- Dinləmək
-
-
Əsli
-
الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
-
Transliterasiya
-
Al-ḥamdu Lillahi Rabbi Al-`Ālamīna
-
Mirzə Əli Meşkini
-
Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, mütləq hökmdarı və yaradaraq nəzmə salanı olan Allaha məxsusdur.
-
Əltafur-Rəhman
-
«Həmd» sözünün mənası
Mütəal Allah mübarək «Fatihə» surəsi, yaxud Qurani-Kərimin digər yerlərində Özünü əzəmətlə yad edərək tərif etdikdə «əlmədhu lilləh (mədh etmək)» deyil, «əlhamdu lilləh (həmd etmək)» ifadəsini işlədib. Çünki həmd etməklə mədh etməyin arasında böyük bir fərq var. «Mədh» kəlməsi lüğətdə bir şəxsin həm ixtiyari, həm də qeyriixtiyari işlərini tərifləmək üçün istifadə edilir. «Həmd» kəlməsi isə, o şəxsin məcbur olmadan, yalnız ixtiyari feilləri üçün işlədilir. Məsələn, bir şəxsin boyu hündür və ya qaşı, gözü gözəl-göyçək olsa, onu həmd deyil, mədh edərlər (tərifləyərlər). Çünki onun boyunun uca və üzünün gözəl olması öz ixtiyarında deyil. Yaradan onu belə yaratmışdır. Lakin həmin şəxsin səxavətli, düz danışan və ümumiyyətlə, əxlaqının gözəl olmasını təriflədikdə belə deyərlər: əlhamdu lilləh, filankəs düz danışandır, səxavətlidir, təqvalıdır.
Allah təala heç bir işdə məcbur olmayıb onları Öz ixtiyarı ilə həyata keçirdiyinə görə, Ona mədh deyil, həmd edərlər. Onu yaratmaq, ruzi vermək, yaşatmaq, yağışı və qarı yağdırmaq və s. işlərində heç kəs məcbur etmir. Bunların hamısını Uca Tanrımız öz istəyi ilə həyata keçirir. Elə buna görə də, Mütəal Allah bu surədə Özünü «əlmədhu lillah» deyil, «əlhamdu lilləhi Rabbil-aləmin» deyərək tərif edir. O, bu ifadə ilə həm bütün işlərində tərifəlayiq olmasından, həm də həmin işlərdə məcbur olmadığından xəbər verir.
Elə bu baxımdan əgər bir şəxs namaz qıldıqda «Fatihə» surəsində olan «əlhəmdu lillahi Rəbbil-aləmin» əvəzinə «əlmədhu lillahi Rəbbil- aləmin» desə, namazı batil olar. Çünki həmin şəxs bu ifadəni işlətməklə Mütəal Allahın məcbur olduğundan (zəifliyindən) xəbər verir. Halbuki, Allah təala belə bir sifətdən uzaqdır.
Ərəb qrammatikasında işlədilən əlif və lam hərflərinin (əl) bir neçə mənası var. Həmin mənalardan biri də ümumi olmaq, bütün olmaq və bir şeyin kökünün və həqiqətinin olmasıdır. «Əl-həmdu lillah» kəlməsinin əvvəlində gələn əlif və lam «həmdin bütünlüyü, hamısı və kökü Allah üçündür» mənasını verir. Çünki Onun bütün işləri həm bəyəniləndir, həm də Öz istəyi ilə baş verir.
Elə buna əsasən, Quran ayələrində «Və lillahil-əsmaul-husna (Allahın gözəl adları vardır)» cümləsi çox yerdə təkrar olunub. Yəni Allahın Rəhim, Kərim, Xaliq, Raziq və bu kimi isimləri Onun gözəl adlarıdır. Mütəal Allah üçün bəyənilməz bir ad təsəvvür etmək olmaz. Çünki Onun işlərinin heç birində eyib, nöqsan və qəbahət yoxdur. Allahın bütün feilləri və işləri gözəl olduğu üçün isimləri də gözəldir.
«Rəbbil-aləmin» ifadəsi
Bu kəlmə Mütəal Allahın ən əzəmətli isimlərindən biridir. Deyə bilərəm ki, aləmləri yaradan xaliqin bir çox adı bu kəlmənin içində yerləşir. Çünki aləmlərə rəbb olmaq, yəni onları icad etmək, yaratmaq elim, qüdrət və həyat istəyir.
Elə bu baxımdan Rəbb kəlməsi Xaliq, Alim, Qadir, Raziq və Həyy kəlmələrinin hamısından üstündür və onların hamısı «Rəbb» kəlməsinin daxilində mövcuddur. Çünki aləmləri icad edən şəxs əvvəla, diri olmalıdır. O, aləmləri idarə etmək üçün gərək alim və qadir (elim və qüdrət sahibi) olsun. Aciz, elimsiz və zəif şəxs belə əzəmətli bir kainatı yarada bilməz. Ona görə də, «Rəbb» kəlməsi «Xaliq» və ona bənzər digər isimlərdən üstündür.
Buna əsasən, Mütəal Allah Qurani-Kərimin «Fatihə» və digər surələrində Özünü Xaliqul-aləmin, Raziqul-aləmin və s. deyil, Rəbbul-aləmin deyə tərif edib. Çünki Rəbb onların hamısından üstündür. Belə ki, Rəbbin misli və yaxud bir neçə qismi ola bilməz. Lakin xaliq kəlməsi bir neçə qismə bölünə bilər: zəif, orta, üstün və s. Necə ki, Mütəal Allah Qurani-Kərimdə buyurur: «Fətəbarəkəllahu əhsənul-xaliqin — Xəlq edənlərin ən üstününə (Allaha) bərəkəllah olsun!» («Muminun» surəsi, ayə:14)
Allahdan başqa digər hünər sahiblərinə (məsələn, memar, bənna, mühəndis və s. şəxslərə) həqiqi olmasa da, məcazən xaliq demək olar. Çünki onlar da daşı, kərpici, qapını, pəncərəni bir-birinin yanında zövqlə düzməklə əzəmətli bir bina «xəlq edirlər». Lakin adını çəkdiyimiz şəxslərə, hətta onlardan da artıq bacarığı olan kəslərə rəbb demək olmaz. Çünki onlar hər hansı bir binanı Mütəal Allah tərəfindən yaradılan əşyalarla (daş, qum, kərpic və s. ilə) tikərək inşa edirlər. Amma Mütəal Allaha gəldikdə, O, kainatın materialını (varlığını) da Özü yaratmışdır. Buna əsasən, Tanrımız özünü tərif etdikdə aləmləri xəlq edən adı ilə deyil, «Rəbbul-aləmin (aləmləri mövcud edən)» kəlməsi ilə tanıtmışdır. Çünki icad etmək (heç nədən yaratmaq) xəlq etməkdən (mövcud olan əşyalardan istifadə edərək yaratmaqdan) üstündür. Kainatı yaratmaqdan əlavə onu yaşatmaq da Allaha bağlıdır. Mühəndis və bənnanın düzəltdiyi binaya gəldikdə isə onun neçə illər ərzində qorunub saxlanması onların qüdrəti xaricindədir. Çünki həmin bina hansısa təbii fəlakət (sel, külək, zəlzələ və s.) nəticəsində məhv olub aradan gedə bilər. Daha mühəndis və bənnalar onun məhv olmasının qarşısını ala bilməzlər.
Elə buna əsasən, Ulu Tanrımız özünü insanlara təqdim və tərif edəndə «Rəbbul-aləmin» kəlməsi ilə təqdim edir. Çünki aləmləri heç nədən yaratmaq, həmçinin onları yaşatmaq təkcə Onun qüdrəti çərçivəsindədir.
Bunu da qeyd etməliyəm ki, Mütəal Allah «Fatihə» surəsində «əl-hamdu lill əhi Rabbis-səm əvati val-ərz (həmd olsun, göylərin və yerin Rəbbinə)», «Rabbil-arşil-azim (əzəmətli ərşin Rəbbinə)», «Rabbil-mələikəti var-Ruh (mələklərin və Cəbrailin (ə) Rəbbinə)» və s. ifadələri işlətməyib. O, bu surədə özünü «Rabbul-aləmin (aləmlərin Rəbbi)» kəlməsi ilə təqdim etmişdir. Belə ki, aləmlərin rəbbi olmaq göylərin və yerin, yaxud mələklərin rəbbi olmaqdan üstündür. Çünki yer, göy, əzəmətli ərş və mələklərin hamısı aləmlərin bir hissəsidir.
Buna görə də, Adəm peyğəmbərin bədəninə ruh daxil olduqdan sonra asqıraraq ilk dəfə dediyi kəlmə «əl-hamdu lilləhi Rabbil-aləmin» kəlməsi olmuşdur. Həmçinin bütün iman əhli hamılıqla cənnətdə məskunlaşdıqdan sonra deyəcəkləri sonuncu zikr «əl-hamdu lilləhi Rabbil-aləmin» kəlməsidir («Yunis» surəsi, ayə:10). Elə buna əsasən, Ulu Tanrımız mübarək «Fatihə» surəsində özünü təqdim etdikdə başqa ifadələrlə deyil, məhz «əl-hamdu lilləhi Rabbil-aləmin» kəlməsi ilə təqdim etmişdir.
Bura qədər qısa şəkildə də olsa, «rəbb» kəlməsi haqqında olan fikrimizi qeyd etdik. «Aləmin» kəlməsinə gəldikdə isə bu kəlmə «aləm» sözünün cəmidir (yəni aləmlər). «Aləm» kəlməsi «camaat, qövm, qəbilə və s.» kəlmələr kimi təkdə olduqda belə cəm mənasını ifadə edir və o, «əlamət və nişanə» deməkdir. Hər bir yaranmış onu yaradanın qüdrət nişanəsidir. Elə bu baxımdan bütün aləmlər onları yaradan Rəbbimizin qüdrət nişanələridir.
Qeyd etməliyəm ki, yaranmış bütün aləmlər (nəbatat, heyvanat, həşərat, cinni-ins, axar sular, həmçinin camid əşyalar, yəni daş, dəmir, qum, torpaq və s.) onları xəlq edən Tanrımızın hədsiz-hüdudsuz qüdrətinin əlamətidir.
Beləliklə, məlum oldu ki, «aləm» kəlməsinin çox geniş və dərin mənası, həmçinin saysız-hesabsız qismləri vardır. Həmin aləmlərin bizə ən yaxın olanı cəmadatdır (yəni üzərində yaşadığımız torpaq). Demək olar ki, torpaq aləmi insanlar üçün ən xeyirli bir aləmdir. Çünki insan onun üstündə yatır, gəzir, dolanır. Dünyasını dəyişən insanın iyindən, müxtəlif xəstəliklərə səbəb olan virus və mikroblarından qorunmaq üçün, onun cənazəsinin bəzi heyvanat kimi arada qalaraq iylənib gözdən düşməməsi üçün hörmət əlaməti olaraq din və şəriətin göstərişi ilə torpağın altında dəfn edirlər. Bütün ağaclar və bitkilər həmin torpağın üzərində bitir. Qoyun-quzu, maldavar torpağın üzərində gəzib dolanaraq onda bitən bitkilərlə qıdalanırlar. Bütün dənizlərdə, bulaq və çeşmələrdə olan sular torpağın üstündə qərar tutur. Dünyada yazılan bütün kitabların kağızı onun üzərində bitən ağaclardan istehsal olunur. Yaşadığımız cəmiyyətdə qızıl və gümüşün qiymətinin baha olmasına baxmayaraq, amma üstündə gəzdiyimiz torpağın xeyir və mənfəəti, həmçinin insanlar üçün dəyəri qızıldan və gümüşdən qat-qat artıqdır. Çünki qızıl və gümüşün üzərində bitki, ağac, gül-çiçək əksən, bitməz. Lakin Allah təala bu torpağı elə yaradıb ki, onun üzərində növbənöv ağaclar, çəmənliklər və bir-birindən ətirli güllər, çiçəklər bitir.
Həmin torpaq və onunla birgə su yaranmışların içində Rəbbinin əmrinə qarşı ən təvazökar olanlarıdır. Tanrımız: «Ə ləstu birabbikum? (Mən sizin Rəbbiniz deyiləmmi?)» dedikdə cəmadatın (yerində sabit qalan əşyaların) içində torpaq və mayelərin içində su Mütəal Allahın Rəbb olmasını ilk olaraq təsdiq etmişlər. Yaranmış bu iki aləm Allah təala qarşısında daha təvazökar olduqları üçün Rəbbimiz onlara belə bir qabiliyyət bəxş edib ki, onların digər məxluqatın yaşayışında bu qədər müsbət təsirləri olsun. Bütün bitkilər və ağaclar torpağın üzərində bitsin. Onların cücərərək bitməyi suyun vasitəsilə olsun. İnsan Rəbbinə ibadət etmək üçün alnını torpağa qoyaraq Ona təzim etsin. İbadət etmək üçün qüsl və dəstəmazı digər mayelərlə deyil, su ilə alsın. Su olmadıqda isə əllərini torpağa vuraraq təyəmmüm etsin. Bədənində və ya paltarında olan nəcisi su ilə yuyub paklasın. Hətta Mütəal Allah ulu babamız həzrət Adəmi və nənəmiz Həvvanı torpaqla suyun qarışığından yaratdı.
İnsan özü xəlq olunmuş aləmlərdən biridir ki, Mütəal Allah onun vücudunda saysız-hesabsız incəliklər yaradıb. O, insana rahat yaşamaq üçün qaş, göz, ağız, burun, qulaq, əl, ayaq, həmçinin kişi və qadının hər birinə lazım olan üzvləri bəxş etmişdir ki, onlar daha şirin və gözəl yaşamaq, həmçinin nəsil artırmaq üçün həmin üzvlərdən istifadə etsinlər. İnsanın bədənində böyük zavod və fabriklərdən daha dəqiq işləyən üzvlər vardır (məsələn, beyin, ürək, böyrək, mədə, ciyər və s). Onların hamısı insanın həyat tərzinin davam etməsi üçün gecə-gündüz dayanmadan işləyirlər. Mütəal Allah bu üzvləri elə nizam-intizamla yaradıb ki, işlədikdə onların səsi insanı narahat etməsin.
Biz insanlar Mütəal Allahı tanımaq üçün Onun xəlq etdiyi aləmlərə (nişanələrə) baxıb varlığına, elim, qüdrət, izzət və cəlalına inana bilərik. Bir az da yaxşı diqqət etsək, Allahı tanımaq üçün öz bədənimizdə mövcud olan incəliklərə nəzər salsaq, Onu daha tez tanıya bilərik.
Əmirəl-möminin Əli (ə) buyurub: «Ə təz`amu ənnəkə cirmun sağir va fikəntəbəl-aləmul-əkbər — Ey insan, sən özünü kiçik bir şey güman edirsən?! Halbuki, sənin vücudunda böyük bir aləm yaradılıb.»
İslam peyğəmbərindən nəql olunan məşhur rəvayətdə o həzrət buyurub: «Mən arafə nəfsəhu fəqad arafə Rabbəhu — Hər kəs (vücudunda olan incəliklərə diqqət yetirib) özünü tanısa, Rəbbini tanıyar!»
Bu mübarək hədisdən belə məlum olur ki, aləmləri yaradan Rəbbimizi tanımaq üçün insanın öz bədənində mövcud olan üzvlərə, onlardakı incəliklərə diqqət etməsi kifayət edər. Çünki insan öz həyatında həmin üzvlərin nə qədər müsbət təsirinin olduğunu bilsə, aləmləri yaradan Tanrının varlığına inanaraq Onu təsdiq edər. Daha başqa aləmlərin (yaranmışların) vasitəsilə Rəbbini tanımağa, təsdiq etməyə möhtac olmaz.
Başqa bir ifadə ilə demək istəsəm, insan öz bədənində mövcud olan irili-xırdalı 222 sümüyə, bədəninin üzərini örtən dərinin zərifliyinə, milyonlarla kilometr uzunluqda yaradılmış damarlara və onların içindən səssiz-sədasız axan qanlara diqqət yetirsə, onları yaradan Xaliqi bəsirət gözü ilə görər və daha ateist olub aləmləri yaradan Allahı inkar etməz. Elə buna görə də, imam Hüseyn (ə) Ərəfat səhrasında etdiyi duada Mütəal Allaha müraciət edərək ərz edir: «Əmiyət əynun la tərak…! — Ey Allah, kor olsun o göz ki, Səni görmür və Sənin varlığını təsdiq etmir.»
Zikr etdiyimiz su, torpaq və insan xəlq olunmuş aləmlərin hələ bir qismidir ki, onlar barəsində bundan da çox bəhs etmək olar. Əgər biz Mütəal Allahın xəlq etdiyi saysız-hesabsız aləmlər barəsində danışmaq istəsək, buna nə kağız-qələm çatar, nə də insan ömrü vəfa edər!