru yola) hidayət olmağı diləyin.
Yolunu azmış və qəzəbə uğramış şəxslər
Görəsən, bu mübarək ayədə zikr olunan Allahın qəzəbinə uğramışlar və yolunu azmışlar kimlərdir?
Bəzi rəvayətlərə nəzər saldıqda görürük ki, qəzəb olunmuşlarda məqsəd yəhudilər, yolunu azmışlardan isə məqsəd xristianlardır.Lakin bu rəvayətlərə bir az da diqqət yetirsək, görərik ki, Allahın qəzəbinə düçar olmuşlar, yaxud yolunu azıb din və şəriətdən uzaq olub başqa yolu tutanlar təkcə yəhudi və xristianlar deyil. Çünki bu iki ümmətdən əvvəl də Allahın qəzəbinə düçar olaraq yollarını azmış bir çox ümmət olmuşdur. Məsələn, həzrət Nuh, həzrət Lut və s. peyğəmbərlərin ümməti də Allahın qəzəbinə düçar olmuşlar. Həmçinin həzrət İbrahim və başqa peyğəmbərlərin ümmətlərindən bəzisi də yollarını azıb Mütəal Allah əvəzinə Aya, Günəşə sitayiş edirdilər.
Məlum olur ki, Allahın qəzəbinə düçar olmuşlar, həmçinin yollarını azıb müşrik olaraq Allaha şərik qoşanlar yalnız yəhudi və xristianlar olmayıb. Elə buna əsasən, hədis və rəvayətlərdə qəzəbə uğramış və yolunu azmışlardan yalnız yəhudi və xristianların adı çəkilirsə, bu, nümunə üçün zikr olunmuşdur. Çünki müsəlmanların dövrünə yaxın zamanda qəzəbə uğramış və yolunu azmış şəxslər onlar idi.
Buna dəlil olaraq imam Həsən Əskəri və imam Rzadan (əleyhiməs- səlam) nəql olunan hədisi nümunə çəkmək olar. Onlar əmirəl- möminin Əlidən (ə) rəvayət edirlər ki, o həzrət buyurub: «Kullu mən kəfəra billəhi fəhuva məğzubun aleyhim va zallun an səbililləh — Hər kəs Allahı inkar edərək dansa, o, Allahın qəzəbinə düçar olmuşlardan, hər kəs də Allaha şərik qoşsa, din və şəriət yolundan azmışlardandır.» («əl-Burhan», Seyyid Haşim Bəhrani, c.1, s.52, hədis:40)
Elə buna əsasən, qəzəbə uğramış və yolunu azmış şəxslər adı çəkilən ümmətlərdən əlavə yəhudi, xristian, bütpərəst, atəşpərəst, həmçinin islam peyğəmbərindən sonra o həzrətin vəsiyyətinə xilaf çıxan, namazı zay edən, dində bidət yaradan və həvayi-həvəslərinə tabe olan şəxslərdir. («Məryəm» surəsi, ayə:59-a bax!)