1-ci ayə 7-dən
Dinləmək
Əsli
بِسْمِ اللَّهِ الرَّحْمَـٰنِ الرَّحِيمِ
Transliterasiya
Bismi A‍‍l-Lahi A‍‍r-Raḥm‍‍ā‍‍ni A‍‍r-Raḥ‍‍ī‍‍m‍‍i
Mirzə Əli Meşkini
Bağışlayan və mehriban Allahın adı ilə.
Əltafur-Rəhman

İslam peyğəmbəri həzrət Muhəmməddən (s.ə.a. s) mötəbər sənədlərlə rəvayət olunub ki, o həzrət buyurub: «Bütün işlərinizi Allahın adı ilə başlayın. Çünki „kullu əmrin zi bəlin ləm yubdə` fihi bibismilləhir-rahmənir-rahim“ fəhuva əbtər — hər hansı bir mühüm iş Allahın adı ilə başlanmazsa, o işin sonu olmaz, nəticəsiz qalar. („Biharul-ənvar“, c. 73, s. 305)»

Digər bir rəvayətdə imam Baqir (ə) buyurub: «Allah tərəfindən nazil olan ilk yazı „bismilləhir-rahmənir-rahim“-dir.»

Başqa bir rəvayətdə o həzrət buyurub: «Nə vaxt „bismilləhir-rahmənir-rahim“ desən, Mütəal Allah səni yerlə göy arasında olan bəlalardan qoruyar.»

Digər bir rəvayətdə isə imam Sadiq (ə) buyurub: "Bizim şiələrimizdən kim hər hansı bir yerdə "bismillahir-rəhmanir-rəhim«i tərk edərək deməsə, Mütəal Allah onu elə bir çətinliyə, bəyənilməyən bir işə düçar edər ki, o vasitə ilə həmin şəxsin həm «bismillah» deməməyinin təqsirini bağışlasın, həm də ona Allahı yad etməyi düşündürsün."

Başqa bir rəvayətdə o həzrət buyurub: «Nə vaxt „bismilləhir-rah- mənir-rahim“ desən, Mütəal Allah səni yerlə göy arasında olan bəlalardan qoruyar.»

Ənəs ibn Malik rəvayət edir ki, islam peyğəmbəri buyurub: «Sətru mə beynə ə`yunil-cinni va aurati-bəni-Ədəmə izə nəzə`u siyəbəhum ən yəqulə bismilləhir-rahmənir-rahim — Adəm övladının hər hansı bir yerdə paltarını çıxarıb çılpaq olduğu zaman övrət yerini cin və mələklərin görməsindən qorumağının pərdəsi „bismilləhir-rahmənir- rahim“ deməsidir (bəyənilir ki, insan hamam və digər yerlərdə çılpaq olduğu zaman „bismillahir-rəhmanir-rəhim“ desin ki, cinlər və mələklər ona baxa bilməsin).»

İsa peyğəmbər haqqında nəql olunub ki, o həzrət bir qəbristanın ya- nından keçərkən gördü ki, Allahın əzab mələkləri bir meyitə əzab verirlər. İsa peyğəmbər işini görüb qayıtdıqda gördü ki, Allahın rəhmət mələkləri həmin meyitə tabaqlarda nur gətiriblər. Həzrət bu işə təəccüb etdi. Namaz qılaraq bu işin sirrini Mütəal Allahdan soruşdu. İzzət və cəlal sahibi olan Allah İsa peyğəmbərə vəhy etdi ki, bu qəbrin sahibi dünyasını dəyişəndən indiyədək Mənim əzabımda həbs olunmuşdu. O, dünyasını dəyişdiyi zaman həyat yoldaşı hamilə idi. Ana uşağı dünyaya gətirərək neçə il tərbiyə etdikdən sonra onu məktəbə göndərdi. Həmin uşaq bu gün müəllimdən «bismillahir-rəhmanir-rəhim» kəlməsini öyrənib. O, Mənim adımı öyrənərək yerin üstündə «bismilləhir-rahmənir-rahim» dediyinə görə Mən yerin altında onun atasına əzab verməkdən həya edirəm. Odur ki, Mən bu gün o uşağın atasını bağışladım.

İslam peyğəmbəri həzrət Muhəmməddən (s. ə. a. s.) rəvayət olunub ki, o həzrət buyurub: «Mən rafə`a qirtasən minəl-ərzi fihi bismilləhir-rahmanir-rahim icl ələn ləhu tə`ala kutibə indəllahi minəs-siddiqin va xuffifə ən valideyhi va in kən ə muşrikeyn — Hər kəs „bismilləhir-rahmənir-rahim“ (və yaxud Quran ayəsi) yazılmış kağızı Allahın adına (kəlamına) hörmətsizlik olmasın deyə yerdən götürsə, o, Allah dərgahında siddiqlərdən (Allahı həqiqi mənada təsdiq edənlərdən) hesab olunar və etdiyi bu əmələ görə onun ata-anasının əzabı müşrik olsalar belə yüngülləşər.»

«İsmi-ə`zəm» nədir?

Allahın adları arasında «ismi-ə`zəm» o ada deyilir ki, Mütəal Allah onu yaratdıqlarına (cinni-insə) bildirməyib. Lakin bəzi peyğəmbərlərə və onların canişinlərinə izn verib ki, Mütəal Allahı o adla çağırsınlar (dua etsinlər). Mötəbər rəvayətlərdə peyğəmbər və o həzrətin Əhli-beytindən nəql olunub ki, onlar dua etdikdə belə deyiblər: "Əllahummə inni əs`əlukə bismikəl-əzim — Ey Allah! Səni əzəmətli adına ("bismillahir-rəhmanir-rəhim"ə) and verirəm!" Bəzi mühüm yerlərdə isə belə dua ediblər: «Əllahummə inni əs`əlukə bismikəl-ə`zam — Ey Allah, Səni and verirəm daha əzəmətli adına!» Bəzi zəruri vəziyyətlərdə isə belə dua ediblər: «Əllahummə inni əs`əlukə bismikəl-ə`zamil-ə`zam — Ey Allah! Səni and verirəm ən əzəmətli adına!»

Elə bu dualardan məlum olur ki, Allahın əzəmətli adı «bismilləhir-rahmənir-rahim»-dir. Daha əzəmətli adı "ismi-ə`zəm"dir. Mütəal Allah onu yaratdıqlarından bəzi peyğəmbərlərə və onların canişinlərinə bildirib ki, lazım olan yerdə və ya möcüzə göstərmək, haqq olduqlarını sübuta yetirmək üçün ondan istifadə etsinlər. Ən əzəmətli adını ("ismi ə`zəmi-ə`zəmi«ni) isə gizli saxlayıb, yaratdıqlarından hətta peyğəmbərlərinə də bildirməyərək yalnız özünə həsr etmişdir.

Dua əhlindən cümə günü gün batana yaxın «Simat» duasını oxuyan möminlər yaxşı bilirlər ki, bu duanın axırında imam Muhəmməd Baqir, imam Sadiq, həmçinin imam Zaman (əleyhimussəlam) belə deyiblər: «Ey Allah, Səni and verirəm bu duaya! Səni and verirəm o isimlərinə ki, onların təfsirini və batinini (dərinliyini) Səndən başqa bir kimsə bilmir.»

Bu cümlələrdən məlum olur ki, Allah təalanın bəzi adlarının təvilini, təfsirini və batinini hətta peyğəmbərlər və imamlar da bilmirlər. Yuxarıda qeyd etdiyimiz «ismi-ə`zəmi-ə`zəm» də o adların ən fəzilətlisidir ki, izzət və cəlal sahibi olan Tanrımız kövni-məkanı (yeri-göyü), bütün varlığı yaratmaq və yaxud qiyamət günü bütün aləmin ömrünə son qoymaq üçün ondan istifadə edər.

Rəbbimiz adi insanlar üçün bəyənib ki, hər bir işə başlayanda Onu yad etsinlər. Amma Allahın zatını (necə olduğunu) insanlar dərk etmədikləri üçün Mütəal Allah icazə verib ki, onlar hər bir işi «billəhir- rahmanir-rahim (mehriban və bağışlayan Allahla başlayıram)» demək əvəzinə «bismilləhir-rahmənir-rahim (mehriban və bağışlayan Allahın adı ilə başlayıram)» desinlər. Elə buradan məlum olur ki, «bismilləhir-rahmənir-rahim» cümləsindəki «ism» kəlməsi məhz «be» hərfi ilə «Allah» kəlməsi arasında vasitə olmaq məqsədilə deyilir.

Qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olar ki, insanlar Mütəal Allahın ismini dərk edə bilərlər. Onun zatını isə heç kəs dərk edə
bilməz.

Deməliyəm ki, hər bir şeyin bir adı var, bir də özü. Bir şeyin adını çəkmək onun həqiqətinə varmaq demək deyildir. Əgər əşyanın adını çəkməklə onun özünə çatmaq mümkün olsa, onda «od» kəlməsini deyərkən gərək insanın ağzı yansın, «bal» deyərkən, «halva» deyərkən gərək insanın ağzı şirin olsun. Həmçinin əgər hər kəsin ismi onun özünün eyni olsa, gərək həmin şəxsin ölməsi ilə onun ismi də məhv olaraq aradan getsin. Elə bu baxımdan insanlar «bismilləhir-rahmənir- rahim» deyərkən yalnız Mütəal Allahın adını dilə gətirə bilərlər. Çünki Onun zatı və həqiqəti ismindən tamamilə ayrıdır.

Mütəal Allahın bir çox adları vardır. Qurani-Kərimdə bu barədə buyurulur: «Va lilləhil-əsmə`ul-husnə, fəd`uhu bihə - Allahın gözəl adları var, Onu həmin adlarla çağırın!» Lakin bu adların ən üstünü Allah kəlməsidir ki, ona elmi-ədəbi dildə «ləfzi-cəlalə» deyilir. Rəbbimizin digər adları «ləfzi-cəlalə (Allah kəlməsi)» kimi deyil. Bu kəlmə beş hərfdən ibarətdir. Bu hərflərdən hansı birini azaltsan, yerdə qalan hərflər yenə də Allaha işarə edir. Məsələn, mübarək «Allah» kəlməsi, əslində, «Əl-İlah (aləmləri heyran qoyan)» kəlməsi olub. Bu kəlmənin tez-tez təkrarlanması nəticəsində ortada gələn həmzə («i» hərfi) düşərək «Əllah» formasını alıb yenə də həmin mənanı daşıyır. Bu kəlmədən birinci «ə» və «l» hərfləri düşərsə, yerdə «lah» qalar ki, bu sözü keçmiş zaman formasında «lahə» şəklində oxusan, «əql və düşüncə sahiblərini heyran qoydu» mənasına gələr. Bundan isə «a» hərfi düşərsə, yerdə «ləh — Onun, Ona» kəlməsi qalar. Necə ki, bu kəlmədən təşəhhüddə istifadə edərək «vəhdəhu la şərikə ləh» deyirik. Yaxud dua etdikdə «ləhul-həmdu və ləhuş-şukr» deyirik. Bu kəlmədən də «l» hərfi düşərsə, yerdə «hu» kəlməsi qalar ki, bunun da mənası «O (yəni Allah)» deməkdir. Məsələn, «anhu — Onun haqqında», «minhu — Ondan», «lə iləhə illə hu — Ondan başqa heç bir tanrı yoxdur».

Lakin Allahın digər adlarından hər hansı bir hərfi azaltsan, məna dəyişərək daha əvvəlki mənaya işarə etməz. Buna misal olaraq Allahın «Rəhim və Rəhman» adlarına nəzər salaq. «Rəhim» kəlməsindən «i» hərfini, rəhmandan isə «a» və «n» hərflərini çıxarsaq, «rəhm» kəlməsi qalar. Lakin bu iki kəlmənin ilk hərfini («r» hərfini) çıxarsaq, yerdə «him» və «hman» kəlmələri qalar ki, bunlar daha «rəhm» mənasını verməz. Elə bu baxımdan Allah kəlməsi bütün kainatda olan isimlərin ən üstünüdür. Çünki bu kəlmənin hər bir hərfi Mütəal Allaha işarə edir.

Bəzi «nəhv (qrammatika)» alimləri belə iddia ediblər ki, «ləfzicəlalə» («Allah» kəlməsi) «mədinə (şəhər)» kəlməsi kimi ismi-cinsdir (ümumi bir addır). Yəni ağlı heyran qoyan hər bir əşyaya «İlah», yaxud «Allah» demək olar. Amma bu kəlmə yalnız aləmləri yaradan Rəbbimizə aid edilməklə ümumilikdən çıxaraq xüsusiləşmişdir. Necə ki, «mədinə (şəhər)» sözü yalnız peyğəmbərin (s.ə.a. s) yaşadığı şəhərə həsr edilməklə xüsusiləşib.

Qeyd etməliyəm ki, bu iddianı irəli sürən nəhv alimləri bu barədə böyük bir xətaya düçar olublar. Çünki onlar şəhərlərlə Rəbbimizi müqayisə edərək bu nəticəyə gəliblər. Halbuki: «Eynət-turab va Rabbul-ərbəb — torpaqlar, şəhərlər hara, onları yaradan Rəbbimiz hara?!» Şəhərlərin sayı çox olduğu üçün bu ad (mədinə) onlardan birinə həsr edilə bilər. Amma aləmləri yaradan Allahın sayı, tayı yoxdur ki, bu kəlmə digərlərinə deyil, Ona verilsin.

«B» hərfinin mənası

Bu mübarək ayə («bismillahir-rəhmanir-rəhim») Qurani-Kərimin 114 yerində işlənmişdir. Bunlardan yüz on üçü surələrin əvvəlində, biri isə «Nəml» surəsinin 30-cu ayəsindədir. Bu ayə bir neçə kəlmədən təşkil olunmuşdur. Həmin kəlmələr aşağıdakılardır: «b» hərfi, «ism», «Allah», «rəhman» və «rəhim» kəlmələri.

Böyük alim, müfəssir, fəqih və müctəhidlər, həmçinin məani, bəyan və nəhv (qrammatika) alimləri bir çox tədqiqatlardan sonra bu nəticəyə gəlmişlər ki, bütün elimlərin kökü Mütəal Allah tərəfindən nazil olan Qurani-Kərimdədir. Quranda olan bütün elimlər «Fatihə» surəsin- dədir. «Fatihə» surəsində mövcud olan elimlər «bismilləhir-rahmənir- rahim»-dədir. «bismilləhir-rahmənir-rahim»-də olan elimlərin xülasəsi isə «bismilləh»-ın əvvəlində gələn «b» hərfindədir

«Mənhəcus-Sadiq» təfsirinin müəllifi, əmirəl-möminin Əlidən (ə) belə rəvayət edib: «Sirrul-kutubil-munəzzələti fil-Qur`ən va sirrul- Qur`əni fi Fətihatil-Kitəb va sirru Fətihatil-Kitəbi fi „bismilləhir- rahmənir-rahim“ va cəmi`u mə fi „bismilləhir-rahmənir-rahim“ fi „bə“-i bismilləh va cəmi`u mə fi „bə“-i bismilləhi fin-nuqtati təhtəl- „bə“-i va ənən-nuqtətu təhtəl-bə`i — Mütəal Allah tərəfindən nazil olmuş kitabların bütün sirləri Qurandadır. Qurandakı sirlər „Fatihə“ surəsindədir. „Fatihə“ surəsində olan sirlər „bismilləhir-rahmənir-rahim“-dədir. „Bismilləhir-rahmənir-rahim“-dəki sirlərin hamısı „bismilləh“-in əvvəlində gələn „b“ hərfindədir. „B“ hərfindəki bütün sirlər həmin hərfin altındakı nöqtədədir. „B“ hərfinin altındakı həmin nöqtə isə mənəm.»

«Qəvaidut-təmhid» kitabının müəllifi mərhum Sainuddin ibn Tərə- kə əl-İsfəhani bu hədisə müfəssəl bir şərh yazmışdır. «Yənabiul-məvəddəh» kitabının müəllifi də bu mübarək hədisi öz kitabında (səh. 69–70-də) nəql etmişdir.

«B» hərfinin məşhur mənası «ilsaq» — insanı Allaha bağlayan, Ona çatdıran olduğu kimi, peyğəmbər və onun haqq canişinləri də təbliğat vasitəsilə insanı Allaha yaxınlaşdırır, ürəkləri Allaha bağlayırlar. Məhz buna görə də, əmirəl-möminin Əli (ə) buyurub ki, «bismilləhir-rahmənir-rahim»-dəki «b» hərfinin altında olan nöqtə mənəm. Yəni siz insanları maariflədirərək, din və şəriətin düzgün yolunu göstərməklə Allaha yaxınlaşdıran mənəm. Məni buraxıb yalançı xəlifələrin dalınca getməyin.

İnsan elim və mərifət vasitəsilə Allaha yaxınlaşa bilər. «Bismilləh»-in əvvəlində gələn «b» hərfi də Allaha bağlanmaq, Ona yaxın olmaq mənasındadır. İnsan «bismilləh» deməklə özünü hər şeydən uzaqlaşdıraraq Allaha bağlayır.

«İsim» kəlməsinin kökü

Lüğət və qrammatika alimləri «ism»-in hansı kökdən törədiyi barə- də bir çox fikirlər yürütmüşlər. Həmin fikirlərin xülasəsini qısa şəkildə belə demək olar. Onların bəzisi «ism»-in «vasəmə (əlamət)» kökündən törədiyini iddia edirlər. Bəzisi isə bu kəlmənin «sumuvv (ulu, uca)» kökündən gəldiyini deyirlər. İnsan hər işi başlayanda «bismilləh» deməklə o işə Allahın möhrünü, Onun əlamətini vurmuş olur. Yaxud Allahın adı ilə başlamaqla həmin işi ucaltmış olur.

Bu kəlmənin hansı kökdən düzəlməsinə baxmayaraq, insan «bismilləh» deməklə başladığı işə ilahi bir qüvvət vermiş olur.

Bunu da deməliyəm ki, insan bir işə başlayanda «billəhir-rahmənir-rahim (mehriban və bağışlayan Allahla)» — deyərsə, bu, düzgün bir ifadə olmaz. Çünki Allahı kim görə bilər və ya Onunla bir yerdə ola bilər ki, işə də Onunla başlasın?! Bu cümlə düzgün sayılmadığı üçün bəyənilir ki, insan «billəhir-rahmənir-rahim» əvəzinə «bismilləhir-rahmənir-rahim» deyərək işə başlasın.

Elə buradan məlum olur ki, «ism» kəlməsi «bismilləh»-dəkı «b» hərfi ilə «Allah» kəlməsi arasında bir vasitədir. «İsm»-in vasitə olması göstərir ki, biz aləmləri yaradan Tanrımızın Özünü deyil, ismini dərk edə bilərik. Lakin mənəvi baxımdan diqqət yetirsək, görərik ki, «bismilləh» deməkdə məqsədimiz Rəbbimizin Özüdür (Allahdır), çarəsiz-likdən «bism» kəlməsindən istifadə edərək Onun adını dilə gətiririk.

Azərbaycanda yaşadığım müddətdə bəzi şəxslərdən eşitmişəm ki, «ya Allah» demək əvəzinə «ya Allahın adı» deyirlər. Belə demək insanı Allahdan uzaqlaşdırıb Onun adında saxlayar. Onların bu cümləni deyərkən aldıqları həzz Allahın ismi qədərindədir. Mən tam yəqinliklə deyə bilərəm ki, onlar bu kəlmə ilə Allahın adına deyil, Özünə müraciət etmək istəyirlər. Elə bu baxımdan bəyənilir ki, onlar «ya Allahın adı» demək əvəzinə «ya Allah» desinlər.

Beləliklə, «ism» sözü istər «əlamət» mənasında olsun, istərsə də «ucalmaq» mənasında, insan «bismilləh» deməklə özünü və başladığı işi ucaldır. Yaxud insan öz işinə Allah adı ilə başlamaqla o işi məchulluqdan çıxararaq Mütəal Allahın adına yazmış olur. Çünki o, «bismilləh» deməyənədək həmin işi kimin adına, hansı müdirin, rəisin yaxud hansı bütün adına başladığı məlum olmur. Amma «bismillah» dedikdən sonra o işi aydınlığa çıxardaraq ona Mütəal Allahın əlamətini qoymuş olur.

«Allah» kəlməsi hansı kökdən törəyib?

Bəzi lüğət alimləri və filoloqlar belə güman edirlər ki, «ləfzi-cəlalə» («Allah» kəlməsi) digər adlar kimi müəyyən bir kökdən törəyib. Məsələn, «qətələ» kəlməsi «qətl»-dən, «əmərə» kəlməsi «əmr»-dən düzəldiyi kimi, «Allah» kəlməsi «vələhə – bütün məxluqatı valeh və heyran qoyan» və ya «ələhə – hamını Özünə qul və kölə edən» kökündən törəmişdir. Halbuki, Allah kəlməsi məxluqat yaranmamışdan öncə mövcud idi. Bu kəlmə «bütün məxluqatı valeh və heyran qoyan» və «hamını Özünə qul və kölə edən» mənasına gəlsə də, imam Museyi- Kazım (əleyhissəlam)-dan onun əsl mənasını soruşduqda o həzrət buyurub: «İstaulə alə mə dəqqa va cəllə - Allah kainatda mövcud olan böyüklü-kiçikli bütün varlıqlara hakim olandır və hər şeyin vücudu (yaranması və yaşayışı) Ondan asılıdır.»

Elə bu mübarək hədisdən məlum olur ki, «ləfzi-cəlalə („Allah“ kəlməsi)» «vələhə», «ələhə» və s. kəlmələrdən törəməyərək bəsit (mürəkkəb olmayan) bir kəlmədir. Məşhur lüğət alimi Xəlil bu kəlmənin bəsit olmasına işarə edərək deyir: «Ləfzul-cəl ələti bəsitun va leysə bi- muştəqqin val-ləmu cuz`ul-kəliməti. Va ənnəl-vazi`a fihi huvallahu tə`alə - Allah kəlməsi başqa sözlərdən törənməyən bəsit bir kəlmədir. Onun əvvəlində gələn «əlif, lam (ə, l)» hərfləri də «İlah» kəlməsinə ar- tırılan hərflər deyil. Əslində, o («əl»), «Allah» kəlməsinin bir hissəsi- dir. Bu adı Rəbbimiz üçün seçən isə Onun Özüdür. Necə ki, Qurani- Kərimdə Mütəal Allah buyurub: «İnnəni ənəllahu lə iləhə illə ənə - Həqiqətən, Allah Mənəm. Məndən başqa bir ilah (məbud) yoxdur!» («Taha» surəsi, ayə:14)

Beləliklə, lüğət alimlərinin bu barədə heç bir rolu yoxdur ki, onlar bu kəlmənin sonradan «vələhə» yaxud «ələhə» kəlmələrindən törədiyini söyləyib onu Mütəal Allah üçün ad seçsinlər.

«Ləfzi-cəlalə» və Allahın digər isimlərinin mənası

Bir az diqqət yetirsək, görərik ki, Mütəal Allahın hər adının özünəməxsus mənası var. Məsələn, «Rəhman və Rəhim» adlarının mənası «mərhəmətli və mehriban» deməkdir. «Kərim — kəramətli və səxavətli», «Həbib — dost», «Nasir — kömək edən», «Raziq — ruzi verən», «Xaliq — xəlq edən, yaradan» mənasında işlənir.

Qeyd etməliyəm ki, bu adların hər biri yalnız öz mənalarını daşıyır. Məsələn, «Kərim» adı yalnız öz mənasında işlənərək «Həbib» adının mənasını daşımır. Yaxud, «Raziq» adı «Xaliq» adının mənasını vermir. Lakin Allah kəlməsi yeganə addır ki, digər adların daşıdığı bütün mənaları özündə əks etdirir. Yəni Allah kəlməsi deyiləndə Onun «Rəhman və Rəhim», «Kərim», «Nasir», «Xaliq», «Raziq» və s. adlarının bütün mənaları nəzərdə tutulur. «Ləfzi-cəlalə» — Allah o kəsə deyilər ki, bütün bu əzəmətli sifətlər Onda cəm olsun. Əgər bu əzəmətli sifətlərdən biri o şəxsdə olmasa, daha Ona Allah və ya İlah demək olmaz. Elə bu baxımdan əgər bir şəxs dua etdikdə Allahı çağırırsa, diqqət yetirsək, görərik ki, həmin şəxsin bu mənaya diqqət yetiribyetirməməsinə baxmayaraq, o, «ya Allah» deməklə Tanrımızı bütün cəlal (eyib və nöqsanlardan uzaq olan), camal (gözəlliyin sahibi) və kamal (əzəmətli sifətlərin ən yüksək həddində olan) sifətləri ilə çağırır.

Bu mübarək kəlmənin xüsusiyyətlərindən biri də budur ki, insan namaz qılmağa başlayanda gərək «Əllahu əkbər» deyərək başlasın. Əgər Allah kəlməsinin əvəzinə «ər-Rahmənu əkbər», «ər-Rahimu əkbər» və ya «ər-Rabbu əkbər» deyərək başlasa, namazı batil olar.

Həmçinin bir kafir İslam dinini qəbul etdikdə gərək «əşhədu ən lə iləhə illəllah» desin. Əgər bunun əvəzinə «əşhədu ən lə iləhə illər- Rahmən», «illər-Rahim» və ya «illər-Rabb» desə, o, müsəlman hesab edilməz. Lakin əgər bir şəxs Allah kəlməsini deməyi bacarmazsa, bu kəlməni deməyə dili dönməzsə, o, «əşhədu ən lə iləhə illər-Rahmənur-rahim» və yaxud «əşhədu ən lə iləhə illə Rabbul-aləmin» deməklə İslam dininə daxil olar (müsəlman sayılar).

Buraya qədər mən Allahın adının ("ləfzi-cəlalə«nin) mənası barəsində bildiklərimi qeyd etmişəm. Amma Tanrımızın zatı barəsində bir söz deyə bilmirəm. Çünki mənim kimi «mümkünül-vücud (yaranmış)» «vacibul-vücudun (Yaradanın)» barəsində nə danışa bilər?! Allah təalanın mənim kimi qulu, hətta peyğəmbərlər və imamlar kimi mümkünül-vücud övliyaları Tanrımız kimi «vacibul-vücud» barəsində nə desin, nə danışsın?!

İnsanlar əql vasitəsilə aləmləri yaradan Rəbbimiz barəsində nə deyə bilərlər?! Bütün əqllər Mütəal Allahın zatının necə olmasında heyran qalmışlar. Elə bu baxımdan deyə bilərəm ki, Mütəal Allahın zatı (həqiqəti) insanların ağıllarından çox üstündür. İnsanların ağıllarını əgər bir quş fərz etsək, bu quş nə qədər ucalara uçmağı bacarsa da, Mütəal Allahın mərifət dağının zirvəsinə çata bilməz. Əslində, ora uçmaq istəsə də, yolun yarısında yorularaq taqətdən düşər.

İslam peyğəmbəri dua etdikdə Mütəal Allaha müraciət edərək deyir: «Yə mən lə yə`ləmu mə Huva illə Hu… — Ey o kəs ki, Onun nə olduğunu, necə olduğunu və harada olduğunu Özündən başqa bir kimsə bilmir.»

İmam Muhəmməd Baqir (ə) buyurub: «Uzkuru min azamətilləhi mə şi`tum. Va lə təzkuru z ətəhu, fə innəkum lə təzkurunə minhu şey`ən illə va Huva ə`zamu minhu — Mütəal Allahın əzəməti barəsində nə qədər istəyirsiniz danışın. Amma Onun zatı (həqiqəti) barəsində bir söz deməyin. Çünki Onun zatı barəsində nə desəniz, O ondan da əzəmətlidir».

İmam Cəfəri-Sadiqdən (ə) «va ənnə ilə Rabbikəl-muntəhə — hər şeyin həqiqəti Rəbbinə çatanda qurtarar!» («Nəcm» surəsi, ayə:42) ayəsi barəsində soruşduqda o həzrət buyurub: «Fə izə intəhəl-kələmu iləllahi tə`ala fəəmsiku — Həyatda mövcud olan hər nə barəsində istəyirsiniz araşdırın, danışın. Lakin söz gəlib Allahın həqiqətinə çatdıqdа danışmayın, bir söz deməyin!» («Məvahibur-Rəhman fi təfsiril-Qur`an», c.1, səh.16)

Qeyd etdiyimiz hədisdə imam Sadiqin (ə) insanların Mütəal Allahın zatı barəsində araşdırma aparmasını qadağan etməsinin səbəbi budur ki, həyatda yaşayan insan kimliyindən asılı olmayaraq Mütəal Allahın zatını, huviyyətini (nə olduğunu) dərk edə bilməz. Çünki «mümkünül-vücud (hər bir şeyə ehtiyacı olan)» insan «Vacibul-vücudu (heç bir şeyə ehtiyacı olmayan)» Rəbbimizi dərk edə bilməz.

Bu mətləbi daha sadə bir ibarə ilə belə çatdıra bilərəm ki, məxluq Xaliqini (yaradanını) dərk edə bilməz. Çünki insan hər nə qədər Allahı tanımaq barəsində mərifətə çatsa da, yalnız bunu deyə bilər ki, «Ləhul-əsm əul-husnə» Allah bütün (əsmayi-hüsnaya) gözəlliklərə malikdir. Amma o, əsmayi-hüsnanın həqitətini, incəlikərini, nə olduğunu dərk edə bilməz. Rəbbimizin adlarının nə olduğunu dərk edə bilməyən insan Onun zatını necə dərk edə bilər?

Burada əmirəl-möminin Əlinin (ə) buyurduğu şeiri qeyd edirəm. O həzrət Mütəal Allah barəsində buyurub:

«Fikə yə aucubətəl-kaun, qadəl-fikru kəlilə.
Əntə hayyərtə zəvil-lubbi va bəlbəltəl-uqulə.
Kulləmə qaddəmə fikri fikə şibran fərra milə.
Nəkisən yəxbitu fil-əmyəi lə yəhdi səbilə.
Ey aləmləri heyran qoyan Rəbbim!
Bütün fikirlər Səni dərk etməkdə yorularaq aciz qalır.
Sən əql sahiblərini valeh edərək ağılları aciz etmisən!
Hər vaxt fikrim Sənə bir qarış yaxınlaşmaq istəyir,
heyran qalaraq bir mil (kilometr) geri qayıdır.
Sonra xəcalətdən başını aşağı salaraq əvvəl getdiyi yolu da itirir.»

Belə məlum olur ki, Mütəal Allahın zatını əql vasitəsilə dərk etmək qeyri-mümkündür. Onun varlığını və əzəmətini göylərdə və yerdə yaratdığı məxluqatla, nişanələrlə tanımaq olar.

Elə buna əsasən, böyük lüğət alimləri, kəlam elmində təhqiqat aparanlar, həmçinin gecə-gündüz Quran ayələrinin barəsində zəhmət çəkən müfəssirlər, fəqih və müctəhidlər bu nəticəyə gəlmişlər ki, «ləfzi- cəlalə (Allah kəlməsi)» elə bir şəxsin adı ola bilər ki, O, bütün camal, cəlal və kamal sifətlərinə malik olaraq hər bir eyib və nöqsandan uzaq olsun. O da aləmləri yaradan, ağılları heyran qoyan, heç kimə, heç nəyə ehtiyacı olmayan Rəbbimizdir.

Mütəal Allahın «ləfzi-cəlalə»-dən başqa adları

Bəzi rəvayətlərdə və yaxud peyğəmbər və o həzrətin Əhli-beytindən (ə.s) nəql olunan duaların bəzisində aləmləri yaradan rəbbimiz üçün 99 ad, bəzisində 360, bəzisində isə 1000 ad nəql olunub. Bu adların sayının az, yaxud çox olmasına baxmayaraq, bu barədə təhqiq etdikdə görürük ki, bu müqəddəs adların hər biri Allah təalaya nisbət verilir. Məsələn, «Allah kərimdir, qadirdir, xaliqdir, mehribandır, ərhamər-rahimindir» deyirik. Və yaxud «Allahu əkbər» deyirik. Yəni Allah zikr etdiyimiz bu vəsflərdən də üstündür. Lakin biz o adların mənasını da tam şəkildə dərk edə bilmirik. Kim «Allah kərimdir, rəhimdir, izzət və hikmət sahibidir» deyib Onun kərəminin, rəhminin, izzət və hikmətinin necə və nə qədər olduğunu izah edə bilər?! Kim Mütəal Allahın bütün sifətlərini dərk edib onları izah edə bilər?! Elə bu baxımdan Mütəal Allahın Özü kimi sifətlərinin də həddi-hüdudu insanların əqlindən, dərk etməsindən üstündür. Lakin dua etdikdə bu adları dilə gətirməyin mənası aləmləri yaradan Rəbbimizdən onların əksini uzaq tutmaqdır. Məsələn, biz hər dəfə Allah kərimdir, qadirdir, xaliqdir, alimdir, rəhimdir dedikdə onların əks mənasını Mütəal Allahdan uzaq tuturuq. Yəni Allah paxıl deyil, aciz deyil, məxluq deyil, elimsiz deyil, mərhəmətsiz deyil. Yaxud Mütəal Allah Quran ayələrinin bir çoxunda buyurub: «İnnəllahə alə kulli şey`in qadir – Həqiqətən də, Allah hər şeyə qadirdir». Bu ayəyə diqqət yetirsək, görərik ki, Mütəal Allah insanlara Öz qüdrətinin binəhayət (hədsiz-hüdudsuz) olduğunu bildirməklə yanaşı heç bir şeyi yerinə yetirməkdə aciz olmadığını bildirir.

Bunu da deməliyəm ki, əgər tanrımız qeyd etdiyim vəsflərlə, adlarla Özünü insanlara tanıtdırmasaydı, insanlar Onun hətta sifətlərinin, ismlərinin sayının da nə qədər olduğunu bilməzdilər.

Ayə əlfəcinlərə əlavə edildi
Ayə əlfəcinlərdən silindi