3-ci ayə 7-dən
Dinləmək
Əsli
الرَّحْمَـٰنِ الرَّحِيمِ
Transliterasiya
Ar-Raḥm‍‍ā‍‍ni A‍‍r-Raḥ‍‍ī‍‍m‍‍i
Mirzə Əli Meşkini
(Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) Rəhimli və mehriban Allaha.
Əltafur-Rəhman

Mütəal Allahın «Rəhman və Rəhim» adlarının dəyəri

Yuxarıda aləmləri yaradan Rəbbimizin «ləfzi-cəlalə»-dən («Allah» kəlməsindən) başqa bir çox adları, isimləri olduğunu söylədik. Lakin həmin adların içində «rəhman və rəhim» isimlərinin özünəməxsus bir məqamı var. Elə bu səbəbdən Mütəal Allah Qurani-Kərimdəki surələri «bismilləhir-rahmənir-rahim» ilə başlayır. Bunun səbəbi budur ki, Mütəal Allah bu vasitə ilə məxluqata «rəhman və rəhim» adının digər bütün sifətlərindən üstün olmasını çatdırmaq istəyir. Şübhəsiz ki, bir kəsin mərhəməti və mehribanlığı olduqda digərlərinə ruzi verər, xəstələrə şəfa verər, onları çətinlikdən qurtarar, bəladan hifz edər, xəta edənlərin günahlarını bağışlayar və s. Əgər bir şəxsin mehribanlığı və mərhəməti olmazsa, bunların heç biri həmin şəxsdən baş verməz. Lakin bu iki müqəddəs isimdən «rəhman» adının məqamı "rəhim«dən də üstündür. Elə buna görə də, Quranın bəzi yerlərində Mütəal Allah «rəhman» adını ləfzi-cəlalənin əvəzində zikr edir. Necə ki, Mütəal Allah həzrət Məryəmin dilindən buyurur: «Qalət inni ə`uzu bir-rahməni minkə in kuntə təqiyyən — (İsa peyğəmbərin anası Məryəm üzünü Cəbrailə tutub) dedi: mən səndən Rəhmana (Allaha) pənah aparıram, əgər təqvalısansa!» («Məryəm» surəsi, ayə:18)

Aləmləri yaradan Rəbbimiz Qurani-Kərimin başqa bir yerində buyurur: «Yauməizin lə tənfə`uş-şəfə`atu illə mən əzinə ləhur-Rahmən

— Qiyamət günü şəfaət yalnız Rəhmanın (Allahın) icazə verdiyi şəxslərə fayda verəcəkdir» («Taha» surəsi, ayə:109). «Va ibədur-Rahmənil-ləzinə yəmşunə aləl-ərzi haunən — Rəhmanın (Allahın) bəndələri o kəslərdir ki, onlar yer üzündə təkkəbbür etməyərək təmkinlə gəzərlər» («Furqan» surəsi, ayə:63). «İnnəmə tunziru mənittəbə`az-zikra va xaşiyər-Rahmən… — Sən ancaq Qurana tabe olub Rəhmandan (Allahdan) qorxan kimsəni (günahdan, pis işlərdən) çəkindirərək qorxuda bilərsən», «Va mə ənzələr-Rahmənu min şey`in in əntum illə təkzibun», «Ə əttəxizu min dunihi əlihətən in yuridnir-Rahmənu bizurrin.»

«Qalu: yə vaylənə mən bə`asənə min mərqadinə, həzə mə va`adər- Rahmənu va sadəqal-mursəlun» («Yasin» surəsi, ayə:11, 15, 23, 52).

Qurani-Kərimin qeyd etdiyimiz bu ayələrində Rəbbimizin rəhman adı ləfzi-cəlalənin yerində işlənib. Belə ki, qeyd etdiyimiz ayələrdə «rəhman» kəlməsinin əvəzinə Allah kəlməsi gəlsəydi, həmin ayələr eyni mənanı daşıyardı.

Bunu da deməliyəm ki, Mütəal Allahın rəhman (mərhəmətli) adı heç bir şərtə bağlı deyil. O, hamıya rəbb, tanrı, Allah olduğu kimi, bütün məxluqata rəhmandır (mərhəmətlidir). Yəni bütün məxluqatı yaratdığı kimi, onların hamısına kafir, yaxud mömin olmasından asılı olmayaraq ruzi verir, evlənən şəxslərə övlad verir, xəstələri sağaldır. Hamını aydan, günəşdən, yaydan, qışdan, qardan, yağışdan, güldən, çiçəkdən, təbiətdə mövcud olan bütün nemətlərdən faydalandırır. O, hamını yaradıb yaşadır. Hamıya rəhmandır (mərhəmətlidir). Allahın rəhman olması insanların Ona iman gətirməsindən, yaxud günahlardan çəkinməsindən asılı deyildir.

Lakin Mütəal Allahın rəhim sifəti (rəhimli olması) insanların əməllərindən asılıdır. O, Qurani-Kərimdə buyurur: «Kətəbə Rabbukum alə nəfsihir-rahmətə ənnəhu mən amilə minkum su`ən bicəhələtin summə t əbə min bə`dihi va əsləha fəənnəhu ğafurun rahim — Rəbbiniz Özünə rəhimli olmağı yazmışdır. Bilin və agah olun ki, sizlərdən hər kəs bilməyərəkdən pis iş görsə, sonra da (etdiyi əməldən peşman olaraq) tövbə edib düzəlsə, şübhəsiz ki, O, bağışlayan və rəhmlidir» («Ən`am» surəsi, ayə:54)

Digər bir ayədə buyurur: «Val-ləzinə amilus-seyyiati summə təbu min bə`dihə va əmənu, innə Rabbəkə min bə`dihə ləğafurun rahim — Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənləri Rəbbin bağışlayandır, rəhm edəndir.» («Ə`raf» surəsi, ayə:153)

Qurani-Kərimdəki bu iki ayə və buna bənzər ayələrə nəzər saldıqda görürük ki, Mütəal Allah günahkarların hamısına deyil, yalnız tövbə edib pis əməllərdən çəkinənlərə rəhm edərək bağışlayır. Lakin yuxarıda qeyd etdiyimiz kimi, aləmləri yaradan Rəbbimizin rəhmaniyyəti (mərhəmətli olması) heç bir şərtə bağlı deyil. Bütün insanlara ruzi verərək onları yaşadır və dünyada olan nemətlərdən faydalandırır (istər günahkar olsun, istərsə də mömin).

Amma Rəbbimizin rəhmli olması yalnız möminlər, günahdan çəkinənlər və ya pis işlər gördükdən sonra tövbə edən şəxslər üçün olacaqdır.

Elə bu baxımdan Mütəal Allahın rəhman adına «sifəti-amm (bütün məxluqata rəhm edən, həyat bəxş edən, yaşadan)», rəhim adına isə «sifəti-xas (xüsusi şəxslərə - iman əhlinə, əməlisaleh insanlara rəhm edən)» deyilir. Başqa bir ifadə ilə belə deyə bilərəm ki, izzət və cəlal sahibi olan Rəbbimiz yaratdığı insanlarla dünyada rəhman sifəti ilə rəftar edir. Axirətdə isə rəhim sifətindən istifadə edərək yalnız iman əhlini və ya günahdan tövbə edən şəxsləri bağışlayır, onları cənnətdə məskunlaşdırıb orada olan nemətlərdən bəhrələndirir.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi